Savalan dağı
Blogdakı publisistik materialları plagiat edərək öz adınızdan II və III dərəcəli qəzetlərdə dərc edə bilərsiniz
29.09.2011
““Savalan” ruhumuzu sakitləşdirir”
Novruz Novruzlu: “Tamaşaçılar bizimlə saat yarımlıq təmasdan sonra təmizləndiklərini, hüzur duyduqlarını, saflaşdıqlarını deyirdirlər”
Həmsöhbətim “Savalan” qrupunu rəhbəri Novruz Novruzludur. Uzun müddətdir bu qrupun mahnılarını sevə-sevə dinləyirəm və dərinliyini anlayıram. Amma söhbət zamanı, gerçəkdən, ruhumun sakitləşdiyini duydum. Maraqlıdır, qrupun adı niyə məhz “Savalan”dır? Görəsən, bu adı qoymaqda qrupu yaradanların məqsədi nə olub?
- Əslində bizim qrup üçün sayt açılanda artıq “Savalan” adı var idi, ona görə adımız “Savalan” mistik qrupu kimi yazıldı. Çünki bizim musiqilər daha çox mistik ovqatdadır. Savalan dağı Cənubi Azərbaycanda yerləşir. O tayımızı, bu tayımızı birləşdirən ucalığımızdır. Bilirsiniz ki, Savalan dağının qeyri-adiliyi haqqında xeyli əfsanələr var.
- Sizin mahnılar çox fərqlidir. Azərbaycanda yüzlərlə musiqi qrupları var. Amma “Savalan” seçiləndir, tamam başqadır.
- Qrupumuz təzə yarananda mən idim, Həlimət Sultan, Fəxrəddin Salim və Cavad bəy var idi. İndi Cavad bəy Amerikada yaşayır, Günaz.TV-də çalışır. İndi onu kamançada İffət Əsgərov əvəz edir.
- Bəs qrupun yaranması hansı zərurətdən yarandı?
- Əslində bu mənə o qədər də yad sahə deyil. Çünki Mirzağa Əliyev adına İncəsənət İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universiteti) Musiqili Komediya aktyoru fakültəsini bitirmişəm. Amma qrupumuzun yaranmasına 20 Yanvar faciəsi səbəb oldu. Elə bil, insanların içində bir boşluq yaranmışdı. O vaxtlar özümüz üçün yığılırdıq, çalıb-oxuyurduq, ruhumuzu sakitləşdirmək istəyirdik. Sonralar jurnalistlər maraqlandı, yazdı, telekanallar göstərdi və "Savalan" qrupu tanındı, sevildi. Buna görə mən jurnalitlərə də təşəkkür edirəm. O vaxta qədər mən italiyan, türk, ispan mahnıları oxuyurdum. Həm də sevilməyimizin bir səbəbi də “Savalan”ın təkrarsız və tək olması idi. Yəni indiyə qədər ölkəmizdə belə bir qrup yaranmamışdı. Bəziləri elə düşünür ki, “Savalan” qrupu ancaq dini sevgini tərənnüm edir. Amma belə deyil, bizim ifalarımız insanın ruhuna, düşüncəsinə, mənəviyyatına, insan və Vətən sevgisinə söykənir.
- Deyirsiniz, insanın ruhunu sakitləşdirmək üçün oxuyursunuz. Amma “Savalan”ı dinləyəndə insan təlatümə gəlir. Çox möhtəşəm, dərin, psixoloji təsiri olan mahnılar oxuyursunuz.
- İlk dəfə “Space” kanalında çıxışımız zamanı bizə mərhum rejissor Vaqif İbrahimoğlu zəng elədi və dedi ki, orada oturanların əllərindən öpürəm. Sonra bizi dəvət elədi “YUĞ” teatrına. Biz “YUĞ”da iki tamaşada iştirak etdik. Bu “Üz tuturam Tanrıya” və Yunis İmrənin “Olsun” tamaşaları idi. Əslində buna tamaşa da demək olmazdı. Vaqif müəllim öncə bizə ssenari yazmaq istədi. Sonra dedi ki, günah etmək istəmirəm, hər şeyi sizin ixtiyarınıza, ruhunuza buraxıram. Tamaşaçılar bizimlə saat yarımlıq təmasdan sonra təmizləndiklərini deyirdirlər. O zamanlar bizi daha çox ilahi yöndə qəbul edirdilər. Amma bizdə bütün mahnılar var. Ruhsal musiqilərə daha çox yer verdiyimizə görə haqqımızda belə fikir formalaşdı. İndi Azərbaycan insanının daha çox düşündürücü mahnılara ehtiyacı var. Söz yox, bizi daha çox ruhsal musiqi ifaçısı kimi tanıdılar, amma bizdə başqa mövzular da var. Deyim ki, bizim belə tanınmağımıza səbəb də ilahi, ruhsal ifamız oldu.
- Bizdə, ümumiyyətlə, sizə qədər belə mahnılar səslənmirdi. Türkiyədə isə bu janr daha güclü inkişaf edib.
- Elə ona görə biz düşündük ki, bu ərəfədə, torpaqlarımızın itirildiyi, milli-mənəvi dəyərlərimizə sevginin azaldığı, özümüzdən kənar düşdüyümüz bir dönəmdə bir az özümüzdən oxuyaq. Peyğəmbər deyir: “Torpağı sevmək imandandır”.
- Sizin mərhum rejissor Vaqif İbrahimoğlu ilə əməkdaşlığınız çox uğurlu alındı. İndi o, həyatda yoxdur, yəqin xeyli planlarınız var idi?
- Əvvəla, Allah Vaqif müəllimə rəhmət eləsin! Ruhu nurla dolsun! Vaqif müəllim çox dəyərli, öz sənətini dərindən bilən və sevən şəxsiyyət idi. Onun qazandığı yeri əvəzləyəcək kimsəni görmürəm. O, çox səmimi, çox dəyərli və insanda da səmimiyyətə önəm verən sənətkar idi. Vaqif müəllimlə xeyli planlarımız, görüləsi işlərimiz var idi hələ. Onunla “Savalan” qrupu birlikdə “Dədə Qorqud” dastanı əsasında bir göstəri hazırlamaq istəyirdi. Bundan başqa, xalq arasında “Yeddi Ulular” kimi tanınan “Yeddi Ulu Ozan”dan biri olan Pir Sultan Abdalın ilahi şeirləri əsasında ruhi-mənəvi bir göstəri hazırlamaq istəyimiz də qəlbimizdə qaldı. Görünür, qismət beləymiş. Ruhu şad olsun!
- “Savalan”ı dinləyəndə düşünürəm ki, bu ifalar kütlə üçün deyil.
