30.06.2011

Suudi tutukluların eşlerini'de tutuklamaya başladı

Suudi  tutukluların eşlerini\'de tutuklamaya başladı Suudi Arabistan güvenlik güçlerinin tutukluların evlerine saldırı düzenledikleri ve eşlerini tutukladıkları anlaşılıyor



El'Alem kanalının haberine göre, Hesm insan hakları örgütü yayınladığı bildiride, geçen Pazartesi günü Arabistan emniyet güçlerinin Mekke'de siyasi tutukluların evlerine operasyon düzenledikleri ve bir çoğunun eşini tutukladığını bildirdi.
*Öte yandan Suudi kadınlar, rejim aleyhinde gösteri çağrısında bulundular.
Ortaklaşa yaptıkları eylemle Suudi Arabistan'da kendilerine yönelik sürüş yasağını delen kadınlar, bu kez yabancı otomobil firmalarını destek vermeye çağırdı. Suudi Arabistan'ın kadınlara otomobil sürme yasağını sona erdirmesi için kampanya yapan bir grup, Subaru'dan yasak kaldırılıncaya kadar otomobillerini krallıktan geri çekmesini istedi. Sırada Cadillac ve Hyundai var. irib


http://haberindunyasi.com/

Lənətlənmiş həyat -3

Faiq Balabəylinin türmədə yazdığı povest


Məmməd hələ də özünə gələ bilməmişdi. Onu polis şöbəsinin kəsif qoxulu dəhlizlərindən keçirib zirzəmiyə saldılar. Əvvəlcə üst-başını yoxladılar. Cibindəki 110.000 manat pulu götürdülər, kəmərini və ayaqqabılarının qaytanlarını açdırdılar. Təxminən bir saatdan sonra onu müstəntiqin otağına apardılar. Bu bir saatda Məmməd özünə, yaşadığı ölkəyə nifrət etdi. “Bu nə həyatdı, bu nə ölkədi, ay Allah, mən yaşayıram”, – dedi öz-özünə. Yaxşı, bu dəfə mənim günahım nədi, nədə məni təqsirli bilirlər? Axı məni də ana doğub, ata əkib. Mənim də hüququm çatır bütün insanlar kimi azad yaşayam, uşağımı böyüdəm, boyuna baxıb fərəhlənəm, atamın, anamın qəbirlərini ziyarət edəm, özümün oğulluq, atalıq, ərlik borcumu verəm. Bəs bu adamlar məndən nə istəyir, görəsən? Müxalifətçi deyiləm, fərli-başlı bir işdə işləmirəm, malım-mülküm yox. Kimin gözünə pis görünmüşəm, kimə pisliyim keçib axı? Axı mən kiməm ki, kimlərəsə pisliyim də keçə bilsin. Gündəlik qazandığım 7-8 “məmməd”lə ailəmi güclə dolandırıram. Aylarla ət üzünə həsrət qalırıq. İndi-indi əlimə iş düşmüşdü, tək balamı ürəyim istəyən kimi dolandıra bilərdim. Buna da imkan vermədilər. Ölənlərinin qəbri nurla dolmuş Cəlal kafedə iş vermişdi, bu yandan uçaskovı qancığın oğlu onu da elə elədi ki, indən belə bu köpəkuşaqları məni buraxsalar da o rəhmətliyin oğlu məni yaxın qoymaz. Kimdir axı, narkomanı, işverəni yaxına qoysun”.
Məmməd qızını düşünürdü: “Adını Xoşbəxt qoydum, dedim özünü də xoşbəxt böyüdərəm. Beş ay idi doğulmuşdu, qardaş dediyim, “srok”da “xlebnik” olduğum adamın əliylə tutuldum. İndi də yeddi yaşından üç ay keçib. Hələ ad gününü də görməmişəm. Doqquz aydan sonra olacaq ad günü. Birdən yenə də həbs edərlər məni, yenə də görə bilmərəm qızımın ad gününü”.
Məmməd qızını çox sevirdi. Elə həyat yoldaşını da. Yetər onun əzabını çox çəkib. Tək balasını min bir əziyyətlə böyüdüb. Düzdür, qardaşları əri qazamatda olan bacılarına kömək ediblər. Məmməd türmədə olanda ailənin dolanışığı indikindən qat-qat yaxşı olub. Amma Yetər təkbaşına, cavan gəlin xeylağı Məmmədin adını təmiz saxlayıb. Heç kəsin qarşısında sınmayıb, əyilməyib. Qızını bağrına basıb yatızdırıb. Balasının sifətində ərinin cizgilərini axtarıb. Uşağının anasından çox atasına oxşaması onu sevindirib. Qız atasına oxşayanda xoşbəxt olar, deyiblər. Adını Xoşbəxt çağırdıqları qızlarının xoşbəxt olacağına tam əmin idi. Elə bu əminliklə də düz altı il Məmmədin yolunu gözləmişdi. Düzdür, bu altı ildə imkan tapıb bir dəfə də olsun ərinin görüşünə getməmişdi. Ona görə yox ki, qardaşlarının, bacılarının etdiyi kömək bunun üçün yetərli olmazdı. Ona görə ki, Məmməd qəti olaraq tapşırmışdı ki, nə badə cəzaçəkmə müəssisəsinə gələsən. “Başını sal aşağı, qızımızı böyüt, yolumu gözlə, qayıdıb sizləri xoşbəxt edəcəm” – demişdi Məmməd, hakimin çıxardığı hökmdən sonra.
***
Məmməd düz altı il hər gün qızını gözlərinin qarşısında canlandırıb yuxuya gedərdi. Allahdan bir arzu diləyirdi ki, qızını yuxuda görsün. Lakin bu illər ərzində cəmi iki dəfə qızını yuxuda görmüşdü. Uşağı elə bil ki, ondan incimişdi. Küsmüşdü atasından və atasının bağlı qapılar arxasında hər gün Allaha yalvarmasına baxmayaraq bu “inciklik” sona yetməmişdi və Xoşbəxt atasının yuxusuna bu iki dəfədən artıq gəlməmişdi. Məmməd eləcə gözlərini yumub balasını xəyalında canlandırırdı. Xəyalında Xoşbəxt böyümüşdü, əvvəlcə iməkləmişdi, sonra yerimişdi, lap sonra məktəbə getmişdi. Məmməd xəyalında qızının əlindən tutub dünyanın ən yaxşı, ən iri, işıqlı şəhərlərinə aparmışdı. Bu altı ildə Xoşbəxt doğrudan da xoşbəxt olmuşdu. Qızı orta məktəbi bitirib Tibb Universitetinə daxil olmuşdu. Həkim kimi atasının, anasının səhhətinin keşiyində durmuşdu. Məmmədin qapısına elçilər gəlmişdi. Və Məmməd bu elçilərin hamısını kor-peşman geri qaytarmışdı. Məmməd türmədə olarkən qızını ancaq toyuna qədər böyüdə bilmişdi xəyalında. Xəyalında ona toy çaldırmamışdı, alnından öpüb xeyir-dua verib ər evinə yola salmamışdı. Abırına sığışdırmamışdı. Həya eləmişdi. Utanmışdı. Gözlərini açıb divarlarının suvağı tökülmüş baraklara, hündür hasarlara, bu hasarların üstündən çəkilmiş tikanlı məftillərə baxmışdı və ona elə gəlmişdi ki, bu insanlıqdan uzaq məkanda qızının elçilərinə “hə” deyib ona toy çaldıra bilməz. Bunun üçün mütləq “ÇÖLƏ” çıxmalıdır. Və çölə çıxmışdı da. Məmmədin özündən əvvəl ürəyi uçunmuşdu evinə tərəf. Məmmədə elə gəlmişdi ki, evdə onu altı yaş, beş aylıq qızı yox, artıq böyüyüb boya-başa çatmış, həkim qızı gözləyir. Hələ bir onu da fikirləşmişdi ki, Xoşbəxt xəstəxanada – işdə olar, gedim onu işdən götürüm, evə aparım. Amma hansı xəstəxanada “işlədiyini”, xəyalında hara gedəcəyini hələ bilmirdi.
***
Məmmədi evində Yetər və Xoşbəxt qarşıladı. Ərinin qorxusundan Yetər cəzaçəkmə müəssisəsinin qarşısına da gəlməmişdi. Yetəri hıçqırıq boğmuşdu. Məmmədin boynuna sarılmışdı:
- Sənə qurban olum, Məmməd! Axır ki, gəlib çıxdın. Axır ki, bizim də evimizdən kişi nəfəsi, kişi səsi gələcək. Sənin səsinə, nəfəsinə qurban olum, – demişdi.
Məmməd də ağlamışdı. Amma səssiz. Eləcə göz yaşları yanağı aşağı axmış, çənəsindən, boynundan boğazından süzülüb köynəyinin yaxalığını islatmışdı. Gözlərini isə saçları səliqə ilə daranmış, ağ donda, ağ corabda, ağ ayaqqabıda onlara baxan qızına zilləmişdi. Yetəri ehmalca kənara itələyib aşağı çömbəlmiş, qızına:
- Gəl babanın qucağına, – demişdi.
Niyə “baba” demişdi, fərqinə varmamışdı. Bəlkə də xəyalında böyütdüyü Xoşbəxti birdən-birə bu qədər kiçik görmək ona bu sözü dedizdirmişdi. Axı onun aləmində Xoşbəxt böyük, qapısına elçiləri gətizdirən bir qız idi.
Xoşbəxt isə “baba” sözünün fərqinə varmışdı, Məmmədin uzalı qollarına tərəf atdığı birinci addımı elə yerindəcə donub qalmışdı. Anasının ətəyindən tutub onun ayaqlarının arasında gizlənirmiş kimi qıçlarına qısılmış və demişdi:
- Bəs sən deyirdin ki, atam gələcək, bəs nə oldu, atam gəlmədi. Bu kişi kimdir, mən atamı istəyirəm, baba lazım deyil mənə.
Yetər:
- Atandı də, qurbanın olum.
Məmməd:
- Atanam da, başına dönüm.
- Ata, mən səni heç görmədim, həmişə səni gözlədim, – demişdi Xoşbəxt. Nazik dodaqları səyrimişdi, uşağı ağlamaq tutmuşdu, atasının boynuna sarılmışdı. Xoşbəxt Məmmədin boynunu elə sıxmışdı ki, sanki onu buraxsa çıxıb gedəcəyindən, atasını bir daha görməyəcəyindən qorxmuşdu.
Məmməd türmədən qızını xoşbəxt etmək üçün çıxmışdı. Və bunun üçün əlindən gələni edəcəkdi. Ancaq və ancaq hallal yolla, düzgünlüklə. İmkan vermədilər…

