20.11.2012

İmarət Cəlilqızı. Yuxu

Bir ümman söz...
Dalğaları arasında batır-çıxır baxışlarım,
Kiçik bir ada həsrətiylə
əllərini gözləri üstə qoyub baxır baxışlarım.
Sakit-sakit uğuldayır,
gözlərimi sığallayır ilıq, həzin ləpələri,
Kirpiklərimi aşır, gözlərimə dolur,
ürəyimə ay işığı səpələyir.
Ürəyimdən işıq düşür sirli, sehirli,
məchul, cazibədar qaranlıqlara,
işığı tutub gedirəm,

Arxada qalan mən məni səsləyir:
"Hara gedirsən, dəli, hara?
Sən üzə bilmirsən axı, boğularsan!"
"Mən getmirəm ki...
məni bu işıqdır aparan,
Sakit, sabit, əmin sahildən qoparan.
Sahildə qala bilmirəm,
 ondansa  boğulsam, yaxşıdır,
Bəlkə, yenidən doğuldum,
yenidən doğulsam, yaxşıdır.
Bəlkə, boğulmadım heç,
nur ləpəli dalğaların ləngəri xilasım oldu—
yaşıl bir adaya tuş oldum, bəlkə,
Deyirsən üzə bilmirəm,
bəlkə, uça bildim, quş oldum, bəlkə...
Dalğaların arasında batıb-çıxan baxışlarım,
Ah, nigaran baxışlarım...Birdən!
Nə isə qəfildən ilişir kirpiklərimə,
Baxıram, baxıram, inanmıram gözümə,
İçimi cəkirəm,
nəfəs əvəzinə heyrət dolur köksümə:
Sinəmdən qopub ayrılanlarım
 mehriban-mehriban gülümsəyir üzümə.
"Ah, mənim yaşıl adacıqlarım,
hardan gəlıb düşmüsünüz bu qəribə ümmana?
O, kimdir sizi yollayan mən olduğum ünvana?
Hardan bildi, necə duydu
bir tənha adaya qovuşmaq həsrətimi?
Necə gördü görünməz qanadlarımı,
naməlum səmalara uçmaq həsrətimi?
Üzgəclərim yoxdur mənim, dogrudur,
amma qanadlarım var,
Gecələr yuxularımda uçuram
ayın gümüşü saçları arasında
küləklər  kimi,
yumulu gözlərimlə görürəm özümü
səssizcə sıyrılıb keçən mələklər kimi...
Mənim yaşıl adacıqlarım...
Sizə yan ala bilsəydim,
Qanadlarımı gərərək
 qoynunuzdan səmalara pərvazlana bilsəydim,
uçardım düz ay işığına doğru.
Bilmirəm amma tab gətirərmi qanadlarım,
yolumu kəsməz ki qara buludlar?

Ətrafımda ucsuz-bucaqsız ümman…
bir addımlıqda yaşıl adalar…
önümdə ay işığına bələnmiş
sonu görünməyən,
sonu bilinməyən  uçuş xətti—
həm təhlükəli, həm cazibədar...
Heç bilmirəm yuxudurmu bu,
yoxsa aşkar...

Комментариев нет:

Отправить комментарий