06.01.2017

Polisdən olan şikayətlərə niyə baxılmır?

İbrahim Hümbətov

 Deməli, 3 ölkənin polislərini yığırlar bir yerə ki sizi yarışdıracağıq, görək kim daha fərasətlidir. Şərt də belə olur ki, bir həftə qəfəsdə qalan dovşanı meşəyə buraxıb deyirlər ki, indi gedin təcili dovşanı tapın. Qəfəsdən çıxan dovşan ola, meşə ola. Polislər dovşanı tapa bilmirlər. Əvvəl ingilis polisi gəlir ki, biz bacarmadıq. Bir az keçir fransız polisi gəlir ki, biz də nə qədər vurhuxduq, tapa bilmədik. Nəhayət, bir saatdan sonra Azərbaycan polisləri qan-tər içində bir ayını sürüyə-sürüyə yarış keçirilən yerə gətirir və fəxrlə deyirlər ki, həmin dovşanı tutmuşuq. Münsiflər heyəti də etiraz edib bildirirlər ki, qardaşlar, bu dovşan deyil, əməlli-başlı ayıdır. Bizimkilər isə təkidlə deyir ki, yox, dovşandır, inanmırsınız özündən soruşun. Bu vaxt ağrılardan zarıya-zarıya, bizim polislərə qorxu içində baxa-baxa ayı göz yaşları içərisində deyir ki, vallah dovşanam, nəyə inanırsınız and içim ki, dovşanam, elə dədəm də dovşan olub, nənəm də dovşan olub, bəzi müxalifətçilər bizi şərləyərək orda-burda “ayı” deyə çağırırlar.
 Bu misalla nə demək istəyirəm? Bəli, düz tapmısınız: bu dəfəki söhbətimizin mövzusu rəşadətli Azərbaycan polisi olacaq.
 Dövlət Yol Polisi işçilərinin əndrəbadi əməlləri haqqında çox yazılıb, çox deyilib. Respublika ictimaiyyəti bu cür hallardan xəbərdar olmalıdır. Neqativ hallara qarşı birgə mübarizə aparmaq bizim vətəndaşlıq borcumuzdur. Redaksiyamıza müraciət edən vətəndaş H.Behbudun 62 yaşı var, şəkər xəstəsidir. 25 may 2015-ci ildə şəkər dərmanlarını almaq üçün öz maşını ilə xəstəxanaya gedirmiş. Xəstəxanaya çatmamış onu Yol Polisi saxlatdırıb. Özünü təqdim etmədən, kobud formada, bazarda olduğu kimi yaxınlaşaraq soruşub ki, sənədlərin varmı? Behdud yazır: “Dedim hə. Sənədlərimə baxıb dedi ki, texosmotrun 3 gün vaxtı çıxıb. Dedim ki, ay oğul, bilirəm, imkan ver xəstəxanadan dərmanlarımı alım, tezliklə gedib texosmotrdan keçəcəm. Dedi yox, sənə qanunla 50 manat cərimə düşür, 20 manat mənə versən, cərimə yazmaram. Nə qədər başa saldım ki, qoca adamam, bir ağır cinayət-zad etməmişəm, atan yaşındayam, insanlara yeri gəldi-gəlmədi bu cür başağrılar yaratmayın, xeyri olmadı. Məndən 20 manat alıb getdi. Pulu alanda dedi ki, qorxma sənə cərimə yazmayacam. Amma pulu da alıb, cərimə də yazıb! İndi bilmişəm ki, mənə 50 manat cərimə də yazılıb. Evimə cərimə olunmağım barədə kağız gəlib. Elə həmin gün, Yol Polisi məni saxlatdıran gün də gedib texosmotrdan keçmişəm”.
 Nəyə görə bizim yol polisləri insanlara bu cür aşağılayıcı münasibət göstərirlər? Məgər bu cür hallar polisə başucalığı gətirirmi? Belə hallarla polisin reytinqini xalq arasında qaldırmaq olarmı? Şikayətçi məktubunda yazır: “Nəinki Rusiyada, Gürcüstanda, heç inanmıram ki, Ermənistanda polis bu cür öz xalqına yad münasibət göstərsin. Əsəblərim gərilib, bu hadisədən sonra özümə gələ bilmirəm. Bu cür adamlar insanları aldadaraq həm rüşvət yığır, həm də dövlətçiliyə xələl gətirirlər”.
