30.04.2011

Məşhur yazıçıların əsərlərini tərcüməyə davam!


Kitabda görkəmli tərcüməçi və redaktor, bənzərsiz insan Natiq Səfərovun dünya ədəbiyyatından çevirmələri toplanmışdır.
Uilyam Folkner, Con Steynbek, Andrey Platonov, Yasunari Kavabata, Knut Hamsun, Qabriel Qarsia Markesin povest və hekayələrini bu topluda oxuya bilərsiniz.
Bakı, Qanun Nəşriyyatı, 2011.
228 səhifə. 500 tiraj.
Qiyməti : 5 AZN

Baş həkim və arvadı qəzada həlak oldu


Onların avtomobili «TIR»-ın altında qalıb
Bakıda və Beyləqanda ölümlə nəticlənən yol qəzaları baş verdi
Xətai rayonu ərazisi Nobel prospektində iki “VAZ-2107” markalı avtomobil toqquşub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, avtomobillərdən biri Cəfərov Vüqar Həsən oğluna məxsus, digərinin sürücüsü isə hələlik dəqiqləşdirilməyib.
 Sürücü Vüqar Cəfərov qəzanın Suraxanı rayonundan şəhər istiqamətində hərəkət edərkən baş verdiyini deyib: “Mən Naxçıvanski tərəfdən gəlirdim. Gördüm ki, arxadan qara “2107” gah sağa, gah da sola hərəkət edərək sürətlə gəlir. Mənim maşınıma çırpıldı, nəticədə mənim avtomobilim bardyorun üstünə çıxdı”.
Vüqar Cəfərov Avtomobildən düşən cavanların onu danışığa çağırdığını, daha sonra öz avtomilləri ilə ərazidən uzaqlaşdıqlarını deyib: “Qabaqda saxladılar. Cavan uşaqlar idi. Dedi, dayı, gəl çəkək kənara həll edək. Daha sonra gördüm maşına oturub aradan çıxdılar”.
Qəza zamanı sürücü Vüqar Cəfərov xəsarət almasa da ona məxsus avtomobilə ciddi ziyan dəyib. Hadisənin səbəbləri Xətai rayon DYPŞ-nin müfəttişləri tərəfindən araşdırılır.
Şirvan xəstəxanasının baş həkimi və onun həyat yoldaşı avtomobil qəzasında ölüb. DYP-dən verilən məlumata görə, dünən Bakı-Qazax yolunun Hacıqabul rayonunun Qızılburun ərazisində Şirvan şəhər xəstəxanasının baş həkimi Murad Salmanov idarə etdiyi “Hyundai” markalı avtomobillə TİR yük avtomobili toqquşub.
Nəticədə baş həkim, 1965-ci il təvəllüdlü Murad Salmanov və həyat yoldaşı, 1965-ci il təvəllüdlü Kəmalə Salmanova hadisə yerində keçiniblər.
Beyləqan rayonunun Daşburun qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Ford” markalı mikroavtobusla yük maşınının toqquşması nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.
Hadisə Beyləqan rayonu ərazisindən keçən Hacıqabul-Bəhramtəpə-Mincivan yolunun 139-cu kilometrliyində qeydə alınıb. Hümbət Alışovun idarə etdiyi “Ford” markalı sərnişindaşıma avtobusu ilə əks istiqamətdə hərəkətdə olan Elşən Quliyevin darə etdiyi yük avtomobilinin toqquşması nəticəsində mikroavtobusun sərnişini Əliyeva Almaz Fərhad qızı hadisə yerində keçinib. Digər sərnişinlər Məmmədov Valeh Xaləddin oğlu, Əzimov Ramil Sərhad oğlu və yük avtomobilinin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Beyləqan Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər.

"Bizim yol"

Bizim Ştirlits

Həmid HERISÇİ           



 Ştirlitsin qap-qara, son model BMV-si Koroğlunun Qıratı kimi irəli cumub qarşımda dayandı. “Sonbala” BMV-nin parıltılı səthi üzərində əvvəl Bakı gecələrinin dəli füsununu gördüm, sonra öz əksimi, lap axırda bəyin zəif kölgəsini. Adətən, Hollivud filmləri bu cür gecə kadrlarıyla başlar.


Sonra tədricən kinokadrın dəqiqliyini artırıb, miqyasını genişləndirər-reklamlardan sızan əlvan neon parıltılarını, evinə tələsən ən son piyadaları, metrostansiyalarından eşiyə vuran tüstü-buxar sütunlarını da əlavə edər bu uzun kinokadrlarına. Susqun kinoqəhrəmanlarından əvvəl yağışa, küləyə, göydələnlərin hündürlüyünə, gecənin hüdudsuz şeriyyətinə verər ilk sözü. Bəli, peşəkar Hollivud kinokamerası Ştirlitslə mənə əvvəlcə kənardan baxar bir, üzümüzü yox, profilimizi göstərər yavaş-yavaş, aramla. Söhbətimizin ancaq, yalnız ən həlledici anında öz düz baxışını sifətimizə tuşlayar.


Təhsil haqlarını beşinci dəfə artırılı


Tarif Şurasının xərsiz olduğu dörd bahalaşma qərarı…
Misir Mərdanov təhsil haqlarını özbaşına artırır 
Kadr hazırlaya bilməyən ali məktəblərdə oxumaq da əhali üçün əlçatmaz olur

2010-2011-ci ilin dünyanın ən yaxşı 100 universitetinin siyahısı açıqlananda orada ABŞ, Böyük Britaniya, Yaponiya, Sinqapur, Çin, Avstraliya, Fransa və sair dövlətlərin ali təhsil oacaqlarının adları vardı. Qonşu ölkələrdən yalnız Rusiyanın Lomonosov adına Moskva Dövlət Universiteti 93-cü pillədə qərarlaşıb. Azərbaycanın ali məktəblərinin isə dünyanın, nəinki yüz, heç min ən yaxşı unievrsiteti sırasında görünməməsi təəssüf doğurur.
Afrikanın geridə qalmış ölkələri ilə Qoşa addımlayan Azərbaycan universitetlərində isə təhsil haqları növbəti dəfə artırılacaq.
Təhsil Nazirliyi hansı keyfiyyətə əsaslanıb, hansı göstəricini əlində «bayraq» edib bu addımı atması təəccüb doğurur. Çünki Azərbaycanda əhalinin gəlirlərinə nisbətdə təhsil haqları kifayət qədər yüksəkdir.



Fakultələr tələbəsiz qalıb


Dünyanın tanınmış universitetləri aşağıdakı meyarlara görə reytinq qazanır: tədrisin keyfiyyəti, praktikliyi, oranı bitirən məzuların iş tapma imkanları, diplomun digər ölkələprdə tanınması və sair.
Azərbaycanın dövlət universititetlərin diplomunun heç ölkə daxilində nüfuzu yoxdur, o ki qaldı xarici ölkələrdə. Türkiyəli tələbələr deyir ki, ölkələrində kompaniyalar Azərbaycan ali məktəblərinin diplomuna ironik nəzərlə baxıb, adi kağız parçası hesab edirlər. Ölkənin bir nömrəli ali məktəbi- Bakı Dövlət Universiteti və Prezident yanında Dövlət İdarəçilik Akademiyasının məzunlarının diplomu sandıqlarda yatır. Hətta ölkədə elə bir vəziyyət yaranıb ki, bəzi universitetlər-Azərbaycan Texniki Universitetinin, Mədəniyyət və İncəsənət Universitetinin əksər fakültələri (məsələn, sənətşünaslıq, teatrşünaslıq, rejissorluq və sair), İdarəçilik Akademiyasının, Dövlət Aqrar Universitetinin məzunlarına tələbat sıfır səviyyəsinə düşüb.
Məhz bu səbəbdən xaricdə təhsil almağa meyllər artıb. Çünki xaricdə təhsil alan tələbələrin işlə təminatında heç bir problem yoxdur. Yerli təhsil ocaqlarının məzunları müsahiqə, sonra 1 aylıq sınaq müddətli verməklə işə qəbul edirlərsə, xaricdə oxumuş məzunlar üçün bütün qapılar birbaşa açıqdır. Çünki bazar iqtsiadiyyatında hər bir şirkət bacarıqlı, perspektivli və bilikli kadrla işləməyə üstünlük verir. Hətta xaricdə oxuyan tələbələr dövlət müəssisələrində işləmək üçün dövlət qulluğuna imthandanda da azaddırlar. Deməli, hökumətin özü belə yetişdiriyi kadrların bacarığına güvənmir.
Əgər məzunun biliyi və bacarı çox aşağı səviyyədədirsə, o zaman nəyə əsaslanıb, dövlət universitetlərində həm ödənişliyi yerlərin sayı, həm də təhsil haqları artırılır?



Gələn tədris ilində təhsil haqları bahalaşır


Təhsil naziri Misir Mərdanov dünən jurnalistlərə açıqlamasında bildirib ki, 2011-2012-ci il tədris ili üzrə ali məktəblərin dövlət sifarişli ixtisasları üzrə təhsil haqlarının artırılacağı gözlənilir. Nazir hesab edir ki, dövlət sifarişli ixtisaslar üzrə təhsil haqları ödənişli əsaslarla olan ixtisaslar üzrə təhsil haqqından az olmamalıdır. Halbuki, dünyanın 100 reytinqli universitetlərinin hamısında dövlət sifarişli ixtisaslarda təhsil pulsuzdur. Görünür, nazirlik ali məktəblərdə təhsil haqlarının aşağı olduğunu düşünür. O zaman təhsilin yüksək inkişaf etdiyi ölkələrdə təhsilə görə ödənişləri və əhalinin gəlirlərini müqayisə edək.


Ali məktəblərin «qiymətləri»


Minimum əməkhaqqı 85, orta yalıq əmək haqqı 340 manat hesab olunan Azərbaycanda təhsil ödənişlərinə görə ən bahalı dövlətin ali məktəbləri Azərbaycan Dillər Universiteti və Bakı Dövlət Universiteti hesab edilir.
Belə ki, Azərbaycan Dillər Univeriteti - tərcümə (Azərbaycan - ingilis), beynəlxalq münasibətlər fakültəsi 2500 manat;
Azərbaycan Dövlət Konservatoriyası- «solo oxuma» ixtisası 2500 manat;
Bakı Düvlət Universitetində Hüquqşünaslıq  2100 manat;
Turizm İnsitutunda nəqliyyat servisi fakültəsi, menecment, turizm və otelçilik ixtisasların qiyməti 2000 manat;
Milli Aviasiya Akademiyasında dünya iqtisadiyyatı ixtisasına yiyələnmək üçün illik 2000 manatından keçməlisən.
Azərbaycan Dövlət İqtisad Universitetində dünya iqtisadiyyatı, beynəlxalq münasibətlər fakültəsində oxumaq üçün illik 1500 manat büdcəyə sahib olmalısan.
Dövlət Mədəniyyət və İncəsənət Universitetində menecment, kitabşünaslıq, beynəlxalq münasibətlər, sənətşünaslıq, solo oxuma, instrumental ifaçılıq, musiqişünaslıq, xareoqrafiya sənəti üzrə ixtisasların illik ödəmə qiyməti isə 1500 manatdır.
Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası isə ən ucuz ali məktəb hesab olunur. Burada təhsil haqqı 200-300 manat arası dəyişir. Görünür, hökumətin prioritet siyasəti insanların biliklərinin deyil, qollarının güclənməsidir.
Azərbaycan Pedoqoji Universiteti və Müəllimlər İnsitutunda da təhsil haqları nisbətən aşağı- 550-800 manat arasındadır.



Ayaqqabısını geyinsək də yerişini yeriyə bilmədiyimiz Rusiya


Orta aylıq əməkhaqqı 800 dollar civarında olan qonşu Rusiyanın dünya reytinqində 93-cü pillədə qərarlaşan Lomonosov adına Moskva Dövlət Universitetində isə tariflər belə nəzərdə tutulub.
İqtisadiyyat fakültəsi 1,2 və 3-cü kurslar üzrə 6400 dollar, 4-cü kursda 5100 dollar;
«Menecment» 5100 dollar;
Psixologiya ilk 6400 dollar;
Hüquqşünaslıqda (digərlərindən fərqli olaraq, burada fakültə üzrə təhsil müddəti 5 ililkdir) ilk dörd kursda 6400 dollar, 5-ci kursda 5100 dollar;
Yerli özünüidarət etmə üzrə ixtisas 5000 dollar;
«Sosiologiya 5000 dollardır.
Bu universitetdə ikinci təhsil seçən adamlar üçün təhsil haqqı yarıbayarı azalır. Belə ki, ikinci təhsil kimi hüquqşünaslıq fakültəsində oxumaq istəyənlər ildə 2000 dollar ödəməlidirlər.
Qeyd edək ki, Azərbaycan hökuməti ali təhsil müəssisələrində haqların formalaşmasında  məhz bu ölkənin təcrübəsindən istifadə edir.



