08.07.2017

Əksini iddia etməyə çalışmayın

Əli Ələkbər

Təəssüf edirəm ki, hələ də xalqların, millətləri əmələ gəlməsi haqqında təsəvvürlərimiz doğru deyil. Bir çoxlarına elə gəlir ki, dünya yaranan kimi millətlər, xalqlar elə bugünkü formalarında peyda olublar. Elə deyil; xalqlar tayfalardan, qəbilələrdən yaranaraq böyüyürlər, qarışırlar, assimlyasiya olurlar, bəzilərini adları, dilləri itir, yerinə yeni adlar, yeni dillər əmələ gəlir.
Dəfələrlə misal göstərmişəm. Hələ ki, elm qədim misirlilərdən daha qədim tarixə malik mədəniyyət tanımır. Hardadır həmin qədim mədəniyyət yaratmış Misir xalqı? İtdilərmi? Xeyr, itmədilər, adları, dilləri dəyişdirildi. Ərəblər Şimali Afrikanı işğal etdilər. Tək Misir yox, Şimali Afrikanın bugünkü ərəbdilli xalqların heç birinin əvvəllər nə adları, nə dilləri ərəb olmamışdır, nə də dinləri islam olmamışdır.
Yaxud hardadır məşhur latın xalqı? Latın dili. Avropanın müxtəlif yerlərindən, Afrikadan və digər ərazilərdən gələnlərlə qaynsayıb qarışmış, yeni xalqlar, yeni dillər yaranmışdır- məsələn, italyan xalqı.
Latın Amerikasının və Afrikanın 30-dan çox ispandilli ölkəsi var: Meksika, Kuba, Qvatemala, Salvador, Panama, Kolumbiya, Boliviya, Argentina və digərləri. Sizin düşüncənizlə tarixən o ölkələrin xalqları ta qədimdən ispandillimi olmuşlar? Heç onlar özlərini ispanlar adlandırmırlar. Meksikalı, kubalı, argentinalı və s. adlanırlar. Meksikanın qədim sakinləri, əsasən asteklər və digərləri gəlmələrlə qaynayıb qarışaraq yeni Meksika xalqı yaratmışlar.
ABŞ əhalisi özünü niyə ingilis adlandırmır? Axı ingiliscə danışırlar. Onlar özlərini amerikanlar adlandırırlar, çünkü xalis ingilis deyillər, irlandlar, şotlandlar, Avropadan gəlmiş digər xalqlar, Afrikadan gətirilmiş zəncilər, yerli hindular və digər ümumi amerikan xalqını yaradıblar. Misalları saysız-hesabsız göstərmək olar.
Bizə gəlincə. Hələ Səlcuqlara qədər də müəyyən qədər Asiyadan gəlmə köçəri türkdilli xalqlar bizim ərazilərə köçmüşdülər. Lakin türkdillilərin gəlişi əsasən səlcuqlarla bağlıdır. Güclü dövrləri olub, danılmazdır. Strabonun Albaniya barədə yazdığından məlum olur ki, o vaxta qədər 26 müxtəlif dillərdə danışan xalqlar olmuşdur. Məsələn, Qəbələdəki udinlər onlardan qalanlardır. Yaxud xınalıqlılar. Türkdillilər yaratdıqları güclü dövlətlər sayəsində yerli xalqların dilini dəyişmişlər, nəticədə ümumi dil yaranmışdır.
Yaxşı, bizimlə olan hekayəni onsuz da qəbul etməyəcəksiniz. Bəs Türkiyə haqqında nə deyə bilərsiniz? Oranın tarixi bəlli, Bizansın bir parçası, yaşayan xalqların adları-sanları məlum, zorla necə türkləşdirildikləri də məlum. Buna nə deyəcəksiniz? O boyda Anadolu, İstanbul və ətrafı zor gücünə türkdilliləşdirilirsə, bizdə niyə olmasın?
Dil sosioloji hadisədir, dəyişdirilməsi mümkün olan bir şeydir, etnik soykök, irq, tip, antropoloji quruluş- bunlar genlə daşınan əlamətlərdir. Bunlar dəyişdirilə bilməz, bir-birinə təsir edib yeni əlamətlər yarada bilər. Üstün olan gen isə öz təsirini daha çox büruzə verir. Azərbaycanlıların, Türkiyə türkdillilərinin, ümimiyyətlə Xəzərdən Qərbdə yaşayan türkdillilərin etnik soykökünün əsasını yerli xalqlar təşkil edir- türkdillilərin təsir faizi elə gözümüzə orda-burda təkəm-seyrək görünən qədərdir.
Qoçaq olublar, dilimizi dəyişə biliblər.
***
Bəzi insanları anlmaq olmur: dinin cəmiyyət üçün yararsız bir şey olduğunu deyən məşhur insanın adını özünə profil adı seçir, bizə heç bir aidiyyatı olmayan bir inancı (fərqi yoxdur, adı nə olur-olsun, inanc,din eyni şeylərdir) insanların beyninə yerləşdirməyə çalışır. Adı çəkilən inancın bizim ərazimizdə heç bir kökü yoxdur. Bizdə olan inanc atəşpərəstlik, zərdüştilik olub. Əksini iddia etməyə çalışmayın, çox demişəm, yenə deyirəm. Əgər bu dediyiniz inanc bizim coğrafiyamızda olubsa, ona uyğun insan təsviri yerləşdirın. Monqoloid irqlilərin bizə heç bir dəxli yoxdur. İndi yazacağım ifadəyə görə də üzr istəyirəm, əlacsızlıqdan yazıram. Hamımız bilirik ki, el arasında əcdadına (valideynlərinə) bənzəməyənə "bic" deyərlər. Bəsdirin: bizə aid olmayanları bizə əcdadlarımız kimi təqdim etməyin!

Комментариев нет:

Отправить комментарий