- Yox, elə kütlə üçündür. Biz hamı üçün oxuyuruq. Sadəcə, insanlar bir az özündən uzaqlaşıblar. İstəsə də, istəməsə də hər bir insan içində ruh gəzdirir. Bizdən xəbərsiz verilir bu ruh bizə. Müqəddəs kitabımız “Qurani-Kərim”də də deyilir bu: “Biz dünyaya gəlməmiş ruhumuz var idi”. Mənə elə gəlir ki, insan hara çatır-çatsın, hansı məqama yetişir-yetişsin, öncə özünə çatmalı, özünə varmalıdır. Çünki bütün yollar ÖZÜNdən keçir. Mən demirəm insanlardan fərqliyik. Sadəcə, dinləyənlərlə birlikdə biz də dincəlirik, təmizlənirik. Qrupumuz elə buna görə təsəvvüfə söykənir. Pakistanda keçirilən Dünya Sufi Festivalında çıxış etdik. 80 qrupun içindən seçilən üç qrupdan biri biz olduq. Qrupumuza Pakistanın Mədəniyət Nazirliyinin və Festivalın prezidentinin xüsusi mükafatları, diplomlar təqdim olundu. Amma çox təəssüf ki, Azərbaycana gələndən sonra heç bizimlə maraqlanan olmadı. Çox təəssüf...
- Gerçəkdən bu belədir. “Savalan”a xarici ölkələrdə daha böyük sevgi, sayğı hiss olunur. Bunu sizin fəaliyyətinizi izləyəndə bildim.
- Biz yaxşıları dəyərləndirməyi bacarmırıq. Xaricdə dəyər verməyi bacarırlar. Xarici ölkələrdə çıxışlarımızı dinləyənlər bizə ilahi kimi baxırlar, gəlib sevinclə şəkil çəkdirmək üçün icazə alırlar. Əslində həyatda baş verənlərin çoxunu insan özü yazır, öz şüuru və düşüncəsiylə yazır. Yəqin ki, zaman gələcək hər şey öz yerini tutacaq. Amma önəmli olan kütlənin buna layiq olmasıdır. Tanrı deyir, insanı uca varlıq yaratdım və çox şeyləri də onun özünə buraxdım. Yəni insan istəsə işığı, istəsə qaranlığı seçə bilər. Seçim onundur.
- Sizi ilk dəfə dinləyəndə gözümün qabağına "Dəli Kür" filmi gəldi.
- Hə, o “Dəli Kür” filmindəki əslində çox böyük övliya olan Seyid Niyaridir. O, çox böyük bir təriqətin piridir. “Nəqşibəndi” təriqətinin piridir. Amma “Dəli Kür” Sovet dönəmində çəkildiyi üçün Seyid Niyarinin obrazını cılız şəkildə təqdim ediblər, görünür, onun böyük mənəvi aləminə qısqanıblar. Çünki onun təmsil etdiyi təriqətdə qadın-kişi söhbəti yoxdur, ər meydanı var, ruh var, insanın kamilliyi var. Görünür, filmin müəlliflərinin fikri Seyid Niyarini aşağılamaq olub. Bu gün Amerikada, Avropada təsəvvüf geniş yayılıb, həmin zikrləri də edirlər.
- Siz mahnı ifa edəndə dəf vurursunuz, sizə elə gəlmirmi ki, dəfin səsi bir az da ibadətə səsləyən kilsə zənginin səsinə bənzəyir?
- Bunu düşünməmişəm. Amma kilsələrdə də səslənən zəng səsi əslində ibadətə, təmizliyə səsləyir. Deyirlər, bu səs şər qüvvələri uzaqlaşdırır. Təsəvvüfdə həmişə insan ruhuna, mənəviyyatına təsir edən, yol açan uddan, neydən, dəfdən istifadə olunub.
- “Savalan”ın repertuarındakı mahnıların bəstəkarı kimdir?
- Bizim oxuduğumuz mahnılar əslində türkülərdir, ilahilərdir. Sadəcə, biz bu ilahilərə özümüz kimi yanaşmışıq.
- Məsələn, “Qafil, oyan” ilahisi...
- Hə, bu “Nəsimi” filmindəndir. Amma biz başqa cür ifa edirik. Bu, bəstəkar Tofiq Quliyevin əsərlərinin içərisində ən ruhsalıdır. Biz əslində bu mahnıya mənəvi zikr halı verməyə çalışmışıq. Ona görə filmdəkindən fərqli çıxıb. Bizim ifada dəfin zəncirlərinin səsindən də istifadə olunub. Bu ifanın aranjmançısı qrupumuzda kamançaçalan, bir çox musiqilərin bəstəkarı İffət Əsgərovdur.
- Bu gün Azərbaycanda ilahilər çox azdır. Olubsa da, indi unudulub və ya unutdurulub. Yəqin ki, ilahiləri toplamaqda çətinlik çəkirsiniz?
- Qrupumuz təzə yarananda biz Anadolu ilahilərinə müraciət etdik. Dedik, yəqin bizdə də tapılsa, xəbər edərlər. Amma deyim ki, elə ilahilərin əsas vətəni, mərkəzi vaxtilə Bakı olub. Əgər xatırlayırsınızsa, “Nəsimi” filmində bir epizod var. Deyirlər ki, aparın bu kafiri kafirlər şəhəri Bakudə edam edin. Bakıda təsəvvüf o qədər güclü olub ki, burada yalançı mövhumat, fanatizm bir iş görə bilməyib. Bakı müqəddəs yer olub. Ona görədir ki, Bakıda imamzadələrin qəbri var. Bakıda qəbri olan “Xəlvəti” təriqətinin piri Seyid Yəhya Bakuvinin qəbrini onun dünyanın müxtəlif yerlərində olan müridləri bu gün də gəlib ziyarət edirlər. Sonralar getdikcə bizi bizdən alıblar, ilahilərimizi də uzaqlaşdırıblar və ya unutdurublar. Bizim indi oxuduğumuz Anadolu ilahiləridir. Özümüzə uyğun şəkildə ifa edirik. Amma bəzi musiqilərimizi İffət Əsgərov bəstələyir. Əslində biz bu qrupa tam bağlana da bilmirik. Maddi problemlər sırf qrupa bağlanmağa imkan vermir. Ona görə də qrupun hər bir üzvü bir neçə yerdə çalışır.
- Bəs qrupunuz haradan maliyyələşir?
- Maliyyə mənbəyimiz yoxdur.
- Axı siz toylara da getmirsiniz. Sponsorunuz kimdir?
- Sponsorumuz yoxdur. Toylara da getmirik.
- Mədəniyyət Nazirliyinə köməklə bağlı müraciət etmisinizmi?