 26 iyul 2013-cü il tarixdə Ə.Şakir adlı vətəndaş iş dalıyca rayon mərkəzinə gedirərkən DYP işçiləri onu da heç nədən saxlayıblar. Sürücülük vəsiqəsi olmadığı barədə protokol tərtib ediblər, hansı ki onun sürücülük vəsiqəsi var imiş. Şakir buna etirazını bildirib. Bu zaman Yol Polisi işçiləri onu təhqir etməyə başlayıblar. Nəticədə sürücü ilə yol polisi işçiləri arasında mübahisə yaranıb. Mübahisə davaya çevrilib. Yol polisi işçiləri Şakirə yumruq zərbələri endiriblər. Vurulan yumruq və təpiklərdən Şakir xəsəratlar almış, xəstəxanaya yerləşdirilmişdir. Lakin nəyə görəsə bu hərəkətlərə görə Yol Polisi işçilərinə qarşı heç bir tədbir görülməmişdir. Belə çıxır ki, polis haqqını tələb edən istənilən adamı çırpa bilər. Sabah həmin hadisədən bizim də başımıza gələ bilər. Biz hüquqi dövlətdə yaşayırıqsa, bu cür məsələlərə qanun çərçivəsində reaksiya verilməlidir. Axı adi bir polis işçisinə vətəndaş şillə atanda nəinki cinayət işi açır, hətta şöbəyə aparıb qolunu-qıçını sındırınca döyürlər. Bəs nəyə görə iki yekəpər polis işçisi yaşlı bir kişini döyəndə heç bir reaksiya verilmir? Bu cür hallar birinci dəfə deyil, Yol Polisi dəfələrlə “dil tapa bilmədiyi” sürücülərə qarşı zor işlədib, təhqirlər yağdırıb. Vətəndaşlardan pul almaqdan, soymaqdan ötrü min oyundan çıxırlar. Yol Polisi işçiləri rüşvət verib bu vəzifələrə oturduqlarından insanların psixologiyasını bilmirlər, yalnız öz şəxsi maraqları çərçivəsində hərəkət edirlər. Durduqları əraziyə 10 dəqiqə kamera qoyub baxsaq, hansı oyunlardan çıxdıqlarını aydın görərik. Bəzi rayonlarda Yol Polisi işçiləri sürücülərə konkret tas qoyub reketlik edirlər. Sürücülər dəfələrlə belələrindən şikayət etsə də, şikayətlərə baxan yoxdur. Polisə çatanda Azərbaycan qanunvericiliyi işləmir. Vətəndaşlar haqlı olaraq soruşur ki, məgər bu ölkədə qanun qarşısında hamı bir deyilmi?
 Vətəndaş Ə.Vidadi isə redaksiyamıza ünvanladığı məktubunda bunları bildirir: “Heç bir qanunu pozmadan öz yolum ilə getdiyim halda maşınımı Dövlət Yol Polisi işçiləri saxlatdırdılar. Sənədlərimi təqdim etdim. Sənədlərim tam qaydasında olmasına baxmayaraq mənə akt tərtib etməyə başladılar. Səbəbini soruşduqda dedilər ki, maşın texniki baxışdan keçməyib. Mən təəccübləndim, belə ki, maşınımın texniki baxış vaxtına hələ bir neçə ay qalırdı. Mən bunu onlara bildirməyimə baxmayaraq, heç veclərinə də almadılar, aktı yazmaqda davam etdilər. Lakin mən təkid etdim, əvvəl-axır başa sala bildim ki, akt yazmaq düzgün deyildir, maşınımın texniki baxışı yerindədir. Onlar bir-birlərinə baxdılar, cərimə yazmaq üçün yeni bəhanə axtarmağa başladılar. Onlardan biri dedi ki, sənə kəmər cəriməsi yazacayıq. Mən təəccübləndim, dedim əvvəl texniki baxış bəhanəsi alınmadı, indi də kəmərə keçdiniz, bu adama bilərəkdən ilişməkdir! Dövlət Yol Polisi işçisi yanındakı yoldaşını göstərərək mənə dedi ki, bu işçimiz təzə gəlib, onun texniki baxışdan başı çıxmır, ona görə səhvən sənə texniki baxış cəriməsi yazmaq istəmişdi. Mən dəhşətə gəldim, səsimi ucaldaraq bu özbaşınalığa qarşı öz etirazımı bildirdim. Bu zaman həmin Yol Polisi işçisi yoldaşını məbə göstərib bildirdi ki, onu da başa düşün, təzə gəlib, plan verməlidir. Mən yenə narazılığımı bildirdim, dedim ki, işçini əvvəl tam təlimatlandırıb sonra işə götürmək lazımdır, mən xəstə əsəbi adamam, əsəblərimizlə niyə oynayırsınız? İkincisi də bir fikir verin, axı ötən maşınların heç birində kəmər vuran yoxdur, bəs onlara niyə cərimə yazmırsınız?”