Biz və dünya…


Ortay aylıq əməkhaqqı 310 dollar olan Gürcüstanda isə dövlət sifarişli yerlərdə təhsil haqqı maksimum 1800 dollardır.
Əcnəbi ölkələrdə təhsil müəyyən proqramlar üzrə qiymətləndirilir. Məsələn, dünyanın ən reytinqli universitetlərində məşhur proqramlardan biri sayılan «Lisans» proqramı üzrə təhsil haqları müxtəlifdir.
«Oxford», «Kembric» kimi ali məktəbləri ilə hegemonluq edən, əhalinin orta aylıq əməkhaqqı 4000 funt sterliq  olan İngiltərədə minimum təhsil haqqı 5500, maksimum 23 min funt sterlinqdir.
Orta aylıq əməkhaqqı 3800 dollar olan ABŞ-da təhsil haqları minimum 6500 dollardan, maksimum 40 min dollara;
Yeni Zenlandiyada 10 min dollardan 39 min dollara qədərdir.
Bolqarıstana isə təhsil haqları 3000 avrodan başlayır.
Türkiyənin ən məşhur dövlət universitetlərində təhsil haqlarında 5 min-15 min dollar arası dəyişir.
Ukraynada isə 210 avrodan 6500 avroya qədər qiymətlər müəyyən olunub.
Almaniyalının Berlin Texniki Universitetində bütün ixtisaslar üzrə bir semestr üçün təhsil haqqı cəmi 250 avrodur (illik 500 avro).
Fransa, Çexiya, Norveç, Finlandiya, İsveçrə kimi ölkələrdə dövlət universitetləri tam pulsuzdur.
Adıçəkilən əcnəbi universitetlərinin məzunlarının 75-80 faizi təhsilini başa vuran kimi öz ixtisasları üzrə işə cəlb olunur və onların illik qazancları bir illik təhsil haqlarını azı bir neçə dəfə üstələyir.



Təhsil haqları Tarif Şurasız 4 dəfə necə artırılıb?


Maraq kəsb edən digər məsələ  təhsil haqlarının necə formalaşmasıdır. Özəl universitetlərlə bağlı müxtəlfi fikirlər yürütmək olar: müəssisənin xərci, müəllimlərin maaşı, cari təmir və sair amillər. Ona görə, Azərbaycanda özəl ali məktəblərdə təhsil haqlarının az qala ABŞ universitetlərinin səviyyəsinə qalxmasına müəyyən qədər haqq qazandırmaq olar (hərçənd təhsilin keyfiyyətinə görə eyni tərəzəyə qoymaq qətiyyən olmaz). Amma dövlətə məxsus tədris müəssisələrində ödənişlərin fantastik qiymətdə olması anlaşılan deyil. Yuxarıda müqayisə etdiyimiz ölkələrin təcrübəsindən daha bir misal gətirək; buradakı təhsil müəssisələrinin dölvət sifarişli yerlərində oxumaq pulsuzdur. Digər yerlər üçün tarfilər isə Tarif Şurasının qərarına əsasən hesablanır. Azərbaycanda isə ixtisasların qiymətinin kim tərəfindən və necə hesablanması qeyri-müəyyəndir.
Təhsil ekspertlərinin fikrincə, bu gün dövlət müəssisələrində təhsil haqlarının formalaşmasında xaos hökm sürür. Halbuki, «Tənzimlənən qiymətlər haqqında» Qanuna əsasən, Nazirlər Kabinetinin Qiymətləri  dövlət tərəfindən tənzimlənən malların siyahısının 15-ci sırasında da bu məsələ əks olunub. Qüvvədə olan normativ-hüquqi aktlar aşkarca deyir ki, dövlətin pullu təhsil xidmətləri üzrə ödəniş haqlarını Tarif Şurası müəyyənləşdirməlidir. Amma 2004-cü ildən 2010-cu ilədək ödənişlər 5 dəfə qalmasına baxmayaraq, şuranın qəbul etdiyi qərarlar arasında təhsil haqlarının müəyyən olunması ilə bağlı hər hansı sənəd yoxdur. Qiymətlərin qalxdığını yalnız təhsil naziri bəyan etməsi ilə baş verir.



Vüsalə RÜSTƏMOVA                             "Bizim yol"

Təzəkli təhsil

Aqşin Yenisey

O gün, daha doğrusu, hicri-qəmərinin isfənd ayında təğyiri-libas olub, artıq həyət-bacalarında ayağına iri çəkmələr geyinmiş uşaqlardan və beli bükülmüş qocalardan başqa kimsənin gözə dəymədiyi, yastı-yapalaq komalarında dul gəlinlərin həyatdan gizləndiyi, cavanların yarısının torpağın altına, yarısının ərşə çəkildiyi əyalətlərimizdən birinin beş-altı kəndini gəzməli oldum; 


Hər yerdə Rusiyada alver edən cavanların göndərdiyi pullar hesabına tikilmiş məscidlərin təmtərağını və elə həmin rusların imperiya zamanı tikdiyi məktəblərin xarabalıqlarını gördüm. Din saraylara, elm xarabalıqlara sığınmışdı gəzdiyim kəndlərdə.
Mən biləni Azərbaycanda dünyəvi təhsilin ənənələri Qori seminariyasından başlayır. Bu seminariyadan əvvəl, Azərbaycanda “təhsil” dedikdə adamın yadına yalnız dini təmayüllü mədrəsələr, molla, falaqqa düşür ki, orada da, Sabir demiş, yazı yazanda molla şəyirdi döyürmüş. Qori seminariyasını Azərbaycan təhsilinin, maarifçiliyinin beşiyi, əsgi üstə qoyanı adlandırıb, keçək bu şəyirdin döyülmə məsələsinə. Ümumiyyətlə, dünyanın bütün mədəni xalqları öz övladlarını döyə-döyə oxudublar; hətta səhv etmirəmsə, ingilislər bu gün də tədrisdə və tərbiyədə çubuqdan istifadəni yığışdırmayıblar. Onlar bunu həm də onunla izah edirlər ki, uşağa kiçik yaşlarından dünyada cəzanın mövcudluğunu aşılamaq lazımdır. Ancaq cəzanın nə üçün verildiyi uşağa mütləq izah olunmalıdır. Biz həm ailədə, həm də məktəblərdə uşaqlarımızı pota balası kimi döyəcləsək də, yazıqlar yalnız böyüyüb arvad-uşaq sahibi olandan sonra anlayır ki, onu otuz il bundan əvvəl nə üçün cığnayırmışlar.

Cəzanın növü də uşağın tərbiyəsinə, təhsilinə ciddi təsir göstərən amildir. Oxuduğum orta məktəbdə şagirdləri “öyrətmək” üçün müxtəlif növ cəzalardan istifadə olunurdu və bu cəzalar birmənalı olaraq, yalnız və yalnız biz azyaşlı uşaqların formalaşmaqda olan azyaşlı şəxsiyyətinin təhqirinə yönəlmişdi. Məsələn, müəlləmlər dərsi hazırlamayan, yaxud hazırlamaqda çətinlik çəkən şagirdləri ağına-bozuna baxmadan lövhənin qabağına çıxarır və nisbətən hazırlıqlı şagirdlərə əmr edirdilər ki, tənbəllik edib dərsi əzbərləməyən yoldaşının üzünə tüpürsünlər. Sonra da üzütüpürcəkli şagirdə əmr edirdilər ki, üzünü dərs boyunca təmizləməsin. Bəzən, tutaq ki, Abbas Səhhətin “Könlümün sevgili məhbubu mənim, vətənimdir, vətənimdir, vətənim” tipli boğazdanyuxarı pafosla yazdığı şerini əzbərləyə bilməyən şagirdin üzünə o qədər tüpürürdülər ki, zavallının bütün sir-sifəti göz yaşına və tüpürcəyə bələnirdi. Üzətüpürmə şəxsən mənim oxuduğum məktəbdə - SSRİ zamanında - ən geniş yayılmış cəza növü idi və dəhşətlisi bu idi ki, bu cəza uşaqların – istər oxuyanlar olsun, istərsə də savadsızlar – təhsilini, tərbiyəsini yaxşılaşdırmaq əvəzinə onları daha da sırtıqlığa və bir-biriləri ilə düşmənçiliyə sövq edirdi. Artıq uşaqlıqdan millətin balalarının bir-birilərini sevməmək, bir-birilərinə nifrət etmək, bir-birilərinin üzünə tüpürməyin ənənələri qoyulurdu. Üzünə tüpürülən uşaq dərsdən sonra üzünə tüpürən sinif yoldaşlarını tutub əzişdirirdi, əzişdirilən isə səhəri gün acığını soyutmaq üçün yoldaşının üzünə daha da lombayla tüpürürdü.

Yaxud qış aylarında müəllimlər maşanı sobada qızdırıb şagirdlərin əlinə dağ basırdılar. Şəxsən məni Fernando Magellanın ilk dünya səyahətinə neçə nəfər “xiyarla” – hələ də acıqlıyam - çıxdığını bilmədiyim üçün çoğrafiya müəllimi qışın oğlan çağında məktəbin qaranlıq və rütubətli zirzəmisinə salmışdı. Qırxbeş dəqiqəlik dərs boyunca zirzəmidəki nəm daşın üstündə oturub Magellanın yeddi arxadan dönənini söyə-söyə zırıldadım o vaxt. On iki yaşında zindan həyatının dadına baxan bir uşağın içində hansı duyğu cücərə və böyuyə bilər? Əminəm ki, bizim məktəblərdə bundan daha betər mənzərələr olub və bəlkə, hələ də davam edir.

İndi qayıdaq gəzdiyim kəndlərin birində şahidi olduğum hadisənin yanına; həmin kənddə təsadüfən birinci sinifə gedən üç-dörd uşaqla qarşılaşdım. Maraqlandım ki, kürəklərinə şələlədikləri çantaların içində nə var; çantaların birini açıb baxdım; çantada iki-üç dəftər-kitabla, vərəqə bükülmüş pendir-çörəklə yanaşı nə görsəm yaxşıdır? TƏZƏK! – qəzetə bükülmüş inək təzəyi. Sən demə, sinif otağını qızdırmaq üçün digər isidici vasitələr olmadığı üçün müəllimlər uşaqlara tapşırıblar ki, sobada yandırmaqdan ötrü hərəsi özü ilə məktəbə bir təzək gətirsin. Halbuki bir çəllək nöyütlə kənd məktəbləri bütün qışı kecinə bilər.

...çantasında kitabla təzəyi bir yerdə gəzdirən uşaq böyüyüb ya dahi olacaq, ya da heç nə.

İranlı deputatdan şok çağırış

İran parlamentinin deputatı Taki-Rəhbər Məhəmmədi ölkə vətəndaşlarını Məkkə ziyarətini boykot etməyə çağırıb. “Qafqazinfo”nun İran mətbuatına istinadən verdiyi məlumata görə, deputatın çağırışına səbəb İran və Səudiyyə Ərəbistanı arasında münasibətlərdə artan gərginlikdir. 

Taki-Rəhbər bildirib ki, İran zəvvarları Səudiyyə Ərəbistanında öz pulunu xərcləyirlər. Məhəmmədinin sözlərinə görə, bu pul isə silahın almasına gedir. O, Səudiyyə vəhhabilərinin bu silahlar vasitəsilə Bəhreyn şiələrini öldürdüyünü deyib.

Nərgiz Ehlamqızı                  

Qəddafi: “Ya azadlıq ya ölüm, təslim olmayacağıq”

Liviya lideri Müəmmar Qəddafi NATO döyüş təyyarələrini dayandırarsa atəşkəsə və danışıqlara hazır olduqlarını söyləyib. 

“Qafqazinfo”nun məlumatına görə, bu gün səhər saatlarda Liviya dövlət televiziyasında 80 dəqiqəlik çıxışında geri addım atmayacağını və ya ölkədən ayrılmayacağını deyən Qəddafi bildirib ki, NATO hücumlarını dayandırarsa, Liviya xalqının problemlərini özü həll edə biləcək. Televiziyada yazı masası arxasında oturan və əl yazısıyla qələmə alınmış qeydlərin köməyi ilə danışan Qəddafi qeyd edib ki, Liviya atəşkəs danışıqlarına hazırdır. O, bəyan edib ki, atəşkəs birtərəfli olmamalıdır: “Atəşkəsə görə, ilk növbədə biz sevinərik və qəbul edərik. Amma Səlib NATO hücumu dayandırmalıdır”. Qəddafi öz çıxışını “sülhə açılan qapı açıqdır” ifadəsi ilə başa çatdırıb. Bu dəfəki çıxışında daha əvvəl “siçanlar” deyə xarakterizə etdiyi müxalifətə də münasibətini bir qədər yumşaldıb. Müxalifətdən silahlarını yerə qoymasını istəyən Qəddafi deyib ki, liviyalılar bir-birinə qarşı döyüşməməlidir.

