01.05.2011

“Diaspora tənliyi-2″


Almaniyadan…
Fəxrəddin Hacibəyli
Əvəz bəy, xoş gördük!
Ünvanınızı mənə Murad Köhnəqala verdi. Bu yazını sizə yollayıram. Bu, ötən il “Azadlıq” qəzetində getmiş və mənə qarşı zorakılığa səbəb olmuş yazının davamıdır. Belə deyək ki, həmin kontekstdən ikinci yazıdır. Sağ olsun, “Azadlıq” və onun şef redaktoru, Diaspora Komitəsi və Nazim İbrahimovla münasibətindən keçə bilmədi. Nə isə…
Davamlı olaraq yazmaq istərdim, əgər bir yazı proyekti eləyə bilsək və buna marağınız olsa, davamlı “Almaniyadan” adlı silsilə şəklində yazardım. Buradakı azərbaycanlılar, diaspora, həmyerlilərimiz barədə, igidlərimizin Avropa sərgüzəştləri barədə… Eləcə də alman cəmiyyətinin özəllikləri, örnek ola biləcək qaydaları, bizimlə fərqli və oxşar cəhətləri və s. barədə maraqlı bir layihə edərdik.
Yazı onsuz da gecikib, tamam ölsün də istəmirəm…
Sayğılarımla…
Azərbaycan hakimiyətinin yürütdüyü diaspora siyasəti ölkə xaricində yaşayan azərbaycanlıları birləşdırmək deyil, məhz birləşməsinə mane olmaq üçündür…
Yığışıb gediblər Ermənistan səfirliyinin önünə…
“Yığışıb getdik” yaza bilmirəm, çünki o “yığıncaqlarda” bizim kimi “hətərən-pətərən” yazıb-danışanların, “ipə-sapa yatmayan”ların yeri yoxdur. Ölkə daxilində olduğu kimi, ölkənin xaricində də hər şey monopoliyadadır. Bir də onu anladım ki, bizlər, “diaskom”un qara siyahısına salınmış “biçarələr” o qədər təhlükəli və qorxunc düşmənlərik ki, bizimlə hətta ortaq məsələlərimizlə bağlı təmas belə az qala milli maraqlara, dövlətçiliyə xəyanət etmək kimi qorxuluymuş. Xülya da olsa bir misalla, Avropada formalaşdırılmış “diasporçular”ın düşüncə tərzini obrazlı şəkildə ifadə edək; Təsəvvür edin, sabah (lazım gəlsə) müharibə başlasa və mən əlimdə bir bayraq Şuşaya ilk qədər qoysam (iqtidarımızın qulaqlarından uzaq), həmin əməliyyatı yarıda kəsib, ordunu geri çəkərlər və o mövqeyi yenidən düşmənə verməyə razı olarlar. Təki, arzuolunmaz persona hansısa bir uğura imza atmasın, yaxud əldə edilmiş uğurun altındakı imza onlardan olmayana məxsus olmasın. Buna tam əminəm və konkret situasiyadan misal da çəkib şübhə edənləri inandıra bilərəm.
Ötən il qoyduğum və hələ də cavabını tapa bilmədiyim sualı təəssüf hissiylə yenidən səsləndirirəm;
Bu diaspora qurumu, buna xərclənən milyonlarla paralar nəyə gərəkdır və bundan Azərbaycan adlı ölkənin mənfəəti, qazancı nədır?
Sualı bir az fərqli də qoymaq olar;
Bu diaspor oyunundan qazananların, mənfəət götürənlərin Azərbaycana nəfi, xeyri nədır? Bunların varlığı nəyə xidmət edir, bunlar hansı “yırtığa yamaqdırlar”?
