21.02.2013

Bütün sevgi sözlərini küləyə bağışlamaq

TƏRANƏ ŞƏRQİ

***
Bu qış günü pəncərəmi açıb 
Bütün sevgi sözlərini 
Küləyə bağışlamaq,
Əsrlərlə ruhumda daşıdığım  
Leyli donunu soyunmaq,
Sevgidən, məhəbbətdən –
Hər cür əziyyətdən xilas olmaq!
Istəyirəm - 
Səni sevmək istəyirəm,
Səni sevmək istəyirəm!  

***
Mən göydən 
bir yağış damlası tək 
düşdüm...

Birinin saçlarına -
Sildi...
Birinin paltarına –
Çırpdı...
Birinin ayağına –
Əzdi...

sonra da 
“Səni sevirik”, dedilər...

***
Demışdim sənə 
həyatımda 
bahara yer yoxdu...
Yay – doğuldum,
Payız -  yaşadım,
Qış – ömrün sonu.
Məhəbbətin 
Dondurur!

ÇƏRÇİVƏ

Doğulanda düşdüm çərçivəyə -
Dünya adlı.
"Hələ uşaqsan" - çərçivə
"Qızsan, olmaz" - çərçivə
"Qadınsan, heç olmaz" - çərçivə
Ailə çərçivə,
uşaq çərçivə...

Boğuldum, darıxdım...
Bir çərçivə də 
mən düzəltdim...

İçində sən olan 
çərçivəni çox sevdim -

***
Metroda qatarın fit səsi 
Ölüm hayqırtısına bənzədi.
İçimdə bir sevinc baş qaldırdı.
Ömrüm boyu yaşamadığım 
Üç dəqiqəlik bir səadət yaşadım –
Ölümə qovuşmaq səadəti...
Təəssüf...
“Ulduz” stansiyası...

***
Ömür boyu xəyallarımla baş-başa yaşadım
Arada bir rəyalarıma ara verib 
Gerçəkliyə baxım dedim
Göz qapaqlarımı açar-aşmaz 
səni gördüm.
Nə yazıq ki sən də yuxulu idin –
Məni görmədim...

***
Səni yanımda istədim
Olmadın...
Birində gözlərini aradım,
Birində dodaqlarını...
Birində saçının düzümünü gördüm
Bir başqasında...

Beləcə baş verdi
Parçalanıb dağılmağın...

***
Qubada...
Bu şəhərin ən hündür  yerinə 
Qaçıb gələrdim.
Atadan, qardaşdan, yardan
Xəlvəti –
Aşağılarda – ayağım  altda 
Bəzən həzin-həzin,
Bəzən haraylı
Axan Qudyalçayla görüşə...
Tanrım-tapınağım kimi ona üz tutaraq 
Titrək barmaqlarım arasındası
“sağalacaq-sağalmayacaq”,
“yaşayacaq-yaşamayacaq”,
“sevəcək-sevməyəcək” 
Deyə atam, qardaşım və yarım üçün 
Sual edib sulara səpdiyim papatya ləçəkləri
Mənə dəb duamı etdi –
Sağalmadı...
Yaşamadı,
Sevmədi...

***
Bir gün güzgüyə baxanda 
çizgilərimi görmədim.
Silinmişdi, itmişdi, 
ya da ki oğurlanmışdı...
Məndə Mən qalmamışdı...
Dərdimi qızıma danışanda
"Oğrunu" gördüm...
O gündən güzgülərə az baxıram -
Anamçın darıxanda...

Комментариев нет:

Отправить комментарий