04.09.2021

Evli qadınlarla görüşüb ərlərindən şantajla pul tələb etdi

Azərbaycanda evli və varlı qadınlarla tanış olduqdan sonra onları hədələyərək külli miqdarda pul tələb etdiyinə görə həbs edilən Elçin Pirişovun cinayət əməlləri ilə bağlı detallar məlum olub.
Gununsesi.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, məhkəmə materiallarının məlumatına görə, Elçin Pirişov 2011-2018-ci illərdə bir çox evli qadınla tanış olaraq əvvəlcə onların etibarını qazanıb, cinsi əlaqədə olub, daha sonra intim görüntülərini əldə edib. Bundan sonra isə əlindəki məlumatları və görüntüləri yaymaqla, övladlarını öldürəcəyi ilə hədələməklə qadınlardan külli miqdarda pul alıb.
İttihama görə, Elçinin ilk belə fəaliyyəti 2011-ci ildə odnoklassniki.ru saytında Xırdalanda yaşayan qadınla tanış olması ilə başlayıb. Onunla münasibətləri dərinləşdikdən sonra fotoşəkillərdən və yazışmaların mətnindən ibarət rüsvayedici məlumatları internet səhifələrində, həmçinin sonuncuların övladlarının tədris aldıqları təhsil müəssisələrində yayacağı ilə hədələyib. Qadından ümumilikdə 31 min manat pul alıb.
Qadın ifadəsində göstərir ki, Elçin əvvəlcə onunla qız profili ilə yazışıb, daha sonra gerçək kimliyi üzə çıxıb. Bu müddətdə qadın ona öz ailəsindəki problemləri yazırmış. Elçin isə həmin məlumatları yayacağı, ərinə və uşaqlarına bildirəcəyi, ailəsini biabır edəcəyi ilə hədələyərək qadından pul istəyib. O Elçinə əvvəlcə 5 min manat verib. Elçin növbəti dəfə şantaj edib pul tələb etməyə başlayanda qadın dözə bilməyib və başına gələnləri əri Ruslana (adlar şərtidir) danışıb. Lakin Elçin yenə də təhdidlərə davam edib və pul göndərməyəcəkləri təqdirdə cütlüyün oğlu Vaqifə və onun sinif yoldaşlarına anasının əxlaqsız qadın olduğunu deyəcəyini bildirib. Bundan sonra qadın və əri Elçinə daha 6200 manat veriblər.
Elçin bununla kifayətlənməyib və yenidən pul göndərməsələr, onların uşaqlarını öldürməklə hədələyib. Qadın və əri Elçinin əməlini sübuta yetirmək üçün evin qarşısına kamera yerləşdiriblər. Bunu başa düşən Elçin tələb edib ki, pulları balkondan atsınlar. Pulu yerə atdıqdan sonra üzünü gizlədən şəxs gəlib pulu götürüb gedib. Bu cür “alış-veriş” bir neçə-dəfə baş tutub. Elçin ümumilikdə ailədən 31 min manat pulu hədə-qorxu ilə ələ keçirib.
Elçinin daha bir əməli 2013-cü ildə odnoklassniki.ru-da tanış olduğu qadına qarşı olub. O Məleykə adlı qadınla dəfələrlə görüşərək intim yaxınlıq edib. Münasibətlərini dərinləşdirdikdən sonra mütəmadi olaraq ondan borc adı ilə pullar almağa başlayıb. Daha sonra öyrənib ki, qadının övladı Bakı Modern Məktəbində təhsil alır. O qadının telefonundan övladının sinif yoldaşlarının imkanlı valideynlərinin, o cümlədən qaynı arvadı Rüxsarənin maddi vəziyyəti, yaşayış ünvanları, telefon nömrələri, özlərinin və ailə üzvlərinə xidmət edən sürücülərin idarə etdikləri avtomaşınlar və sair hallar barədə davamlı olaraq ətraflı məlumatları toplayıb.