- “Savalan” qrupunun solo konserti nə vaxt baş tutacaq?
- İnşallah, qismət olsa edərik. Sonda Vətənini, torpağını sevən, sənəti dəyərləndirməyi bacaran hər kəsə təşəkkür edib, Allahdan uğur diləyirəm!
Arzu Abdulla
Şou-xanamızın heyvan sevgisi
Ancaq bizdə oxuyun!
Aygünün sözçüsü xəbər verib ki, Bakıya gələn türkiyəli heyətin bütün avadanlıqları Türkiyədən gətirilib. Komanda meqastar Tarkanın “Acımayacaq”, eləcə də Ajda Pekkan, Sərdar Ortac, Funda Arar, Sıla, Murad Boz, Ozan Doğulu, Murad Dalkılıc, Gülşən və bir çox türk ulduzlarının kliplərini çəkib. Hə nolsun?
Sofiya Sadıqlı yazır
Günay Musayeva sevindirdi
Adətən şouxanamıza məxsus olanların Biləcəridən o yana çıxan kimi qulağımıza çatan utandırıcı olayları qəlbimizi üzüb. Şouxanamızın üzvləri belə olayları daha çox yaxınlıqmızda yerləşən qardaş Türkiyədə sərgiləyirlər. Ötənlərdə “Best Model” yarışmasında içkinin təsirindən ayaqlara yıxılan şouxanım təmsil etdiyi ölkəmizin adına əslində qara bir ləkə vurdu bu durumuyla. Elə bu qara ləkəyə görə də ona xalq artisti titulunu verdilər. Axı biz “dəyərləndirməyi” də bacarırıq.
Amma bu yaxınlarda Türkiyədə yaşayan modelimiz Günay Musayeva ürəyimizi açan, başımızı ucaldan bir jest edib.
Türkiyənin məşhur aktyoru Tolqa Karellə evlənən azərbayacanlı model bal ayı əvəzinə şəhidləri ziyarət edib.Türkiyə mətbuatı modelmizin bu ehtiramını yüksək dəyərləndirib. Qardaş ölkənin mətbuatının verdiyi məlumata görə, cütlük ötən gün başlayan Troya Moda Həftəsində iştirak etmək üçün Çanakqalaya gedib. Tədbirdə iştirakdan öncə model Çanakqala şəhidlərini ziyarət edib.
Damədimiz Tolqa Karelə xanımın bu hərəkəti o qədər xoş gəlib ki, o, ağızdolusu açıqlama da verib və deyib ki, bal ayına çıxmağı planlaşdırsalar da həyat yoldaşı şəhidləri ziyarət etmək istəyib: “Həyat yoldaşım vətən torpağı üçün ölənləri, şəhidləri ziyarət etmək istədiyi üçün Çanakqalaya gəldik”.
Günay Musayeva isə Türkiyəni ikinci vətəni kimi sevdiyini bildirib: “Burada Azərbaycan əsilli əsgərlər də şəhid olub. Türk əsgərləri ilə birlikdə onları da ziyarət etmək üçün buradayam. Bütün şəhidlərin ruhuna dua edəcəyəm”.
Bax ha, min yaşa Günay xanım, həmişə belə ağıllı jestlərinlə sevindir bizi!
Baloğlanın bal toyu
Yəqin xəbəriniz var, müğənni Baloğlan Əşrəfov oğluna toy edir. Deyilənlərə görə, Türkiyədə yaşayan məşhur azərbaycanlı iş adamları Mübariz Mənsimov və Telman İsmayılov da Baloğlanın oğlunun toyunda iştirak edəcəklər. Toy sentyabrın 26-da Bakıda olacaq. Baxın ha, qabaqda müğənnini bal kimi toy gözləyir.
Şouxanamızın “heyvan sevgisi”
Dəfələrlə bunu demişəm, yenə də deyirəm, bizim şouxanamız əsl rəzalətxanadır ki var. Dünyanın hər bir ölkəsində şouxana var, amma dayazlıqda bizimkilərə çatan olmaz. Camaatın ulduzları insanların, təbiətin, heyvanların hüquqlarını müdafiə edir, bizimkilər isə əllərində sabun, şampun hazır dayanıblar ki, bəlkə bir tituldan –zaddan aldılar. Hələ bu da cəhənnəm e, bütün dünyada ulduzlar xəz və dəri geyimlərinə, bu geyimlərdən ötrü heyvanlara qarşı edilən vəhşiliyə etiraz etdikləri vaxtda bizim “ulduzlar” görməmiş kimi sanki bir-birləri ilə yarışa giriblər. Elza Seyidcahan, Röya, Aygün Kazımova, Brlliant Dadaşova xəz geyimlərdə müsahibə verir, klip çəkdirir, bununla da guya “zəngin” xanım olduqlarını sübuta yetirmək istəyirlər. Belələrinə elə gəlir ki, zənginlik əynindəki geyimin bahalığı ilə ölçülür. Amma bu belə deyil, zənginlik insanın daxilində olur. Zənginlik elə daxili mədəniyyət deməkdir. Klipinin bahalığı, toy qonararının şişirdilmiş məbləği hələ zənginlik deyil.
Bu günlərdə internetdən oxuduğum bu xəbəri oxuyanda şouxanamızın və şouxanamızdakıların necə də dayaz olduqlarını bir daha anladım.
Belə ki, dünyasının tanınmış simalarından olan britaniyalı model Kelli Bruk soyunub. O, ancaq bədənini sərgiləyib pul qazanmaq üçün soyunmayıb. Bu bizim “ulduzların” işidir. Kelli xanım “Heyvanlarla Etnik Davranış Təşkilatı” (PETA) ilə birlikdə etiraz aksiyası keçirmək məqsədilə soyunub. Məşhur model ilan dərisi motivləri ilə boyanmış bədəninin əks olunduğu posteri mətbuata təqdim edib. Posterdə “Kimin dərisinin içindəyik?” şüarına yer verilib. Ümumilikdə kampaniya “Heyvanlar qarderobunuza deyil, təbiətə aiddir” şüarı altında keçirilir.
PETA nümayəndəsi Mimi Bekeçki aksiya vasitəsilə ilan, timsah kimi heyvanların dərilərindən istifadə edən modelyerlərə ismarıc göndərmək istədiklərini deyib.
Qeyd edək ki, heyvan haqlarının müdafiəçisi kimi çıxış edən təşkilatın bütün dünyada 2 milyondan çox dəstəkçisi var.
