28.05.2011

QMİ yoxsa GMİ?


image
Saakaşvili özünü IV Davidə bənzətmək istəyir


Gürcüstan hökumətinin qərarı ilə ölkədə fəaliyyət göstərən bütün məsscidlər və müsəlman dini icmaları Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) tərkibindən çıxıb, yeni qurumun – Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) tabeçiliyinə keçməlidir. 

Mayın 12-si Gürcüstan Müsəlmanları İdarəsinin mətbuat katibi Mixael Çeladzenin bəyan etdi ki, bu qərar Gürcüstandakı bütün müsəlmanlara şamil ediləcək: “Gürcüstandakı məscidlər də bu idarənin tabeçiliyindədir. Bu idarənin başında müfti dayanır. O isə Batumidəkı müfti Cemal Baqşadzedir”. O bildirib ki, bu təkşkilatın idarə heyətində həmçinin Kvemo-Kartli qubernatorunun müavini, azərbaycanlı Hüseyn Yusubov da təmsil olunur. Öz növbəsində Hüseyn Yusubov məsələni belə şərh edib: “Gürcüstan Müsəlmanları İdarəsi müsəlman icması nümayəndələri və hökumət arasında körpü rolu oynamaq məqsədi güdür və heç bir şəkildə Qafqaz Müsəlmanları İdarəsinin işinə qarışa bilməz”. Tiflisin “Cümə məscidi”nin axundu, QMİ-nin bu ölkədəki nümayəndəsi Əli Əliyev məsələyə münasibət bildirərək deyib ki, yeni idarə məzhəblərarası qarşıdıruma təhlükəsi yaratmaqla Gürcüstanın azərbaycanlı vətəndaşlarının da haqlı narazılığına səbəb olur. Nəhayət mayın 16-da jurnalistlərə açıqlama verən Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülislam Allahşükür Paşazadə Gürcüstan Müsəlmanları İdarəsinin yaradılmasının siyasi addım olduğunu vurğuladı: “Gürcüstanda qriqorianlar və katoliklər yaşayır, lakin onlar yerli hakimiyyətin nəzarətindən kənardadır. Müsəlmanlar üçün bu istisnanın səbəbi nədir?” 
İctimai müzakirələrin bu istiqmətdə davam etməsi iki ölkə arasında münasibətlər üçün ciddi problemə çevirilə bilərdi. Hər iki dövlətin rəsmiləri məsələyə qarışmalı oldu. Gürcüstan tərəfi sanki problemi ört-basdır etmək istədi. “Eurovision” müsabiqəsində qələbə ilə bağlı azərbaycanlı həmkarını təbrik edən Saakaşvili Azərbaycan-Gürcüstan münasibətlərinin isti olduğunu göstərməyə çalışdı. Elə bu dilxoşluq fonunda prezident administrasiyasının mətbuat katibi Manana Mancqaladze jurnalistlərin suallarını cavablandırarkən bildirdi ki, Gürcüstan prezidentinin administrasiyası “Gürcüstan Müsəlmanları İdarəsi”nin yaradılması barədə şərh vermir. Elə Manan xanımın bu açıqlamasından sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Azərbaycanın rəsmi mövqeyini sərgilədi.  Gürcüstanın Azərbaycandakı səfiri və Gürcü Pravoslav Kilsəsinin ölkəmizdəki nümayəndəsini qəbul edən Hidayət Orucov belə dedi: “Azərbaycanda yaşayan gürcülərdən fərqli olaraq, Gürcüstanda yaşayan soydaşlarımızın din sahəsində ciddi problemləri var: “Təəssüf ki, bu problemlərin bir qismi hələ də qalmaqdadır. Üstəlik, bu yaxınlarda Gürcüstan Müsəlmanları İdarəsi adlı yeni qurumun yaradılması soydaşlarımızın ciddi narazılığına səbəb olub. Bu, bizim üçün çox gözlənilməz hadisədir və ciddi narahatlığımız var”. 
Rəsmi Tiflisin Gürcüstanın dəstəyi ilə  Azərbaycanda dövlət çevirilişinin hazırlanması barədə yayılan şayələr fonunda belə bir addım atması anlaşılmazdır. Gürcüstanda yaşayan soydaşlarımız ermənilərdən fərqli olaraq separatçı ruhiyyəli deyillər də ki, bu addımla hansısa qabaqlayıcı tədbir görülsün və onların Azərbaycanla əlaqəsi kəsilsin. Bu qərarda məzhəblərarası ixtilaf salmaq cəhdi görənlər də var. Beləki, əsasən şiə məzhəbinə mənsub azərbaycanlılar Gürcüstanda ikinci ən iri etnik qrup sayılır (əhalinin 6,5%-i). Əsasən sünnü məzhəbinə mənsub abxazlar, avarlar, çeçenlər və müsəlman-acarlar əhalinin təqribən 1 %-ni təşkil edir. Belə bir durumda müsəlman icmalarının xristian vilayəti olan Acariyanın sünnü liderinin tabeçiliyinə keçirilməsi şiə azərbaycanlılara qarşı yönəlmiş addım kimi dəyərləndirmək olar. 