Ölkədəki üsyanın muzdlu əsgərlərlə əcnəbilər arasında olduğunu deyən Qəddafi bildirib: “Bir-birimizlə döyüşmərik. Biz bir ailəyik”. Vətəndaşlara kütləvi hücumlar təşkil etdikləri istiqamətindəki iddialarını rədd edən Qəddafi Liviyada hücumlar təşkil edən Avropa ölkələrinə xitabən deyib: “Biz onlara hücum etmədik və ya dənizin qarşısına keçmədik. Nə üçün bizə hücum edirlər? Bizə hücum edən ölkələr, sizinlə müzakirə etməyimizə icazə verin. Müzakirə etməyimizə icazə verin”.

Liviya lideri bildirib ki, NATO qüvvələrini danışıqlar aparmaq istəmədikləri halda
Liviya xalqı təslim olmayacaq və terrorist hücumlara qarşı mübarizə apararaq ölmək arzusundadır. O, NATO-ya müraciətində ölkəsi işğal edilərsə, NATO rəhbərinin öləcəyini bildirib: “Ya azadlıq ya ölüm. Təslim olmayacağıq. Geri çəkilmək olmaz”.

Qeyd edək ki, Qəddafinin çıxışı yayımlandıqdan sonra Liviya dövlət televiziyasına bitişik bina NATO qüvvələri tərəfindən bombalanıb. Liviya mətbuatı yaydığı məlumatda qeyd edib ki, Liviya lideri danışdığı müddətdə bina bombalanıb və lider hədəf alınıb.

Nərgiz Ehlamqızı

HİSS


Ayna          ayna02@box.az           abzas.net

Bəzən elə vaxtlarım olur ki, hazırki əhval-ruhiyyəmi sözə cevirə bilmirəm və ya bu hisslərimi olduğu kimi ifadə etməkdən məhrum oluram. Bu ən böyük dəhşət deyilmi? Elə bil insanın dilini kəsiblər. Demək istədiyini deyə bilmir. Bu anda könlümdən şeir keçir. Amma kimi və nəyi oxumalı?
Düzdü belə şeirləri klassik türk şeirlərində aramaq daha məqsədəuyğun olardı, amma öz dilimizdə qavramaq istəyirəm. Nə qədər türk dilini bilsək də nəyisə mütaliə eliyəndə beyində bir neçə saniyəlik tormozlanma gedir. Nə bilim, bəlkə bu təkcə məndə belədi...
Bizim klassiklərimizdən danışanda isə hərdən məni əsəb öz ağuşuna alır. Ay başına dönüm, nə qədər Leyli-Məcnundan danışmaq olar? Nə qədər Kərəmi yandırmaq olar?
Teatrlarımızda bu poemaları daha oynamayan aktyor qalmadı?
Sanki bu poemalar brenddi...
Hamı bundan istifadə etmək istəyir. Hərdən muğam ustalarının danışıqları da məni haldan çıxarır. Məcnunu oynamaq elə “Qarabağ”ı almağa bərabər tutulur. Bu rolu oynadın, vəssalam sənin yolunda həmişə yaşıl işıqdı...
Teatlarimizda eynilik, bəzi ədiblərin danışıqlarında eynilik. Hep Leyli-Mecnun, hep Nizamiləşdirmə...
Bu arada hep türkləşmə də mənim  qanıma hopub a...
Lap Mendeleyevin yatıb yuxuda gördüyü elementlərin sayı qədər şeir, hekayə oxusam da içimdəki hissləri ifadə etmək gücündə olmayacaq. Lap elə Nyutonun ağırlıq qüvvəsi də məni özünə darta bilməyəcək. Sanki havadan asılıyam. “Vakuumda təzyiq” əsərinin müəllifi də bu təzyiqi mənə göstərməyə qadir deyil. İndi nə Vinaqradskinin bioloji biliklərinin  fəlsəfəyə dirəşdiyini anlamam  məni bu hisslərdən azad edə bilər, nə də Mark Tulli Siseronun “Tiskulan söhbətləri”...Məşhur ictimai-siyasi xadimin ruhu məndən inciməsin ki, indi mənim ruhum özümə də məlum olmayan havanı “zakaz” verir.
Hərdən də fikirləşirəm ki,  axı sözlər hisslər qarşısında həmişə aciz qalıb. İndi deyin görüm, hansı hissləri keçirdiyimi siz də hiss etdinizmi?
P.S. Yazmayın, danışmayın, oxumayın, ancaq hiss edin, hiss.... 204 

Əmir Kusturitsanın müsahibəsi


Əmir Kusturitsa: "Hansısa ölkəyə getdiyimdə, təyyarədən düşüb, nəhəng reklam lövhələrini görən kimi qanım it qanına dönür"


Bu yaxınlara qədər keçmiş Yuqoslaviya ərazisində dörd cür məbəd eyni rahatlıqla fəaliyyət göstərirdi: pravoslav kilsəsi, katolik kilsəsi, məscid və sineqoq. Bu məbədlərin yaxınlığında isə bir qaraçı köçü şad-xürrəm ömür sürürdü.
Bax burada - dinlərin və mədəniyyətlərin toqquşduğu bir yerdə Əmir Kusturitsa doğuldu və ömrünün böyük bir hissəsini yaşadı.
Kino adamlarının "qaraçıların Fellinisi" adlandırdığı Kusturitsa yaradıcı fəaliyyətinə 1986-cı ildə, "No Smokinq Orchestra" rok-qrupunda gitara çalmaqla başladı.
Onun işləri kino aləminin diqqətini o dəqiqə cəlb elədi. İlk filminə görə Venesiya biennalının "Ən yaxşı debüt" mükafatını alan Kusturitsa cəmi 30 yaşında "Papa məzuniyyətdədir" filminə görə Kann Festivalında Qran-pri - "Qızıl Palma" Budağını qazandı. Mükafatı ona təqdim edən əfsanəvi rejissor Miloş Forman demişdi: "Kusturitsa 21-ci əsrin rejissorudur".
1998-ci ildə dünyaca məşhur rejissor doğma rok qrupunun heyətinə qayıtdı - bas-gitaraçı kimi…
O, çox vaxt sadə rok musiqiçisi kimi müsahibələr verir, əslində yazıçı olmaq istədiyini deyir, zaman-zaman qeybə çəkilir. Amma bu "qeybə çəkilmə"lərin sonunda mütləq nəsə bir şedevr meydana çıxır: məsələn, "Andeqraund" kimi. "Andeqraund"a görə Kusturitsa Kann Festivalının ikinci "Qızıl Palma" budağını aldı.
"Qaraçı zəmanəsi", "Ağ pişik, qara pişik", "Möcüzə dolu həyat" onun ən məşhur filmlərindəndir.
2006-cı ildə öz rok-qrupunun heyətində Ukraynaya qastrol səfərinə gələn Əmir Kusturitsanın "TeleKritika" qəzetinin yazarı İrina Qordeyçuka verdiyi müsahibəsinin bizim oxucular üçün də maraqlı olacağını sizə təqdim edirik.


- Əmir, sizdən kino barədə nəsə soruşmaq olar, yoxsa bu gün siz təkcə musiqiçi kimi müsahibə vermək fikrindəsiniz?
- Kino barədə də soruşa bilərsiniz. Nə soruşacaqsınız?
- Məsələn, Diyeqo Maradona barədə çəkdiyiniz film barədə danışmağınızı istəyərdim.
- Bu gün Latın Amerikası yeni bir fəzaya - özünüdərkə meyl edir. Və Latın Amerikası odlu-alovlu ideyaların çoxluğu baxımından dünyada birincidir. Bolşevik ideyalarını nəzərdə tutmuram - belə ideyaları mən heç vaxt bölüşməmişəm.

Bu qitədə çox müsbət proseslər gedir. Axı müstəqilliyi boğmaq cəhdləri hələ bu gün də sönməyib. Latın Amerikası isə Fidel Kastronun şəxsiyyəti və ideologiyasının xidməti sayəsində (məhz onun özünün ideologiyasının, ömrü boyu üzərində cəmiyyət modeli qurmağa çalışdığı ideologiyanın yox!) bu günə qədər öz simasını saxlayıb.
Fikir verin, buranın hər yerində - Uruqvayda, Venesuelada, Braziliyada milli özünü-identifikasiya ideyası qorunub, yaşadılıb. Bu qitə günümüzdə Amerikaya və ya kapitalizmə qarşı mübarizə aparmır.
Burada xalqın özünüdərki uğrunda mübarizə gedir. Ona görə də, mənim çəkdiyim film xalqın özünüdərkindən sadəcə Diyeqo Maradona barədə filmə çevrildi. Çünki Diyeqo Maradona təmsil etdiyi dünyanın - alçaldılmış və təhqir olunmuşlar dünyasının simvoludur.
- Əmir, dostunuz, bəzi filmlərinizin bəstəkarı və rok qrupunuzun üzvü Nele Karadjliç deyir ki, Xlebnikovun və Xarmsın vurğunudur. Bəs siz kimləri oxuyursunuz?
- Hazırda Tomas Eloy Martinesin "Müqəddəs Evita" əsərini oxuyuram.
- Bunu indi oxuyursunuz. Bəs ümumiyyətlə, ədəbi zövqünüzə kimlər yaxındır?
- Mən əlimə düşəni oxuyuram. Məsələn, Vladimir Voynoviçin "Əsgər Çonkinin macərəları" ağlımı başımdan almışdı. Oxuyanda az qalırdım, gülməkdən ölüm. Hətta ssenariləşdirib, film də çəkmək istəyirdim. Əladır!
- Eşitmişəm, Belqrad yaxınlığında balaca, qeyri-adi bir kənd salmısınız. Bu barədə ətraflı danışa bilərsiniz?
- Mən anti-qlobalistəm. Bundan başqa, təbiətcə çox nadinc adamam. Daima yeni həyat modeli axtarıram. İnsanların yeni, alternativ ətraf mühitdə necə yaşaya biləcəklərini öyrənirəm.

Tarixçilərin dediyinə inansaq, qədim xristian yığnaqları və kommunalar bir qayda olaraq dağılırdı. Bununla da, həmin balaca cəmiyyətlərdə yaşayan adamların psixologiyası da dağılırdı. Mən ən müxtəlif seminarların - boksdan tutmuş, nüvə fizikasına qədər - keçirilməsi mümkün olan bir kənd salmışam…
- Boksdan xoşunuz gəlir?
- Hə. Ümumiyyətlə, kinodan tutmuş ədəbiyyata qədər hər şeylə maraqlanıram.
- Nüvə fizikasından da başınız çıxır?
- Hər halda bununla da maraqlanıram. Mənim kəndim elə bir yerdir ki, orada nəyisə reklam eləmək mümkün deyil. Orada ancaq nəyisə öyrənmək olar.

Bu kəndin ideyası mənim istənilən cür reklama olan nifrətimdən yarandı. Bilirsiniz, mən hansısa ölkəyə getdiyimdə, təyyarədən düşüb, nəhəng reklam lövhələrini görən kimi qanım it qanına dönür.
Ona görə də elə bir kənd saldım ki, burada mən və sevdiyim, qlobalistlərlə heç bir əlaqəsi olmayan adamlar yaşaya bilək. Mövqeyimi daha yaxşı başa düşməyiniz üçün sizə bir şey deyim: bir vaxtlar mən Sovet tanklarının Çexoslovakiyaya girməyinə etiraz etmişdim.
Bu gün də mən qloballaşmanın düşməniyəm. Mənim kəndim isə "Kustendorf" adlı sosial-psixoloji cəmiyyətdir. Kəndin adının birinci yarısı isə mənim soyadımın bir parçası - "Kust" ilə eynidir.
- Maraqlıdır, "Kusturitsa" nə deməkdir?
- "İti ülgüc" mənasını verir…
- Doğrudan? Sizə yaraşır…
-…bayaq siz ədəbiyyatdan sual verdiniz. Mən əsasən Latın Amerikası ədəbiyyatının vurğunuyam. Borxesdən tutmuş Markesə (yeri gəlmişkən, Markes mənim dostumdur) Varqas Lyosaya qədər. Doğrudan da, çox oxuyuram.

Mən elə bilirəm ki, mütaliə etməyən insan ruhi xəstədir. Mütaliə adamın əsəblərini sakitləşdirir. Məsələn, deyirlər ki, Motsartın əsərləri epilepsiya tutmalarını azaldır. Mən də belə hesab eləyirəm ki, Qrem Qrinin, İsaak Babelin, Dostoyevskinin, Bulqakovun yaxşı, humanist əsərlərini oxumaq adama müalicəvi təsir göstərir.
- Yeri gəlmişkən, Bulqakovun Kiyevdəki evini görmüsünüz?
- Heyif ki, hələ vaxt eləyə bilməmişəm. Ümidvaram, gələn səfərimdə gedib, görə bilərəm. İnanıram ki, bura bir də gələcəm. Çünki Kiyevdə özümü evdəki kimi hiss eləyirəm, hamımızın cücərdiyi, sonra dünyanın uğur və şöhrət yollarını sardığı doğma slavyan kökümüzü duyaram.