      
***
Müstəntiqin qırx yaşı ancaq olardı. Kabinetindəki kompüterin arxasında oturub nə isə yazırdı. On dəqiqədən bir qədər çox vaxtda kabinetdə ancaq klaviaturanın çaqqıltısının səsi gəldi. Müstəntiq arada durub özünə çay süzdü, Məmmədə də təklif elədi. Məmməd:
- Çox sağ ol, – dedi. – İçmirəm.
Müstəntiq:
- Üst-başuva baxıram yaman gündəsən. Əlinə düşəni “mal”a verirsən, əyninə-başuva verəydin də, ay bədbəxt, – dedi.
- Nə “mal”, nəçənnik?
Müstəntiq kömpüterində yazmağındaydı, Məmmədin cavabını deyəsən heç eşitmədi də.
- Adın, familyan, atanın adı. Harda, nə vaxt doğulmusan, təhsilin.
Məmməd ardıcıllıqla müstəntiqin sorğusuna cavab verdi.
- Həbs olunmusanmı?
- Bəli, – dedi Məmməd. Sonra da nə vaxt, nəyə görə həbs olunduğunu və hansı maddələrlə istintaqa cəlb olunduğunu da əlavə etdi.
- Hə, Məmməd, bir iş var, iki əməl. Demək səkkiz aydır azadlıqdasan.
- Elədir, nəçənnik.
Müstəntiq siqaret yandırdı, Məmmədə də təklif etdi, alışqanla əvvəl Məmmədin, sonra isə özünün siqaretini yandırdı. Ayağa qalxıb otaq boyu var-gəl etdi.
- Yaxşı, səninlə açıq olacağam. Səmimi söhbət edəcəyəm, həm vaxtımız azdı, həm də görürəm çox əziyyət çəkmisən. Tembole uşağın da var, sən onlara lazımsan. Allah heç bir uşağı atasız qoymasın. Yetimçilik çox ağır şeydi…
Müstəntiq danışdıqca Məmmədin ürəyində bir rahatlıq yaranırdı. “Deyəsən insan adamdı, bayaqkılar kimi kobud deyil, insan kimi qəbul edir məni. Söymür, təhqir eləmir”. Elə bu fikirlərlə də yazıq-yazıq dilləndi:
- Allah balalarını saxlasın, nəçənnik.
Müstəntiq ayaq saxlayıb Məmmədə diqqətlə baxdı, üzbəüz stulda əyləşdi:
- Yox, Mamed, Allah mənim balalarımı saxlamadı. Üç övladım oldu, üçü də dil açıb danışanda tələf oldu. Mənə bala dağı çəkdi Allah dediyin o gözəgörünməz.
Məmməd dinmədi, başını aşağı saldı, müstəntiqin övlad dərdinə acıdı, “Qurban olum sənə, ay Allah, bəs bu da yazıqdır də, elə öldürəcəkdinsə bəri başdan verməyəydin də bu uşaqları ona” – içində Yaradana asi oldu. Qorxa-qorxa, çəkinə-çəkinə dedi:
- Allah əvəzin versin, hər şey onun əlindədir.
Müstəntiq birdən ayağa qalxdı, çəkib sona çatdırdığı siqaretini külqabıya basıb söndürdü, yenisini yandırdı:
- Yaxşı, Mamed, – dedi. – Sən gəl belə elə bunlardan birini götür boynuna, tezbazar qurtaraq bu işi.
Sonra ayağa qalxdı, seyfdən bir “Makarov” tipli tapança, bir ədəd də siqaret qutusunun gümüşü kağızına bükülmüş balaca, çeçələ barmağının ucu boyda bükülü çıxartdı.
- Məhkəmədə prokuror üç ilə qədər oxuyacaq, hakim də səmimi etirafını, körpə uşağını nəzərə alıb il yarım verər, gedərsən. Altı aydan da sonra üçdə birindi. Mənim sənə köməyim o olar ki, bir on gün də qabaqdan aformit edərəm…
Məmmədin az qala bağrı çatlayacaqdı. Sinəsi ürəyinin döyüntüsünə tablamayacaqdı elə bil. Bu nə adamdır, cəmi beş dəqiqə qabaq övlad itkisindən, uşaq həsrətindən yana-yana danışırdı, indi nə namərdlik etmək istəyir. Necə yəni bunlardan birini boynuna götür?
Məmməd çox şeylər görmüşdü, amma beləsi ilə rastlamamışdı. Müstəntiqlərin, polis işçilərinin, həbsxana nəzarətçilərinin, əməliyyatçıların qurduqları “proklatkaları” çox görmüşdü. Amma, onlar gətirib stolun üstünə hər hansı əşyanı qoyub, bunu boynuna al, deməmişdilər. Özündən xəbərsiz yastığının altına, cibinə, iş yerinə kəsici alətlər, narkotik maddələrin istifadəsi üçün nəzərdə tutulan şpristlər, “puzuryoklar”, kart, parnoqrafik şəkillər, müxalifət qəzetləri dəfələrlə qoyulmuşdu. Döyə-döyə, söyə-söyə, boynuna qoymuşdular, üzünə durmağa yalançı şahidlər tapılmışdı, içindən çəkə-çəkə qalmışdı. Amma belə bir hadisə birinci dəfə idi ki, başına gəlirdi. Bu oğraşlığın, nakişiliyin son həddi idi. Müstəntiq isə hələ də danışırdı:
- Nə fikrə getdin, Mamed. Dolanışıq çətindir, bilirəm. Vicdanıma and içirəm, bəxtin gətirib ki, işi mənə veriblər. Səni kişi bilib açıq danışıram. Bax, bu silahı boynuna götür, balalarımın körpə qəbirlərinə and olsun, yalan demirəm, 500 dollar da verim ver evə, genə bir şeydi, dolanarlar. Onsuz da aya 100 dollar qazanmırsan. Altı aya da üçdə birnən çıxarsan. Məni başa düş, rəis də divara dirəyib bizi. Adam verməliyik.
Məmməd inildədi:
- Məni balalarının qəbrinin başına dolandır, nəçənnik. Mənə, körpəmə yazığın gəlsin. Burax gedim işimin-gücümün, hamballığımın dalıyca. O qədər küncdə-bucaqda iynə vuran var ki, işçilərinizə deyin tutub damlasınlar. Həm cinayətkar azalar, həm də planuvuzu doldurarsuz.
Müstəntiqin sifəti döndü. Elə bil ki, bayaqkı adamın içində şeytanlar ocaq qaladı, rəngi qızardı.
- Ayə, bədbəxt oğlu, mənim sənə yazıqlığım gəldi. İndi butulkanı sənə yeridə-yeridə ikisini də sənə aformit eləyim?
Yaxına gəlib Məmmədin boynunun ardına yumruq ilişdirdi. Ağrıdan inildəsə də, müvazinətini itirsə də Məmməd özünü saxlamağı bacardı, yıxılmadı.
Müstəntiq əsəbi halda qapını açıb qışqırdı:
- Dejurnı!
Cavab əvəzinə otaqdakı telefonlardan biri səsləndi. Dəstəyi qaldırıb əsəbi halda:
- “Paykovoy”lardan ikisini bura göndər.
Heç iki dəqiqə keçmədi ki, 25-30 yaşlı 2 nəfər otağa daxil oldu. İrişə-irişə, yaltaqlana-yaltaqlana:
- Eşidirik, rəis – dedilər.
- Tanıyırsız bunu.
Üz-gözündən narkomanlıq yağan hər iki “kişi qırığı”:
- Əlbəttə, rəis, bu elə həmin adam özüdür, – dedilər.
- Hansı adam ə, sürtük? – müstəntiq bu dəfə iki nəfərdən acığını çıxdı.
“Sürtük” deyilən əvvəlcə stolun üstündəki “Makarov”a, sonra kiçik bükülüyə baxdı. Sonra bülbül kimi ötməyə başladı:
- Cənab rəis, bu adamı çoxdan tanıyıram. Bir neçə dəfə silahla adamları qorxudub cibindəkiləri, boyun-boğazındakıları əlindən aldığı haqda da eşitmişəm. Əvvəllər istəmişəm ki, törətdiyi cinayətlər haqda polisə məlumat verəm. Düzü qorxmuşam. Özümdən yox, körpə uşaqlarım var. Həyat yoldaşıma, anama görə qorxmuşam. Onlara zərər toxundura bilərdi. Özünüz bilirsiniz ki, mən narkomanlara qarşı barışmaz mövqedəyəm. Millətin gənc övladlarını “ağ ölümə” sürükləyənlər isə mənim əsl düşmənlərimdir. Mən onlara qarşı müharibə elan etmişəm. Elə ki, mən bu adamın narkotik maddələrin satışı ilə məşğul olduğunu bildim, onda lap dəhşətə gəldim. Sən demə bu həm də “barıga” imiş. Bir gün özünə də dedim. Dedim, ayıbdır. Məni hədələdi. Cənab rəis, bu adamdan qorxuram, xahiş edirəm bunu cinayətə cəlb edəsiniz.
- Yaxşı, day bəsdi hürdün. Sən necə tanıyırsan ə, sallaq?
“Sallaq” deyilən boynu bükülü “ştatdakı” şahid də Sürtükün dediklərini təsdiqlədi.
- Yaxşı basın bayıra, – müstəntiq çımxırdı.
- Rəis, bəs biz neyniyək?
Müstəntiq yenidən seyfin qapısını açdı. Bükülüdən nəsə çıxardıb açdı, hərəsinə bir qırıq tiryək verdi.
- Davay, payokuvuzu alduz, basın bayıra.
Sürtüklə Sallax təzim edə-edə bayıra çıxdılar.
Müstəntiq siqaret yandırdı, bu dəfə Məmmədə təklif etmədi. Siqaretindən dərin bir qullab vurub Məmmədə iyrənirmiş kimi ikrahla baxdı:
- Nə deyirsən ə, aformit eləyim hər ikisini?
Məmməd başını yuxarı qaldırıb müstəntiqə nifrətlə baxdı. İstədi nəsə desin, dinə bilmədi. Boğazı qurumuş, dili kilidlənmişdi. Səssiz-səmirsiz ağlayırdı. Göz yaşları ara vermədən yanağı aşağı, sinəsinə, nimdaş köynəyinin yaxasına axırdı. Eynən səkkiz ay bundan qabaq azadlığa çıxarkən arvadı və qızı ilə görüşdə ağladığı kimi.
- Matişkə arvadlar kimi ağlama ə, qoduq. Millətin balasını kor qoymusuz. Adam kişi olar. Sənə dedim adam kimi boynuva al.
Məmməd müstəntiqin son sözlərini eşitmədi.