Bizdə də bir Elza Seyidcahan var. Özünü o biri manıs həmkarlarından fərqləndirmək üçün o, guya heyvansevərliyini reklam eləyir. Burdan heyvansevərliyini reklam edir, ordan da durub gedir xəz dükanlarının mallarını reklam edir. İndi bu adamı necə başa düşəsən və ya necə başa salasan ki, ay bala, nala-mıxa vurma, ya heyvanları sev, ya da onların dərilərini, xəzlərini…
İradə geri dönür
Türkiyə şou-biznesinə ağız büzən, özündən razı İradə İbrahimova vətənə gəlir. Məsəl var deyir, vətənə gəldim, imana gəldim (guya vətəndən çıxan kimi imanın havaya uçur). Amma indi bilmirəm, İradə vətənə imana gəlmək üçün gəlir, yoxsa…
İradə Türkiyəyə gedəndən sonra xeyli dəyişib. Burda jurnalistlərə yuxarıdan aşağı baxan İradə Türkiyədə hətta yerli həmkarlarımdan birinin gəlişini xeyli gözləməli olub. Bunlar belədir də, burda olanda harda qələm görürlər qaçırlar, çünki qələm bolluğudur. Biləcəridən o yana çıxanda isə əliqələmli tapa bilmədiklərindən üstümə qaçırlar.
Amma İradənin sözçüsü deyir ki, o, vətənə nə imana, nə də oxumağa gəlmir. Sən demə, İradə Türkiyədə doğulan qızının bir yaşını Bakıda, dostları və qohumlarının əhatəsində qeyd etmək istəyir.
70 min avroluq Aygün…
Dedim axı bizimkilər kərmədən gül düzəltməklə məşğuldurlar. Gedib o yanda bir alkaş rejissor tutub 2-3 min manata klip çəkdirirlər, gəlib burda gopa basırlar ki, 20-30 min avro xərcləyiblər. Aygün Kazımova vaxtilə yerli rejissorlara “yox” deyib, üz tutdu Gürcüstana. Gedib Gürcüstanda iki kəl tapdı (buna bəzən öküz də deyirlər), sonra bu kəlləri cütə qoşub qarın üstünü şumlamağa başladı. Guya gürcü rejissoru Aygün üçün qeyri-adi klip çəkib də. Bizim Ülviyyə Könülün klipləri bunun yanında Hollivuda aparmalıdır. Bizim şouxanımlar elə bilirlər ki, Cenifer Lopezə klip çəkən rejjisorla işləyən kimi olacaqlar Cenifer. Day bilmirlər ki, Cenifer bunlar kimi gecə saat 2-3 arası manıslıqdan evə dönüb, dana basdırması yemir. Zərif qalmaq üçün idman edir, pəhriz saxlayır, dünyadan xəbər tutmaq üçün kitab oxuyur, bütün bunların nəticəsi olaraq, onun daxili zənginliyi xarici gözəlliyi ilə vəhdət təşkil edir. Bu da Ceniferin mükəmməl qadınlığında əks olunur.
İndi Aygün Kazımova deyir ki, Türkiyədə oranjeman olunan “Düşün məni” klipini Türkiyədən gələn 22 nəfərlik peşəkar heyət lentə alıb. Klip Kral TV-də gün ərzində 48 dəfə yayımlanacaq. Guya bu klip 70 min avroya başa gəlib. İnanan daşa dönsün….
Bilirsiz də Kral TV-də klipi orda çəkilənin gül üzünə baxıb yayımlamırlar. Klipi yayımlamaq üçün öncədən pullarını alırlar.
Ola bilər ki, Aygün Kazımova 70 min avro deyəndə bunu da nəzərə alıb.
Sofiya Sadıqlı
Geydirmə araq
Akif Abbasov. Hekayə
Gün günorta yerinə qalxmışdı. Bibioğlu Nazimlə dayıoğlu Oqtay tez özlərini üzərində «Qəlyanaltı» sözü yazılmış yeməkxanaya saldılar. Dayıoğlunun bu gün əli gətirmişdi. Bibioğluya yüngülvari qonaqlıq söz vermişdi. Burada ayaqüstü nahar edib hərəsi öz işinin ardınca gedəcəkdi.
Qohumlar iki şüşə pivə, iki stəkanda hərəsi iki yüz qram olan araq, dörd pay sosiska, göy-göyərti, pomidor-xiyar götürüb stola gətirdilər. Nazim kranta sarı gedib boş stəkanlardan birini su ilə doldurudu və onu da stolun üstünə qoydu. Oqtay əlini yumağa getdiyindən dayanıb onun gəlişini gözlədi. O qayıdan kimi süfrəyə əl uzatdılar. Oqtay, qabığı rahat soyulsun deyə, sosiskalardan bir neçəsini xışmarlayıb dolu stəkana saldı. Hər ikisi eyni zamanda öz stəkanını qaldırdı:
-Bibioğlu, sağ ol, sənin sağlığına.
-Dayıoğlu, sağ ol, sənin sağlığına, - deyib bir nəfəsə başlarına çəkdilər.
Nazim dərhal üz-gözünü turşutdu. Oqtay isə əlini yuxarı qaldırıb qeyzlə qışqırdı:
-Bibioğlu, bizə paçkə basıblar. Araq geydirmədir.
-Niyə, dayıoğlu?
-Görmürsən, su kimidir…
Nazim təəccüblə çiyinlərini çəkdi:
-Dayıoğlu, day ağ eləmə. Sənə də hər şeyi bəyəndirmək olmur. Hərəsinə bir qulp qoyursan. Araq qelə tünddür ki, ağzım-burnumu əyib. Duzlu xiyarla pomidor dadıma çatdı.
Bunu eşidən dayıoğlu tez sosiska doldurulmuş stəkanı qamarlayıb burnuna apardı və iylədi. Arağın kəskin iyini alıb üz-gözünü turşutdu. Stəkanı geri çəkdi.
Demə, bayaq tələsdiyindən sosiskaları su ilə dolu stəkana yox, araq dolu stəkana salıbmış. İçdiyi isə Nazimin krantdan doldurduğu su imiş.
Bunu görən bibioğlu gülməkdən uğunub getdi. Pərt olmuş dayıoğlu tez sosiskaları çıxarıb boşqaba yığdı. Sosiskanın yağı hopmuş arağı başına çəkdi:
-Adamlar arağı içib onun acılığını öldürmək üçün üstündən su içirlər. Mən isə tərsinə etdim, - dedi və sonra düşdüyü vəziyyətə özünün də gülməyi tutdu.
Nazim əlini bir-birinə vurub:
-Oyunun olsun, dayıoğlu, - dedi. - Həm qonaqlıq verdin, həm də konsert. Bax, buna deyərəm əsl qonaqlıq!