 Şikayətçi haqlı olaraq bildirir ki, Yol Polisi işçisinə əvvəl sürücülük qaydaları öyrədilməlidir, sonra işə götürülməlidir. Ə.Vidadi məktubunun davamında yazır: “Mən qanunsevər adamam, heç bir vaxt nəinki sürücülük, heç bir dövlət qanunu da pozmamışam. Əgər biri DİN-ə təzə işə götürülübsə və yuxarılara hansısa “plan” ödəyirsə, niyə biz adi vətəndaşların başı ağrımalıdır? Elə ordaca, həmin polis işçilərinin yanında qaynar xəttə zəng etmək istədim, lakin bu zaman Yol Polisi işçisi telefonu əlimdən almaq istədi, aramızda mübahisə yarandı. Təzyiqim qalxdı, yaxın qohumum gəldi, mənə dərman gətirdi. Qohumumla birlikdə rayon şöbəyə getdik ki, şikayətimizi bildirək. Lakin rəis bizi 1 saata yaxın qapı arxasında gözlətsə də, qəbul etmədi. Həmin gün əsəblərim tam pozuldu, təzyiqim 230-130-a qədər qalxdı, həkimə iynə vurdurmalı oldum”.
 Nadir adlı vətəndaş Polisin qanunsuz əməlləri barədə redaksyamıza ünvanladığı məktubunda yazır: “Sürdüyüm Kamaz maşınını Yol Polisi işçisi saxlatdırdı. Maşının sənədlərini təqdim etdim, hamısı öz qaydasında idi, sadəcə sığorta kağızım yox idi. O mənə dedi ki, 50 manat mənə ver get, yoxsa sığortanın qiyməti 250 manatdı, bu pulu cərimə kimi ödəməli olacaqsan. Mən təəccübləndim, dedim ki, sığortanın cəriməsi nə qədərdirsə yaz, dövlətin cəriməsini ödəməyə razıyam. Bu sözlərim onu əsəbləşdirdi. Rüşvət vermək istəmədiyimi görən Yol Polisi işçisi qeyzləndi və donquldanmağa başladı. O mənə dedi ki, indi ki belə oldu, sığorta etdirməyincə, maşının azad olmayacaq, bizdə həbsdə qalacaq! Mən də dedim ki, indi imkanım yoxdur, cərimə yaz, sonra imkanım olanda ödəyərəm, gedib sığorta şirkətindən qeydiyyatdan da keçərəm. Onda həmin Yol Polisi işçisi mənə dedi ki, bizim postda öz sığorta şirkətimiz var, sığortanı məhz o şirkətdə elətdirməlisən, yoxsa maşınını buraxmayacam. Dövlət orqanlarından xahiş edirəm ki, həmin sığorta şirkətinin nə mənə olduğunu aydınlaşdırsınlar. Mən xahiş etdim ki, işimdən-gücümdən qalmışam, evdə ağır xəstə var, buraxın gedim, yerindəcə ödəməyə cibimdə pul yoxdur. Lakin o dedi ki, indi ki belə etdin, biz deyənlə razılaşmadın, maşının cərimə meydançasına aparılacaq. Mən dedim, axı belə bir qanun yoxdur, qanuna əsasən sığorta olmadığına görə dövlətin rüsumu var, onu ödəməliyəm və getməliiyəm, məni işimdən-gücümdən etməyin. Lakin o dedi ki, mən dövlət qanunu-zadı tanımıram, sənə ilk dəfə deyiləndə 50 manatı ver, verməliydin, indi ki tərslik etdin, maşının cərimə meydançasında saxlanılacaq. Dedim axı mən 3 post keçmişəm, 25 ildir də sürücü işləyirəm, sürücülüyə aid bütün qanunları gözəl bilirəm, belə şeyə birinci dəfədir rast gəlirəm. Dedi bilmirəm hansı postları keçmisən, amma bizim postun öz qanunları var. Bütün günü həmin postda əsəblərim tarıma çəkildi, Yol Polisi işçisi ona rüşvət vermədiyimə görə məni axşama kimi süründürdü. Səhər saat 11-dən