***
Məmmədi həmin gecə şöbənin müvəqqəti saxlama kamerasında saxladılar. Dar bir otaqdı. Divara bitişik iki mərtəbəli 2 ədəd çarpayı var idi. Otaqda tək idi. Divarlarda müxtəlif adamların – həbs olunanların adları, təqsirli bilindikləri cinayətin maddələri, doğulduqları rayonların adı və onları həbs edən polislərin, “işlərini” aparan müstəntiqlərin ünvanlarına söyüşlər yazılmışdı.
Məmmədin siqareti qurtarmışdı. Növbətçi polisdən siqaret istədi. Polis serjantı insaflı adam imiş. Siqaretə qızırğalanmadı. Hətta canıyananlıq da etdi:
- Çox fikir eləmə, Allaha pənah, yaxşı olar, inşallah. Məndə də siqaret azdı. Pulun varsa, ver alım.
Məmmədin pulunu gündüzdən alıb aktlaşdırıb, özünə də imza etdirib seyfə qoymuşdular. Növbətçi polisə qısaca:
- Pulumu götürüblər, – dedi.
Polis bir söz demədən qapının gözlüyündən uzaqlaşdı. Təxminən 20-25 dəqiqədən sonra bir qutu “Azəri” siqareti və kibriti içəri ötürdü. Məmməd təşəkkürünü bildirdi. Polis:
- Evdən bilirlərmi?
- Xəbər eləyə bilmədim.
Polis:
- Yəqin acsan.
Məmməd:
- Yadıma elə yemək düşürdü…
Polis:
- Yesən yaxşıdı. Görüm bizdə bir şey qalıbmı.
Bir azdan polis serjantı Məmmədə bir ədəd soyutma yumurta, duz, göy soğan, çörək və bir plastmas parçda da çay gətirdi. Qapının “kormuşka” deyilən bacasından içəri ötürdü.
- Götür, nuş olsun, – dedi.
Məmməd çayı içdi. Canında bir istilik, hərarət hiss etdi. Yemək yeyə bilmədi. Boğazı kilidlənmişdi elə bil. Öz-özünə pıçıltı ilə danışırdı: “Yazıq Yetər indi bilmir neyləsin, dərdini kimə desin. Hələ Xoşbəxt nə dərd çəkəcək. İndi-indi isinirdi mənə. İndi-indi ata nəvazişini hiss edirdi bədbəxt balam. Yox, hələ ümidləri var ki, qayıdam. Çünki elə vaxt olub işdən lap gec qayıtmışam. Bəzən kiminsə həyət-bacasını, obyektini yır-yığış etməyim saat 12-yə, 1-ə çəkib. Hələ gözləyirlər yəqin. Gözləyəcəklər, biləndə ki, məni həbs ediblər, yazıqların yenə bağrı çatlayacaq. Mən özüm bir gün görmədim, üstəlik onları da bədbəxt etdim. Baxtım, taleyim belə imiş. İt uşaqları mənə imkan vermədilər adam kimi yaşayam. İtin də günü-güzaranı mənimkindən yaxşıdır”.
Məmməd siqareti-siqaretə calayır, kamerada var-gəl edir, ümidini üzmür, sabahın açılmasını səbirsizliklə gözləyirdi. “Sabah açılsın, yıxılacam ayaqlarına, ayaqqablarından öpəcəm, mənə rəhmin gəlsin, deyəcəm, bəlkə insafa gəldi, bağışladı məni. Bu nə “plandı” axı, gərək məni həbs etməklə dolduralar? Bəs deyirlər bizim polisimiz ədalətlidir, ölkəmiz demokratik ölkədir, iqtisadiyyatımız günü-gündən yüksəlir, kasıbların sayı azalır. Yalandır axı bütün bunlar. Polis tutub məni atır içəri, nə var-nə var, buna plan qoyublar ki, bu ay filan qədər narkoman tutmalısan. Müstəntiqdəki həyasızlığa bax bir, utanıb-qızarmır, götür bunlardan ürəyin istəyəni, razı olmayanda da üzünə tanımadığın adamı şahid durğuzur. Hələ bir ürəyim də yandı ona. Uşağı körpəyikən tələf olub. Allaha qurban olum, o körpələri sonrakı xəcalətdən xilas edib. Bunun övladları bu adamdan nə görüb götürəcəkdilər ki. Sabah açılsın – xeyirə açılsın. Tələb edəcəm məni rəisləri ilə görüşdürsünlər. Rəisləri də bunların tayı olsa, vəkil tələb edəcəyəm. Qoy vəkil çıxsın lap yuxarılara, məni müdafiə etsin. “Dəvədən böyük fil var axı” – deyiblər.
Məmməd bilmirdi ki, bu ölkədə kinli dəvələr olsa da, fil ümumiyyətlə olmayıb və çox güman ki, olmayacaq da.
Məmmədi günortaya yaxın müstəntiqin otağına apardılar. Otaqda bir nəfər də adam vardı. Sol qolundan istilik peçinə gedən turbaya qandallamışdılar. Sir-sifəti qanın içində idi. Müstəntiq qəzəbli idi. Görünür bu dustağın boynuna istədiyini qoya bilməmişdi. Məmmədə tərəf dönüb:
- Otur bax, səni bundan da pis günə qoyacam. Bunun yenə canı-cəsədi var, səndə o da yoxdu.
Məmməd ehmalca stulda oturdu. Müstəntiq rezin zopa ilə köməksiz, qolu qandallı, təxminən 25 yaşlı gənci döyməyə başladı.
- Köpəyoğlu, mən səni adam bilib dedim ki, özün-özünə maddə seç, sənsə mənə buynuz göstərdin. Gör sənin buynuzunu necə qırıram. Petuxun biri petux. Sən hələ məni tanımamısan. Mənim nə qədər mülayim üzüm varsa, bir o qədər də sərt üzüm var.
Müstəntiq ara vermədən gəncin çiyninə, kürəyinə, dizlərinə, qarnına, böyrəklərinə zərbələr endirir və söyüşlər söyürdü. Arada əl saxladı. “Banaqua” mineral suyundan stəkana süzüb içdi:
- Başa düşdün ə, mən kiməm və nəyi necə istəyirəm elə də edirəm? Sən öl sizə – bu dəfə üzünü həm də Məmmədə tutdu – dünyada analoqu olmayan bir cəza verəcəm – gəncəli Koroğlu kimi dubinkanı soxacam sizə. Hələ bir köpəyoğlu mənim əlimdən salamat qurtarmayıb. Ağlın gəldi başuva? – o oğlana tərəf döndü.
Oğlan halsız halda, zəif səslə:
- Hə, – dedi.
Ağzının qanını otağa tüpürdü.
Müstəntiq bağırdı:
- Murdarlama ə, otağı. Sən öl, sənin özünə könüllü maddə seçdirməsəm, heç kişi deyiləm. Al bu kitabı vərəqlə, özünə maddə seç.
Oğlan tək əliylə qarşısına atılmış kitabı vərəqlədi. Cinayət məcəlləsi kitabı idi. Dodaqlarının altında nə isə mızıldandı. Görünür maddələri oxuyub saf-çürük edirdi. Birdən başını yuxarı qaldırdı:
- Mənə su ver, içim.
- Tapdın, seçdin? – müstəntiq soruşdu.
Oğlan:
- Hə, – dedi.
Müstəntiq:
- Hansını?
Oğlan:
- Mənə su ver.
- Ala!
Müstəntiq baş barmağını iki barmağının arasından çıxarıb az qala oğlanın gözünə soxacaqdı. Oğlan bu dəfə:
- Mənə siqaret ver, qoy bir az toxtayım, – dedi.
Müstəntiq nə fikirləşdisə oğlana bir stəkan su verdi. Sonra siqaret yandırıb oğlanın ağzına qoydu:
- Bax, elə eləmə, bu fason ağzına verim.
Oğlan dinmədi. Siqareti acgözlüklə sümürdü. Məmməd stolda büzüşüb bu səhnəni seyr edirdi: “Bu nə əxlaqsız adamdır”, – deyə fikrindən keçirdi.
Oğlan siqaretini çəkib qurtardı. Müstəntiq kreslosunda oturub qaliblər kimi oğlanı kinayəli baxışlarla süzdü:
- Hə, nə oldu, sənə hansı maddəni “yaraşdıraq”?
Oğlan:
- 149-cu maddəni, – dedi. Ancaq bilmirəm zərərçəkəni, yaxud şahidləri tapacaqsanmı?
Bu zorlama maddəsi idi. Müstəntiq duruxdu:
- Sən şahidlərdən narahat olma, ver bura görüm o kitabı, bu nə maddədir seçibsən ə, özünə? Bu maddə ilə yatanları bilirsən də zonda nə gözləyir?
Oğlan:
- Bilirəm, – dedi.
Müstəntiq – “hım” eləyib qımışdı:
- Ə, bəlkə sən elə heylə şeylərə meyillisən, hə?
Oğlan:
- Yox, – dedi. – meyilli deyiləm, amma seçdiyim cinayət məcəlləsi bu oldu.
Müstəntiq:
- Neynək, sən deyən olsun. Danış nə vaxt, haçan, kimi, harda.
Oğlan yavaş-yavaş, aydın səslə dedi:
- Dünən, 2006-cı ilin may ayının 10-da, gündüz saat 11.30-da, sənin yaşadığın evdə sənin arvadını zorlamışam.
Müstəntiq əvvəlcə susdu. Gözləri böyüdü, istədi nəsə desin, dili söz tutmadı, udqundu. Güclə:
- Nə dedin?
Oğlan:
- Eşitdiyini dedim. Əgər məni dünən axşam tutmasaydılar, bu gün də ananın yanına gedəcəkdim. İndi aformit elə, zərərçəkəni də gətir üzümə dursun.
Müstəntiqin vəhşi bağırtısına, oğlanın başına vurduğu zərbələrin tappıltısına qonşu otaqlardan polislər yüyürüb gəldilər. Müstəntiqi zorla sakitləşdirib otaqdan çıxartdılar. Sonra otağa bir polis mayoru daxil oldu. Məmməddən soruşdu:
- Nə oldu ə, buna, bu niyə belə bağırdı?
Məmməd titrək səslə:
- Nə bilim, nəçənnik. Deyəsən bu qaqaş dünən onun arvadını zorlayıb, sonra da anasını zorlamaq istəyib, amma tutublar. Anasına heç nə eləməyib. Bunu biləndə dəli oldu. Qaqaş özü səmimi etiraf etdi.
Mayor qəribə bir səslə:
- Nə danışırsan ə, yəni belə şey olub? Onun arvadı bilirsən kimin qızıdır? – deyib halsız vəziyyətdə sol qolundan asılmış gəncə tərəf döndü. Yaxınlaşıb:
- Deyəsən bunun nəfəsi gəlmir axı?
Tələsik otaqdan çıxdı. Oğlan müstəntiqin zərbələrindən keçinmişdi. Görünür zərbələrdən hansısa bədbəxtin ölümlə nəticələnəcək hüceyrələrinə dəymişdi.



