01.10.2012

Qəddafinin qatillərindən kim intiqam alır?

Asim Məmmədov

Devrilmiş Liviya rəhbəri Müəmmər Qəddafinin linç edilməsində iştirak edən qatillərin bir-birinin ardınca müəmmalı şəkildə öldürülməsi son günlər dünya mətbuatının gündəmindən düşmür. Bu qatillərdən birincisinin – Mehdi əl-Həratinin iyulun 22-də öldürülməsi heç kimi təəccübləndirmədi, çünki o Suriyanın paytaxtı Dəməşqə gələrək, “Bəşər, mən bura Qəddafiyə etdiklərimi sənə də etmək üçün gəlmişəm!” deməsindən sonra, onun Bəşər Əsədin qüvvələri tərəfindən güllələnməsi təəccüb doğura bilməzdi. Digər qatillərin isə öz vətənlərində - “Azad olmuş və demokratikləşmiş” Liviyada qətlə yetirilməsi şok effekti yaradıb.

Hər şey sentyabrın 25-də Ömran bin Şaban əl-Misratinin Fransa xəstəxanalarının birində vəfat etməsi ilə başlayıb. Qəddafiyə elə onun öz qızıl tapancasından həlledici gülləni vurmuş bu 22 yaşlı oğlanın ölümü, xüsusən də ona bais olmuş səbəblər aşkara çıxdıqdan sonra, Liviya cəmiyyətində partladılmış bomba effektini yaradıb. Sən demə ölümündən öncə əl-Misrati 2 ay müddətində Liviyanın Bəni-Vəlid şəhərində saxlanılırmış və mütəmadi olaraq döyülməyə və işgəncələrə məruz qalırmış. Onun öldürülməsi liviyalıları iki yerə parçalayıb: Bəni-Vəlid, Səbha, Tarxuna, Sirt kimi qəddafipərəst şəhərlərdə insanlar bu hadisə münasibətilə öz sevincini gizlədə bilmirlər, hökümət tərəfdarlarının cəm yaşadığı Tripoli, Benqazi, Misurata kimi şəhərlər isə əksinə matəmə gərg olublar və “qəhrəman şəhid” əl-Misratinin qatillərinin cəzalandırılmasını tələb edirlər. Hətta onun dəfn edildiyi Misuratada 3 günlük matəm də elan edilib...
Baş vermiş qətl hadisəsinin mahiyyətini və ona bais olmuş səbəbləri tam aydınlaşdırmaq üçün, öncə Bəni-Vəlid və orda yaşayan əl-Qəddaf  (bəzən onlara Varfalla da deyirlər) tayfası üzərində dayanmaq lazımdır: Bəni-Vəlidin əhalisi Liviya vətəndaş müharibəsinin əvvəlindən Qəddafinin tərəfində vuruşub və hal-hazırda da qəddafiçilərin əlində olan Liviyanın yeganə şəhəri sayılır. Belə ki, özlərini “Yaşıl müqavimət” adlandıran qəddafiçilər öz rəhbərin öldürülməsindən sonra ilk irimiqyaslı hərbi əməliyyatı məhz Bəni-Vəliddə həyata keçiriblər. Yanvarın 24-də artıq tamamilə məhv edilmiş sayılan qəddafiçilər əllərində Cəmahiriyyənin yaşıl bayrağını tutaraq, avtomatlarla və pulyemotlarla şəhərə hücuma keçiblər. Milli Keçid Şurasının yeddi üzvü, o cümlədən "28 may dəstəsi"nin komandiri Əbdul Salam əz-Zizi həmin hücumda qətlə yetirilib. O gündən başlayaraq ta indiyəcən Bəni-Vəlid devrilmiş polkovnikə sadiq qalan qüvvələrin əlindədir və Liviya höküməti ora soxulmağa cürət etmir. Görəsən hökümətdəkiləri bizim Əhmədli boyda olan bir şəhərcilikdən qorxmağa vadar edən səbəb nədir? İş ondadır ki, Bəni-Vəliddə vətəndaş müharibəsindən bəri külli miqdarda silah-sursat, o cümlədən raketlər qalıb. Hətta NATO-nun Liviyada olduğu vaxtda üsyançılar böyük itkilər verərək, şəhərə hücum cəhdlərini bir-birinin ardınca boşa verirdilər. İndi isə əsas himayədarı NATO-suz qalaraq, keçmiş üsyançılar “tem bolee” şəhərciliyin müqabilində heç nə edə bilmirlər...
Hökümtin Bəni-Vəliddən qorxmasının daha bir səbəbi orda döyüşkən əl-Qəddaf (Varfalla) tayfasının yaşamasıdır. Bu tayfa Müəmmər Qəddafinin doğma tayfasıdır. Ömran və onun 3 qatil dostunu da məhz əl-Qəddafın üzvləri oğrayıblar. Hadisənin əslində necə baş verməsini qismən rusiyalı jurnalistlər ilə müsahibədə Bəni-Vəlidin sakini və eyni zamanda hüquq müdafiəçisi olan Zeynəb Xəlifə anlatdı:
-İş ondadır ki, 2 ay əvvəl biz şəhərdə iki naməlum və məqsədləri bilinməyən, özlərini jurnalistlər kimi qələmə verən adamı tutmuşduq. Bu adamlar hökümətin tapşırığı ilə bura məlumat toplamaq üçün gəlmişdilər və dövlət adamları onların azadlığa çıxmasında maraqlı olduqlarını bizə işarə etmişdilər. Danışıqlar başlamışdır. Bu vaxt quldur dəstələrindən birinin üzvü olan Ömran əl-Misrati öz silahdaşları ilə bu adamları güc yolu ilə azad etmək üçün Bəni-Vəlidə soxulmuşdur və şəhər sakinləri ilə döyüşdə yaralanmışdır. Ondan heç kim intiqam almırdı, heç kim ona işgəncə vermirdi, nə də onu xüsusi olaraq güdmürdü. Bunların hamısı cəfəngiyyatdır."