(Müsahibəmiz bu patetik notlarla bitir. Amma sonuncu cümlələri filmlərindən tanıdığımız Əmir Kusturitsanın söylədiyinə inana bilmirəm. Buna görə də, "No Smokinq Orchestra"nın gitaraçısına bir neçə sual verməyə məcbur oluram. İ.Q).
- Əmir, kefiniz olmayanda hansı musiqiyə qulaq asırsınız?
- Mən musiqiyə qulaq asmıram.
- Musiqini xoşlamırsınız?
- Son vaxtlar musiqiyə heç qulaq asa bilmirəm. Musiqi məni boğaza yığıb! Bezmişəm…
- Bu günki aktyorlar, rejissorlar, musiqiçilər arasında "avtoritet" bildiyiniz adamlar kimlərdir?
- Avtoritetlər çoxdur - Cim Carmuşdan tutmuş Conni Deppə qədər. Aki Kurismyakidən tutmuş, Nikita Mixalkova qədər. Mən uğurun zirvəsini fəthetmiş çox adam tanıyıram.
- Bəs qadınlar arasında avtoritet kimdir?
- Qadınlar arasında bircə avtoritet var - arvadım. Biz otuz ildir ki, bərabərik.
- İncəsənətdə kimi öz müəlliminiz hesab edirsiniz?
- Bu, çex rejissoru Otakar Vavradır. O mənə sənətin sirlərini, kino çəkəndə çox vacib olan bir çox fəndləri öyrədib.
- Əgər sizdən xahiş etsələr ki, rejissor, musiqiçi, insan Əmir Kusturitsanı bir neçə kəlmə ilə xarakterizə edəsiniz, nə deyərdiniz?
- Bir neçə kəlməyə ehtiyac yoxdur. Bircə kəlmə kifayətdir - mən hər şeylə maraqlananam.
- Sizcə, bu gün ən maraqlı kinematoqraf hansı ölkədədir?
- Məncə, bu gün ən maraqlı filmlər Asiya qitəsində çəkilir. Amma daha on nəfər var ki, bu gün əsl kino yaradır.
- Üçünün adını deyə bilərsiniz?
- Cim Carmuş, Aki Kaurismyaki, Pedro Almodovar…
- Bəs Əmir Kusturitsa necə, həmin onluğa aiddirmi?
- (Qınayıcı nəzərlərlə baxır) Nə danışırsınız? Mən özüm haqda belə bir şeyi necə deyə bilərəm?



Çevirdi: Günel M.                  abzas.net

Mart ayının ən çox satılan kitabları!


      Ayın ən çox satılan kitabı “Da Vinçi şifrəsi” oldu


“Qanun” nəşrlər evi mart ayında ən çox  satılan bədii ədəbiyyat və publisistika kitablarının siyahısını müəyyən etdi.
 Mart Ayının ilk onluğuna düşən kitablar aşağıdakı ardıcıllıqdadır.
1. Den Braun “Da Vinci şifrəsi”
2. Gostein Gaarder “Sofinin Dünyası”
3. Gabriel Garcia Marquez  “Patriarxın payızı”
4. Orxan Pamuk  «Mənim adım qırmızı »
5. M.Ə.Rəsulzadə “Stalinlə İxtilal Xatirələri”
6. John Coleman “Komitet 300”
7. Milan Kundera “Astagəllik”
8. James Joyce “Dublinlilər”
9. Soltan Məmmədəov “Massonluq”
10.  Əli Əkbər “Amneziya”

MEHDİ ORDUSU ABŞ-a CİDDİ XƏBƏRDARLIQ ETDİ

İraqda Mehdi Ordusu Amerikaya təyin olunan vaxtda ölkəni tərk etməməyəcəyi ilə bağlı xəbərdarlıq edib



FaktXeber.com-un İraqın “Ər-Rafidin” saytına istinadən verdiyi məlumata görə, İraqda Sədr Hərəkatına bağlı olan Mehdi Ordusu, Amerikaya ciddi xəbərdarlıq edib. Sözügedən hərəkatın rəhbərlərindən olan Bəha Əl-Ərəci, Amerika qoşunlarının ikitərəfli anlaşma əsasında təyin olunmuş vaxtda ölkəni tərk etməyəcəyi təqdirdə, Mehdi Ordusunun yenidən fəaliyyətini bərpa edəcəyini açıqlayıb.
Qeyd edək ki, Bəha Əl-Ərəci bildirib ki, Mehdi Ordusu hazırda güclü bir orduya çevrilib və hər zaman işğalçılarla döyüşməyə tam hazırdır. Əgər Amerika qoşunları ölkəni tərk etməsə, bu ordunun üzvləri təkcə İraqlılardan ibarət olmayacaq. İraqı işğalçılardan azad etmək istəyən hər bir kəs, dünyanın hər yerindən ordunun üzvü olacaq. Bu isə Amerikanın işğalçı qoşununa baha başa oturacaq.

29.04.2011

Səlim Babullaoğlu yeni kitabını təqdim etdi


Səlim Babullaoğlu yeni kitabını təqdim etdi
Azərbaycan Yazıçılar Birliyinin Natəvan Klubunda şair Səlim Babullaoğlunun “Ədəbi söhbətlər” kitabının təqdimat mərasimi keçirildi. Tədbiri qurumun gənclər üzrə katibi Rəşad Məcid açdı. O, tədbir iştirakçılarını salamladıqdan sonra müəllifin yaradıcılığından qısaca bəhs etdi. 
Daha sonra söz alan yazıçı Əjdər Ol kitabı yüksək qiymətləndirdiyini bildirdi. Onun sözlərinə görə burada yer alan müsahibələr yalnız jurnalistika baxımından deyil həm də ədəbiyyat nöqteyi nəzərindən böyük əhəmiyyət kəsb edir. 

“Ulduz” jurnalının redaktoru Elçin Hüseynbəyli şairə kitaba görə təşəkkürünü bildirdi və onun yaradıcılığında müvəfəqiyyətlər arzu etdi.
Rejissor Oqtay Mirqasımov kitabın Azərbaycan dilində bu cür kitabın nəşrini yaxşı hal kimi dəyərləndirdi. “Mən rusdilli sayılıram. Ancaq bu kitabı böyük maraqla oxuyacağıma inanıram”

Şair, tərcüməçi Çingiz Əlioğlu kitabdakı müsahibələrdə konfiliktlər olduğunu bunun da müəllifin hadisələrə öz düşüncə tərzi ilə yanaşdığını göstərdiyini qeyd etdi.

Daha sonra şair Əlisəmid Kür, Rafiq Haşımov, Məqsəd Nur çıxış edərək kitab haqqında yüksək fikirdə olduqlarını bildirdilər.
Tədbirin sonunda Səlim Babullaoğlu gələnlərə təşəkkürünü bildirdi. Tədbir müəllifin oxucularına yeni kitabını imzalaması ilə başa çatdı.
Qeyd edək ki, Şair-tərcüməçi Səlim Babullaoğlunun SalamNews-a verdiyi məlumata görə, kitabda Orxan Pamuk, Çingiz Bektaş, Ənvər Ərcan, Yasəmin Bayer, Rimma Kazakova,Yuri Polyakov ,Rza Bərahəni, Eyvaz Taha, Larisa Kadırova, Dalmira Tilepbergenov, Şota İataşvili ilə söhbətləri toplanıb.

Bundan başqa, yazıçılar - Anar, Əkrəm Əylisli, Əjdər Ol, Əlisəmid Kür, Çingiz Əlioğlu, Ədalət Əsgəroğlu, İmir Məmmədli, Nigar Həsənzadə, Yavuz Cəlil, Adil Mirseyid Rasim Qaraca və mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, xalq artisti Oktay Mir Qasım, bəstəkar Fərəc Qarayevlə müsahibələri də "Ədəbi söhbətlər" kitabına daxil edilib.

Güney Azərbaycanda çağdaş ədəbi proses

Sayman Aruz-"Güney Azərbaycanda çağdaş ədəbi proses"
Sayman Aruz



Hər dövrün ədəbi prosesinin formalaşması ictimai, siyasi, sosioloji mühitin məhsulu olduğunu xüsusi izah etməyə yəqin ki, ehtiyac yoxdur. Tədqiqat obyekti kimi nəzərə aldığımız Güney ədəbi prosesinin tarixən keçdiyi müxtəlif mərhələri də bu fikirə təsdiq möhürü vurur. Bunun üçün Məşrutə İnqilabı illəri, Xiyabani hərəkatı dövrü, sonrakı illərdə Rza xanın mürtəce hakimiyyət illəri və Milli hökümət dövrünün ədəbi hərəkatının dalğalarını yada salmaq kifayətdir.

Haqqında söhbət açmaq istədiyimiz ədəbi hərəkat da çox dəqiq ünvana malikdir: GÜNEY AZƏRBAYCANDA ÇAĞDAŞ ƏDƏBI PROSES

1979-ci ilin fevralında İranda baş verən inqilabı adətən bənzərsiz keyfiyyətləri ilə xarakterizə edirlər. Siyasi ədəbiyyatda isə bir qayda olaraq onun ünvanına anti-imperialist, antimonarxiya sifətlərini işlədirlər. Öz xarakteri, əhatə etdiyi qüvvələrin rəngarəngliyi, ona rəhbərlik edən zümrələrin tərkibi həmin epitetləri kifayət dərəcədə doğruldur. Bu inqilabda fəhlə də, kəndli də, qadın da, tələbə də, sənətkar da, ruhani də, milli burjiaziya da, hətta, sonradan ona arxa çevirən böyük sərmayədarlar, iri topaq sahibləri də iştirak edirdilər.Müəyyən bir qrupun əlinə keçən bu inqilab xalqın olmasa da, onun ünvanı tarixə Xalq İnqilabı kimi daxil oldu.
İnqilabının ilk illərində xalqin içərisində keçmiş Şah irticai dövrünün sona çatdığını düşünüb müəyyən azadlıqların olacağı ümüdi ilə yeni ədəbi mühitin ana dilli nümunələri, aşağıda adlari göstərilən qəzet və jurnallar yaranması oldu: “Ulduz”, “Yoldaş”, “Koroğlu”, “İşıq”, “Çənlibel”, “Qardaşlıq”, “Molla Nəsrəddin”, “Azadlıq”, “Odlar yurdu”, “Varlıq”, “Dədə Qorqud”, “İnqilab yolunda”, “Ülkər” “Yaşmaq” “Yapraq” “Günəş” və sairə.

Diqqət etdikdə bu mətbu orqanların sadəcə adları belə onalrın hədəf və ideya istiqamətləri barədə yetərincə təsəvvür yaradır.

Doğrudur, bu bahar müjdəçilərinin çoxu elə doğrudan da bir novruzgülü ömrü qədər yaşadı. Lakin əsas cəhət onları doğuran ictimai-siyasi və ədəbi zəminin mahiyyəti idi.

Inqilabdan sonra ədəbi prosesin qabarıq cizgilərindən biri poeziyanın qabaqcıl mövqeydə addımlaması oldu. Təbii ki, bu səbəbsiz deyildi. Burada şeirin çox qədim və zəngin ənənələrə malik olması, dövrün, zamanın, ictimai həyatın sifarişinə əks-səda verməkdə çeviklik qabiliyyəti çox mühüm, bəlkə də həlledici rol oynadı.
Bir də əlbəttə, Güneyin Ustad Şəhriyar, Həbib Sahir, Məmmədəli Məhzun, Haşım Tərlan, Müzəffər Derəfşi kimi təcrübəli sənətkarlar yaratdıqları əsərləri ilə döyüşkən və inqilabi ruhlu ədəbiyyatın bünövrə daşını qoymuş Əlirza Nabdil (Oxtay), Mərziyə Uskui, Səməd Behrəngi, Səhənd kimi sələflərinin yaradıclıq yolunu davam etdirdilər. Heydər Xətibi, Ələkbər Həddad, Həmid Nitqi, Həsən İldırım, Əziz Möhsünü, Abbas Bariz, Həsən Savalan, Sönməz kimi sənət yolçuları inqilab dövrünün mübariz və döyüşkən poeziyasının çağırışına gur səslə cavab verdilər. Lakin ölkədə qalib gələn xalq inqilabı bir sıra daxili və xarici səbəblər üzündən xalqın, xüsusilə zəhmətkeş təbəqələrin ümidlərini, arzularını axıradək doğrultmadı. Buna isə ədəbi proses laqeyd qala bilməzdi. Bu həqiqət həmin dövrdə Haşım Tərlan, Süleyman Salis, Həbib Sahir, Urmulu, Çayoğlu, Həsən Şəqaqi, Firidun Həsari, Behrəngdust, Məmmədəli Məhzun kimi sənətkarların qələm məhsullarında dolğunluğu ilə özünün bədii əksini tapdı.