Faiq Balabəyli


                

“Alman dəftəri” – 5

Bəşəriyyətin gözəl yarısı haqqında – tarixi fiqurlar

Leni Riefenstahl və Marlene Dietrich
XX əsr dünya kinematoqrafının parlaq ulduzları Marlene Dietrich (1901-1992) və Leni Riefenstahl (1902-2003) – alman kinosunun yaratdığı iki kult fiqur çox dərin və ifadəli bir qarşıdurma idi. Dünya incəsənət tarixində möhtəşəm bir iz qoymuş bu iki Frau, yalnız film çəkilişi meydançalarında, estetik dünyagörüşündə, rejissor yatağı uğrunda amansız rəqabətdə deyil, sarsıdıcı ideoloji mübarizə və yüz milyonların indiyədək görünməmiş bir azğınlıqla apardığı savaş simfoniyasının müşaiyəti altında, müdhiş bir tarix səhnəsində əks səngərlərdə üz-üzə gəldilər.
Marlene – əsrarəngiz gözəllik, qarşısıalınmaz pardaqlı şəhvət, sonsuz azadlıq və günahlar içində boğulan arzuların ilhamvericisi, yeni seksuallıq rəmzi – fəlakətli “mavi mələk”di.
Leni – qədim german saqalarından çıxmış, Vahalladan Odinin əmri ilə tarixin təkərlərini döndərmək üçün yerə enmiş əfsanəvi varlıq, idealistik aləmlərin yaradıcısı, cazibəsi qarşısında dirənişin mümkünsüz olduğu qəddarlıq həddinə yaxın “soyuq” gözəlliyin mücəssiməsi, sonralar haqqında deyildiyi kimi “Ein weibliches Monster” (dlimizdə təxmini “dişi monstr” kimi çevrilə bilər) – canlı “valkiriya”.
Marlene 1932-dən sonra artıq tamamilə dəyişilən Almaniyadan köçüb getmişdi. Müharibə zamanı almanların əleyhinə mübarizə aparan general Charles de Gaulle cəbhəsində vuruşan məşhur fransız akryoru Jean Gabenin rəfiqəsi olaraq, ayağı bir də alman torpağına Amerika ordusunun tərkibində, 1944-də dəymişdi. Müharibədən sonra bir daha buraya geri dönməmiş, yalnız 60-larda vətənə səfərində “xain” kimi bir qızcığaz tərəfindən Bonnda sifətinə tüpürülmüşdü. Lakin Marlene satqın deyildi, o nasistlərə həqiqətən də dərin nifrət bəsləyirdi, ona Goebbels tərəfindən edilmiş bütün təklifləri ikrahla rədd etdikdən sonra, Amerikanın müharibəyə qoşulduğu andan ordu qarşısında çıxışlar edərək onları düşmənlə – almalarla(!) – mübarizəyə ruhlandırırdı. Dünya kinosunun tarixində rəmzə çevrilmiş “Der blaue Engel” (“Mavi Mələk” filmi, 1930, rejissor Josef von Sternberg, baş rolda Marlene Dietrich), milyonlarla pərəstişkarının bütü olan Marlene bir daha Almaniyaya geri dönə bilmədi, uzun və parlaq həyatını Parisdə tənhalıqda başa vurdu.
Leni isə tam əksinə, 45-in baharında amerikalılara əsir düşənə qədər nasistlərin yaratdığı, ona yaradıcılıq üçün böyük səhnə vermiş bu müdhiş quruluşa bütün istedadı və tükənməz enerjisi ilə xidmət etdi. Boyca hündür olmayan, lakin sonsuz cazibəli bu qadının cəmiyyətdə yalnız peyda olması, maskulin dominanta üzərində qurulmuş nasional-sosialist quruluşunun bərqərarı üçün az qala bütün Avropanı fəth edə bilmiş, üç kontinent və okeanlarda müstəsna qəddarlıqla mübarizə aparan generalları belə ayağa qalxmağa məcbur edirdi. Sanki Wagner misteriyalarının əfsanəvi varlıqlarının bu canlı mücəssiməsi, nasional-sosialist incəsənətinin rəmzi Leni 45-ci ilin mayında həbs edilərək, denasifikasiya proseslərində üç dəfə məhkəmədə edilən ittihamlardan qurtaranadək neçə ilini Münhendəki həbsxanada, sonra isə cəmiyyətin qəddar təpkisi altında, faktiki toplum dışında və tənhalıqda keçirdi.
Uzun ömrünün sonunda, 2001-ci ildə Peterburqdakı kino festivalında peyda olarkən yenidən alqışlara qərq olmuş bu yaşlı xanım heyrətini gizlədə bilmirdi: postsovet ölkələri üçün politkorrekt anlayışının ümumiyyətlə mövcud olmadığını haradan biləydi ki? Dünyanın istənilən nöqtəsində kino cəmiyyətindən öz keçmişinə görə tamamilə təcrid olunmuş Leni üçün bu yəqin ki, son “Triumph des Willens” (“İradənin zəfəri” flimi, 1934, rejissor Leni Riefenstahl) idi. O zaman Peterburqda yaşayan həmyerlimiz, xanım Riefenstahl üçün təşkil edilmiş mətbuat konfransında iştirak etmiş Ülvi Mehti nəql edirdi ki, onun müəllimi, yəhudi mənşəli kinoşünas Mixail Trofimenkov bu canlı kino bütünün əllərini belə öpməyə hazır idi. Doğrudan da sənət heç bir sərhəd tanımırmış!
Bu iki xanınmın qarşıdurmasını incəsənət tarixində ən mənalı bir duel kimi qiymətləndirmək olar.
Lakin təəssüflə qeyd etməliyik ki, alman xanımları tarixə yalnız sənətdəki uğurları ilə yox, gözəl cinsin müstəsna qəddarlığı rəmzi kimi də yazılmışlar. Tarixdə belə qəddarlığın nümunələrinə çox çətin rast gəlmək olar –  II Dünya Müharibəsi zamanı ölüm düşərgələrində və hətta SS-də (yardımçı kimi, qadınların bu təşkilata birbaşa daxili qadağan idi) xidmət edən bu xanımların arasında Ravensbrück və Auschwitz düşərgələrində insanları hədsiz işgəncələrlə öldürən Irma Grese (“Ölüm mələyi” ləqəbli bu qadın seksual maniya xarakteri almış cinayətlərinə görə ingilislər tərəfindən 1945-də əsir alınaraq asılmışdı); Buchenwald və Maydanek ölüm düşərgələrindəki komendant Karl Kochun xanımı Ilse Koch (məhkumlara qarşı sadist davranışları səbəbindən “Buchenwald ifritəsi” adı verilmiş bu qadın hətta almanlar tərəfindən belə hərəkətlərinə görə cərimələnmişdi); Ravensbrück düşərgəsində canlı insanlar üzərində tibbi eksperimentlər aparan və Nürnberq məhkəməsində həkimlər arasındakı yeganə qadın Herta Oberheuser və bir çox başqaları buna misal ola bilər.
Bunlardan başqa “Hitler olmayan Almaniyada yaşamağın mümkünsüzlüyünü” deyərək, həyatının yalnız sonuncu günü müttəfiqlər tərəfindən məhv edilmiş Berlinin qalıqları altındakı bunkerdə ərinə çevrilmiş müstəbidlə ömrünü intiharla bitirən Eva Braun, və ya qədim yunan əfsanəsinin qəhrəmanı Medeya kimi uşaqlarını öz əlləri ilə qətlə yetirdiyini Nasional-sosializm olmadıqda həyatın mənasızlığın”da əsaslandıran Magda Goebbels kimi misallar tarixdə birmənalı olmayan bir iz buraxıb.
Təssüf ki, XX əsr qəddarlıda cinslər arasında fərq tanımırdı…
  
         Elmir Mirzəyev                          ardı var…

Kəndimizin Tanrısı

Araz Gündüz. Hekayə


Əskilərdə dilimizdə “xalq”, “millət” sözünün yerinə işlənmiş “budun” sözü “ümmət” sözü ilə savaşda basılmasaydı, indiki danışığımıza uyğunlaşıb “bütün” kimi səslənər, biz də “xalqım”, “millətim” yerinə dadlı-dadlı “bütünüm” deyib, bütövləşməyimizin gərəkliyini bir az da yaxşı anlayıb, duya bilərdik.

Qonşumuz Buludxan kişi danışırdı ki, yaxın rayonların birinə iş dalısınca gedəndə bir talış kəndinə gəlib çıxır.

Yan-yörədəki söz-sova qulaq verib görür ki, bu kəndin adamı öz aralarında danışanda, ona baxıb nəyə görəsə bir ucdan “tırk” deyirlər.

