09.01.2018

Allaha bağlanın

Ziya Balıyev

Gənclərin intihar səbəbini maddi sıxıntıda görmək doğru deyil. Çünki intihar edənlərin böyük çoxluğu 18-22 yaş arasındadır ki, onların maddi sıxıntısı intihara səbəb ola bilməz. Bu gün kafeyə getməyə pulum olmadı deyə özünü öldürməz heç kim.
Məsələn, Mövludun intihari maddi problem idi, çünki evliydi və ailəni saxlaya bilmirdi. O da yanlış etdi, amma səbəb maddi idi.
Çoxunda isə belə deyil.
Çox gəncdə problem sevgi və nihilizm problemidir.
Sevirlər hansısa qadını, alınmadıqda isə intihar edirlər. Və ya düşünürlər ki, həyat mənasızdır, ona görə intihar edirlər.
Bunlar çox yanlış addımlardır.
Öncəliklə Nihilizmi anlamaq lazımdır. Heç bir nihilist filosof özünü öldür deməyib (bir yunan filosofundan başqa).
Alber Kamyu kimi ən ağır nihilistlərdən biri belə "baş qaldıran insan" fikriylə, bu mənasızlıqla mübarizə üsulunu ortaya qoyub.
Problem nəzəriyyələri tam bilmədən, yarımçıq oxuyaraq bu yöndə qərar verməkdir.
İslama gələnə qədər mən də qatı nihilist olmuşam, amma heç bir zaman intiharı düşünməmişəm.
Qadın problemi də bizim üçün ciddi problemdir. Bir qadınla alınmadısa, elə bilirlər dünyanın sonudur.
Qadınlar çox nadir halda ayrılıqdan intihar edirlər, çünki Allah onların içinə analıq hissini qoyub ki, qadın fitri olaraq ana olduğunu bilir və hər şeydən özünü öldürmür, həyata tutuna bilir.
Kişi isə belə deyil, çox zəif varlıqdır mənəvi olaraq.
Bu intiharlardan qaçmaq üçün ətrafınızdakı insanlara iki şeyi başa salmalısınız:
1. Nihilizm intihar et demir, əksinə mənasızlıqla mübarizə apar deyir. Ölənə qədər mübarizədə ol, dayanma, yorulma, usanma.
2. Maddi olan məhfumlara bağlanmaq doğru deyil.
Həyatınızı məhv ola biləcək varlıqlara bağlamayın, çünki onlar olmayanda çökəcəksiniz. Allaha bağlanın, və ya hansısa ideyaya; günəşə, ulduza, aya bağlanın amma yox olacaq bir varlığa yox.
Aşağıda isə get-gedə kütləviləşən və cəmiyyətimizin başbəlasına çevrilən intihar problemi ilə bağlı facebook-da rast gəldiyim maraqlı bir yanaşmanı da sizə təqdim etmək istəyirəm:

"ZEHNİ ÖLÜM.

Yayılan xəbərlərə görə bu gün 4 gənc intihar edib. Onlardan ikisini qiyabən də olsa tanıyırdım. Hətta biri ilə illər əvvəl ünsiyyətim də olub.
Çox təəssüf.
Bunu deyə bilərəm ki, belə intiharların kökündə sosial problemlərdən əlavə son illər (əsasən tələbə) gənclər arasında narkotik kimi yayılan nihilist, pessimist fəlsəfələr, bunları aşılayan boş-bekara kitablar da rol oynayır.
Həm daha vacib mövzuların oxunması və araşdırılmasına imkan vermirlər, həm də zehni bulantı yaşayırlar. Hər şey də zehində, beyində başlayır.
Avropanın uzun illərdir imtina etmiş olduğu bu fəlsəfi zəhərlər sosial və şəxsi problemlər qarşısında insanı dözümsüz, çarəsiz edir, ideoloji boşluğa salır. Bu bir mənalı olaraq belədir və onları mütaliə edənlər də təsdiqləyə bilər.
Nəyə görə bunlardan söz açdım: məhz həmin gənclərin oxumağa, zehni fəaliyyətə, fikir bölüşməyə maraqları olub. Müəyyən qədər IQ-lü insanlar idilər. Hətta özünü qatar altına atan 5 qəliz dil bilirdi məlumatım olduğu qədərilə.
Belə görürəm 90-larda yayılan ağ ölüm (narkotik) özünü zehni ölümlə əvəzləməkdədir.
Elə dünən barəsində yazdığım erməni ilə Facebookda dostluq edənlər də bu kateqoriyadan insanlardır.
Nəşriyyatlar nələri idxal, nələri tərcümə və nələri reklam etdiklərinə diqqət etməlidir.
Bu ilk deyil, belə getsə son da olmayacaq..."

Комментариев нет:

Отправить комментарий