axşam saat 5-ə kimi ac-sussuz, günün altında yolda qaldım, mənəvi əziyyət çəkdim. Otağa yaxınlaşdım ki, şikayətimi postun komandirinə edim, lakin həmin Yol Polisi işçisi məni itələyib çölə çıxardı ki, komandir kimdi, buranın komandiri mənəm, get pulu tap gətir. Hətta tanış sürücülərə də zəng etdim, onlar dedilər ki, belə bir qanun yoxdur, yol polisi sənə protokol yazıb buraxmalıdır, sənədləri də özünə qaytarmalıdır, sən getməlisən. Mən yenə Yol Polisinə yaxınlaşıb dedim ki, mən çıxıb gedirəm, daha qala bilmirəm, səhhətim yol vermir, maşını protokolla qəbul et. Lakin o yenə kobud şəkildə çiynimdən itələdi, bildirdi ki, sənə deyildi get pul tap gətir, artıq-əskik danışma, mənə qanun xırdalama, burda, bizim sığorta şirkətində qeydiyyatdan keçməsən, maşının buraxılmayacaq. Mən axşama yaxın məcbur qalıb tanış sürücülərdən borc aldım, 250 manat pulu verib postda onlardan sığorta kağızı götürdüm. Sığorta pulunu ödədikdən sonra Yol Polisi işçisi mənə dövlətin qanuni rüsumu olan 10 manatlıq protokol kağızı da yazdı və mən ordan buraxılıb evə gələ bildim. Maşınımı postda 8 saat saxlanmağına görə isə heç bir protokol tərtib edilmədi”.
 Araşdırmamız zamanı məlum oldu ki, həmin postda tək Nadirin deyil, bir çox sürücülərin başına həmin oyunları açıblar. Sürücülərə konkret tas qoyulub: hər axşam bu postdan keçən Kamazlardan 5 manat pul alıb buraxırlar. Pulu polis işçiləri özləri almırlar, bu iş üçün xüsusi olaraq mülki formada vətəndaş qoyublar, o Kamazları saxlatdırıb pulu yığır və postdakı otaqda oturan komandirə verir. Sürücülər dəfələrlə şikayət edib belə reket yığımına son qoyulmasını tələb etsələr də, heç bir reaksiya verilmir.
 Əsas problem ondadır ki, vətəndaşların Dövlət Yol Polisindən yazdığı şikayət məktubu elə baxılması üçün Yol Polisinin özünə göndərilir. Bu yaxınlarda Parlamentdə yeni qanun layihəsi qəbul olunacağı və və hansısa məmurdan edilmiş şikayəti yoxlamaq üçün onun özünə göndərilməsinin yasaq ediləcəyi barədə söhbətlər getdi. Bu sadə insanlar üçün sivindirici olardı. İndi məmurlardan edilən şikayətləri araşdırmaq üçün çox vaxt şikayət olunan məmurun üzərinə göndərirlər. Vətəndaşın şikayət etdiyi məmur isə məsələni “araşdıraraq” özünün ayadan arı, sudan duru olduğunu “isbatlayır”.  “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” qanunun yenisi ilə əvəzlənməsinə böyük ehtiyac vardır. Əvvəla qanunun hazırkı variantı çox köhnəlib. Burada müraciətlərə vaxtında baxılmaması, yaxud heç baxılmamasına görə cəzanı müəyyən edən müddəa yoxdur. Həm də qanundakı normalar təminatlı normalar deyil, hüquq verilib, amma hüququn təmin edilməsinin mexanizmi yoxdur. Həm də elektron hökumətə keçilməsi ilə bağlı müraciətlərə baxılmasının konsepsiyası dəyişdirilməlidir. Yeni qanunun qəbul edilməsində parlament bü cür məsələləri nəzərə almalıdır.

Комментариев нет:

Отправить комментарий