Kəndçilərdən birini qırağa çəkib soruşur ki, bunlar mənə baxıb niyə “tırk” deyirlər? – Adam anladır ki, “türk” sözü talışca “tırk” kimi səslənir, sən də ki, milliyyətcə türksən, adını bimədiklərindən sənə eləcə “türk” deyirlər.

Buludxan kişi incik-incik danışırdı ki, and-aman eləyib onları ha başa saldım, mən türk deyiləm, müsəlmanam, ancaq nəsə yenə də mənə “tırk” dedilər ki, dedilər!

Buna oxşar bir olay ötən yüzilliyin 70-ci illərində, bizim kənddən İrəvan bazarına soğan satmağa getmiş Dənizxan kişinin də başına gəlmişdi. Kişi deyərdi ki, adamın öz yerindən yaxşısı yoxdur, bizdə qonağa “gözün üstündə qaşın var” deməzlər, ürəyini sındırmazlar, İrəvanda isə mənə elə hey bir ucdan türk deyib gözümçıxdıya salmışdılar.

Sonra da qayıdıb deyərdi ki, sizi Tanrı, baxın görün, mənim haram türkə oxşayır? (Dənizxan kişi az-maz kitab oxuyan adam olduğundan, R.N. Güntəkinin “Çalı Quşu” romanını oxumuşdu, türkləri oradan tanıyırdı, onlarla özü arasında oxşarlıq olmadığını da burdan bilirdi.)

Bizim kənddə adamların milliyətini öyrənmək üçün sorğu keçirsəniz burada ən azı üç millətin yaşadığını öyrənəcəksiniz.

Yaşlı adamlar sorğunuza: ”müsəlmanam”, qalanları: ”azərbaycanlıyam” deyəcəklər.

Birdən özünə: ”türkəm” deyən birisi ilə üzləşsəniz, o günü uğurunuzun açıq olduğuna, bütün qalan işlərinizin də düz gətirəcəyinə inana bilərsiniz, axı belə olay bizdə Günəş, Ay tutulması kimi neçə illərdəndən bir baş verir!

Üç adla çağırılan bir millətə isə bütün deyilə biməyəcəyi bəlli bir işdir...

Günlərin bir günü, gecə yarısı Mahmud Qaşqarlı ilə danışırdıq (yəni onun “Türk Sözlüyünü” oxuyurdum), O mənə türklərin əski çağlardakı inanclarından önəmli bir olay danışmaqdaydı.

Dediyindən belə bəlli olurdu ki, onun yaşadığı çağlarda soydaşları olan uyğurların bir bölümü ayaqlarını yerə dirəyib islam inancına gəlmək istəməyiblər, öz Tanrılarına tapınırmışlar, əllərində bu Tanrının türk dilində, türk əlifbası ilə yazılan BİTİYİ (Kitabı) də varmış.

Söz arası mənə anlatdı ki, üz vurmayım, onsuz da Tanrı Bitiyində nə yazıldığını mənə deməyəcək, ona görə ki, orada yazılanlar böyük yanlışlardır, yəni ki, küfrdür.

Ancaq bir az keçmiş, dediklərini unudubmuş kimi Tanrı Bitiyində yazılanlardan da bir iki söz dedi: Sən demə ölən adamların türkcə Üz deyilən ruhları, Tanrı buyuruğuna gedib Üzlük deyilən – O dünyada yaşayırlarmış...

Adamların inanclarına, tapınaqlarına sayqı ilə yanaşmağımdan dolayı, bir də Mahmud Qaşqarlı məndən 928 yaş böyük olduğundan, bildiyim bir çox nəsnələri onun üzünə vurmağı artıq saydım. Ancaq bu bildiklərimi indi szinlə bölüşmək istəyirəm.

Mahmud Qaşqarlıya deməyə üzüm gəlməyən bu idi ki, Onun bəyənmədiyini dilə gətirdiyi Tanrı, bu gün də bizim kənd adamının inanclarında yaşamaqdadır.

Bizim kəndin adamları inanırlar ki, özünün yeddi arxadan dönənini tanımayan adamların Üzü (ruhu) öləndən sonra Tanrı qulluğuna gedib çıxa bilmir; Yeddi qatı olan göyün qatlarında yaşayan bu Yeddi arxanın Üzləri – Onları adı ilə çağırıb tanışlıq verən törəmələrinin Üzlərinə Tanrı qulluğuna gedən yolu tanıdırlar; Onlardan tək birini tanımadınsa yerlə göy arasında azıb, sonsuza kimi döyüküb qalacaqsan.

Kəndimizdə Tanrıya Tanrı kişi deyərlər, yeddi qatlı Göy üzünün yiyəsi olan Tanrı kişinin Yer üzünə də bütünlüklə görüm-baxım elədiyini düşünərlər.

Adamlara huşla-başla qulaq asanda anlamaq olurdu ki, onlar Tanrı kişiyə inanır, güvənir, lap ərk də eləyirlər. İnanırlar ki, alqışları da, qarğışları da, istənilən diləkləri də Tanrı kişinin qulağına çatır; Durub Göy üzünə baxa-baxa Tanrıyla danışan, yaxşı günündə sevincini, yaman günündə qayğılarını Onunla bölüşən adamları mən kəndimizdə çox görmüşəm...

Kəndçimiz Əbdül kişi Tanrı kişinin qarasınca deyinməkdə ad çıxarmışdı. Günlərin birində, işi lap düz gətirməyəndə, Tanrıya “utanmaz kişi” demişdi, yaxında dayanıb bunu eşidən böyük qardaşı Bayandur kişi ona: ”Qanacağın olsun, kişi kişinin dalınca danışmaz”—deyib təpinmişdi...

Deyirlər ki, gəl-get olmayan yerdə doğmalıq olmur, kəndçilərimizin Tanrı kişi ilə doğmalığı—ortada gəl-get olmasından doğulmuşdur.

Tanrı kişi ürəyiyumuşaq olduğundan, Adna axşamları ölənlərin Üzlərini evə buraxır, Onlar da kəndimizə gəlib, yaxın adamlarını yoluxub, sonra yenə geriyə – Tanrı kişinin qulluğuna qayıdırlar.

Dirilərə gəlincə, gecələr Tanrı kişi onların Üzlərini yanına çağırıb iş buyurur, adamlar da ertəsi gün Tanrı kişinin qulluğunda olduqları anları bir də yada salıb, Onun Buyuruqlarını ayıq başla anlamağa çalışırlar (yuxularını yozurlar). Bizim kəndin adamlarının çoxu özünün Türk olduğunu bilməsə də, ancaq Yer üzünün bütün Türkləri kimi yatanda başlarını basdırmazlar, başını basdırarsan Tanrı qulluğundan qayıdan Üzün səni tapa bilməz, dönüb biryolluq çıxıb gedər.

Kəndimizdə deyilən: ”Göydən, cırıq zənbildən düşüb” – sözündən anlamaq olur ki, Tanrı kişinin baxışlarından yayınıb, Göy üzündən Yer üzünə pislik eləməyə gələn birisi də var. Bu birisi məncə kəndimizdə andır dedikləri – şeytan olmalıdır.

Bu andır – şeytanın işi-gücü Tanrı kişinin baxışlarından oğurlanıb, Yer üzündə yaramazlıqlar törətmək, yamanlıqlar eləməkdir; pozulan düzənlər, düzəlməyən işlər, baş tutmayan umdular (arzular) onun üçündür, ona görə də adamlar düşdükləri belə durumlarına: “səni görüm, andıra qalasan” – deyirlər.

Günlərin birində çox oxumuş bir molladan iki söz soruşdum:

Bir. Niyə görə bizim kənd adamı (eləcə də bütün azərbaycan türkləri) “kor şeytan” deyirlər, şeytanın gözü kordumu?

İki. “Tay göz şeytan” sözü nədən deyilir?

Uzun düşüncəyə dalmasından bilinirdi ki, sorğum gözlənilməz olub, ancaq bir azdan molla özünü sındırmayıb, aşağıdakıları dedi:

Bir. Şeytanın ayıq-sayıq baxışları (bəsirət gözü) olmadığından, o, düz olanı (haqqı) görmür, ona görə də “kor şeytan” adlanır.

İki. “Taygöz şeytan” – onu aşağılamaq üçün verilən bir söyüşdür.

Sonradan, bu deyilənlərin yanlış olduğunu mənə Mahmud Qaşqarlı ilə Dədəm Qorqud anlatmışdılar:

Bir. Mahmud Qaşqarlı deyirdi ki, “kor” sözü təkcə görməməzlik bildirmir, bundan başqa: “ziyan”, “zərər” anlamındadır. Qalanını isə özüm anladım: “kor şeytan” yəni ziyan vuran, zərər verən şeytan; “korluq çəkdi” – ziyana düşdü; “Kor-kor, gör-gör” – “bu ziyan elə ziyan ki, görənin gözünə girir” – demək imiş.

İki. Dədəm Qorquddan eşitdiklərimdən özüm üçün aşağıdakıları aydınlaşdırdım: Hamıya bir gözlə baxdığını deyən adam ikiüzlülük – şeytanlıq eləyir; Hamıya bir gözlə baxmaqla yaxşını pisdən ayırd eləmək olmaz; Bir də əski çağlarda Türklərə çox yamanlıqlar eləmiş, təpəsində tək bir gözü olan Təpəgöz varmış, şeytanın elədikləri onun elədiklərinə çox oxşadığından, yəni şeytan Təpəgözlə bir qılıqda (xasiyyətdə) olduğundan, ona da təkgöz-taygöz şeytan demişlər.

Bizim kəndimiz, bütünlüyünü – bütövlüyünü qoruyub saxlaya bilmədiyimiz, O Taylı, Bu taylı Azərbaycanın içində olduğundan, onun inanclarınin da Azərbaycan bütünlüyündə yaşayan inanancların içində olduğunu düşünürəm.

Ona görə də sizlərə üz tutub soruşmaq istəyirəm: Sizin kəndinizdə necə, bizim kənddəkinə oxşayan Tanrı kişi varmı?..

"Quşlar üçün karusel"in sahibinə...

Kənan, köhnə Bakılı! 