Çağdaş ədəbi prosesə xas olan ümdə cəhətlərdən biri də poeziyada satirik meylin qüvvətlənməsi idi. Məncə, bunu başlıca olaraq iki amil ilə izah etmək olar.
Əvvələn, həyatın özündə satira üçün bol qida mənbələrinin mövcudluğu, digər tərəfdən isə klassik irsə sədaqət çox mühüm amil hesab edilməlidir. Yaşı min illərlə hesablanan söz xəzinəsində Sabir və Möcuz kimi korifeylər olan sənət dünyası öz xələflərinin yaradıcılıqlarına təsirsiz qala bilməzdi. Bircə nümunə olaraq:
Haşım Tərlan deyir:

Qaça-qaçdır yenə də, oğru əyanlar qaçır a...
Milləti sağmal inək, pəxmə sayanlar qaçır a...

Maraqlıdır ki, satirik yaradıcılıqda karikaturalara geniş meydan vermək meyli xüsusilə güclü olmuşdur. Gülüş hədəfinə çevrilən mövzuların əhatə dairəsi isə çox rəngarəngdir: imperialist soyqunçular, nəhəng dövlət başçıları, ağır məişət şəraitinin diktə etdiyi həqiqətlər, pul kisəsindən asılı olan buqələmunlar, qınından çıxıb qınını bəyənməyənlər, xalqının milli ənənələrinə biganələr, fars şovinistlərinin çaldıqları havaya oynayanlar və başqaları bu meydanın rəqqasları idi.
Müasir Güney poeziyasında oxucunu açıq gözlə baxmağa dəvət çox güclüdür.

Məncə, zəmanəmizdə bəşəri əhatə edən aləm, başdan başa səfalı mənzərələrdən, naz-neməti aşıb daşan bir diyardan ibarət deyildir. Hələ bu gün də planetimizin müxtəlif guşələrində qəfil atılan güllələrin sinələrdə açdıqları yaraların sızıltısı qulaqlarda həyəcan zəngi kimi səslənir.

Bəli, Cənubi Azərbaycan ədəbi prosesinin davamçıları əllərində kəskin silah olan söz sənətinin ən müqəddəs qayəsi bəşərin arzularını həqiqətə çevirməkdə yaxından iştirak etməkdədir. Bu məqsədlə Güney poeziyasında çox qədim ənənəyə malik olan qəzəl janrına biganə qalan qələm sahibi tapmaq çətindir. Lakin bir həqiqətə də göz yummaq doğru olmazdı. Qəzəlin misralarına həyati nəfəs bəxş edən mühit olmadan onun nikbin nəğmələr ötəcəyi təmənnasında olmaq arzu çərçivəsini aşa bilməzdi. Məhz buna görə də Güneyli şairlər xalqın xoşbaxt həyatının şahidi olmaq istəyi ilə yaşamağa ciddi maraq göstərirlər:
Behruz İmani deyir:

Gül-çiçəksiz coşa bilməz qəzəlin çeşmələri,
Buna xatir dolanıb güllü bahar axtarıram.

Qəzəlin keçirdiyi istihalədə bir meyl də çox qüvvətlidir. Zahirən onun ifadə vasitələrinə keçilmiş bir yolun nəfəsi duyulsa da onlar tam yeni mənalar daşıyıcılarıdırlar:
Haşım Tərlan deyir:

Bülbül gülə, pərvanə şama, mən yara bəndəm,
Cənnət pərisi zahidə, ruhaniyə qalsın.
Səccadəyə üz qoysam əgər öz sənəmim var,
Ruhsuz sənəmin sevməyi bütxanəyə qalsın.

Məncə, şair istifadə etdiyi epitetlərin dili ilə, istəyinə çox uğurla nail olmuşdur.

Orasını da qeyd edim ki, Ülyai, Saplaq, Musa Herisi, Müzəffər Derəfşi, Yusif Memari, Qaimi və digər şairlərin də qəzəllərində bu meyl çox güclüdür.
Inqilabdan sonra poema janrına münasibət və maraq öz təzəliyi ilə nəzəri cəlb edir. Məncə, bu meylin güclənməsinin köklərini hər şeydən əvvəl bədii təfəkkürün xalq həyatını əks etdirmək səylərində axtarmaq həqiqətə uyğun olardı. Yaranan poemalar bu mülahizəni təsdiqləməkdən ötrü bol material verir. Bunun üçün Həsən Savalanın “Xan çoban və Sara”, Heydar Xətibinin “Püstə nənə”, Sönməzin “İsanın son şamı”, “Babam özü gələcək”, “İtin vəfası”, İmran Səlahinin “Ağbuğ qəhrəman”, Səhəndin, daha dəqiq desək epos adlandırılacaq “Sazımın sözü” kimi poemalarını qeyd etmək olar.

Təbii ki, poeamlar üzərində geniş dayanmaq niyətimiz yoxdur. Bu müstəqil bir yazının mövzusu ola bilər. Fəqət, bu yerdə Sönməzin “Babam özü gələcək” poemasından üç misranı yada salmaq istərdim:

Arxayınam,
Səttərxanın özü bir gün,
Gülüstana gələcəkdir.

Sönməz

Xatırladım ki, bu misralarda söhbət Təbrizin məşhur Gülüstan bağında Sərdari Millinin şərəfinə ucaldılmış heykəlin şovinist şah dargözləri tərəfindən uçurulmasından gedir.

Təhlilimizin bu yerində inqilabdan sonra əzəmətli bir abidə kimi oxucularının görüşünə gələn “Dədəmin kitabı” epopiyasının qüdrətli xaliqi adlandırıla biləcək Səhənd haqqında bəzi mülahizələrimi açıqlamağı yerində hesab edərdim.

Səhəndin yaradıcılığının ilk dövrünə aid tədqiqatlar göstərir ki, onun 1941-ci ildən sonra yeni vüsət kəsb edən milli qurtuluş hərəkatında fəal iştirakı tərənnümə cəlb etdiyi həyati gerçəkliklərin hüdudlarını xeyli genişləndirmişdir. Bu illərdə o, həm fədakar azadlıq yolu fədaisi, həm də odlu-alovlu şair kimi xalqın şahlıq əsarətindən qurtuluşu uğrunda ayağa qalxan vətənpərvərlərin sevimli şair oğluna çevrilmişdir. Zamanın Milli Demokratik ədəbiyyatının qarşısında qoyduğu vəzifələr barədə Səhəndin aydın cizgilərə malik olan və mütərəqqi qüvvələr tərəfindən alqışlanan qələm məhsulları ədəbi-estetik və siyasi baxımdan aşağıdakı misralarda çox uğurlu şəkildə özünün poetik ifadəsini tapmışdır:

Mən əzilmiş, həqqi itmiş,..
Varı-yoxu əldən getmiş,
Ağır-ağır sitəmlərə -
Məruz qalmış, əsir düşmüş,
Millətimin, millətlərin,
Insanların şairiyəm.

Səhənd

Lakin Səhəndin həyatının gənclik illəri elə bir diyarda keçirdi ki, orada sinə dolu nəfəs almaq da, insana layiq tərzdə yaşamaq istəyi də şahlıq rejiminin hədələrindən kənarda qalmırdı. Dərbarın çıxardığı hökmün məntiqi isə belə səslənirdi: sazında ya mən istədiyim havaları çalmalısan, ya da susmalısan. Amma onun nə sazı susdu, nə də nəğmələri lal oldu:

Dilimi kəsənlər qaldı avara,
Hər barmağıma bir qıfıl vurdular.
Bağlı əllərimlə, kəsik dilimlə,
Mahnı da oxudum, qopuz da çaldım.

Səhənd

Azərbaycanda tarixən ciddi sınaqlardan çıxan aşıq ədəbiyyatı səltənət rejiminin süqutu ilə yeni mərhələyə qədəm qoydu. Bu, onun təbiəti ilə sıx bağlı olan bir hal idi. Xalq yazıçısı, akademik Mirzə İbrahimovun qənaəti belə olmuşdur:

“Qanlı müstəbid Rza şah və onun oğlu Məhəmmədrza şahın hakimiyyəti illərində Cənubi Azərbaycan dilini, Azərbaycan bədii ədəbiyyatını sönməyə, zəifləməyə qoymayan ən qüdrətli mənbələrdən biri xalq yaradıcılığı, aşıq ədəbiyyatı, canlı və müdrik aşıqlar olmuşlar”.

Bu dövrün aşıq şeiri nümunələrini yaradanlar sırasında Aşıq Əlinin, Aşıq Əşrəfin, Aşıq Həsənin, Aşıq Qəşəmin, Aşıq Qələmrzanın, Aşıq Abbas Rəncbərin, Aşıq Rəsul Qurbaninin sözləri və sazlarının xüsusi çəkisi diqqəti cəlb edəcək qədər önəmlidir.

Inqilabdan sonra yaranan nəsr əsərləri üçün uğurlu hal mövzuların müasir həyatdan alınmasını, cəmiyyəti düşündürən problemlərin həll olunmasına həsr edilməsini hesab etmək heç də mübahisəli səslənməzdi. Bu baxımdan qüdrətli nasir və təcrübəli ədəbiyyatşünas Gəncəli Səbahinin qələm məshulları zəngin həyati materiallara malikdir. Onun “Xain”, “Ovçu”, “Şərəfli ölüm”, “Gül dəstəsi”, “Qartal” adlı hekayələri Güney nəsrinin ən yaxşı nümunələrindəndir.

Şahlıq rejiminin miras qoyub getdiyi əzilənlər və əzənlər dünyasının eybəcərliklərini gün işığına çıxardan nasirlərdən biri də qüdrətli qələm ustası Nurlandır. Onun “Səlmə xala” adlı hekayəsi şahlıq rejimi dövründə zəhmət adamının yaşadığı ömrün çox real yaradan mükəmməl qələm məhsuludur.

Həmin dövrün uğurlu nəsr əsərləri sırasında J.Əlinin “Tamah dişi”, Cücə Bağırın “Qonaq qabağına qoymalı”, Nurlanın “Çəyirtgə” adlı hekayələrini qeyd etmək yalnış olmazdı.

Sonrakı illərdə yaranan nəsr əsərləri vaxt keçdikcə yazarların bu janrın təbiətinə, onun incəliklərinə daha yaxından tanış olmalarından, ustalıqlarını hiss ediləcək dərəcədə artırmalarından xəbər verir. Bu iddianı təsdiq etmək üçün M.Ocaqverdinin “Əshabe Kəhf yuxusu”, Ə.Ağçaylının “Aydının ölümü”, Həbib Sahirin “Vaqonda”, J.Əlinin “Öldü var, döndü yoxdur” adlı hekayələrində tutduqları yazıçı mövqeyini fəal və uğurlu hesab etmək üçün etibarlı ədəbi-bədii əsasların mövcudluğunu iddia etmək heç də əsassız səslənməzdi.

Mən təhlilimin bu məqamında məzmun və janr baxımından nəsrin müasir tələblərinə yetərincə cavab verən hekayələrdən İsmayıl Hadinin “Əli və Mərcan” adlı hekayəsinin adını qeyd etməmək mümkün deyil.

Nəsrin atdığı möhtəşəm addımlar Rəhim Dəqiqin “Həcər”, İsmayıl Hadinin “Laçın”, Nasir Mənzurinin “Qara çuxa” romanlarının simasında daha aydın görünür.
Yeri gəlmişkən bir məsələyə toxunmaq istərdim. Bir zaman xalq şairi Söhrab Tahir Güney nəsrinin tədqiqi və təhlili ilə məşğul olarkən belə bir nikbin, eyni zamanda real mülahizə irəli sürmüşdür: “hansı nasir məşhur 1946-cı il hadisələrindən sonra öz elindən-obasından, isti ana qucağından, Vətən dedikləri müqəddəs diyardan perik salınmış insanların sürgün və fəraq dolu həyatlarını nəsrə gətirə bilsə o uğur qazanacğından arxayın ola bilər”.

Bu baxımdan yazıçı Rəhim Dəqiqin qələminin məhsulu olan “Həcər” romanının adını belə bəxtəvər nəsr nümunələrinin sər¬lövhəsində yazmaq heç də havadan asılı qalan bir müddia olmazdı. Müəllif 1946-cı ildə 21 Azər hərəkatının və onun yetirməsi olan Azərbaycan Milli hökümətinin məğlubiyyətindən sonra sürgünə göndərilən Həcərin keçdiyi məhrumiyyət və əzablarla, bununla yanaşı mübarizələrlə dolu həyat yolunun timsalında bir xalqın taleyinin çox tutarlı səhnələrini yaratmışdır. Məncə, həmin mövzu bu gün də çağdaş Güney ədədbi prosesinin yaradıcılıq emalatxanalarında özünə yetərincə yer tutmağa tam layiqdir.