Akif ABBASOV,
pedaqoji elmlər doktoru, professor,
Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü,
Azərbaycan Yazıçılar Birliyinin üzvü
Bizə qan verin
Bizə qan gərəkdir, qan verin, qan...
Belə ömür sürməklə çox çəkmərik,
Öləsiyik ayaq üstə, quruca adımız qalıb.
Hələ ki, nə öləndənik, nə də qalandan,
Qansızlaşmışıq, neçə vaxtdır yaşayırıq yalandan.
Keçmiş “ibn“ləri bu gün “ov”, “yev”, “yeviç” anırıq,
Anasız keçinərik,
“Dədə”siz yaşamağı qeyri-mümkün sanırıq.
İlahi, sən demə, yüz illərdir,
Yurda xəyanətdən qanımız yoxmuş,
Tamam qansızıq…
Bizə qan verin, qan…-
Farslara satılmış şahlarımızın,
Ruslara əyilmiş xanlarımızın qul qanından yox...
Cavanşirin qanından,
Uzun Həsən qanından…
Korşalmayan qeyrət gəlsin qanımıza.
Bizə qan verin, qan…-
Babəkin qanından,
Nəsiminin qanından…
Əməlində dönməzlik yazılsın alnımıza.
Bizə qan verin, qan…-
Xiyabani qanından,
Məhəmmədəmin qanından…
Ziya, nur yayılsın ağlımıza.
Bizə qan verin…!
Qanlanaq, canlanaq,
Mənliyimizə, kökümüzə qayıdaq…
Bəsdir yaşadıq belə,
Olan - qalan qanımız gör dönüb nəyə!..
Çıxartmaq! Boşaltmaq! Dəyişmək!
Bu qul qanından qurtulmaq gərək!..
E-hey!!!
E-he-hey!!!
Eşidirsiz?..Ulu Tanrı,..kömək edin!..
Millət gedir əldən…
Bizə qan verin!!!
04.1991
Boynu bükük bənövşə
Çarpayıda ağır xəstəlikdən yatana ana son gününü yaşıyırdı. О, evladlarını yanına çaqırıb vəsiyət edir:
-Bilirəm ömrümün son günüdür.Bir gün gələn,bir gün gedir.Mən öz ömrümü yaşadım.Dünya durduqca siz yaşayın. Mən dünyadan köcdükdə qəmə kədərə düçməyin. Güclü olun, bir-birinizdən müğayət olun. Ləyaqətinizi, isnanlığınızı qoruyun. Gözüm arxada qalmasın o dünyada rahat yatım; -deyə gözlərini bu hayata ədəbiyən yumur. Onun üç övladı ana yetimi qalır. Qadının ölümü həyat yoldaşını pis sarsıdır. O bir ara özünə gələ bilmir. Çox çətin olsada o övladlarını böyüdür. Onlar istirab dolu həyat yaşadılar. İllər keçir. Evladlar böyüyür. Qızı və oğlu ailə qurur. Evin son beşiyi Bənövşə isə boynunu büküb məktəbə gedir,dərsləri ilə məşqul olur. O, hələ anasını unutmamışdı. Onun on dörd yaşı olmağına baxmayaraq,füsünkar gözəlliyi,balıq kimi ağ bədəni, dəniz kimi mavi gözləri,qızıl kimi sarı saçları vardir. Məktəbdə hərkəs ona heyran qalırdı. Onun isə məktəbdə bir sevdiyi vardır. Onlar hərdən zəngdə görüşür,söhbət edirdilər. Bir-birlərini dəlicəsinə sevirdilər. Bənövşənin hələ ailə qurmağına çox vardır. Lakin ailəsində ata,qardaş,qardaşının yoldaşı onu incidirdilər. Bənövşə gecələr anasının rəsmini götürüb,köks ötürür – Ana kəş öldəyəydin yanımda olaydın,məni çox incidirlər deyərək ağlayardı.
O öz ailəsindən beyizmişdi. Bənövşənin bir çixiş yolu vardır. Ailə qursun canını zalım ailədən qutarsın. Bu fikirlədə bir gün ataya yaxınlaşır,ailə quracaqi haqda söyləyir. Ata ötkə ilə;-razı deyiləm, əgər sözümə baxmayıb ailə qursan nə olursa olsun birdə qayıtmayacaqsan söylədi.
Bu sözlərə baxmayaraq Bənövşə məktəbdə sevib,seçdiyi oqlanla ailə qurur. Ər evinə köçür. O ele bilir ki dinclik tapıb. Yanılırdı. Onun hələ agrılı acılı həyatı qarşıda idi. Onlar xöşbəxt yaşayirdilar. Zamanla bir qızları dünyaya gəlir. Bənövşə qızını böyüdür,yoldaşı isə işə gedib gəlirdi. Evliliklərindən 2 il keçir Bənövşə yenə ana olmaqa hazırlaşırdı. Yoldaşı isə son zamanlar içir sarxoş olur Bənövşəni döyürdü. Sanki onu heç sevməmişdi. Bənövşə bu ağır günlərə qızına görə dözürdü. Bir gün necə döyülürsə huşunu itir yerə yıxılır. Gözlərini açanda isə o ozünü xestexana çarpayısında görür. Bu hala gələcəyini o bilmirdi. Tibb bacısı onun ayıldıqını görüb həkimə xeber edir. Həkim onun otaqına keçir,müayinə etməyə.Bənövşə boylu olmadığını görüb həkimdən soruşur:
-Körpəm hanı.
-Körpəm hanı.
-Aldıqınız zərbədən bətninizdəki körpə tələf olmuşdu. Biz onu sizdən azad etdik. Çox ağır əməliyat idi. Özünüzü necə hiss edirsiz?
Bənövşə suala cavab verməyib hönkürlə ağlayır. Bu qədər yoldaşına dözmüşdü. Lakin körpənin itkisi onu yaman sarsıdır. Bu dözülməz idi. Onun doğumuna üç qalmışdı!
Olan hadisəyə görə xəstəxanaya polis məmurları gəlib Bənövşədən izahat almaqa. Bənövşə yoldaşının bu acı əməlini satmır özünün yıxıldıqını söyləyir. Vaxt bivaxt gəlib keçir.Bənövşə xəstəxanadan çixar çixmaz vicdansız yoldaşindan boşanı. Gözünün agı-qara olan bircə qızını götürüb ər evini tərk edir. Yoldaşı onun heç vaxt axtarmır.Bənövşə bacısı gilə gəlir. Bacısı onun dərdindən hali idi. Bir müddət bacısının evində qalır. Bacısı gilin çox çətin dolanışığı vardır. Elə ona görədə bacısı vərəm xəstəliyi tapıb, bu xəstəlikdən vəfat edir. Bacısının vəfatından sonra Bənövşə orda qala bilməzdir. O üç yaşlı uşağını ordan götürüb çıxır.