Zeynəb xanım çox səlis danışsa da, mən şəxsən ona inanmadım. Bu heç də o demək deyil ki, mən onu yalançılıqda suçlayıram, sadecə o başqa cür danışa da bilməzdi. Əks halda Liviya höküməti "Qəddafiçilərin yenidən dirçəlməsini” bəhanə edərək, yenidən NATO-nu ölkəni bombalamağa dəvət etməsi üçün gözəl fürsət əldə edərdi. Bu halda isə Bəni-Vəlidə orda saxlanılan silah-sursat və əl-Qəddaf tayfasının hünəri də kömək etməz idi... Xəlifənin doğru danışmadığını isbatlayan daha bir fakt, əl-Misratinin məhz Qəddafi ilə eyni üsulla, yəni dəhşətli işgəncələr altında öldürülməsidir. Ağıl sahibləri üçün burda tayfalara xas olan qan qisasının əlamətlərini müşahidə etmək elə də çətin olmaz. Necə ki bu əlamətlər sentyabrın 11-də baş vermiş ABŞ-nın səfiri Kristofer Stivensin də qətlində müşahidə olunurdu...
Bəli, düz oxuduz, Kristofer Stivensin qətlində. Heç bir KİV-lər bunu yazmasalar da, onu əslində məhz qəddafiçilər qisas məqsədi ilə öldürüblər. Stivensin Qəddafinin işgəncələrdən əybəcər hala düşmüş cəsədinin yanında necə sevincli şəkil çəkdirməsi hələ də əksər liviyalıların yaddaşlarından silinməyib. Və onlar bunu səfirə bağışlaya bilməyiblər. Öz atanın qatilini kim bağışlayar ki? Qəddafi isə heç şübhəsiz "lider qardaş", "inqilab rəhbəri" və "bədəvi döyüşçü" olmaqla yanaşı həm də liviyalılar üçün bir ata idi. Bəzən öz övladlarını döyən, özü də olduqca möhkəm döyən, amma yenə də ata idi. Atanın öldürülməsi, xüsusən də ibtidai tayfa şəraitində yaşayan cəmiyyətdə bağışlanmaz cinayətdir. Və qeyrəti coşan övlad, yəni Liviya xalqının Qəddafiyə sadiq qalan hissəsi cinayətin sifarişçilərindən biri olan və Liviyada keçən ilin aprelindən casusluq fəaliyyəti ilə məşğul olan Stivensi cəzalandırdı. Kimlərəsə absurd gələ biləcək bu fakt, şəxsən mənim üçün tam aydındır. Təsəvvür eləyin, ən incə detallara qədər Qəddafinin və Stivensin qətlləri üst-üstə düşürlər. Hətta necə ki, polkovniki linç edən məxluqlar onu öldürməzdən öncə arxadan bıçaqla zorlayıblar, eyni işgəncəyə ABŞ-nın səfiri də məruz qalıb. Bu da qətlin qəddafiçilərin intiqamı olduğunu sübut edən daha bir amildir. Hadisədən dərhal sonra Liviyanın baş naziri Əbdürrəhim əl-Kib jurnalistlər qarşısına çıxıb və deyib ki, "Biz bilirik ki, bu qətlin arxasında qəddafiçilər dayanırlar!" Və... bir gün keçməmiş bu sözlərə görə istefaya göndərilib! Təbii ki göndərilər, axı bu sözlər rəsmi "əl-Qaidəçi" versiyası ilə ziddiyyətdədir! Bu versiya dağılsa, onda Liviyaya təzədən qoşun yeritmək, eyni vaxtda isə əl-Qaidəçi vəhhabiləri "Qeyrətli İslam təəssübkeşləri" kimi qələmə vermək üçün hansı bəhanə qalacaq ki? Səfirin gözlənilməz qətli ilə ABŞ və müttəfiqləri eyni zamanda iki dovşanı vurmaq istəsələr də, Müəmmər Qəddafi ölü olmasına rəğmən həmişəki kimi yenə onların planlarını korladı...
  Kristofer Stivensin və Ömran əl-Misratinin qətlləri Liviyada yeni sosial partlayışlara səbəb ola bilərlər. Çünki Qərb tərəfindən himayə olunan hökümətin, beynəlxalq terror şəbəkələri tərəfindən maliyyələşən sözdə “islamçıların” və geniş xalq kütləsi tərəfindən dəstəklənən qəddafiçilərin maraqları bu qətl hadisələrinə görə bir-biri ilə toqquşublar. Hazırda Liviyada əsas söz sahibləri məhz bu üç qüvvədir. Onlardan hansının yekünda qalib gələcəyini söyləmək çətin olsa da, sonda sevinəcək tərəfin qəddafiçilərin olacağını ehtimal etmək olar. Çünki Liviyada “Xeyif Qəddafinin vaxtı...” deyən insanların sayı günü-gündən artır. Dünən bir keçmiş liviyalı üsyançının müsahibəsini izləyirdim. Bir il əvvəl “Hitler” adlandırdığı polkovnik haqqında indi o belə deyir: “Kaş bilsəydim Müəmmərin qəbri hardadır, gedib orda ağlayardım!” Hazırda keçmiş “inqilabçıların” əksəriyyəti öz yoldaşının ürək fəryadına qoşulmağa hazırdılar. Çünki necə “Böyük bir diktatordan” qurtardığlarını gec də olsa başa düşüblər...

Комментариев нет:

Отправить комментарий