Ölkədə sərmayə sərf ediləcək yüzlərlə əyri-eksik varkən, bu qədər pulu 21-ci əsrdə Avopanın göbəyində 16-cı əsr Orta Asiya təfəkkürüylə yaşayan tüfeylilərin cibinə axıtmaqdan məmləkət, millət, xalq hansı mənfəəti götürür? Məsələn, diaspor şoularından yararlanıb ancaq “cibişdanı-şərif”ini güdən, hər “işğal”, “soyqırım” günlərini nə qədər pul yağmalayacağının hesabını aparan, “soyqırım ticarəti” ilə məşğul olan alverçi təfəkkürlü “əmilər”in son model avtomobillərdə gəzməsi, bölgələrdə uçuq-sökük məktəblərdə dərs oxumağa məcbur olan balaca cocuqların qışın soyuğunda tir-tir əsən canlarını qızdırırmı?
Nəyin nəsidır bu Moşu demiş, “zırpı” adlı, dəmdəstgahlı “Diaspora siyasəti”? Ölkə xaricində yaşayan soydaşları birləşdirmək, koordinasiya etmək, bir məqsədə yönəlik fəaliyyətə təşviq etmək, çəkiçi bir zindana vurmaları üçünmü? Ortada olan fakt bunu göstərmir, bəlkə əksini sübut edir. Azərbaycan hakimiyətinin yürütdüyü diaspora siyasəti ölkə xaricində yaşayan azərbaycanlıları birləşdırmək deyil, məhz birləşməsinə mane olmaq üçündür. Bəli, əzizlərim, sizə inandırıcı görsənməyə bilər, amma bu, elə əslində bu cürdür. Səbəb?!
Ölkə xaricində yaşayan, inzibati aparatın nəzarətindən kənarda olan insanların təşkilatlanmasına, ölkədaxili vəziyyətə müdaxilə edə bilmələrinə mane olmaq, onları xırda qruplara ayırıb ögey-doğma, arzuolunan-arzuolunmaz kimi sortlaşdırıb bir-birilərinə qarşı qoymaq, “kim daha sadiqlik nümayiş etdirsə, padşahdan ənam alacaq” prinsipiylə Bakıdan asılı, ələbaxımlı duruma salmaq və beləliklə də, “əlçatmayan yerdə olanlar”ı itaətdə saxlamaqla qulağıdinclik eldə etmək. Sadə və bəsit! Budur Xaricdə Yaşayan Azərbaycanlılarla İş Üzrə Dövlət Komissiyasının funksiyası və dövlətin “Diaspora fəaliyyəti” adı altında xərclədiyi milyonlarla paraların məqsədi.
25-30 ildir Avropada yaşayan azərbaycanlılar bu fikrdədirlər. “Öncələr bütün tədbirlər, bayramlarda insanlar bir yerə yığışmağa meylli idilər. Hər kəs can atırdı ki, Bakıdan deyil, elə buradakı yerli təşkilatların verdiyi qərarla həyata keçirilən tədbirlərdə iştrak etsin, ümumi ortamdan kənarda qalmasın. Elə ki Azərbaycan dövlət səviyyəsində, rəsmi olaraq diaspora işinə əl qoydu, ilbəil meydana çıxanların sayı azaldı, yaradılmış təşkilatlarda parçalanma, qarşıdurma yarandı, hər kəs bir tərəfə dağıldı. Indi bir tədbirə 25-30 nəfərdən çox adam yığmaq olmur. İnciklik, küskünlük, bir-birindən yan qaçmalar…”
Bu da Azərbaycan dövlətinin yürütdüyü diaspora siyasəti və haqqında böyük hay-küylə, şişirtmə epitetlərlə danışılan diasporanın faktiki durumu. İndi bu duruma baxıldıqda iddia etmək olarmı ki, Azərbaycan hakimiyyəti ölkə xaricindəki azərbaycanlıların təşkilatlanmasında maraqlıdır? Qətiyyən!
