20.11.2012

Namus dediyimiz dəyər

Oktay Hacımusalı

Qadın maddi qazanc mənbəyi deyil

Beş-altı öncə “azad sevgi” adlandırdıqları dəyərləri bizə sırımağa çalışanda ortaya belə bir əcaib mövzu atırdılar: “bakirəlik nəyə lazımdır?” Hələ, o zaman bu məsələnin bir neçə il keçəndən sonra cəmiyyətdə ciddi rezonans doğuracağını təxmin etmək olardı. Qərbə para babası kimi baxan, onun əmrlərini qeydsiz – şərtsiz yetirmək üçün əldən – ayaqdan gedən bu qərib təfəkkür sdahibləri bu fikirləri Qərbdəki nmaliyyə mənbəələrinin təhriki ilə ortaya atanda əslində bunu rahat bir şəkildə hesablamışdılar. Bəs, nədir "namus"? Sözün mənşəyi nə deyirsə tam da odur: qanundur, tabudur və adətdir. Bəsn kimin qanunu, kimin tabu, kimin adəti? Min illər boyunca güclənib inkişaf edərək, mahiyyətinə toxunmadan formasını müəyyən çərçivələr daxil davam etdirən ataərkil(patriarxat) cəmiyyətin qanunu, tabusudur, adətidir namus.
Namus, mövzusu qadın, sahibi kişi olan bir qanundur. Bir kişinin namusu ailəsindəki qadınların ictimai normalara görə hərəkət edib etməməsi ilə bir başa əlaqəlidir. Cəmiyyətin uyğun gördüyü formada hərəkət etməyən qadın, onun "sahib"i olan kişinin - atasının, ərinin, qardaşının, tayfasının vs. namusunu zədələyir. Namusun qadınla bağlı olması ilə bağlı olan misallar  hətta bölgədən bölgəyə, ölkədən ölkəyə fərqli şəkillərdə təzahür etməkdədir. Məsələn, bəzi cəmiyyətlərdə, kişi uşaq sahibi ola bilməyəndə kişinin namusu bu səbəbdən zədələnir . Əslində “sahib” olanın “sahibi” olmaq qanunu bu bəhsə çox uyğun gəlir.Belə ki, antropoloqlar və qədim dövrü araşdıran tarixçilər maraqlı bir əlaqəni təsbit ediblər. Bu da "torpaq-qadın" əlaqəsinə sahib cəmiyyətlərdə kişinin və ya tayfanın sahib olduğu torpaq ilə namusu arasındakı paralelliklərdir. Kişinin və ya tayfanın sahib olduğu torpaqlara, məsələn tarlalara, bir başqasının icazəsiz daxil olması, bu torpaqlardan icazəsiz üçüncü şəxsin istifadə etməsi, kişinin və ya tayfanın qonşu torpaqlarına təcavüzü bir çox mədəniyyətdə artıq namus məsələdir və bunlara məruz qalan "torpağın sahibi"nin olan kişinin namusu istər – istəməz zədələnmiş sayılır.
Uca dinimiz İslama görə, namus və şərəf ən müqəddəs məfhum və anlayışlar sayılır. Namusu qorumaq insanlığın qorunması deməkdir. Namusunu qoruyan, qorumuş olduğu öz namusu tərəfindən hər cür pisliklərdən və fenaliklardan qorunur. Allah dostlarından olan böyük bir şəxs belə deyir: “Ey qardaşım! Insanların namus pərdəsini cırma ki, sənin də namus və ar pərdəni kimsə cırmasın. İnsan əkdiyini biçər, başqalarına necə davranar və necə rəftar etsən elə rəftar görərsən. Rəsulu Əkrəm (sav) əfəndimiz bu mövzuda belə buyurur: "Qadınlara qarşı iffətli və namuslu olun ki, xanımların və qızların da iffətli və namuslu olsunlar."
İffətsiz olan, Allah yanında günahkar, xalqın yanında isə etibarsızdır. Bir namussuzun cəmiyyətdəki yaxşıların yanında etibarı [möhtərəmliyi], bir itin etibarı qədər belə deyil. Kişilik və qadınlıq duyğuları, insanlarda da, heyvanda da var. Heyvanlarda utanma hissi olmadığı üçün, onlar, bu duyğularını gizlətmirlər. İnsan isə, şərəf və ləyaqət duyğularına sahib olduğu üçün, kişilik və qadınlıq hisslərinə qarşı qanuni yol axtarır.
Bir insanın və bir ailənin şərəfi və etibarı, bu duyğu qarşısındakı mövqeyi ilə ölçülür. Zəngin və çox gözəl bir qadın, əgər iffətsiz isə, etibarsızdır. Kasıb və namuslu bir qadın isə, hər yerdə, hər zaman itibarlıdır, hörmətə layiqdir. Bunlar, normal və təmiz bir cəmiyyətin iffət ölçüləridir. İffət qaydalarını ayaqlar altına almış, yalnız heyvani hisslərinin arxasınca qaçan insan birliyi, bu sözlərə əlbəttə lağ etməlidir. Onlara sözümüz yoxdur. Dünyada nə rüsvayçılıq, cinayətlər baş verirsə, onların böyük bir qismi iffətsizlik ucbatından meydana gəlir.
Bu zaman, ortaya bir sual çıxır: bu günkü cəmiyyətdə iffəti mühafizə üçün hansı tədbirlər həyata keçirilməlidir? Yuxarıda adlarını sadaladığımız  bəziləri  gənclik üçün müxtəlif əyləncələr təşkil edirlər. Bu cür əyləncələr əslində gənclər üçün yaradılan bir tələdir. Bunun tələ olduğuna inanmayan bir gənc oğlan və ya qız, tələnin içinə düşdükdən sonra, ağlı başına gəlir. Lakin iş işdən keçib artıq. Tələnin görünüşdəki cazibəsinə qapılan qızlar, kişilərin əlində tez bir oyuncaq halına gəlir. Özünə güvənən bir qız belə, onların qarşısında sonuna qədər dözə bilməz. Yaraşıqlı bir kişinin aldadıcı gülümsəməsi qarşısında məğlub olacaq. Ən yaxşısı həmin o milli – mənəvi dəyərlərdən uzaq yerlərə addımını belə atmamaqdır.  Ki, sonradan kimlərəsə danışmağa mövzu verməyək.
Yəqin ki, olanlar bilər, Amsterdamın Red Light District deyilən məhəlləsində gəzəndə seks şopların neon işıqlı geniş vitrinlərində müştəri gözləyən fahişələr görmək mümkündür. Axşam hava qaralanandan sonra alt paltarında vitrinə çıxır, saatlarla ya ayaqda ya da bir kresloya oturub müştəri tapmağa çalışırlar. Vitrinə çıxmış kirayəlik qadınlardır bunlar. Bədənləri heç müzakirəsiz maddidir. Təkcə qiymət yazıb vurmayıblar üstlərinə. Indi mən sual vermək istəyirəm,  namus “iki ayağın arasında deyil” - deyənlər buranı da Amsterdama oxşatmağa çalışırsınız?
Xanımlarımızın ən böyük sərvəti iffət və ədəbi, onun hər zaman üstünlüyüdür. Allah bu üstünlüyü bizim xanımlarımıza və bizə çox görməsin! Çünki, o, bizi biz edən dəyərlərin vacib bir hissəsidir. Bunu heçə sayanlara isə Osmanlıdakı köhnə təkkə və dərgahlarin giris qapılarında yazılı olan bir cümləni xatırladıram: “ədəb, yahu”!

Комментариев нет:

Отправить комментарий