Mən sənin hekayələrin haqqında yazı yazmaq istəyirdim axı... Niyə belə alındı? Niyə sənə məktub yazmaq qərarına gəldim? Görən niyə? Niyəsini bilmirəm, amma hər hal sənin hekayələrində məni oynadan nəsə var idi ki, belə başladım. Və bir də ayıldım ki, bu nədi, mən Kənana məktub yazıram!
Kənan, köhnə Bakılı! Yazdıqların, xüsusən də hekayələrin niyə sevilir, bilirsən? Çünki, bu yazdıqlarında sən özünsən, dost! Sən kimisə məcbur eləmirsən ki, gəl məni oxu! "Quşlar üçün karusel" kitabını oxuyan hər kim olsa bilər ki, sən bu yazdıqlarında boğazdan yuxarı deyilsən. Nəsənsə, kimsənsə birəbir özünsən. Qəhrəmanlar kənardan gəlməyib, bu cəmiyyətdə, bu şəhərdə hər gün rast gəldiyimiz minlərlə, bəlkə də milyonlarla insanlardandır. "Özgə planetdən" gəlməyiblər. Düzdür, onlar özgə planetdən səs eşidə bilərlər, dostları - tanışları sənin qəhrəmanlarına lağ eləyə bilər və hətta məsləhət də verə bilərlər ki, "Alə, belə yaşamaq olar? Gəl, səni avtobus sürən dostumun yanında işə düzəldim" və sənin qəhrəmanların da qayıda cavabında ki: "On beş il oxuyub baş-beynimi xarab eləməmişəm ki, axırda bütün günü "Qazel"in pəncərəsindən başımı çıxarıb qışqırım?" İnandığımız haqqı, Kənan, əgər sənin qəhrəmanlarından hər hansı birisi bu formada cavab verməsəydi, onda məni bir Allah bəndəsi inandıra blməzdi ki, bu hekayələri Kənan Hacı yazıb. Bircə cümlə ilə cavab verərdim ona: "Yeri get, alə, bu Kənan Hacının hekayəsi deyil!"
Tez-tez mənim qulağıma qatar səsləri gəlir. Arada olur ki, sənin hekayələrini oxuya-oxuya arxa fonda rəhmətlik Hacıbabanın ifası səslənir. Yaxşı assosiasiyadır, hə? Yekəxanalıq eləmirəm, amma bu həqiqətən də belədir. Sən tez- tez qatara minirsən, bu demək olar ki, hər gün təkrarlanır. Həmin qatarda hamı var: sən də, mən də, Elçin Səlcuq da... O, sağdır və gülür bizə. Oturub söhbət edirik. Biz qatarla o qapıdan keçməyə çalışırıq. "Bu qapı o qapı deyil." O qapının nə olduğunu çox adam bilmir. Özüm ölüm, Kənan, bilmir. Sənin də, mənim də üzümüzə baxan insanlar başlarını təəssüflə yelləyirlər. Görürsən bunu. Gözümün içinə girir həmin təəssüf işartılı baş yelləmələr. Biz ki, arifik. Bir işarə yetər bizə...
Elçin də görmüşdü bunu. O, dərviş idi. Bir gün onun "içində nə külək var idi, nə də bulud... Dərvişin içində yupyumru bir Ay doğmuşdu!..." İçinə ay doğan dərvişlər o qədər hər şeydən uzaqlaşıb o qədər qeyri-adiliyə aludə ola bilərlər ki, qəfildən sükut çökəndə, hər şey nəfəsini içinə çəkəndə hıçqırığa bənzər bir səs eşidərlər, o səs sükutun boğduğu səslərin içində olmaz... Sonra sükut öz yuvasından didərgin düşər. Bax, onda Kənan Hacının hekayələrindən qopan bir səs oxucusuna səslənər: Qorxma, arxamca gəl!
Çox dedim sənə ki, imkan elə "Yağ kimi"ni tulla mənə elektron variantda. Olmadı, nəsə qismət deyilmiş. Qədər belə imiş. Qədər belə imiş ki, sən mənə hekayələr kitabını verəcəksən və özünəməxsus bir şəkildə gülümsəyərək deyəcəksən: imkan olsa, qəzetdə balaca bir informasiya verərsən!
Cəlil Cavanşirin "Underground sevgilər" kitabının təqdimatından çıxanda səni darthadart bir çayxanaya apardım ki, oturub bir söhbət edək. Bu yavaş - yavaş kapitalistləşən, yavaş-yavaş özündən uzaqlaşan, geydirmə təbəssümlərlə insanların birinə gülümsədiyi ədəbi mühitdə sükutun boğduğu səslərin içində eşidilən az-az öz səsi olan yazarlardan birisən sən. Sən taksi də sürə bilərdin, gül də əkə bilərdin, konduktor da ola bilərdin, toyda, tində-zadda meyxana da deyə bilərdin, amma sən YAZIÇI oldun. Ona görə də yazılarında o ola biləcəyin, amma olmadığın insanlardan bir hissə var. O insanlar hər addımbaşı qabağımıza çıxır, oxucuya hər gün gəlib getdiyi qatarların içindəki insanlardan, onların taleyindən danışır. Bunu inan ki, sən eləmirsən. Biz də eləmirik. Biz kimik ki, ümumiyyətlə?
Bu günlərdə sosial şəbəkələrin birində dəbə uyan bir nəfər bir şeirə bənzər nəsə "yazmışdı". "Yazmışdı"nı dırnaqda verdiyimə görə qınama, sözümün canı var. Sonra o şeirə bənzər nəsəni sufi şeiri kimi təqdim eləmişdi. Və dalınca millətə sufizmdən, təsəvvüfdən dərs deməyə başlamışdı. Mən bu dərsdən faydalanmasam da, susmağa üstünlük verdim. Çünki mən səhər əlinə qələm alıb günorta roman yazanlardan deyiləm. Bilirəm ki, sən də deyilsən. Elə ona görə də söhbətimiz tutur. Ən azından kimlərsə oturub səhərki yazısında kimi söyəcəyini düşünəndə sən də, mən də oturub tərcümələr edirdik. Bu tərcümələri "iynə ilə gor qazmaq" da adlandırmaq olar. Səninlə Cəlil Cavanşirin təqdimatından çıxandan sonra getdiyimiz çayxanada əməlli-başlı söhbət elədik. Mən səni bir daha kəşf elədim. Sən əslində indiyə kimi susub sadəcə ortaya bir-birindən maraqlı əsərlər qoymaqla sübut eləmisən ki, sən Kənan Hacısan. Vəssalam!
Sən narahatsan, daim axtarışdasan. Yeni nəsə, yeni nəsə, daha da nəsə... Şeir, hekayə, roman, tərcümə... İçindəki təlatümü boğa bilmirsən. Məncə, boğma! Və heç boğmağa da çalışma! "Ezamiyyət" hekayəndəki Yusif necə xaricə uçacağı təyyarəyə aldığı bileti cırıb atmışdısa, sən də elə içindəki təlatümü çıxar at içindən! Çıxar at deyəndə ki, ona istiqamət ver! O, özü hara gedib çıxacağını bilər! Sənə uğurlar!

Oktay Hacımusalı

GƏL BİR OYUN OYNAYAQ

Günay Ümid



Gəl bir oyun oynayaq
Mən sayım, sən gizlən
Axtarım səni.
Mən axtarmağa öyrəşmişəm balaca.
Amma qaranlıqda gizlənmə
Qaranlığın gözləri baxdıqca
Kölgə salar taleyinə.
Ömrüm boyu axtarmışam!
Axtarmışam  insanlarda insanlığı,
Gündüzlərin işığını,
Ümidin yalın ayağına düşməyə,
Mən günəşin istisində  üşüməyə
Öyrəşmişəm balaca…

Gəl bir oyun oynayaq
Mən qaçım, sən qov!
Addım-addım,
Sürüm-sürüm
Öz içimdə ovulmağa öyrəşmişəm.
Bu günümdən sabahıma qovulmağa
Öyrəşmişəm balaca…

Gəl bir oyun oynayaq.
Yeddi şüşə.
Çəmbərdən çıxan şüşə
Sənin olsun balaca.
Çərçivəmdən çıxmamağa öyrəşmişəm.
Qırılmışam.
Çiliklərim içimdəki çəmbərimi kəsə bilmir,
Yorulmuşam balaca…

Gəl bir oyun oynayaq
Ovuclarımda gizlədim
Son arzumu.
“Ya bundadı, ya bunda”
Deyərək axtar balaca.
və tap,
Ovuclarımın içində sıxışan diləyimi..
Körpə əllərinlə azad elə sən balaca.

Getməliyəm balaca!
Əslində getməkdən də qorxuram…
Belə möhkəm görsənməyimə  baxma
İnanma  qürurumun yalançı mətinliyinə,
Getməliyəm !
Əslində getməkdəndə qorxuram
Əməl dəftərimə yazılan
Oyunların çətinliyinə
Qorxuram balaca…

Daha oynamaq istəmirəm,
Susdum!
Susdum balaca.
Daha oynamaq istəmirəm
Mən uduzdum balaca.