Bu illərin əlamətdar yaradıcılıq hadisələrindən biri də ədəbi tənqidə maraq və rəğbətin artması olmuşdur. Bir sıra məlum səbəblər üzündən təkcə Güneydə deyil, ümumiran miqyasında türk dilli ədəbi tənqidin bəlkə də yox dərəcəsində olması tarixi həqiqətdir. Başqa janrlara nisbətən tənqidin öz simasını bilməsi çox müşgül məsələdir. Təbii ki, bu xüsusi araşdırma tələb edir. Çağdaş tənqıdçılərimizdən, Eyvaz Taha, Cəfər Bozorgəmin, Hümmət Şəhbazı, Nadır Əzhərini. ad aparmaq olar.
Inqilabdan sonra şahlıq üsul-idarəsinin hökmü ilə yaradılan bədnam yasaqların aradan qalxması tənqidin uğurlu addımlar artması yolu üzərində yaşıl işıq yandırdı. Qələm sahibləri bu janr barədə həm öz mülahizələrini açıqlayır, həm də onun gözə dəyən nümunələrini yaratdılar. Bu baxımdan Əziz Möhsünin “Ədəbi tənqid və tənqidçi haqqında” məqaləsi dövrün ədəbi hərəkatı üçün çox əhəmiyyətli bir hadisə idi. Onun öz tənqidçi karyerasını üç nəhəng simanın – Aristotel, Xətib Təbrizi və Mirzə Fətəli Axundov – irsi üzərində formalaşdırması təbii ki, xüsusi maraq doğururdu.

Bu illərdə “İnqilab yolunda” jurnalının açdığı “Müasir şairlərlə tanış olaq” rubrikası çox çəkili elmi-əməli əhəmiyyətə malik bir forma idi. Məmməd Aslanın “Muradəli Qüreyşi (Qaflantı)” adlı məqaləsi həm müasir tənqidin simasını, həm də rubrikanın məqsəd və qayəsini əks etdirmək baxımından diqqətə layiqdir.

K.Qəhvəçinin bir növ satirik polemika xarakteri daşıyan “Oruc ağa niyə Amerikanın cinayi polisinin kitablarını çap edir?” yazısı adından da göründüyü kimi ciddi bir məsələyə həsr edilmişdir.

Tənqid və ədəbiyyatşünaslıqla əlaqədar bir məsələnin də xatırlatmaq istəyirəm. Bu da tənqidin müasir tələbələrə nə səviyyədə cavab verməsi ilə tanış olmaq üçün nəşr edilən kitablara yazılan müqəddimələrdir. Şair, yazıçı, ədəbiyyatşünas, elmlər doktoru Ələkbər Turabinin görkəmli tədqiqatçı Alavın “Ədəbi-tənqidi araşdırmalar” adlı kitabına yazdığı müqəddimədə oxuyururq:

“Əgər Nəimilər, Nəsimilər, Füzulilər, Sabirlər, Möcuzlər, Şəhriyarlar yaratdıqları əbədi ömrülü əsərləri ilə ədəbiyyatın mənəvi və mədəni atası olduqlarını göstərdilərsə, son iyirmi ildə yaranan əsərlərin müəllifləri öz sələflərinin ləyaqətli övladları olduqlarını sübut etdilər”.

Alavın özü isə yeni yaranan ədəbi məhsullara tənqidin münasibətindən bəhs edərkən yazır:

“Daha şairin “Morği-dili”, “Zülfü-pərişanda” aşiyan salmır. Bəlkə şairin ürək quşu Vətən bağında gül-çiçəkli, meyvəli barlı ağaclara qonur və onların budaqlarında yuvalanır. Şair daha “Cahi-zənəxdan” dustağı yox, el qayğısının əsiri olur. Xəyali dilbərin xumar gözləri, nazlı baxışları şairin canını almır və şair əlçatmaz röyalara, xülyalara dalmır”.

Xatırlatmaq olard ki, müəllifin həmin kitabına daxil olan yazılarında – Barış, Eldar Muğanlı, Süleyman Salis, Nigar Xiyavi, Muradəli Qaflantı, Əlirza Miyanalı və başqalarının yaradıcılıqlarına həsr etdiyi məqalələrində tənqidin ədəbi yaradıcılığa yeni münasibətinin nəfəsi aydın duyulmaqdadır.
Bu janrın çətin və əzablı yollarında Əziz Möhsüni, Aslan, Ağçaylı, Bəhram, Elçin, Həsən Mirzai, Həmid Telimxanlı, Babək kimi qələm sahiblərinin inamlı addımlamalarını qeyd etmək heç də mübaliğə kimi səslənməzdi.

Ədəbi-tənqidi yazılarda ara-sıra səhnə əsərlərinə, ümumiy¬yətlə teatrla bağlı problemlərə də toxunulur. Bu baxımdan artist və rejissor Həsən Mirazi ilə aparılan müsahibədə çox ağrılı məsəslələrdən söz açılır. O, haqlı olaraq səhnə əsərlərinin olmamasından, artist və rejissorların qıtlığından, texniki personajların çatışmamazlığından narahatlığını bildirir. Azərbaycan Milli höküməti dövründə teatr sahəsində qazanılan tarixi nailiyyətlərin şah mütləqiyyətli tərəfindən məhv edilməsindən, artistlərin pərakəndə salınmalarından ürək ağrısı ilə söz açır.

Islam inqilabından sonra ədəbi yaradıcılıq aləminə bir sıra qadın yazarlar gəldilər. Mərhum Rza Qəffari toplayıb nəşr etdirdiyi “Azərbaycanın xanım şairləri” adlı kitabı Güneyli-Quzeyli Azərbaycanın qadın yazarlarını əhatə edir.

Hər şeydən əvvəl tərtibçinin yazdığı müqəddimə özünün mənalı mülahizələri, müəllifin mövzu ilə dərindən tanış olması və başlıcası vətənin qadın qələm sahiblərinə dəruni məhəbbəti nəzəri cəlb edir.O, yazır:

“Azərbaycanın xanım şairləri” adında hazırlanıb əlinizdə olan bu kitab qadın şairlərimizdən örnək kimi göstərilən və onların əlimizə çatana qədər bir hissəsini tanıtdırmağa çalışmaq üçün kiçik bir addım sayıla bilər... Təəssüf ki, keçmişdə dil və ədəbiyyatımızın kinəli düşmənlərinin təhlükəli faciələr və ağır sıxıntılar yaşaması sonucunda təzkirə yazanlar, ümumiyyətlə türkcə yazan şairlərin bir çoxu unudulmuşdur. Adları çəkilənlərin də həyat və yaradacılıqlarına etinasız qalıb, belə¬lik¬lə bu dəyərli əsərlərin itib batma¬sında mənfi təsir buraxıb, onların qorunmamasına və zamanın zavalına gəlməsinə yardım etmişlər. Buna görə də Azərbaycanın xanım şairlərinin yaşayışları və yaradıcılıqları haqqında gərəkli bilgi ilə onların tanıtdıra bilən kamil bir təzkirənin yeri hələ də boş qalmaqdadır”.

Tərtibatçı və müqəddimənin müəllifi haqlı olaraq heç bir ayrı-seçkilik və məhdudiyyət qoymadan topladığı şeirlərin müəlliflərinin Güneyə ya Quzeyə mənsub olmalarını nəzərə almadan məqsəduyğun hesab etdiyi əsərlərə və müəlliflərə yer vermək yolunu seçmişdir. Məncə, bu zamanın, xalqın taleyinin hökmüdür. Bir səmanın havasını udan, bir Vətən ananın südünü əmən, bir Vətənin çörəyini yeyən övladlar arasında ayrı-seçkilik sərhəddi yaratmaq artıq tarixin oxuyub rədd etdiyi səhifələrinə çevrilmişdir.

Son illərin çağdaş ədəbiyyatı, etiraz və üsyan ruhuna söykənərək, çox ciddi və maraqlı şair və yazarlar ortaya çıxartdı. Güneydə gedən milli hərəkat onların yazılarında tam hiss olunur. Eyni zamanda milli hərəkatla birgə, ədəbiyyatımız da günü-gündən irəliləyir və milli-mənəvi dəyərlərimizə söykənərək, böyük bir milli dalğa yaradır. Bu dalğanın nəticəsi də, bütöv Azərbaycan ədəbiyyatının yaranması və sonda da bütöv Azərbaycanın yaranmasına səbəb olacaqdır. Son on ildə, milli kimliyə, tarixinə, ədəbiyyatına qayıdış hərəkatının güclənməsi ilə yanaşı, oyanan gənc şair və yazarlarımız onillərdə görülməyən və müharibələrlə cəmiyyətin süküt dövrünün demək olar ki, aradan qaldırdılar. Güney Azərbaycan ədəbiyyatı, şeir, nəsr, tənqid və tədqiq sahəsində böyük nailiyyətlər əldə etdi və edir. Onları bəzilərində nümunə olaraq adlar çəkib, nümunələr gətirməyə çalışacam.

Ismayıl Ülkər deyir:
Toprağıma göz dikənlərə
Üstündə də olmasa
Altında yer verərik
Biz Türkük axı
Biz qonaq sevərik!

Bu milli ruhu daşıyan sözlər, qədim bir kök və mədəniyyəti daşıyan millətin nümayəndəsinə məxsusdur. Topraq uğrunda döyüşmək və eyni zamanda milli adət-ənənəni etiraz ruhuna qatmaq, yalnız Güney Azərbaycanda yaşayan və əsrlər boyü müharıbə və müqavimət şəraitində olan insanın dilinə gələ bilər.
Məhəmməd Nəvin (Baraz) deyir ki:

Qabar-qabar ayağımda gülüm, tikan dadı var
Və başmağım dolusu, laxta-laxta qan dadı var
Məgər alaxlamamışdıq bu hərzə otları biz
Nə oldu tarlamızın buğdasında xan dadı var?

Göründüyü kimi, xalq inqilabı deyilən iran inqilabı, millətin həqiqi və milli tələbatını gerçəkləşdirə bilməmişdi. Elə ona görə də şair uzun bir tarıxı yola işarə edərək başmağı qana dolur və həyat buğdasından getməyən diktatoranın dadından şıkayət edir.

Aydın Araz deyir:

Mənə sevirəm dediyini dana bilməzsən,
Telfonlarımızı izləyən kişi,
Şahiddir buna!

Şair sıxıntı və onun yaratdığı məhdud sevişmələri bu şəkildə göstərməyə çalışır. Güneyin çağdaş ədəbiyyatıda bu cür ifadələrə çox rast gəlmək olar. Sıxıntılı və paradoks dolu həyatın səmərəsi elə bu acı və eyni zamanda yeni düşüncəli şeirlərin yaranmasıdır.

Səid Muğanlı deyir:

Qucağın əmniyyətdir,
Gözlərin terrorist!

Yəni, Güney ədəbiyyatında sevginin dadı, Quzeydən fərqli olaraq acıdır. Şair sevgilinin qucağında olarkən terror və təklükəni düşünür. Sevgilinin gözləri, ictimaiyyətin acı həqiqətlərinin güzgüsünə çevrilərək, şairə, qorxu və təhlükə mesaji göndərir.
Duman Ərdəm deyir:

Gözəl-gözəl qızcığazları sevməyə nə var?

Oğulsan
Bulvardaki fahişəyə vurul!

Göründüyü kimi hətta sevginin növünə də etiraz var. Şair asan sevgini istəmir. Çətin yaşayıb deyə sevginin də çətin olmasını tələb edir. Əslində Güney Azərbaycan, hal-hazırda bizim gənclərimizin döyüş meydanına çevrilib. Məncə, elə güclü ədəbi proseslər belə çətin mühütdə formalaşıb, yaranıb ortaya çıxır.
Nigar Xiyavı deyir:

Yerin yaman boşdur

boşanmışam öz səbtimin əlilə boşqab-qazanlardan

və yaxınlaşmışam sətirlərin başına

indi başara bilirsən buyur başla məni

başla qazanmağa məni sevgi boş söz deyil...

