18.11.2012

“Facebook” müharibəsi

Elçin Bayramlı

Azərbaycan cəmiyyətində savaş həsrəti özünə internetdə, forumlarda, çatlarda, sosial şəbəkələrdə yer tapıb. Sonuncu virtual məkanda isə sözün əsl mənasında müharibə gedir - ideoloji müharibə.
İndi XXI əsrdir, hər şey virtual müstəviyə keçir. Təbriklər, söhbətlər, müzakirələr, deyişmələr, münasibətlər, tanışlıqlar... hamısı virtuallaşıb. İndi hər səhər işə gələndə hamı birinci facebook-a daxil olur ki, görək ölkədə nə baş verir, kim kimə nə deyib. İnsanlarımız vaxtını və enerjisini burda başqaları ilə mübahisəyə həsr edir. Kiminsə fikri xoşuna gəlməyibsə, kimsə başqa mövqedən yanaşıbsa, kimsə nəyi təndiq və ya tərif edibsə, o saat ona qarşı əks-hücuma keçilir.

Bu virtual dünyada artıq 1 milyard adam var dünya üzrə, Azərbaycanda isə 1 milyon deyilir. Facebook-un gücü, qüdrəti haqda danışmaq üçün təkcə ərəb ölkələrindəki vətəndaş müharibələrində onun rolunu xatırlamaq kifayətdir. Əhəmiyyəti haqda isə istənilən qədər danışmaq olar.
Bu sosial şəbəkənin varlığı informasiya azadlığını son həddə çatdırıb. İndi heç bir hadisəni, xəbəri, faktı gizlətmək mümkün deyil. Hərənin əlində bir telefon (dolayısı ilə foto ve videokamera, diktafon, internet, poçt qutusu və s.) var və hadisə yerindən az qala canlı yayım verirlər.
Sizi inandırıram ki, sonuncu korrupsiya videosundan “pəpə yeyəndən məmə deyənə” qədər bütün xalqın xəbər tutması “facebook”un sayəsində mümkün oldu. Həmin gün mənə elə bir adam zəng edib bu haqda həyəcanla soruşdu, yatsam yuxuma girməzdi ki, bu adam ictimai-siyasi prosesləri izləyir. Bu cavan oğlan sadəcə həmişəki kimi “facebook”-da qız tutmaqla məşğul olan zaman videonu görüb və izləyib.
Bu qlobal şəbəkənin başqa əhəmiyyətli tərəfləri də var. Məsələn, ölkədə kimi axtarsan burda tapırsan, hansı sualın var yaz cavab verəcəklər, bütün internet üzrə istənilən yazı, foto, video, audio materialı paylaşmaq mümkündür. Hətta “facebook” çıxandan e-poçtlar əhəmiyyətini itirib.
İndi hər gün ölkədə və dünyada baş verənlərdən hali olmaq üçün onlarla qəzet almağa, onlarla sayta girməyə ehtiyac yoxdur. “Facebook”-a girirsən və görürsən ki, bütün xəbərlər, yazılar, maraqlı materiallar paylaşılıb. Necə deyərlər hamısı bir arada.
Hətta siyasi mübarizə də virtual məkana transformasiya olunub. Meydanlara çıxa bilməyən müxalifət burda fəal mübarizə aparır. Opponentləri ilə uzun sürən döyüşlər keçirirlər. Mətbuat da  bu mübarizəni işıqlandırır.
“Faceekok”-da müxtəlif aksiyalar, təbliğat, reklam kampaniyaları da aparılır. Bunların bəziləri humanist xarakter daşıyır, kiməsə qan lazımdır, kiminsə müalicəsinə kömək lazımdır, uşaq evlərinə yardım üçün aksiya keçirilir və s.
Bu məkandan özünüreklam, yaltaqlıq, hamam suyu ilə dost tutmaq məqsədilə də gen-bol istifadə olunur. Burda öz əsərlərini, yazılarını, fərdi xüsusiyyətlərini, nailiyyətlərini, münasibətlərini cəmiyyətə çatdırmağa çalışanlar az deyil.
Lakin ən təhlükəlisi dini, milli, siyasi zəmində ideoloji təbliğatdır. XXI əsrdə müharibə əvvəlcə ideoloji müstəvidə başlayır, sonra lazımi zəmin hazırlandığını görəndən sonra hərəkətə keçirlər. “Facebook” vasitəsilə ölkənin daxilində gec partlayan bombalar yerləşdirirlər və onlar komanda siqnalı gözləyirlər.
Burda müxtəlif dövlətlərin casus və təbliğat qrupları fəaliyyət göstərir. Əsasən, ABŞ, Türkiyə və İrandan idarə olunan qrupların bəziləri buna görə haqq alırlar. Onların məqsədi ictimai fikri işlədikləri dövlətin maraqlarına kökləmək, daxili ictimai-siyasi vəziyyəti gərginləşdirmək və dolayısı ilə ortalığı qarışdırmaqdan ibarətdir.
Xalqın birləşdiyi virtual məkanda gedən müharibədə vəziyyət hələ ki bizim xeyrimizə deyil...
Müharibə isə getdikcə daha şiddətlə davam edir...

Комментариев нет:

Отправить комментарий