Qasımov Qasım Qənbər oğlu – 1922-ci ildə Gəncə şəhərində anadan olmuşdur. O, 1940-cı ildə ordu sıralarına çağırılmış və Sovet Ordusunun 264-cü artilleriya polkunda xidmət etmişdir. Müharibə dövründə cəbhəyə yollanmış və 1941-ci ilin 21 avqustunda cəbhədə olarkən Staraya Russa rayonunda almanlara əsir düşmüş və alman həbs düşərgəsində dustaq olmuşdur. 1943-cü ilin 27 oktyabrında rəsmən itgin düşənlər siyahısında düşmüşdür.
İtgin hesab edildiyi vaxt ərzində cəsur Qasım əsirlikdən qaçaraq, 8-ci Leninqrad partizanlar briqadasının, 6-cı partizan dəstəsinə qoşulmuş və alman-faşist qoşunlarına qarşı partizanlıq etmişdir. Sonradan ağır yaralanaraq ikinci dəfə almanlara əsir düşmüşdü. Onu Berenburqa hərbi əsirlər üçün həbs düşərgəsinə aparmışlar. 1945-ci ilin avqustuna kimi əsirlik əzab çəkən Qasım həmin ildə Sovet Qoşunları tərəfindən əsirlikdən azad edilmişdir.
Qasımov Qasım müharibə illərinin acı xatirələrindən danışarkən, əsirlikdə yaşadığı müsibəti də unutmazdı. Bir dəfə hər eşidənin qanını donduran bir hadisəni belə söyləmişdi:
“Mənə əsirlikdə dəfələrlə ölüm hökmü verildi, lakin mən möcüzə nəticəsində ölümün pəncəsindən qurtulmuşam. Belə ki bir neçə əsir yoldaşlarımla birgə hamımıza edam qərarı verildi. Mənə asılmaq, yoldaşlarıma yandırılmaq. Nə yazıqki yoldaşlarımı yandırdılar. Mənə növbə çatdı. Məni gətirdilər dar ağacının altına, ilgəyi keçirtdilər bogazıma. Sallanan vaxt dar agacı qırıldı, mən yıxıldım yerə, bir neçə vaxt sonra məni yenidən asmaq istədilər, bu dəfə də ilgək qırıldı. Mən 2-ci dəfə ölümdən döndüm. Bir dəfə də məni başqa əsirlər kimi güllələnməyə düzdülər. Mən o an gözlərimi yumdum, fikrimdən şəhərimi, əzizlərimi, yolumu gözləyənləri xatırlayaraq ölüm dəqiqələrimi saymaga başladım. Atəş açıldı, bəzi əsirlər göllələndi, növbə mənə çatanda cəllad zabit nədənsə atəşi dayandırdı, məni güllələmədilər. Dəfələrlə ölümdən dönsəm də, alman faşistlərinin işgəncələrindən qurtulammadım. Dəfələrlə bədənimə qızmış dəmir lövhələrlə dağ basırdılar, məftillərlə bədənimi sıxırdılar və s. Bu qədər əzab işgəncələrə, edam hökmlərinə baxmayaraq allahın bir möcüzəsidir ki mən sağ qaldım və başım uca, alnım açıq Vətənimə döndüm.”
Qasımov Qasım müharibədən sonraki illərdə də insanlar arasında öz insanlığı və zəhmətkeşliyi ilə tanınmışdır. Xeyirxahlığı və nəcib xasiyyəti ilə bütün dostlarının, qohumlarının, onu tanıyan hər kəsin sevimlisinə çevrilmişdir. O 1999 ci ildə Gəncə şəhərində vəfat etmişdir.
GÜNEL MƏMMƏDOVA
Комментариев нет:
Отправить комментарий