Güney Azərbaycanda müasir qadın şeirinin öndə gedənlərdən biri də, şübhəsiz ki, Nigar Xiyavidir. Nigarin şeirlərinin ən müsbət cəhəti də, onun şablon və adı həyata, siyasi sıxıntılara, vətənə və vətənsizliyə olan etiraz dolu mövqeidir. Güney Azərbaycanın müasir qadin şeirinə baxdıqda, onların orada gedən milli azadlıq hərəkatına verdiyi fikir dəstəyi aydın görünür. Ancaq bu dəstək yalnız Vətəni tərifləmək və onun başına dolanmaq deyil, bəlkə tənqid və təhlil baxımından inkişaf etməkdədir. Bu etiraz ev mühitində olan ailə sıxıntılarından başlayır və rasizmin başımıza gətirdiyi faciəyə etirazla da davam edir.
Məlihə Əzizpur deyir:

Bütün kəpənk ləri pay verirsən mənə

və nədənsə

uçuşa həvəslənirəm

günəşə döğru

Bu günəş, Güneyin azadlığı, kəpənəklər isə ümid mənbəi və uçuşlar da indiki milli hərəkatın bağımsızlığa doğru etdiyi fəaliyyət kimi təhlil olunur. Əslində, Güney ədəbiyyatının özəlliklərindən biri də, onun dərin və fəlsəfi olmasıdır. Şair, azadlığı şablon və çeynənmiş formada yox, bəlkə günəşə doğru hərəkət etməsi ilə göstərməyə cəhd edir və bu cəhd də uğurlu alınır.

Ziba Kərbası deyir:

Da gəlmə!

Ceyran, naqqışlı gedən yollar

Cızıx-cızıxdır o taydan bu taya

Ayaqımın izini tutub gəlsəydin,

Tutuşardıq.

Tox zəmanənin qoynunda qucaqlaşardıq...

Güneyli yazarların ayaq izləri, onları Vətənin Quzeyinə və parçalanmış Vətənimizin hər bir quşəsinə aparıb-çıxarır. Ziba Kərbası deyir ki, əgər mənimlə, yəni Güneylə bir yolda olsanız və ayaqlarının izi ilə yerisəniz, bütün fərqlərə bxmayaraq tutuşarıq. Bizim milli varlıqlarımızla toxlanan imperiyalara baxmayaraq, qovuşub- qucaqlaşıb, birləşərik. Belə incə və siyasi məqamlara Güney ədəbiyyatında çox rast gəlmək olar.

Rəsul Yunan deyir:

Fransa gözəlləri
Ingilis gözəlləri
Həmısı bir yana
Sən bir yana...
Onlar məni yalnız şeirə yetirirlər,
Yalnız musiqiyə.
Ancaq sən məni evimə qaytarırsan!
Səni düşünəndə
Yağış Türk dilində yağır!

Mövlana demişkən, hər şey öz kökünə qayıdır. Sevindirici haldır ki, Güney Azərbaycanda hətta sevgi də, insanı öz kökünə qaytarmaq üçün bir bəhanəyə çevrilir. Şairi evinə, yəni öz milli kimlik, və milli dəyərlərinə tərəf yönəldir. Şair yalnız şeir və musiqini düşünmür, bəlkə onları özünü tanımaq və milli oyanış hərəkatının yolunda bir bəhanə bilir. Başqa sözlə desək, hər şey yarı yox, Vətəni xatırladır. Şair Sönməzin şeirinin bir hissəsi burada lap yerinə düşərdi:
Bir göyərçin kimi dənsizləmişəm.

Bülbüləm,
Bağda çəmənsizləmişəm.
Öz diyarımda vətənsizləmişəm.

Əlbəttə ki, Vətənin varlığı yalnız daşda və topraqda deyil, bəlkə bir millətin özünü tanımasında məna olunur. Ancaq hal- hazırda Güney Azərbaycanımızda, fars rasızmının siyasəti nəticəsində, soydaşlarımızın öz dilində yazıb-oxumasına və öz milli kimliklərinin tanımasında qadağa qoyulub. Belə olan təqdirdə, təbiidir ki, həmin millət öz diyarında vətənsizləşir və hər şeydə Vətən iyini axtarır.

Elə ona görə də, bir çox fars dilində yazan soydaşlarımız, öz kökünə qayıdıb və Türkün şirin və fəlsəfi dilində yazmağa başlayıb bir çox dəyərli əsərlər ortaya qoyublar. Onlardan: Rəsul Yunan, Ziba Kərbası, Rza Bərahəni, Saleh Səccadi və bir çox yazarlardan ad aparmaq olar.

Onu da qeyd edim ki, mühacirət və sürgündə yaşayan Güneyli yazarlarımız da Güney ədəbiyyatının inkişafında önəmli rol oynamışdılar. Mühacirətin yaratdığı özünə məxsus duyğular, özünə məxsus da şair və yazarlar ortaya çıxartdı. Qurbət hissi duyan hər bir Güneyli, onu keçmişində yaşadığı sıxıntılarla bir yerə qoyanda, acı və eyni halda mənalı bir məcun ortaya çıxarırdı. Sanki problemlərə uzaqdan baxdıqda onları daha aydın görüb, həllini də asan görmək olur. Şair, artıq vətənində yaşadığı sıxıntıları, qurbətin zahiri azadlığı və eyni zamanda yaratdığı tənhalığı ilə dəyişib. Onun yazdıqlarında Vətənində olan dustaq qorxusu və sıxıntısı, boşluqların yaratdığı sıxıntı ilə yerin dəyişir. Ancaq bunu da qeyd edim ki, mühacirətdə yaşayan yazarlarımızın yazılarında, fikir aydınlığı və fikir rahatlığı daha çox gözə dəyir. Yəni öz fikirlərini ifadə etməkdə çətinlik çəkmir. Bəlkə o da onların yaşadığı mühitlərin onlara bəxş etdiyi nisbi azadlıqdan irəli gəlir.

Balaş Azəroğlu deyir:

Yer günəşin başına dolanan kimi,
Vəhdət nöqtəsini aradıq, gəzdik.
Uşaq atasına inanan kimi
İnanıb ayrılıq dərdinə dözdük.

Mən də Balaş Azəroğlu ya qatılıb deyirəm ki, ayrılıq dərdinə inanıb-dözmüşük. Bütün qaranlıqların sonu ışıqlıqdır. Inanıram ki, bir gün bu ayrılığı, Güneyımızın azadlı ilə dəyişəcəyik və bu ayrılıq, parçalanmış millətimiz yaddaşında, yalnız bir xatırə olaraq qalacaq.

Prof. Səbri-Təbrizi deyir:

Vətənimi
Dilimi,
Millətimi sevirəmsə varam!
Əgər azadamsa
Deməli varam!

Doğrudur, əgər azadlıq vardırsa, deməli varlıq da var! Ancaq bu azadlıq, hal-hazırda Güney Azərbaycanımızda yoxdur. Ona görə də qırx miliyona yaxın soydaşımız demək olar ki, yoxdular. Varlıqları milli azadlıqlarından, özləri isə fars faşızmınız dar ağaclarından asılıdır.. Millət öz milli kimliyini, miili simvollarını, milli adət-ənənəsini, həqiqi yazılmış tarixini bilmirsə və yalnız dini dəyərlər əsasında idarəolunursa, deməli o millət yoxdur.
Söhrab Tahir deyir:

Mənin qollarımı iynə-sap edin
Tikin Astaranı biri-birinə!

Bu növ təfəkkür yalnız Güneydə olmayan bir şairin dilinə gələ bilər. Yəni həsrətin və qussəni nə qədər rəngi azdırsa, o qədər də fikirlərin rahat və depresiyadan uzaq söylənməsi güclüdür. Vətəndə yazılan şeirlərdə əgər etiraz vardırsa, qurbətdə yazılan şeirlərdə bir o qədər də püxtəlik var.

Məruzəmin bu hissəsində Güney Azərbaycanın çağdaş şairlərindanad aparmaq istəyirəm: Rəsul Yunan, İsamyıl Ülkər, Nigar Xiyavi, Kiyan Xiav, Nadir İlahi, Hadı Qaraçay, Barışmaz, Sönməz, Huşəng Cəfəri, Hadi Qaraçay, Heydər Bəyat, Nadir Əzhəri, Vali Gözətən, Bəhruz Sədiq, Suleymanoğlu, Nasir Mirqati, Məsud İslamı, Səid Muğanlı, qəzəl şairi Baraz, Vədud dusti, Duman Ərdəm, Aydın Araz, Məlihə Əzizpur, Səkinə Purhəsən, Ramin Cəhangirzadə, Fərzad Leysi, Rza Ehsani, Elşən Böyükvənd, İsa Zeyni, Rüqəyyə Səfəri, Ilqar Müəzzinzadə, Zaman Paşazadə, Həsən Səfəri, Elvar Qulivənd, Rüqəyyə Kəbiri, Ülkər Ucqar, Türkan Urmulu, Xosrov Barışan , Murtuza Səlnmani, Bəhmən Ərk, Saleh Səccadi, Muğanoğlu,Məhəmməd Azərşin, Lalə Cəvanşır, Ziba Kərbasi, Vəhid Tələt, Solmaz Məhəmməd Rzai, Qadir Cəfəri, Ayman Quluzadə, Behruz Sədiq, Bəxtiyar Muğanoğlu və bir çox gənc şairlərdan ad aparmaq olar.

Nəsr sahəsində isə: Nasir Mənzuri, Nasir Merqati, Rəsul Yunan, Əli Əbbası, Həmid Arğış, Məhəmməd Sübhdel, Rza Kazimi, Atıla İskəndani, Hamid Əhmədi, Güntay Gənçalp, Mahmud Məhdəvi, Valeh Şiri, Rüqəyyə Kəbiri, Həsən Səfəri və bir çox gənc yazarlarımız da bu siyahiyə daxildirlər.

Tənqid Sahəsində: Eyvaz Taha (Dil varlığın evidir), Cəfər Bozorgəmin (Çağdaş ədəbiyyatın tənqidi), Nadir Əzhəri (Məqalələr), Hümmət Şəhbazı(Müasir ədəbiyyat tənqidi) kitablarında, müasir ədəbiyyatımızın durumunu təhlil edərək, onun güclü və ya zəif tərəflərini göstərməyə çalışmışdılar.

Eyni zamanda qeyd etməliyəm ki, bütün dövrlərdə oldugu kimi Günüy ədəbi prosesinin inkişafinda, yayılmasında Quzey Azərbaycan yazarlarının da böyük xidmətləri olmuşdur. Belə ki, son dövrlərdə Güney ədəbi prosesinin izlərini adlarını cəkdiyimiz əsərlərdə də görürük. Onlardan Teymur Əhmədov, Sabir Nəbioglu, Əkrəm Rəhimli, Elman Quliyev, Esmira Fuad, İslam Qəribli, Almaz Əliqizi və digər görkəmli ədəbiyyatşünaslıq mütəxəsislərinin əsərləri təqdirə layiqdir. Onu da qeyd etməliyəm ki, ayrı-ayrı yazarların kitab şəklində nəşrləri ilə yanaşı çağdaş şair və yazarların əsərlərindən nümunələr burada “Azərbaycan”, “Ulduz” “Güneyin Səsi” və “Bakı-Təbriz” dərgilərində çap olunmuşdur. Əslində mən ədəbi və mədəni sahədə yaradıcı insanları Azərbaycanın Güney və Quzeyinə bölmək də istəmirəm, çünki xalqın ruhunu, adət-ənənəsini heç bir sərhədlə ayırmaq olmur. Belə ki, bu tayda yaşayıb yaradan yazarlarımızın əsərləri də o tayda dərc olunmuşdur. Buna misal olaraq böyük xalq şairləri Bəxtiyar Vahabzadə, Anar, Fikrət Qoca, Ramiz Rövşən, Nüsrət Kəsəmənli, Şahmar Ələkbərzadə, Bəhmən Vətənoglu, Zəlimxan Yaqub, Musa Yaqub, Qəşəm Nəcəfzadənin əsərləri həm fars, həm də azərbaycan türkcəsində o taylı oxucularımıza təqdim olunmuşdur.

Göründüyü kimi mən bu təqdimimdə inqilabdan sonra ədəbi prosesin yalnız bəzi elmi-ədəbi əsərlər barədə söz açdım. Şübhəsiz, bu deyilənlər həmin dövrün ədəbi hərəkatı barədə müəyyən təsəvvür yaradır. Bu okean haqqında tələb olunan səviyyədə bəhs etmək üçün isə dövrün ədəbi prosesi ilə əlaqədar axtarış və tədqiqatlar ardıcıl şəkildə davam etdirilməlidir. Sonda, Azərbaycan Yazıçılar Birliyinə Güney Azərbaycan üçün bu imkanı yaratdığına görə öz təşəkkür və minnətdarlığımı bildirirəm və ümid edirəm ki, Azərbaycanın güneyində uğrunda görülən ədəbi işlərimiz günü-gündən çox və səmərəli olacaqdır.