Axı o hara getsin?!
O kimə lazimdı?!
- Hec kimə. Ana bacı qara torpaqda yatır. Ata ,qardaş onun varlıqını danır,ona dayaq dumurdular. Əslində onlar çoxdan kişiliyini,insanlıqını itirmişdilər.Bənövşə çarəsiz qalıb üst tutur körpələr evinə. Müdürün qəbulunda olur. O öz qara taleyini danışır. Xaiş edir ki,qızını hələlik burada qoysun. Ev-eşik edib qızını gəlib götürəcək. Müdür körpəni körpələr evinə qəbul edir.Bənövşənin sevincinin həddi hüdüdü yox idi. Lakin əli gəlmirdi körpasini ora qoysun. Qızı ağlayır ananın qucaqından düşmürdü. Ananın körpənin fəryadı körpələr evini bürümüşdü.
Axı ət dirnaqdan necə ayrılsın?
Bənövşə ürək ağrısı ilə qızını körpələr evinə yerləşdirir. Oradan çıxıb müxtəlif yerlərdən iş axtarır. Tapır. Bazarda meyvə-tərəvəz satıcısı razı olur işləməyə. Özünə kirayə ev tapır. Vaxt tapan kimi satdıqı meyvələrdən bir neçəsini götürüb qızını görməyə gedirdi. Gətirdiyi meyvələri qızına yeizdirir,qalanını isə sonraki günlər üçün yanına qoyurdu. Hər gedişində dayələrə tapşırırdıki;- yeməyini vaxtında yesin. Yatanda üstü açıq qalmasın. Siz Allah ona” gözünüz kimi baxın” axı o hələ körpədir. Bənövşə işə qayıtsada ürəyi həmişə qızında qalırdı. Çünki körpəyə yalnız ana yaxşı baxır.
Bir gün bazarın müdürü Bənövşəni işdən yayındığını görübyanına çağırtdırıb deyir:
- Bənövşə son zamanlar sənin işini müşahidə edirəm. Işinə məsuliyətsiz yanaşırsan.
Bənövşə göz yaşi töküb qızının yanına körpələr evinə getdiyini söyləyir.
- Əgər iş səni qane etmirsə çixa bilərsən. Uşaqınada baxmaqa asudə vaxtın olar. Axı bura bazardi!İşi qoyub getmək olmaz! Müştəri gəlir!
- Baqışdayın birdə olmayacaq.
- İşivin başına qayda bilərsən.
-Bənövşə çarəsiz qalıb bazarda işini davam etdirir. Aylar keçir. O, qızının üzünə həsrət qalır. Bənövşən qızından nigaran idi. O, nə yiyir ,nə içir fkirləri beynində fırlanırdı. Bir gün işdə ağlına qayınanası gil düşür. Işdən icazə alıb onlara gedir. Gəlib çatır. Qapını döyür. Qaynanası qapını açır. Bənövşəni görüb diksinir. Ötkəylə deyir: sənin burada nə işin var?nə üzlə gəlmisən?
Bənövşə qəhər içində deyir:
- Özümdən ötəri gəlməmişəm qızım üçün gəlmişəm.
- Nə olub qızıva?
- Qızıma baxa bilmədiyimdən onu körpələr evinə qomuşam. Vaxt olanda ona baş cəkirdim. Artıq müdür icazə vermir. Aylardır qızımın üzünü görmürəm cox nigaranam. Sən onun nənəsisən. Onu hər bazar evinə gətirib qayğısına qala bilərsən.
- Bir şərtlə get onu evladlıqdan çixart,ondan sonra onu biz ömürlük oradan cıxaraq baxaq.
- Bir şərtlə get onu evladlıqdan çixart,ondan sonra onu biz ömürlük oradan cıxaraq baxaq.
- Yox! Razı deyiləm!
Bənövşən iri addımlarla oranı pilləkənlərdən düşüb gedir. O, bilirdi ki onun dediyi kimi etsə birdə qızının üzünü görmüyəcəq. Çünki qaynanası daş ürəkli qadın idi. Boş vaxtının olduqunu görüb körpələr evinə qızını görməyə gedir. Gəlib çatır. Boylanır körpələrin oynadıqı otağa. Qızını orada görmür təlaşa düşür. Qızım hanı deyə qışqırır. Üz cöndərib. Sürətlə müdürün otaqı tərəfə qaçır. Qapını döymədən açır. Müdürə tərəf baxıb, istirab içində deyir:
-Qızım hanı?onu görmürəm?
-Siz qayitdınız?
Müdür elə bilirdiki Bənövşə birdəfəlik gedib. Müdür onun təlaşını görüb deyir:
- Narahat olmayın qızınız güvənli əllərdədir. Burada işləyən müəllimə onu qəyumluğa yəni evlatlıqa götürüb.
- Axı kim olursuz? Mənim körpəmi evlatlıqa verirsiz?mən ölmüşəm bəyəm?
-Aylardır sizin yoxluqunuzu görüb fikirləşdik ki,qızınızı artıq atmızınız. Ünvanınız belə bizdə yox idi ki, sizi axtaraq.
- Yox siz nə danışırsız? Bənövşə hirslə onun sifətinə baxdı.
- Heyatda ondan başqa kimim var?o mənim canımın bir paraçasıdır,aylardır qızımın həsrəto ilə yaşayıram. Mənə müəllimənin ünvanını verin. Qızımı götürəcəm.
Müdür qorxu içində ünvanı yazıb vərəqi Bənövşəyə uzadır. Bənövşə vərəqi götürüb yollanır müəllimənin ünvanına. Gəlib çatır qapını yumruqla döyür. Qapını müəllimə açır və əsəbi halda deyir:
- Bu necə qapı döyməkdir? Axı siz kimsiz ki,məni belə narahat edirsiz?
Bənövşə istirab dolu aqlayaraq müəllimənin ətəyindən yapışıb deyir:
- Hanı mənim qızım?onu mənə qaytarın! Müəllimə təşvişə düşür. O ananın gələcəyini gözdəmirdi. Onun gözləri dolur.Bənövşənin əllərindən tutub deyir:
- O, burdadı otaqda oyuncaqları ilə oynayır. Özüdəki yaxşıdır.
Hayküyü eşidən körpə ürkək addimları ilə dəhlizə tərəf gəlir. O ananı görür! Yerindəcə duruxub küskün halda ona baxır. Nəhayətki Bənövşə aylardır üzünə həsrət qalan körpəsini görür.
- Qızım ananı tanımadın?!