Bəzi analitiklərin fikrincə, Gürcüstan QMİ-ni rus imperilamizminin qalığı saydığından qurumun Qafqazda dini monopoliyasına son qoymaq istəyir. Mahiyyət etibarı ilə həm QMİ, həm GMİ qeyri-hökumət təşkilatlarıdır. Hər iki qurum qeyri-rəsmidir, onların yeganə vəzifəsi müsəlman icmaları ilə dövlət strukturları arasında vasitəçi rolu oynamaqdır. Bu baxımdan Gürcüstan müsəlmanlarının maraqlarını QMİ də təmsil edə bilər. QMİ-nin nə qədər effektli işləyib-işləməməsi başqa mövzudur, Gürcüstan tərəfini bu heç də maraqlandırmır. Həmçinin şəriətə əsasən fətva vermək hüququ müctəhid alimə məxsusdur, QHT-lərə yox. Ona görə, QMİ-nin Qafqazdakı “dini inhisarlığından” söz gedə bilməz. Onda bu mənasız işin bu qədər şişirdilməsinin səbəbi nədir? 
Gürcülərin ermənilərdən daha millətçi və dindar olması heç kəsə sirr deyil. Hələ sovetlər dönəmində Acarıstanın (Acariya) əhalisinin 80 %-i müsəlman idi. Sovetlər dağıldıqdan sonra Gürcü Pravoslav Kilsəsi acarların kütləvi xristianlaşdırılmasına başladı, təbii ki, dövlət resurslarından istifadə edərək. Hazırda acarların yalnız 30 faizi İslam dininə pərəstiş edir. “Qızıl gül” inqilabından sonra ölkənin bayrağı müsəlmanlarla mübarizənin simvolu olan çar IV Davidin bayrağı ilə əvəz olundu. IV David Gürcü kilsəsi tərəfindən müqəddəs elan edilib və gürcülər onu bütün Qafqazı özünə tabe edən böyük imperator sayırlar. Məsələ orasındadır ki, Saakaşvili Gürcüstanda milli dövlət yaratmaq niyyətindədir. O, bu istəkdə olan ilk gürcü lideri deyil. Vaxtı ilə Z. Qamsaxurdiya da bu siyasi xətti tuturdu. Lakin, sələfindən fərqli olaraq Saakaşvili daha yumşaq üsullara əl atır. Təsadüfi deyil ki, erməni bayramlarının birində erməni məbədini ziyarət edən Saakaşvili Üçmüəzzin (Eçmiadzin) kilsəsinin Tiflisdəki nümayəndəsi onu IV Davidə bənzətmişdi. Ölkədə milli azlıqların işi ilə məşğul olan ayrıca nazirlik mövcuddur ki, bu özü vətəndaşlar arasında etnik zəmində fərqin qoyulmasına dəlildir. Milli azlıqlar tədricən assimilyasiya siyasətinin qurbanlarına çevirilirlər. Məsələn, azərbaycanlıların tarixi ərazilərindəki müsəlman-türk toponimləri gürcü adları ilə dəyişdirilir.   
Ümumiyyətlə gürcülər ermənilər kimi tarix boyu müsəlman işğalından “əziyyət çəkdiklərini” Avropaya xatırlatmağı xoşlayırlar. Ermənilər kimi də, onlar qısa müddət mövcud olan “böyük imperiyaları” ilə qürüur duyurlar. Ermənilərlə gürcüləri birləşdirən başqa amil də var. Hər iki xalq özlərini Qafqazın avtoxton etnosu sayır, (azərbaycanlıları isə gəlmə); gürcü və erməni kilsələrinin 608-ci ilə kimi vahid kilsəyə birləşməsi, indi isə hər iki xalqın Qafqazın yeganə xristianları olması isə bu tarixi əlaqələri daha da möhkəmləndirir. 
Bütün bunlar tarixdir, lakin elə tarixi yaddaş, mədəni identifikasiya siyasi münasibətlərdə həlledici rol oynayır. İqtisadi amillərlə qalsa, bu gün Gürcüstanın Ermənistanın vəziyyətinə düşməməsinə şərait yaradan Azərbaycanın yardımıdır. Rusiya ilə əlaqələr pisləşdikdən sonra Gürcüstan vətəndaşları qazanc dalıca Azərbaycana axışdılar. Ermənistan-Gürcüstan münasibətlərinə gəldikcə isə, onu qeyd eləmək kifayətdir ki, qondarma Abxaziya və Cənubi Osetiya respublikaları Ermənistanın himayəsində olan qondarma Dağlıq Qarabağ Respublikası tərəfindən tanınıb.Ötən ilin sentyabrında BMT Baş Assambleyası Rusiyanın 2008-ci ildə Gürcüstanla müharibəsini pisləyən qətnamə qəbul edərkən Azərbaycan qətnamənin lehinə, Ermənistan isə əleyhinə səs vermişdi. Ermənistan faktiki olaraq Gürcüstanın ərazi bütövlüyünü şübhə altına qoyur. Azərbaycan isə Rusiya ilə münasibətləri korlamaq bahasına Gürcüstana yardım edib. Lakin Gürcüstan bütün bunlara adekvat cavab vermir. Ölkə müsəlmanlarının Bakı ilə hətta formal əlaqəsini kəsmək cəhdi, Qafqaz müsəlmanlarını simvolik də olsa vahid quruma birləşdirən QMİ-nin nüfuzdan salınması adi şovinizm təzahürüdür.

Samir Pənahov                              salaminfo.az

Комментариев нет:

Отправить комментарий