Rövşən Yerfi ilə müsahibə


Rövşən Yerfi ilə müsahibə
“Bu xeyirsiz işlə məşğul olan yeganə şəxs mənəm”


Həbsxana həyatından bəhs edən əsərlərə maraq göstərən oxucular, yəqin ki, Rövşən Yerfi imzası ilə tanışdır. 1988-ci ildən Azərbaycan qəzetlərində məqalələri çap olunan yazar, 1993-cü ildə Azərbaycan Jurnalistlər Birliyinə üzv qəbul edilib. Mətbuatda ilk hekayəsi 1989-cu ildə dərc olunub. Həmin il “Debüt-89” respublika ədəbi yaradıcılıq müsabiqəsinin nəsr üzrə qalibi olub. 2004-cü ildə “Üzdəniraq ada” adlı ilk kitabı işıq üzü görüb. 2008-ci ildə “Qadın düşərgəsi” povesti Kitab Klubunun həyata keçirdiyi “Sınaq nüsxəsi” layihəsində bəyənilərək çap edilib. 2009-cu ildə “Residivist” adlı kitabı nəşr olunub. “Üzdəniraq ada” romanı və “Residivist” povesti cəzaçəkmə müəssisələrinin 1995-1998-ci illərdəki dövründən bəhs edir. Hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətində çalışır.

-Rövşən bəy, ədəbiyyat aləminə gəlişinizlə bağlı danışaq. Sizin çalışdığınız sahə ədəbiyyata aidiyyəti olmayan, ədəbiyyatdan uzaq bir sahədir. Necə oldu ki, yazmaq istəyiniz yarandı? “80-cilər” ədəbi nəslinin nümayəndəsi kimi, özünüzü “itirilmiş” hesab edirsinizmi? 
-İlk hekayəm 1989-cu ilin yayında qəzetdə dərc edilib. Elə o zaman Mədəniyyət Fondu tərəfindən “Debüt-89” ədəbi müsabiqəsi elan olunmuşdu. Bildiyiniz kimi fondun sədri Kamal Abdulla idi. Kamal müəllim hələ o vaxtdan gənclərə qayğı ilə yanaşırdı. Dekabrın son günlərində qalibləri təbrik etdilər və vəd verdilər ki, tezliklə sizin yazılarınız “Azərbaycan gəncləri” qəzetində, “Ulduz” yurnalında çap ediləcək. Üstündən üç həftə keçmədi 20 yanvar faciəsi baş verdi. Matəm, sonra uzun müddətli durğunluq cəmiyyətin bütün sahələri kimi ədəbiyyatı da ölgünləşdirdi. O əhval-ruhiyyədə kimdənsə çap edilməyini ummağın yeri də yox idi. Hə, ilk uğurum belə nəticəsizliklə nəticələndi. Görünür bu da mənim baxtımdan imiş ki, “dəvə oynayanda qar yağsın”. Yəni gəlişim ağir iillərə düşdü. Bu baxımdan mən də özümü “itmiş nəsildən” hesab edirəm.

-İlk uğurunuz nəticəsiz olduğu üçün uzun müddət ədəbi aləmdə görünmədiniz. Ədəbiyyatdan kənarda qalmağınız, yazmamağınız nə ilə bağlı idi?

-Əlbəttə ki, ədəbiyyatdakı iflic olma mənə də təsirsiz ötmədi. Üstəlik xidmətdəki iş şəraitimin gərginliyindən bir dövr – altı il bir sətir də yaza bilmədim. Nəhayət, bu qıcolmadan 2002-ci ildə qurtuldum və Yerfi imzasıyla yenidən ədəbi fəaliyyətimi bərpa etdim.

-Qanun keşikçisinin, belə deyək, “paqonlunun” həbsxana həyatından əsər yazması necə qarşılandı? Penitensiar Xidmətdə çalışanlar necə baxır sizin yazıçı olmağınıza?

-Bir misal var: aşıq gördüyünü çağırar. Şübhəsiz, mən ilk növbədə çalışdığım sahə ilə bağlı əsərlər yazmalıydım. Mənə qədər nəsrimizdə “paqonlunun” qələmi ilə həbsxanaya dair əsər yazılmamışdı. “Üzdəniraq ada” romanı və “Residivist” povesti 2004-cü ildə kitab halında çap olundu. Açığını deyim, əvvəlcə təzyiqlərlə üzləşəcəyimdən çəkinirdim. Ona görə də o əsərlərdə problemlərin dərin qatlarına varmamışdım. Amma, əbəs yerə. Çünki, yazdıqlarımdan nəinki narahat olan, oxumağa həvəsi göstərən belə olmadı. Onu da deyim ki, qulluq etdiyim Penitensiar Xidmətin iki mindən çox əməkdaşı arasinda bu xeyirsiz işlə məşğul olan yeganə şəxs mənəm.

-Sizin əsərlərinizdə təkcə həbsxana həyatı göstərilmir axı...

-Düz buyurursunuz.Yazdığım povestlərdə cəzaçəkmə müəssisindəki həyatdan başqa ikinci mövzu tənha qadın mövzusudur. Daha doğrusu yaratdığım surətlər qəlbən tənhalaşmış, kimsəsiz, köməksiz vəziyyətə düşmüş qadınlardlr. Belə qadınların çoxluğu cəmiyyətimizin faciəsidir. Mən istəyirəm ki, tənha, köməksiz, sevilməyən qadın olmasın. Cəmiyyətdəki əxlaqi, mənəvi fəsadlar məhz bu problemdən törəyir. Oadını zəif, əlacsız olan xalq heç vaxt xoşbəxt ola bilməz. “Sel” və “Günahsız qatil”də oxuculara söylədiyim mövzu ilə bağlı narahatlığımı çatdırmaq istəmişəm.

-Qadınların həbsxana həyatından bəhs edən ilk iri həcmli ədəbi nümunəni ədəbiyyatımızda siz yazmısınız. Necə qarşılandı “Qadın düşərgəsi”? 

-“Qadın düşərgəsi”ni yazanda povestin ədəbiyyatımızda qadın həbsxanasından bəhs edən ilk əsər olduğu üçün xüsusi maraqla qarşılanacağını güman edirdim. Təəssüf ki, Azadlıq radiosunun “Oxu zalı”ndan qeyri heç bir ədəbi orqan, ya hansısa bir qadın təşkilatı ona təbliğ nəzərindən əhəmiyyət vermədi. Ailə, qadın və uşaq problemləri ilə məşğul olan komitədən başlayaraq qadınlarla bağlı ictimai təşkilatlaradək, habelə məhkumların hüquqlarının qorunması ilə məşğul olan qurumlaradək gözləmədiyim etinasızlıqla rastlaşdım. Məlum məsələdir ki, onlar ancaq özlərinə sərf edən işlərlə və yuxarıların göstərişləri ilə maraqlanırlar. Yeri gəlmişkən qeyd etməyi özümə borc bilirəm ki, son bir ildə istər yaradıcılığ fəallığımın artmasında, istərsə də geniş oxucu kütləsi arasında tanınmağımda bir çox ədəbi nəşrlərdən fərqli olaraq “Oxu zalı”nın təmannasız fəaliyyəti, təsiri əvəzsizdir. Mənim nəzərimcə bu günkü ədəbiyyatımızın inkişafında “Oxu zalı”nın yeri “Ulduz” və “Azərbaycan” jurnallarından daha öndədir. Bu jurnalların başlıca işi “sərfəli” imzalardan savayı digər müəlliflərə yazısının dərcini gözləmək üçün iki – üç il “cəza” verməkdir. Fəaliyyətinə görə jurnallardan geri qalmayan “Ədbiyyat qəzeti”ni də bu sıraya qatmaq olar. Şükür ki, ədəbi portalların çoxluğu bizi onların “məhkumu”luğundan qurtardı...

-Son dövrlər Azərbaycan ədəbiyyatında gedən proseslərə münasibətiniz necədir? Nə vəd edir ədəbiyyatımız?
-İndi ədəbiyyatda “var-gəl edənləri” əsasən iki qrupa bölmək olar: yaşı qırxadək olan cavanlar və yaşı altımışdan yuxarı qocalar. Orta nəsil yox dərəcəsindədir. Qocalar dövranlarının sona yaxınlaşdığını artıq başa düşüblər. Ona görə də on-on beş il əvvələ baxanda xeyli həlimləşiblər, mehribanlaşıblar. Cavanlarda isə olduqlarından çox özündən razılıq var. Özü barədə son dərəcə iddialı olmaq az qala kütləviləşib. İstəyirlər ki, qısa bir müddətdə tanınsınlar, mükafat alsınlar, “ulduz” olsunlar. Sizə hər gün rastlaşdığımız bir epizodu misal çəkim. Metroda vaqonun qapıları açılanda oturacaqlardan biri boşalarsa ayaqüstə duranlardan tez içəri daxil olan o boş yeri tutmağa atılır. Niyə belədir, maraqlıdır. Bax, cavanlar da belədir. Aralarında istedadlılar çoxdur. Əllaməlik edənləri də var. Yeni yazılmış əsərlərin bəzilərində açıq-aşkar həyasızlıq təbliğ və tərənnüm olunur. Əsərin qəhrəmanı “geridə qaldığına görə” valideynin üzünə qayıdır, ruhunu təzələmək üçün həyat yoldaşına xəyanət edir. Demək, cinayət əməli olmayan, lakin əxlaqa zidd olsa da “obraz” adət-ənənəyə qarşı çıxıb ürəyi istədiyini edirsə, bu olur yenilik, azadlıq, demokratiya. Əslində isə bu bizim ailə quruluşumuzu, əxlağımızı dağıtmaq istəyən düşmən qüvvələrinə xidmət etmək, yalmanmaqdır. Belələri adətən özlərindən əvvəlkiləri “sovet qalığı” adlandırırlar. Məgər onların ata-anaları xaricdəmi böyüyüblər, yoxsa dissident təfəkkürlü olublar? Mən hesab edirəm ki, əsl yazıçı heç bir “izmlərə”, dəstələrə qoşulmayıb mükafat gözləmədən yalnız sənəti üçün çalışmalıdır. Yazıçılıq da bir sənətdir. Allah tərəfindən hər kəsə nəsib olmayan sənət...

Söhbətləşdi: Cəlil CAVANŞİR “MƏRKƏZ” qəzeti

Telli Mürsəlova, şeirlər

Telli Mürsəlova-Şeirlər


Adiləşməsin

İstəmirəm Sənin üçün adiləşim,
Adiləşməsin səsim, qısqanclığım,
Yormasın, incitməsin Səni sevgim…

Hər gün bir az ümid edirəm-
Sabah, sabah, sabah sevəcək deyə…
Hərdən unudacağıma söz verirəm-
Bu gün, bu gün, bu gün mütləq…
Səhər dediyim sözü unuduram-
Dünən, dünən, dünən unuda bilmədim…

Hər tində ümidə qəbir qazmaqdan yoruldum,
Yoruldum Sənsizlikdən...
Artıq Səni sevirəm deməyi də tərgitmişəm,
Qorxuram Səninçün hisslərim də adiləşə...

Sənsizliyin acısıyla intiharlar edirəm,
Sanki içimdə can verirəm...
Cismimi göylərə hədiyyə edəcəm,
Məhv olsun olanım da, qalanım da...
Məni heç kimə vermək istəməyən,
Amma özü də yanımda olmaq istəməyən,
Cismimi göylərə hədiyyə etsəm də,
Qəlbim Sənə əmanətdir ...


Xoşuna gəlir...


Bağlı bir kitabam
Vərəqləməyə vaxtın yoxdur.
Başa düşmürsən məni,
Bilmirsən əsəbim çoxdur,
Amma tez sakitləşirəm.
Boğuluram yoxluğunda
Mənim ola bilmirsən,
Səni də unuda bilmirəm.
Sevdiyini də demirsən
Bəlkə əsəblərim sakitləşə.
Qısqanmağı da qadağa etmisən,
Məcburam hər şeyə gülüb keçim.
Yuxuda da oynayırsan mənimlə
Gecə gəlib, səhər yoxa çıxırsan.
Yoxsa xoşuna gəlir əsəblərimlə oynamaq?!

**************************

Həyat bir gün bitəcək,
Məşhərdə görüşəcəyik.
Sən cənnətin qapılarından keçərkən,
Mən zəbanilərlə cəhənnəmə gedəcəm.
Ağlayacam arxandan -
Sənin üçün dua edəcəm yenə...

Göz yaşlarım cəhənnəm istisini soyutmayacaq,
Mən alov üçün odun daşıyacam,
Şeytan olmazın işgəncəsin verəcək.
Bilirəm,
Gözlərim yanacaq,
Dərim soyulacaq,
Yenə Sənin üçün dua edəcəm...

Bilirəm, Sənin də duaların əksik olmur,
Halıma ağlayırsan.
Fürsətin olsa cənnəti tərk edərsən,
Yanıma - cəhənnəmin istisinə gələrsən.
Elə də mükəmməl deyiləm,
Günahlarımı tamamlayıb yanına gələcəm...

Səni heç sevmədiyim qədər sevəcəm,
Dualarına duaçıyam...