Günün fotosu



Hilal Mamedov adlı istifadəçinin şəkilləri

“AZƏRBAYCANDA YAZI ALICISI TAPMAQ ÇƏTİNDİR”


    “Azadliq” radiosunun əməkdaşı Səadət Akifqızı ilə müsahibə
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olan Səadət Akifqızı hələ tələbəlik illərindən fəal jurnalist kimi çalışır. “Rezonans”, “Yeni Müsavat”, “Avropa” qəzetlərində çalışıb. 2002-ci ildən “Azadlıq” radiosunda işləyir.
Son vaxtlar “Mənzil səfaləti”, “Onun arabası var”, “İşsiz-gücsüz peşə məktəbləri” araşdırmaları müxtəlif müsabiqələrin mükafatını qazanıb. Musabiqə laureatı kimi Londonda təşkil edilən jurnalist araşdırması məktəbinə göndərilib.
“Duza qoyulmuş milyonlar” adlı yeni araşdırması Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun “İctimai vəsaitlərin araşdırılması” müsabiqəsinin qaliblərindən olub.
- Səadət xanım, söhbətə sizin Londonda keçdiyiniz təlimlərdən başlamaq istərdik. Bildiyimizə görə, sizə orda təlim keçən jurnalistlərdən biri indi bütün dünyanın tanıdığı Julian Assanj olub. Bu tədbirə qatılana qədər Assanj haqqında məlumatlı idinizmi? O sizə nədən danışırdı?
- “WikiLeaks” saytının adını eşitmişdim, ABŞ hərbçilərinin Əfqanıstanda mülki şəxslərə güllə atması kadrlarını görmüşdüm. Bu kadrları “WikiLeaks” yaymışdı. Cənab Assanj bu kadrları seminarda da nümayiş etdirdi. Korrupsiyadan, qalmaqallardan, bu cinayətkarlığı dayandırmaq üçün müxtəlif vasitələrdən danışdı. Onun fikrincə, bu vasitələr azad mətbuata xidmət edir. Dedi ki, “WikiLeaks” saytının məqsədi dünya siyasətindəki ədalətsizliyə qarşı mübarizə aparmaqdır. Ona çoxlu suallar oldu, amma Julian gülüb dedi ki, artıq seminar iştirakçıları ondan müsahibə götürməyə çalışır, o, seminara gəlib, müsahibəyə yox.
- Biz Azərbaycanda araşdırma jurnalistikasının zəif inkişaf etdiyi haqqında rəylər eşidirik. Araşdırmalar üzrə ixtisaslaşan xarici jurnalistlərlə görüşlərinizdə nəyi müşahidə etdiniz: xaricdə jurnalistlər ən çox nəyi araşdırırlar?
- Əvvəlcə Azərbaycanda araşdırma jurnalistikasının zəif inkişafı ilə bağlı rəyləri formalaşdıran mühitə toxunum. Düzü, bu barədə saatlarla danışmaq olar. Araşdırma jurnalistikasının kökündə həm də qeyri-rəsmi mənbə ilə jurnalist arasında münasibətlər durur. Daha doğrusu, qeyri-rəsmi mənbənin məlumatları... Jurnalistin işi də bu qeyri-rəsmi mənbənin söylədiklərinin izi ilə gedib faktlar, sübutlar toplamaqdır. Yəni fərziyyələr əsasında yazı yazmaq beynəlxalq jurnalistika prinsiplərinə birmənalı ziddir. Amma bizdə elə bu baş verir və sonra da məlumat təsdiqlənməyəndə “qeyri-rəsmi mənbəmiz indiyə kimi bizə düzgün məlumat verdiyindən onun bu informasiyasını da düzgün saymışdıq” kimi təkzib oxuyuruq.
Araşdırma iş tələb edir, maliyyə tələb edir, amma bizdə jurnalistlərin canını tənbəllik basır: gündəlik xəbərlər, “günəmuzd” mövzular... Araşdırma vaxt tələb edir, redaktorlar isə jurnalistlərə bu vaxtı qıymırlar, çünki izinə düşülən fərziyyənin təsdiqlənməmək ehtimalı da var.
Ancaq mən Londondakı yay məktəbində fərqli bir mənzərə gördüm. Üçgünlük kurs pullu idi, təxminən 600 manata. Dünyanın 20-dən çox ölkəsindən yüzdən çox jurnalist bu pulu ödəyib gəlmişdi ki, araşdırma jurnalistikası barədə peşəkarlardan eşitsinlər.
Deyəsən, sualdan uzaq düşdüm. Xaricdə jurnalistlər üçün ictimaiyyəti maraqlandıran hər bir məsələ aktualdır, məsələn, trenerlərdən Ben Coldcrenin “Bad science” (“Pis elm”) araşdırma kitabı ilin bestselleri olubmuş. Bu araşdırmada müəllif tibb sahəsində cürbəcur dərmanlar, müalicə prosedurları uydurmuş həkimləri ifşa edir...
Hindistandan olan trener cənab Sainazın diqqətini cəlb edib ki, intihar edənlər arasında fermerlerin sayı çoxdur və bu statistikanı doğuran səbəbləri araşdırıb. “Sky News”dan reportyor Roddi Mansflayd bizə internetdə azyaşlı qızlarla tanış olan və onlarla intim münasibətə can atan yaşlı bir kişini necə izləmələrindən, yalançı adla özlərini azyaşlı kimi tanıdıb onu görüşə çağırmalarından, gizli kamera ilə çəkiliş aparmalarından danışdı. Roddi seminara gizli kamera quraşdırılmış o qədər əşya gətirmişdi ki, bilmirdin hansına diqqət edəsən.
Paul Moreyra Əfqanıstanda korrupsiya izləri ilə bağlı apardığı videoaraşdırmanı bizə təqdim etdi. Yəni bizdən fərqli olaraq onlar fərziyyələri olduğu kimi yazmırlar, fərziyyələrin ardınca gedirlər. Onları hər şey maraqlandırır: kriminal statistikadan tutmuş hökumət xərclərinə qədər...
- Son vaxtlar araşdırmalara daha çox yer ayırmanıza səbəb nədir?
- Mən araşdırmanı həm sevirəm, həm də düzünü deyim, hərdən ondan bezirəm. Sevgi hissləri daha çox işin sonunda özünü biruzə verir, əvvəl-əvvəl isə əlin işə yatmır. Çünki fərziyyəni təsdiqləmək üçün sənə açar lazımdır, ya da deyək ki, açarın var, amma hansı qapınındır? 40 yox, 40 min qapı var və sənin bu açarı hər birinin üzərində sınamağa vaxtın yoxdur. Sən isə elə hey axtarırsan... Yorulursan, bezirsən, amma bu hiss jurnalist azarına güc gələ bilmir, sən axtarırsan... Birdən tale üzünə gülür: sən kələfin ucunu tapırsan...
Hər dəfə araşdırmanın başlanğıncında özümə söz verirəm ki, bir də bu işə qol qoymayacam. Amma hardasa eşitdiyim bir cəlbedici fərziyyə bu sözvermələri elə unutdurur ki... Yadıma gəlir, on-on iki il öncə AzTV-nin fəaliyyətinin hansı qanunla tənzimlənməsini araşdırmağa başladım, o qədər dolaşıqlıq yaranmışdı ki, bilmirdim həqiqət hardadır. Nazirlər Kabinetindən deyirdilər ki, AzTV sədri hökumət üzvüdür, hüquqşünas buna qanuni əsas tapmırdı... Maraqlı bir yazı alınmışdı... Bu yazıdan duyduğum zövq də fərqli idi. Bəlkə də bu zövqü yenidən duymaq üçün araşdırmaya üz tutmuşam... Redaksiya da maraqlı təşəbbüsləri dəstəkləyir, həm vaxt ayırır, həm xərcləri ödəyir. Bu halda niyə bu qədər maraqlı, mürəkkəb janra diqqət yetirməyəsən?
İndi daha çox büdcə vəsaitlərinin araşdırılmasına diqqət yönəltmişəm. Bu sahədə ixtisaslaşmaq istəyirəm. Niyə büdcə?. Azərbaycan büdcəsinin məbləği, müxtəlif sahələrə ayrılan vəsaitlər o qədər maraqlıdır ki... Məsələn, büdcə təşkilatlarına son altı ildə nəqliyyat vasitələrinin alınmasına yarım milyardlıq vəsait ayrılıb. Sosial sferaya və elmə ayrılmış vəsait isə bunun yanında bir damladır. “Onun arabası var” araşdırmam da elə bu barədə idi.
London görüşlərimdə mən son araşdırmalarım haqqında məlumat verəndə bundan da danışdım. Bir tədqiqatçı dedi ki, əgər belə bir araşdırma Londonda ortaya çıxsaydı, dövlət vəsaitindən səmərəsiz istifadə olunmasına görə böyük qalmaqal qopardı. Azərbaycanda digər sahələrdə də araşdırmalı o qədər mövzu var, izinə düşsən, oxunaqlı o qədər yazı ortaya çıxar ki... İstər kriminal həyatda, istər sosial, istərsə də hökumətin fəaliyyətində... Təəssüf ki, gördüyüm mövzuların hamısının ardına düşməyə vaxt tapa bilmərəm, amma həmkarlarımın təqdimatında maraqla oxuyardım.
- Jurnalistikanın, demək olar, bütün janrlarında özünüzü sınamısız. Hansı janr müəllifin özünü jurnalistikada avtoritet kimi hiss etməsinə yardım göstərir?
- Məncə, bu məsələdə janrın yox, peşəkarlığın rolu var. İstər köşə yaz, istər reportyorluq elə - ortada peşəkarlıq yoxdursa, heç bir nüfuzdan söhbət gedə bilməz.
- Bu sualı həyati əhəmiyyətli sual kimi veririk. Azərbaycanda hansı janr jurnalistə daha çox pul qazandırır?
- Azərbaycanda jurnalistin pul qazanması üçün janrın elə də əhəmiyyəi yoxdur. Çünki bizdə yazıya qonorar hesablananda onun dəyərindən çox qəzetdə tutduğu həcm ölçülür. Bir neçə il əvvəl əməkdaşlıq etdiyim qəzetlərdən birinə reportaj göndərmişdim, Moskvada Bauman bazarının uçması nəticəsində həlak olan azərbaycanlıların meyitlərinin vətənə gətirildiyi gecədən - aeroportdan hazırlanmışdı. O reportaj, sonradan bildiyimə görə, jurnalistika fakültəsinin tələbələrindən birinin diplom işində istifadə edildi, hətta mənə dedilər ki, baş redaktorun hədsiz xoşuna gəlib. Reportaj manşetə çıxarılmışdı və bütün bu təriflərə rəğmən o reportaja verilən qonorar o qədər cüzi idi ki, bilmirdim gülüm, ya ağlayım.