Əllərini ona tərəf uzadır. Qızı kiçik addımlarla anaya tərəf qaçır. Ana ... deyə bərk qucaqlayıb ağlayır. Gunahsız körpə ana üçün necə darıxmışdı. Müəllimə bu səhnəni görüb səssizcə körpənin otaqına keçir. Onun geysilərini və öz özü aldıqı oyuncaqları çantaya yerləşdirir. Otaqdan çixib Bənövşəyə çantanı verb deyir:
-Bu qızının çantasıdırı. Onu çox istəyirəm bilmirəm onsuz necə qalacam?!
-Hərdən qonaq gələrik. Qızıma cəkdiyiniz əziyətə görə sizə dərin minətdarlığımı bildirirəm.
-Nə əziyyəti?mən xoşbəxtəmki həyatımın bir neçə anımı bu gözəl balaynan keçirmişəm. Halal xoşu olsun ana südü kimi.
- Çox saglun.
Bənövşə qızını qucaqına alıb, çantanı əlinə götürüb oranı tərk edir.
- Gəl halıma yan ana söyləyərək göz yaşları selə dönür .O, giley dolu yola çixir. Taleyindən xəbərsiz.
HACI ZEYNALABDİN TAĞIYEV
Tarixi şəxsiyyətlərimiz
Hacı Zeynalabdin Tağıyev 1838-ci ildə Bakıda başmaqçı ailəsində doğulmuşdur. On yaşına çatanda atası onu bənna yanında palçıq daşımağa işə düzəldir. 12 yaşına çatanda o, artıq daş yonurdu. 15 yaşında ikən bənnalıq etməyə başlamışdı. Sonra isə Hacı neft işi ilə məşqul olmağa başlayır. O, işə başlarkən bunun nə dərəcədə risqli olduğunu da bilirdi. Çünki bəzən quyu neft vermir, qoyulan kapitallar batırdı. Nəhayət, Hacının neft quyusu gözlənilmədən fontan vurur. Başmaqçı Tağının oğlu palçıqçı Zeynalabdin milyonçu Tağıyevə çevrilir. Tağıyev həm neftxuda, dəyirman sahibi, fabrikant, böyük balıq sənayeçisi (bütün Kür ətrafı və Xəzər qırağı vətəgələr onun ixtiyarında idi), həm də ticarət və yük gəmilərinin sahibi idi. Hacı Bakı şəhərində əvəzolunmaz arxitekturalara və dizayna malik binalar inşa etdirmişdir. O, indiki Azərbaycan Tarixi Muzeyinin, Elmlər Akademiyasının Rəyasət Heyətinin, Şirniyyat Fabrikinin, Toxuculuq Fabrikinin binalarını tikdirmiş, Bakıya şollar suyunu gətirmişdir.
28.09.2011
Cummaq istəyirəm
Cummaq istəyirəm dərin, lap dərin,
Gətir gözlərinin dibinə cumum.
Ölmək istəyirəm, nə danış, nə din,
Gətir qucağında gözümü yumum.
Gecə yoxsulların örtüksüz damı,
Uzanar-uzanar yatağa qədər.
Yuxu kipriklərin nigaranlığı,
Hər gecə arxamca yatağa gələr.
Günəş anlaşılmaz, sarı həqiqət
Bulud gizlin ayın tərcüməsidir.
Sevgi insanların fəlsəfi suçu
Azadlıq çoxuna pul tələsidir.
Hərdən ölmək belə həyat kimidir
Hərdən çabalamaq, çatmaq deməkdir.
Hərdən gecə yatıb, kabus görməmək,
Sevdiyin qız ilə yatmaq deməkdir.
Hərdən bir “ah” belə, səni söyləyir,
Hərdən bir ömür də deməyə çatmırə.
Hərdən öz-özünə gözün bağlanır,
Hərdən güllə belə, səni yuxlatmır.
Hərdən ay kiminik, bütöv, ışıqlı,
Hərdən ay kiminik, hilal və yarıq.
Onsuzda hamımız ölü-dirilər,
Həyatın sapıyla asılmışlarıq.
Sabah güllə bizi ayıracaqdır,
Güllələr gözündə hamımız birik
Nigaran deyiləm, sən yanımdasan.
Suçumuz birdisə özümüz birik.
Parisdən imtina edən sevgili
qədəhlərdə göz yaşları
günahlardan keçirlər
sağlığıma içirlər
Adil Mirseyid
Heminquey yazırdı:
“Paris həmişə səninlə olan bayramdı”.
Paris təkcə mədəniyyətin, incəsənətin mərkəzi deyil.
İllər uzunu təkcə sənət adamları, şairlər, yazıçılar üçün cəlbedici olmayıb.
O həm də sevgililər şəhəridir.
Adama elə gəlir ki, Parisdə ancaq sevmək olar.
Eyfel qülləsindən qürubu seyr etmək.
Sena çayı sahilində gəzmək.
Sevgililərin sevimli şəhəridir Paris.
Eyfel qülləsi sevgi rəmzidir.
Nazim Hikmət deyirdi:
“mən bir gecə, bu may gecələrinin birində
Volter sahilində dayayıb səni divara
öpməliyəm ağzından,
sonra üzümüzü çevirib Notrdama
çiçəyini seyr etməliyik onun”.
Aşiqlər sevgililərini Parisə aparacaqlarını söz verərlər.
Çox zaman da gerçəkləşməz bu arzu.
Neçəmiz Parisdə yaşamaq istərdik.
İonna Bottanın isə doğma şəhəri idi Paris.
Orada yaşamış, müharibənin ağrı-acısını görmüş, elə orda da aşiq olmuşdu.
Sevgilisi Şəmməd Şirməmmədovla çiyin-çiyinə Fransanının azadlığı uğrunda, faşizmə qarşı döyüşmüşdü.
Sonra da evlənmişdilər.
Və bir gün sevgilisinə qoşulub gəlmişdi Azərbaycana, İmişliyə.
Sivilizasiyanın mərkəzini işıq dirəklərinin təzəcə basdırıldığı bir kəndə dəyişdi.
Dünyanın ixtiyari şəhərini Parisə dəyişmək olar.
Ancaq Parisi başqa bir şəhərlə dəyişmək...
Bunun üçün gərək çılğınca sevəsən.
Bunun üçün gərək böyük ürək sahibi olasan.
Bunun üçün gərək gözlərin hər şeyi bənövşəyi görsün.
Nə Fransanı düşünmüşdü, nə Parisi, nə də arxasında buraxdıqlarını.
Nələr verməzdik ki, Parisdə yaşamaqçın.
O isə könüllü seçmişdi İmişlini.
Sevgisi üçün etmişdi bunu.
Və 64 ildir ki, İmişlidə yaşayır İonna Botto.