Belə bir sual yaranır: sayı yüzminlərlə ölçülən qürbətçilərin içərisində Azərbaycan dövlətine lobbiçilik edəcək heçmi Azərbaycan tarixini və mədəniyyətini mənimsəmiş, heç olmasa gəldiyi və bulunduğu ölkənin dilində normal danışmağı bacaran, hətta yazıb-oxuması olan kadrlar yoxdur? Ölkəsini təmsil edən şəxs ən azından ibtidai şəkildə də olsa ölkəsinin tarixindən, mədəniyyətindən bilgili olması yaxşı olmazdımı? Keçmiş hərbçi, tikinti idarəsində prorab, qaz idarəsində mühasib işləmişlərin, danışanda üç sözündən ikisi jargon və söyüşdən ibarət olan, Azərbaycanın hansı coğrafi ərazidə yerləşdiyindən belə bixəbər olan alverçi təfəkkürlü, fikri-zikri cibini, mənfəətini güdmək olan psixologiyası anormal şəxslərin təmsilçiliyi ümidinə qalan ölkənin gələcəyi qaranlıqdır. Gözəlim vətənim indi bu durumdadır: onu almana, fransıza, ingilisə haqqında ibtidai təhsil səviyyəsində belə məlumatı olmayanlar “tanıtmalıdırlar”. Ona görə də “bizi tanımırlar, haqqımızda məlumatsızdırlar, bizə qarşı ikili standartlar mövcuddur” deyib kimisə yamanlamamalıyıq, bunun günahını özümüzdə axtarmalıyıq. Rəsmən fəaliyyət göstərən, faktiki isə sədri və onun qovluğundan ibarət təşkilatların “fəaliyyəti”nə, onların kağız üzərində, Bakı üçün nəzərdə tutulmuş “tədbirləri”nin maliyyələşməsinə ayrılan pullarla daha səmərəli işlər görmək olardı. Məsələn, Almaniyanın kitabxanalarında Azərbaycan haqqında bir səhifə belə yazılı ədəbiyyat tapmaq müşkül məsələdir. Əvəzində ermənilərin planlı şəkildə aparılan işinin real nəticəsi gözə girir – Ermənistan mətbəxindən, musiqisindən tutmuş saxta tarixlərinədək hər mövzuda cild-cild kitablar, çap materialları. Halbuki Ermənistanın adı düşmən bağrı çatladan “Diaskom”u yoxdur və dövlət ölkə xaricində yaşayan erməniləri koordinasiya etmək üçün büdcədən milyonlarla para sərf etmir. Demək, məsələ dövlətin müdaxiləsində və buna ətək-ətək para xərcləməsində deyilmiş. Məsələ çox sadə bir nüansa baglıdır; vətəndaş olmaq və vicdanlı olmaq. Səndən tələb ediləni, yaxud etməli olduğunu etmək.
Ötən il 31 mart soyqırımı ilə bağlı Ermənistanın Berlindəki səfirliyi qarşısına 4 təşkilat adından vur-tut 28 adam toplana bilmişdi. Onlar da təşkilat rəhbərlərinin yaxınları, ailə üzvləri, qohum-əqrəbaları. Cəsarətlə deyə bilərik ki, bizim üçün “hər il bir-birindən gözəl gəlir”. Göz dəyməsin! Ötənilki tənqiddən nəticə çıxaran “diasporaçılar” öz işlərinə yenidən baxıb və əhəmiyyətli dərəcədə dəyişikliklərə, islahatlara başlamışlar. Müəlliflik hüququndan hökmdarın xeyrinə imtina etməklə şuar təklif edirəm:
Diaspora siyasətimiz intensiv inkişaf yoluna qədəm qoymuşdur!
Diasporası güclü olan ölkənin gələcəyi parlaqdır!
Güclü diaspora güclü dövlətçilik deməkdir!
Uğurlu diaspora siyasəti uğurlu daxili siyasətin davamıdır!
Biz öz diaspora siyasətimizlə Avropa məkanına inteqrasiya yoluyla gedirik və s…
Heç şübhəsiz ki, dağıdıcı müxalifətin Avropadakı uzantısı olan “hətərən-pətərən” yazarları, uğurlu daxili və xarici siyasətimizə kölgə salmaqda maraqlı olan qüvvələr bunun əksini iddia edəcəklər. Amma mən onlara görülən işlərə, gündən-günə çiçəklənən uğurlarımıza baxıb susmağı məsləhət görərdim. Artıq aparılan iş öz bəhrəsini verməkdədır. Budur, bir il keçməmiş ürəkaçan nəticə ilə tanış olduq; bu il eyni adlı tədbirə 30 adam qatılıb. Bəyəm azdır? Bir ilə 2 nəfər artım böyük uğurdur, qutlanmalıdır. Beləliklə, inşallah, hər ilə iki nəfər artımla yaxın 50 ilə soyqırım və işğal günlərimizdə yüzlüyü vurarıq.