Bizdə informasiya, yazı biznesi çox zəif inkişaf edib. Londondaki yay məktəbində trenerler tez-tez “yazını necə sata bilərsiz” deyə məsləhətlər verirdilər. Azərbaycanda yazı alıcısı tapmaq çətindir. Ona görə də yaxşı mənada yazı rəqabəti də bir o qədər hiss olunmur.
- Yeri gəlmişkən, bir jurnalist kimi Londonda sizi təəccübləndirən nə oldu?
- Həm də bir vətəndaş kimi təəccübləndim bəzi şeylərə - məsələn, küçələr çox təmiz idi, mübaliğəsiz deyirəm, heç toz da yoxuydu. Məəttəl qalmışdım ki, milyonlarla sakini, üstəlik, turisti olan bir şəhərdə bu təmizliyi necə qoruyurlar? Günün günorta çağı süpürgəçilər və ya xüsusi maşınlar da görünmürdü ki, deyəsən gecə-gündüz təmizləyirlər. Yaşıllıq çox idi, bağlar təbiidir orda, ot və ağac, adda-budda da skamya qoyulub. Fikirləşdim ki, Bakıda da məhz bu cür bağlar olsaydı... Şəhərimiz parkla doludur, amma elə bil ki, evlərdə “qorka”nın içindəki xrustal qablardır, hər yer bər-bəzəkli, qorxursan ki, uşaq qaçanda mərmər döşənmiş yerə yıxılar.
Metroları da bizimki kimi yaraşıqlı, geniş deyil, amma qatarların iş rejimi o qədər dəqiq, yüksək səviyyədə tənzimlənir ki, ən pik vaxtlarda da metroya düşəndə bizdəki basabası görmədim. İkimərtəbəli avtobuslara isə günün istənilən saatında minsən oturmağa yer taparsan. Bir də “The centre for investigative journalism” təşkilatının təşkil elədiyi yay məktəbinin keçirildiyi “Sity University London”un jurnalistika fakültəsinin hər bir dərs otağında pianino vardı. Buna da çox təəccüblənmişdim, pianino və jurnalistika… Azərbaycan sakinini öz həyat tərzi ilə təəcübləndirə bilən bir şəhərdir London.
- Çox nüfuzlu KİV-də çalışırsınız - “Azadlıq” radiosunda. Azərbaycanda bu nə deməkdir?
- Oxucunun, dinləyicinin, artıq tamaşaçının - çünki bir aydan çoxdur ki, radiounun veb-saytında televiziya işə düşüb, o cümlədən “flaş-nyus” xəbərlər blokuna baxmaq olar - güvənə, etibar edə və alternativ informasiya ala bildiyi məkan. Burda çalışan jurnalisti isə daha çox məsuliyyətli, daha çox peşəkar edən iş yeri və bir də onun yaradıcılıq iddialarını gerçəkləşdirən ocaq... Və bir də çoxlarının demokratiyasızlıqdan dad döydüyü bir ölkədə demokratik mühit...
- Jurnalistikanın olmayacağı bir dövrü təsəvvür edirsinizmi? Yoxsa tarixin sonrakı mərhələlərində yaranan bu peşənin tarixlə axıracan yol yoldaşlığı edəcəyini düşünürsüz?
- Jurnalistika hələ indi-indi tarixdə öz yerini möhkəmləndirir. Çətin ki, onu tarixin yolundan çıxara bilsinlər. Hətta getdikcə daha maraqlı janrlar ortaya çıxacaq, jurnalistikanın yeni qolları yaranacaq. Beş-on il əvvəl internet jurnalistikasından danışan vardımı? Amma indi nəinki internet-qəzetlərdən, artıq xalq jurnalistikasından danışılır. O cümlədən internet televiziyaları işə düşüb. Bəlkə də xalq jurnalistikasının ənənəvi medianı sıxışdırıb çıxaracağını iddia etmək olar.
Amma peşəkarlara hər zaman ehtiyac olacaq. Bir dəfə oxudum ki, ABŞ-da bir əyalət qəzeti dünya maliyyə böhranının nəticələri ilə üzləşəndə xərclərini azaltmaq üçün ən nüfuzlu və daha çox maaş alan müxbirini işdən çıxarıb. O müxbir də internetdə öz bloqunu yaradıb və bloq oxucular arasında o qədər məşhurlaşıb ki, reklamdan qazandığı gəlir qəzetdən aldığı maaşı ötüb. Jurnalistikanın yeni imkanlarından, yeni dəyərlərdən danışmaq olar, amma bu peşənin nə vaxtsa tarixin yolundan qırağa atıla biləcəyindən yox.
- Deyirlər jurnalistlik ömürlük ezamiyyədir, bununla razısınızmı?
- Ömürlük ezamiyyət? Maraqlı obrazlaşdırmadır, hardasa razılaşmaq da mümkündür. Jurnalist olmaq istəyən kəs bu peşədə səkkiz saatlıq iş rejimi axtarmasın. Bəzən sən gecəyarısı da yuxudan oyanıb hadisə üstünə gedə bilərsən və ya məzuniyyətdə olduğun bir vaxtda yanında hadisə baş verəndə sən istirahətçi yox, jurnalistsən.
Bu günlərin söhbətidir, Gəncədə məzuniyyətdəydim, oğluma çəkmə almaq üçün onu mağazaya aparmışdım, qayıdanda gördüm ki, polislər bir dəstə dindarı qovur. O dəqiqə fikirləşmədən əlimi çantama aparıb video-kameramı - bu, kiçik bir videokameradır, telefona bənzəyir, redaksiyadan veriblər, hər zaman üstümdə olur - çıxardım, oğlumun da əlindən tutub qaça-qaça tünlüyə yaxınlaşdım. Uşaq hay-küydən qorxmuşdu, ağlayırdı, mənsə bir əlimlə onu sakitləşdirməyə çalışırdım, o biri əlimlə çəkirdim. Bəlkə də həmin vaxt mən pis anaydım, amma peşəkar reportyor kimi davrandığıma əminəm. Jurnalistikada rahat, sakit iş həyatı yoxdur. Bu peşədə bəzən şəxsi həyat da ikinci plana keçir.
- Jurnalistikanı daha çox kişi, yoxsa qadın peşəsi saymaq olarmı?
- Bu peşənin cinsi yoxdur, peşəkar və qeyri-peşəkar jurnalist ola bilər. Sadəcə, qadın jurnalistlərin kişi həmkarları ilə müqayisədə məişət yükü çox olur. Yəni fərq varsa, o da məişət zəminindədir. Bəzən işdə kişi həmkarlarıma deyirəm ki, sizə nə var, evə gedəndə çayınız qabağınıza hazır gəlir, amma biz evə gedib o çayı hazırlamalıyıq.
Təbii ki, peşəkar qadın jurnalist məişət yükünü bəhanə gətirmir. Əgər həvəsi, istəyi varsa, heç nə ona mane olmaz. Vaxtdan şikayətlənmək tənbəllərin silahıdır.
- Müsahibə zamanı texniki problemlər yaranarsa, yaddaşınıza tam əminsinizmi? Yəni müsahibin dediklərini təhrif etmədən yadda saxlaya bilərsinizmi?
- Yaddaş öyündüyüm tərəfim deyil, təəssüf ki. Bu mənada texnikadan və ya qeydlərdən asılıyam.
- Söz azadlığını nəyə qurban vermək olar?
- Birmənalı deyirəm, heç nəyə. Çünki insanların öz fikirlərini, xüsusilə siyasi-ictimai düşüncələrini azad söyləyə bilməməsi qapalı cəmiyyət yaradır. Qapalı cəmiyyət isə onun yaranmasına təkan verənlərin özləri üçün də sonradan təhlükəyə çevrilir. Söz azadlığı insanın yaşamaq, yemək, sağlam olmaq kimi təbii haqqıdır. İnsanın yaşamaq haqqını nəyəsə qurban vermək olarmı?!..
- Jurnalistlər adətən redaktorlardan narazı olurlar, söhbət onların yazılarını redaktə edənlərdən gedir. Sizin bəxtinizə düşən redaktorlar haqqında nə deyə bilərsiniz?
- İndiyə kimi maraqlı redaktorlarla işləmişəm. Yazı üslubumun formalaşmasında onların əməyini qiymətləndirirəm. Amma “Azadlıq” radiosunda Azərbaycan jurnalistikasında görmədiyim redaktə prosesi ilə rastlaşdım - yazıda nəyin çatmaması, müxtəlif mənbələrə, müxtəlif əks fikirli tərəflərə istinad, ziddiyyətli məqamların tutuşdurulması, faktların adamlara təsiri...
Beynəlxalq standartlara söykənən bu redaktə prosesini illərlə hiss etmək peşəkarlığıma ciddi təsir göstərib. Xarici jurnalistika dərsliklərinin birində oxumuşdum ki, yazıya mütləq redaktor baxmalıdır, əgər sənin yazında redaktə olunası bir şey yoxdursa, onda sən dahisən. Bu cümlədə, təbii ki, ironiya gizlənib. Çünki mükəmməl heç nə yoxdur, “hətta ayda da ləkə var”.
Azərbaycanda həm də peşəkar redaktor məktəbinə ehtiyac var, mən bunu oxuduğum qəzetlərdə, saytlarda görürəm, hətta telereportajlarda da ciddi redaktə ehtiyacı görünür. Jurnalist yazısındakı redaktəni faciə saymamalıdır, əksinə, bunu iş yerində gündəlik təlim kimi də qəbul etmək olar. Təlim, öyrənmək isə heç vaxt adama artıqlıq eləməyib.
- Bir neçə il əvvəl “Media forum”da “İnformasiya müharibəsi” adlı elmi məqaləniz çap olunmuşdu. Ancaq arxası gəlmədi...
- Bu yazıdan sonra “Nədir KİV? Kimdir jurnalist?” adlı daha bir elmi məqalə də yazmışdım. Jurnalistikada məni düşündürən məsələlər çoxdur, bayaq vaxtla bağlı dediklərimin əksi olmasın, hazırda praktik işlərlə məşğul olmağım vaxtımın əsas hissəsini “işğal edib”. Bir tərəfdən də oğlum Toğrulla boş vaxt tapan kimi “maşın qəza”sı oyununu oynayırıq. Bu oyunu o icad edib, aralı məsafədə üzbəüz oturub bir neçə oyuncaq maşını bir-birimizə sarı itələyirik. Bəzən “yolda” sürətlə hərəkət edən maşınlar toqquşur, qəza olur, Toğrul da buna çox sevinir.
- Bəs mütaliəyə necə, vaxt bölgünüzdə yer olurmu? Son oxuduğunuz kitab varmı?
- Bir xasiyyətim var, bir neçə kitabı birdən oxuyuram. Çox sürətli oxu tərzim var, həyat yoldaşım hərdən təəccüblənir, kitabın ayrı-ayrı fəsillərindən sual verib məni yoxlayır. Son oxuduğum kitab Orxan Pamukun “Mənim adım qırmızı” əsəridir. Hazırda araşdırma jurnalistikası ilə bağlı ingilis dilində yazılmış bir dərsliyi oxuyuram. İşlərimin çoxluğu məhsuldar mütaliəyə hələ ki, mane olur, ən çox da təəssüfləndiyim budur...
 
 
"Media forum"