Necə qəribədir.
Bizim Paris sevdamız tükənmir.
İonna nənə isə İmişlidə keçirtdiyi 64 ildə bu barədə heç düşünmədi.
Mirmehdi AĞAOĞLU kulis.az
Nur yağışı
Aylar keçir,il dolanır,yeni nağıllar yaranır. Bu nağılların içındən ən gözəlin seçərəm,sizə nağıl biçərəm. Bir ölkə varimış,bu ölkədə yaşayan bütün insanlar gözəlliklərinə görə dünyanın başqa insanlarından fərqlənərmişlər. Bu ölkənin sakinlərindən biri də Şumal idi.Şumalı atası yanına çağırıb,ona dedi:-Oğlum artıq böyümüsən,evlənmək vaxtıdır.Ölkədəki qızlardan birini seç.
Şumal bütün ölkəni gəzib dolansa da,heç kim onun ürəyinə yatmır.Hamı bu qədər gözəlin içindən onun heç kimi seçə bilməməsinə təəccüb edirdi.
Şumalın atası çox qəzəblənmişdi.O,Şumala dedi:-ölkədən çıx get.Nə zaman öz yarını tapsan qayıdarsan.Şumal yola düzəlir.Hara gedəcəyini belə bilmirdi.Güllü-çiçəkli baxçalardan,susuz səhralardan keçdi,nəhayət qəribə bir şəhərə gəlib çatdı.Şəhərin qəribəliyi onda idi ki,burada yaşayan insanların hamısı çox eybəcər idi.Onlar eybəcər olsa da,çox mehriban,qonaqpərvər,səmimi,ürəyi təmiz insanlar idi.Onlar yorğun Şumalı mehribanlıqla qarşılayıb,yedirib-içirdilər.Hər kəs Şumalın gözəlliyinə heyran qalmışdı.Onun qara qaşları,iri gözləri,qəddi-qaməti hər kəsi heyran qoyurdu.
Şumal şəhəri,onun sakinlərini çox bəyənmişdi.O,burada qalmağı qərara aldı.
Bir gün Şumal dağda gəzərkən bir qızla rastlaşdı.Bu şəhərin bütün sakinləri kimi o da eybəcər idi.Qıvrım saçları,iri burnu, ləkəli dərisi,xırda gözləri var idi.Amma Şumal onun ürəyinin saflığını gözlərindən duyub,ona vuruldu.Qızın adı Kifir idi.Şumal Kifiri öz olkəsinə apardı.Kifiri görən hər kəs heyrətdən yerində donmuşdu.Şumalın atası isə yenə də qəzəblənmişdi.O, Şumalı ölkədən qovdu.Şumal və Kifir kor-peşiman Kifirin ölkəsinə qayıtdılar.
Şumal və Kifir üçün böyük,təmtəraqlı toy qurdular.Bütün ölkə onların toyuna yığışmışdı.Hamı təzəcə toplaşmışdı ki,birdən göydən “Nur yağışı”yağdı.”Yağış suyu”hər kəsin üzünü yuyub apardı.Hər kəsin daxili üzə çıxdı.Toydakı bütün adamlar gözəlləşdi,elə Kifir də.Kifirin ölkəsinə yağış yağan zamanda Şumalın da ölkəsinə leysan yağırmış.Leysan hər kəsin üzünün nurunu yuyub apardı.Hamının əsl siması üzə çıxdı.Ölkədə yaşayanların hamısı eybəcərləşdi.O,gündən Kifirin ölkəsi “Gözəllər”,Şumalın ölkəsi isə “Eybəcərlər” ölkəsi adlanır.
Bu nağılı oxumuram ki, mışıl-mışıl yatasan,oxuyuram ki,fikirləşib ağıllı yol tapasan.
Payıza düşdü
Tural Qul
Payıza düşdü baharın gülü,
Dünüm unuduldu bugünlərimdə.
Əlimdə əkildi, əlimdə bitdi,
Ətirli əlimdə əllərim itdi
– tapıldı da,
Ama payıza düşdü, əlimin gülü!
Payıza düşdü baharın gülü,
Dünün aynasıdır bugünlərimdə.
Gözümdə rəsimdir, gözümdə gerçək,
Bu rəsim sevgidən bir gün verəcək
– verdi də,
O da payıza düşdü, bir günün gülü!
Payıza düşdü baharın gülü,
Dünüm isidildi bugünlərimdə.
Bir qıza sevgidir, aldığım nəfəs,
Nə zaman dönəcək verdiyim nəfəs?
– döndü də,
Bu da payıza düşdü, nəfəsimin gülü!
Payıza düşdü baharın gülü,
Dünün çəkisidir bugünlərimdə.
İstərəm dünyanı tərsinə dönüm,
Çətin ki bu çəki çəksin ömrümü
– çəkdi də,
Niyə payıza düşdü, çəkimin gülü?
Künclərin vahiməsi
Dilqəm Əhməd
İstədim…
Quşların qanadına sığınıb
Ucalmaq istədim
Gecənin dərisinə bürünüb
Qaranlıqda yox olmaq istədim.
Şəhərin çığırtısına qarışıb
Küçələrdə bağırmaq istədim
Məscidlərdə müəzzin olub
Hər sabah çağırmaq istədim
Yovşan qoxan bozqırların
Sevgi yağan çöllərində olmaq istədim
Qum fırtınasına qovuşub
Gözlərinə dolmaq istədim
Atilla İlhanın şeirlərinə sığınıb
Get başımdan deyə bilmək istədim
Zamanın boşluğuna yuvarlanıb
Bütün anıları silmək istədim.
Aysel üçün
Zamana ötürdüm
Zamanla yolçu olduğumu
anlamadım
Unutduğumu sandım
Unudulanların mövcud olduğunu
anlamadım
Yadlıq içində çırpınıram
Kənarda dayanan hər şeyi itələyib
Arxası olmayan divarlara qapanıram.
Künclərin vahiməsi çökür üstümə.
Üzü xəstəlikdən yara tökmüş uşaqlar girir yuxuma.
Gözəlliklərin aldadıcı olduğunu anlayıram.
Həyat- bu ki anlamsızdır
İnsanlar- hamısı çarəsizdir
Toxunduğum hər bir şey ümidsizdir.
Yoxluqla ovunacağımı sandım
Yoxluğun olmadığını anlamadım.
Sən yox olmamışdın
Nə də zamanda buraxılmışdın.
Qaranlıq düşəndə bütün parıltılar yox olduğunda
Gerçəkliklər parıldayır qarşımda
Sən gerçəksən,
İçimdə yaşatdığım yeganə gerçək.
Подписаться на:
Комментарии (Atom)

