Suriyada “cihad” adı altında döyüşə gedən azərbaycanlılarla bağlı daha bir maraqlı məlumat əldə etmişik. Sumqayıt şəhər sakinləri Publika.az-ın müxbirinə bu şəhərdən olan mücahidlərin ailələrinə pul göndərdiyini deyib. Konkret ad məlum olmasa da, iddia olunur ki, azərbaycanlı mücahidlər hər əməliyyat üçün 2 min dollar məvacib alırlar.
Qeyd edək ki, azərbaycanlıların muzd qarşılığında Suriyada döyüşdüyü xəbəri cihadçılar, həmçinin ölkədəki sələfilər tərəfindən israrla təkzib edilsə də, buna dair informasiyalar da yayılmqdadır. Bir neçə ay öncə Publika.az-a daxil olan digər məlumatda deyilir ki, İsmayıllı rayonunun Sumağallı kənd sakini Murad adlı şəxs (soyad və atasının adını dəqiqləşdirə bilməmişik- red) Suriyaya getməyinin müqabilində 20 min ABŞ dolları alıb. Murad artıq bir ay imiş ki, Suriyaya gedəcəyini ailəsinə bildirib və dediyini edib. Bir gün onun səsi Suriyada döyüşənlər arasından eşidilir. O, ailəsi ilə mütəmadi telefon əlaqəsi də saxlayır. Amma “bir daha evə qayıtmayacağam” da deyərək onu gözləməmələrini bildirir. Onun Suriyada döyüşlərə qatılmasından bir müddət sonra naməlum şəxslər ailəsi ilə əlaqə saxlayaraq 20 min ABŞ dolları verib. Mənbə bildirir ki, pulun necə verilməsi dəqiq deyil, sadəcə olaraq əlaqə saxlayan şəxslər pulu hansısa yerə qoyur və ailəyə yerin adını bildirirlər. Lakin ailənin pulu götürüb-götürməməsi də dəqiq deyil.
“Polisə desəniz, evinizi partladacağıq”
Muradın Suriyaya gedəcəyini deməsinə baxmayaraq, ailənin təhlükə ilə bağlı hüquq-mühafizə orqanlarına xəbər verməməsi də açıq suallar buraxır. Mənbə isə bunu qorxu ilə əlaqələndirir.
“Desəydilər, evlərini partlada bilərdilər. Ümumiyyətlə, Murad onlara qoşulandan onda dəyişiklik hiss olunurdu. Çünki əvvəllər maddi vəziyyəti aşağı idi, lakin birdən-birə özünə iki maşın aldı və bir çox diqqət çəkən şeylər etdi. Görünür, etdiklərinin və verdikləri pulun müqabilində ondan Suriyaya getməsini istəyiblər”,– deyə mənbə bildirmişdi.
Suriyada azəri camaatı - “Təbuk”
Mücahidlərin saytlarında yayılan məlumatlara əsasən, apardığımız araşdırmada Suriyada döyüşən aszərbaycanlılarla bağlı məqamlara rast gəldik. Belə ki, 3 il öncə Suriyada Bəşər Əsədə qarşı başlayan, daha sonra dini müstəviyə keçən müharibəyə yüzlərlə azərbaycanlı qoşulub. Bu günə qədər 100-ə qədər soydaşımız bu müharibədə öldürülüb.
Yayılan məlumatlara görə, Əsədə qarşı vuruşan dəstələrdə iştirak edən azərbaycanlılar 10 il öncə Qarabağda partizan müharibəsinə başlamaq məqsədilə yaradılan “Təbuk camaatı” (İslam tarixində ən böyük savaşlardan biri Təbuk müharibəsidir) Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən zərərsizləşdirilib. Daha sonra bu camaat Çeçenistan müharibəsində aktiv iştirak edir və bu gün Suriyada Əsədə qarşı döyüşən azərbaycanlıların əksəriyyəti bu camaatın üzvləridir.
Lakin ümumi olaraq Əsədə qarşı vuruşsalar da, Nusrə, İŞID və Ahraru-Şam qruplaşmaları altında bölünüblər. Məlumatlara görə, onlar arasında ciddi fikir ayrılığı mövcuddur. Ən ilginc iddialardan biri isə azərbaycanlıların Suriyada Səudiyyə Ərəbistanının siyasətinə qulluq etmələridir. Buna səbəb kimi onların əksəriyyətinin bu ölkədə təhsil almaları göstərilir. /bizimyol.info/
Комментариев нет:
Отправить комментарий