Otto və Qreqor Ştrasser qardaşları da partiyanın əsas yaradıcılarından və ilk üzvlərindən olduqları halda Hitler tərəfindən ortalıqdan çıxarıldılar və küncə sıxışdırıldılar. Solçu Ştrasser qardaşları partiyada yeni peyda olmuş Hitlerin rasist və antisemit radikallığına qarşı çıxırdılar. Bu qardaşlar aristokrat ailəsində doğulmuşdular. Birinci Dünya Müharibəsi başlayarkən Otto Ştrasser universiteti ataraq könüllü olaraq cəbhəyə yollanmışdı. Qreqor Ştrasser 1924-cü ildə öz aptekini sataraq “Berlin Fəhlə Qəzeti”ni açmışdı. Pariyanın əsas ideologiya və təbliğat işini bu iki qardaş qurmuşdu. Ştrasserlərin vaxtında partiya sol yönümlü idi. Ştrasserlərin əsas tezislərindən biri “kapitalizmin individual iqtisadi sistemindən sosializmin korporativ iqtisadi sisteminə keçid” idi. Otto Ştrasserin Sovet Rusiyasına böyük rəğbəti vardı və almanların məhz bu cür dövlət qurmasını arzulayırdı. Ştrasser SSRİ ilə dostluq etməyə, Qərb ilə mübarizə aparmağa, internasionalist həmrəyliyə, əzilən xalqların imperializmə qarşı mücadilədə birləşməsinə səsləyirdi. Onun əsas tezislərindən biri də masonluqla mübarizə idi. Ştrasser ərsəyə gətirmək istədiyi quruluşu “xalq sosializmi” adlandırırdı. Qreqor Ştrasserin liderlik qabiliyyəti və sosialist lozunqları sayəsində 1925-ci ildə 27 min üzvü olan partiya üzvlərinin sayı artaraq 1931-ci ildə 800 minə çatmışdı. O partiyanın dirçəlməsinə külli miqdarda öz şəxsi vəsaitini də xərcləmişdi. Partiyanın ilk və nüfuzlu üzvlərindən biri kimi (9 nömrəli üzvlük biletinin sahibi idi) Qreqor Ştrasser Hitlerin partiya proqramına soxuşdurduğu rasist punktlara qarşı çıxırdı. Rasist siyasətlə bağlı Ştrasserin Hitlerlə tez-tez mübahisələri yaranırdı. Ştrasserin təşkil etdiyi partiya yığıncaqlarından birində hərəkatda rasizmin sosializmi kənara sıxışdırdığından söz açılmış və Hitleri “xırda burjua olduğuna görə partiyadan qovmaq” məsələsi qoyulmuşdu. Lakin Hitler artıq partiyanın idarə heyətində möhkəm oturmuşdu və müxtəlif vədlərlə bir çox üzvləri öz tərəfinə çəkə bilmişdi. 2 iyul 1930-cu ildə Berlində keçirilən partiya yığıncağında hitlerçilər solçu qrupu partiyadan qovdular və bununla da partiyanı sosialist istiqamətdən tam ayırıb millətçi istiqamətə yönəltdilər. Otto Ştrasser həmin yığıncağa buraxılmadı. O etiraz əlaməti olaraq partiya sıralarını tərk etdi və Hitlerə ultimatum teleqramı göndərdi.
Комментариев нет:
Отправить комментарий