Daha dəqiq desək, Bakı Modern Məktəbindəki şagirdlərin valideynlərindən ibarət vatsap qrupundan oradakı nömrələri götürüb, yazışmaları oxuyaraq valideynlər haqqında məlumatlar əldə edib. Daha sonra həmin qadınlarla tanış olmağa başlayıb.
Məleykənin əri Vahid onun Elçinlə münasibətlərini öyrəndikdən sonra məcbur edib ki, hadisəni etiraf etsin. Qadın boynuna alıb ki, müxtəlif ünvalarda Elçinlə intim əlaqəyə girib. Hətta Məleykə əri və uşaqları ilə Türkiyəyə istirahətə gedərkən qaldıqları hotelə Elçini çağırıb və həmin hoteldə yan otaqda onunla intim əlaqədə olub. Elçin qadın və ərini hədələyib bu hadisəni onların qohumlarına çatdıracağını desə də, onlar Elçinə pul göndərməyiblər. Elçin isə qadın barəsində rüsvayedici məlumatlar olan ismarışları və çılpaq şəkillərini onun telefonundan götürdüyü qohum və tanışlarına göndərib. Məleykə istintaqa bildirib ki, Elçin eyni üsulla başqa qadınları da şantaj edərək pullarını alıb.
Elə həmin qadınlardan biri onun qaynı arvadı, AMEA-da işləyən şəxs olub.
Elçin həbs olunduqdan sonra Məleykənin telefonundan götürdüyü Rüxsarənin nömrəsinə hər gün həbsxanadan zəng edib.
Qadın əvvəllər ona soyuq münasibət göstərsə də, sonradan ona cavab verməyə başlayıb. Bir müddət sonra Elçin Rüxsarədən pul tələb edəndə, o, bununla razılaşmayıb. Ardınca Elçin onun haqqında topladığı məlumatları sadalayıb və övladını öldürməklə hədələyib. Elçin tanışı vasitəsi ilə həmin qadını və övladını izlətdirib. Getdikləri yerləri, hazırda nə etdiklərini zəng edib deyəndə Rüxsarə onun həqiqətən də təhlükəli adam olduğunu və övladını öldürə biləcəyini düşünüb. Elçin məcbur edib ki, Rüxsarə ona çılpaq şəkillər göndərsin. Şəkilləri göndərdikdən sonra hədə-qorxu ilə Rüxsarədən əvvəlcə 10 min manat alıb. Daha sonra 3 dəfə fərqli vaxtlarda tanışları vasitəsilə ümumilikdə 18 min dollar ala bilib.
Elçin Pirişov həbs edildikdən sonra Rüxsarəni təcridxanaya onunla görüşə gəlməyə vadar edib. Birinci görüşdən sonra Elçin ikinci görüş tələb edib və bu dəfə cinsi əlaqədə olacaqlarını bildirib. Onlar təcridxana otaqlarından birində cinsi əlaqədə olublar. Ardınca isə Elçin Rüxsarədən 50 min manat pul tələb edib. Əks təqdirdə cinsi əlaqədə olmalarını yaymaq və oğlunu öldürməklə hədələyib. Elçin hüquq-mühafizə orqanlarında və kriminal aləmdə dostları olduğunu deyərək qadını daha da qorxudub. Bundan sonra Rüxsarə 14 min dollar və 11 160 manat pulu Elçinə verib. Bütün bu hadisələrin sonunda Elçin ondan ümumilikdə 76 min 800 manat pulu hədə-qorxu və şantaj yolu ilə əldə edib.
Elçin Pirişov isə ifadəsində deyib ki, Məleykənin qaynı arvadı Rüxsarə ilə istintaq təcridxanasanın görüş otağında 26 avqust 2018-ci ildə də intim əlaqədə olub. O bu şəraiti yaratdığı üçün Penitensiar Xidmətin Məmmədbağı adlı əməkdaşına 1100 manat verib.
Cinayət işinin davamını növbəti yazıda təqdim edəcəyik.
Qeyd edək ki, bu ilin aprel ayında Elçin Pirişov Penitensiar Xidmətin Müalicə Müəssisəsində vəfat edib. Ölüm səbəbi açıqlanmasa da, onun ağır xəstəlikdən əziyyət çəkdiyi bildirilib.

Комментариев нет:

Отправить комментарий