Sağlıq olsun, necə ki, Brejnev demişdi, “şiroko şaqayet Azerbaydjan”. Addımlarımızı iki-iki atırıq, yaxud “adamlarımızı iki-iki artırırıq”.
Diasporamızdan söz düşmüşkən, bu yaxınlarda elektron poçt unvanıma çox ilginc bir məktub daxil olmuşdur. Diasporamızın uğurlu inkişafının tərənnümçüsü olduğumu və bu yaxınlarda xidmətlərim müqabilində cənab Nazim İbrahimov və diasporamızın inkişafinda əvəzsiz xidmətləriylə canlı korifeyə çevrilmiş sayın Əbülfəs Qarayev, eləcə də sair qurumlarımız tərəfindən “iki qabırğa sınması” və “bir beyin silkələnməsi” ödülləriylə təltif olunmağımı eşidən soydaşlarımdan biri bu təltifdən sonra nəşəsindən zövq aldığım cənnət həzzinin təsirini bir az da artırmaq üçün həmin başıbəlalı elektron məktubu poçtuma ünvanlayıb.
Zəruri qeyd:
“Diaskom” yetkililəri nahaq təlaşa düşməsinlər, and olsun ki, mənim e-mail adresim sizin elektron məktublaşma sisteminizdə yoxdur, əbəs yerə axtarmayın, məktubu mənə sadə və sadəcə yönləndiriblər.
Xatırlayarsınız yəqin, söhbət 30 min manatlıq (hələ üzə cıxanı, bir xırda kirayə üçün mənimsəniləni budur) manatlıq maxinasiyadan gedır. Siz bilərsiniz, bunu bilməyənlər üçün yazıram.
Deməli, məsələ belədir. Məktub Fransanın Strasburg şəhərində fəaliyyət göstərən və çox güman ki, ofis kirayə haqqını ödəməkdə çətinlik çəkən bir təşkilat sədrinə, konkret olaraq Mustafa Alıncalıya ünvanlanıb. Ünvanlanıb, amma ünvan səhv düşüb, şəxsi elektron poçtuna göndərilməli olan başıbəlalı elektron məktub səhvən “Diaskom”un məktublaşma qrupuna göndərilib, həmən də minlərlə ünvana çatıb və məlum olub ki…
Yaxşısı budur, məktubun mətnini olduğu kimi verək. ŞƏRHSİZ-filansız:
“Salam, Mustafa bəy! Necəsiniz? Yaxın vaxtda büdcə açılır və Azərbaycan Evi üçün 10 min manat pul ayrılacaq. Bu məsələ çox uzandı, bilirəm, amma mümkünsə bir də məktub göndərin:
1. Qısaca Strasburgda Az. Evinin fəaliyyəti və
2. “2011-ci ilde Azərb. Evinin kirayəsini maddi cəhətdən ödəməyə çətinlik çəkdiyimiz üçün yardım göstərməyinizi xahiş edirik”.
3. “Məktubda 30 min məbləgini qeyd edin və
4. Miqavilənin kopyasını göndərməyinizi xahiş edirik.”
P.S. Özü də nə az nə çox, ümumi məbləğin 60 faizi. Yəni üçdən ikisi…
Redaksiyadan:
Fəxrəddin bəyin məktubuna cavab yazmadan səhifəyə yerləşdirdik və yazdıqlarının hamısı ilə birə-bir razıyıq. Xatırladaq ki, baş redaktorumuz Əvəz Zeynallı da uzun müddət ölkə xaricində fəaliyyət göstərdiyi və oxuduğu üçün xaricdəki səfirliklərimizin və təşkilatlarımızın nə qədər bərbad gündə olduğunu yaxından bilir. Ona görə də məmnuniyyətlə Fəxrəddin Hacıbəylinin yazılarının davamını gözləyirik…
“Xural” qəzeti

Комментариев нет:

Отправить комментарий