Mənim otuz yaşım vardı öləndə. Hələ otuzumdaydım ruhum bədənimdən küsüb məni tərk edəndə. Qəfil ayaq səslərindən diksinən quş kimi pırıltıyla ruhuma qoşularaq uçub getmişdi ümidlərim də. O vaxtdan yarımçıq qalmışdım, əlsiz, ayaqsız və baxsa da görməyən gözlərim, adı “mən” olan boş bədən. O vaxtdan qəhqəhələrim kəsildi, sevincimə təəssüf hiss qarışdı. Zaman keçdikcə bu hiss daha da böyüyür, məni özüylə dərin bataqlığa sürükləyirdi. Batdıqca arabir gözlərimə işıq dəysə də sonra anladım ki, bu işıq səmanın uzaq ənginliklərində batmaqda olan ümidim idi. Bir meteor parçası kimi axmışdı içimdən və artıq sönməkdə idi.
İndi yanına gəlmişəm ayaqsız, əlsiz və gözsüz.Yanına gəlmişəm ilk dəfə səninlə danışa bilməkçün. İlk dəfə illər sonra çözüləcək dilim və səninlə aramda körpü kimi uzanacaq sirlərim.
Salam ata! Tanıdınmı məni? Görə bildinmi qırışların arasından gözlərimi? Tapa bildinmi gözlərimin içində sönən sevincimin qalıqlarını? Oxuya bildinmi sənə demək istəsəm də deyə bilmədiklərimi? Yadındadırmı, yaşım otuzu haqlamşdı deyə nə qədər qorxurdun, narahat idin? Yadındadırmı, bacımın sevərək seçdiyindən nişanını qaytardığı üçün ona küsdüyün və ona küsdüyün üçün də mənə etiraz haqqı vermədiyin? Heç vaxt xoşbəxt ola bilməyəcəyimi bilsəm də sırf sənin qəzəbindən qorxaraq ailə qurduğum, yadındadırmı?
Qızım doğulmuşdu sonra. Sən və anam hər zamankı kimi “el bizə nə deyər” düşünərək məni ayrılmağa qoymamışdınız. Madəm beləydi vaxtında deyəydim- demişdiniz. Boşanarsam qızımı bədbəxt edəcəyimi söyləmizdiniz. Bəs mən, mən də sizin qızınız deyildimmi? Mənim nə fərqim vardı qızımdan? O da övladdı, mən də. O mənim qızım idi, mən isə sizin. O məndən sonra doğulmuşdu, mən isə ondan öncə vardım. Amma siz məni “el” qədər sevmədiniz. “Elin” nə deyəcəyini düşündünüz, mənim dediklərimi dinləmədiniz.
İkinci övladım oldu. Artıq mən oğul anasıydım və iki övladı olan bir ana niyə boşanmalıydı ki? Demək bir uşaqla boşanmaq olarmış, amma iki uşaqla gecdir. Siz məni həmişə gecikdirdiniz. Budur, artıq böyüyüb qızım da, oğlum da. Xoşbəxtliyini istədiyin qızım tələbədir artıq. Keçən gün birini sevdiyini dedi mənə. Tutuldum, çaşdım, nə deyəcəyimi bilmədim. Sonra sənin qəzəbini xatırladım və o qəzəbin altında əzilən hisslərimi, itən gəncliyimi, puç olan ümidlərimi xatırladım. Xatırladım və gülümsədim üzünə qızımın.
-Sevmək gözəldir, qızım! Könlündə sevgi varsa sən varsan deməkdir. Sən hiss edə bilirsən, sən həssassan deməkdir. Sevirsənsə sən atan kimi soyuq, ürəyi buz kəsmiş divar deyilsən deməkdir.
Bilirsən nə qədər sevindim, ata! Qızımın sevə bilən bir ürəyə sahib olduğu üçün sevindim. Sonra da qorxmağa başladım. Amma mənim qorxum sənin qorxuna bənzəmirdi, ata! Sən yaşımdan qorxmuşdun, mənsə sevdiyinin qızımın sevgisinə layiq ola bilməyəcəyindən. Sən “elin” deyəcəklərindən qorxmuşdun, mənsə ona doğru yolu göstərməsəm gələcəkdə qızımın deyəcəklərindən. Sən “çoxunu” düşünmüşdün, mən isə “birini”.
İki gün öncə yenə tənhalaşmışdım. Onun otağına girdim, o, isə heç üzümə baxmadan – səs eləmə, filmin maraqlı yeridi- dedi. Sakitcə çıxdım. Onun üçün ən böyük maraq film idi. Filim izləməksə asan bir işdi. Axı o, heç vaxt çətin iş görməmişdi. Otağıma çəkilib içimdəki bütün kədərim, qəzəbim, taleyimə nifrətimlə hönkürdüm. Oğlum səsimə gəlmişdi. Boynuma sarılıb mənimlə ağladı.
-Ana, sən niyə bu adamla ailə qurmusan axı? Sən ondan güclüsən, öz ayaqların üstündə dura bilərdin, belə ailə sənin nəyinə lazımdı axı?
-Bu ailə mənə yox, nənənlə babana lazımdı, oğlum! Mən bu adamla belə pis taleyi yaşamasaydım “el” onlara pis baxardı. O “el” ki, bədbəxtliyimdən xəbər tutanda “sən ki, təhsilliydin, ağıllıydın, bu adamı necə seçdin?” demişdi.
Bilirəm, vaxt gələcək oğlum da kimisə sevəcək. Öz həyatını yaşamaq, öz dünyasını qurmaq istəyəcək. Mənsə o zaman daha çox təklənəcəm. İndi onlarla başımı qata bilərəm, amma gələcəkdə bu qayğılarımla onların başını qata bilmərəm. Onları öz bəxbəxtliyimin kölgəsində yaşada bilmərəm, ata! Mən bir evdə iki yad insan kimi yaşamağa alışmalıyam və ömrüm boyu da yaşamağa çalışmalıyam. Yoxsa evlənəsi bir oğlu, bir qızı olan anaya “el” nə deyər.
Daha heç nə deyə bilmədi qəzəbinə bürünmüş qəhərindən. Məzarın mərmər daşı üstündə ümidləri kimi düşüb dağılan göz yaşlarına dikildi gözləri. Böğazında düyünlənən ağrını udmaq istədisə də alınmadı. Başını qaldırıb baş daşından ona dikilən gözlərə baxdı. O gözlər öz gözlərinə də oxşayırdı. Ancaq o gözlərdə peşman olsa da özünü sındırmayan qürur, bu gözlərdə isə itirilən gənclik, puç olan arzular vardı. Bütün bunların səbəbkarı isə o qürurlu gözlərin sahibiydi. Ağır – ağır ayağa qaxdı. Nə qədər kədərli olsa da içində qəribə bir yüngüllük hiss etdi birdən. Bunun səbəbini məzarlıqdan çıxarkən anladı. Axı həyatında ilk dəfəydi ki, atasıyla dərdləşə bilmişdi.
Комментариев нет:
Отправить комментарий