Məmurların çoxunun internetdən-kompüterdən başı çıxmır, hələ diplomları saxta olanları demirəm
Bir yaşlı qohumumuz vardı, nə vaxt gəlirdin, görürdün muğam müsabiqəsinə baxır. Deyirəm nəyinə baxırsan bunun, ay dayı? Deyir, gənclərimiz oxuyur, muğamı sevir, mən də bundan xoşlanıram. İstədim soruşum, əgər gənclər muğamı sevirsə, niyə muğam oxuyan gənclər olsa da, o böyüklükdə zalda muğama qulaq asanların içində bir nəfər də gənc yoxdur? Dedim əşşi, yenə ovqatını təlx etməyim, qoy baxsın.
Deyirəm ki, dünyada hər şeyin dəqiq qiyməti bilinəndə nə gözəl olur. Tutaq ki, qızıldır, bilirsən, əyyarı neçədirsə, qiyməti də filan qədər. Lap canlıları götürək. Dünya bazarında bütün futbolçuların dəqiq qiyməti var. Məsələn, birinin qiyməti 1 milyon avro, digərinki 600 min avro və sairə. Hətta məşhur müğənnilərin saat hesabı, dəqiqə hesabı qiyməti bəllidir.
Futbolçuların və müğənnilərin qiymətlərini öyrənəndən sonra düşündüm ki, görəsən bizim məmurların dünya bazarında qiyməti neçə olar? Axı qədimlərdə yaxşı rəhbərləri tapıb, yüksək məvacib verib bəzi yerlərə müdir qoyurdular. O mənada, görəsən dünya bazarına çıxarsaq, bizim məmurlara nə qədər qiymət qoyarlar?
Nəyə gülürsən, əziz oxucu? Guya bilmirsən ki, bunların qiyməti nədir? Xarici dil bilmirlər, çoxunun internetdən-kompüterdən başı çıxmır, hələ diplomları saxta olanları demirəm. Neyləyirlər bunları. Tanışlardan biri danışır ki, rayonun vacib idarələrindən biri 5-i 120-yə vurmaqda çətinlik çəkirmiş, bunu hesablamaq üçün kalkulyator gətirilməsini əmr edibmiş. Bir lətifədə deyilmişkən, vallah, bunların bəzilərini dəstəsi 1 dollardan da alan olmaz. Alsalar da, daha işlədib eləməzlər də, sadəcə bir eksponat kimi alıb atarlar kabinetin bir tərəfinə. Çünki bunlarda olan keyfiyyətlər- işverənlik, üzəduranlıq, araqarışdırmaq, riyakarlıq... oralarda heç işə yaramaz.
Hər işdə gərək zamanın nəbzini tutasan. İndi də meydan bir az qızışıb deyə, siyasi alverdə çörək var. Belə ki birtəhər daxil olursan müxalifət partiyaların birinə. 2-3 ay başını burada fırladırsan. Gördün ki meydan təzədən qızışıb, onda iqtidarla bazarlığa gedib, müxalifət partiyadan aldığın bileti təntənəli şəkildə cırırsan, televizorda çıxış edib, keçirsən iqtidar partiyasına, sonra vəziyyət dəyişsə, onlar verən bileti cırıb, keçirsən başqa bir partiyaya. Qısası, “pariya-partiya” oyununu səliqəli oynasan, babat çörək qazanmaq olar.
Daha maraqlı bir nüans. Deyirlər ki, bələdiyyədə pul yoxdur, hətta əmək haqqı da ala bilmirlər. Amma heç kim bələdiyyədən getmək istəmir. Əvvəllər bəzi anlaşılmazlıqlar var idi, indi bunun da əlacını tapıblar. Yəni, hansı bələdiyyə üzvü sədrin çaldığına oynayır, onun düz və saxta olmasından asılı olmayaraq hər bir sənədinə imza atır, həmin bələdiyyə üzvünə müftə 0,04 ha torpaq sahəsi verilir. Bu torpağı isə asanlıqla neçə min manata satmaq olar.
Yazıq hökumət də bir ayıbı örtür, altından 5 ayıb çıxır. Həkimlərə pul almağı qadağan edəndən sonra bəlli oldu ki, elə işin abırlısı həkimlərə pul vermək imiş. Yoxsa indiki kimi? Pul almağa da qorxurlar, xəstəyə də ağıllı-başlı baxmırlar. Bu barədə bir maraqlı hesablama da aparmışam. Tutaq ki, hər həkim gündə xəstələrdən orta hesabla 50 manat şirinlik alır. Xəstəxanada da 50 həkim var. Bu eləyir gündə 2500, həftədə 15 min, ayda 60-70 min manat. Rayon mərkəzində bir abırlı yerdə dükan yerinin satışı da təxminən 50-60 min manatdır. Deməli, həkimlərin bir aylıq rüşvəti bir dükan yerindən qazanılan pulla təxminən bərabərdir. İndi bu hesabla baş rüşvətxor kimdir- dükan yeri satanlar, xəstələri həyata qaytaranlar?
Комментариев нет:
Отправить комментарий