04.05.2011

"HAKİM KOMANDADA CİBİ VƏTƏNDƏN ÇOX SEVİRLƏR"

Gülağa Aslanlı: "Elçibəyə dedilər ki, sənin komandan yaxşı deyildi. O da dedi ki, mən komandamda 20 nəfərin adını ürəklə saya bilərəm. Onlar namusla işləyiblər. Heydər Əliyev öz komandasından birinin adını desin. Birinin adını desin ki, rüşvət almır"



Müsahibimiz Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlıdır.

Gülağa bəy, 1952-ci ildə Masallı rayonunun Mollaoba kəndində anadan olub. Azərbaycan Dövlət Pedoqoji İnstitutunun fizika fakultəsini bitirib. Fizika elmləri namizədidir. Masallının Boradigah kəndində müəllim, Milli Elmlər Akademiyasının fizika institutunda işləyib. 20-dən artıq əsəri xarici ölkədə çap olunub. 11 ixtiranın həmmüəlliflərindən biridir. 1995-2001-ci illərdə yaradılan "Biyan" İstehsalat Birliyininn baş direktoru olub. Ailəlidir, 3 övladı, 5 nəvəsi var.

- Gülağa müəllim, 2001-ci ildən sonra "Biyan" İstehsalat Birliyinin taleyi necə oldu?
- Heydər Əliyevin sərəncamı ilə "Biyan" İstehsalat Birliyi ləğv edilərək özəlləşdirilməyə verildi. Özəlləşdirilənə qədər onun baş direktoru olmuşam. Biyan Azərbaycanda bitən yabanı bitkidir. Ondan dərman hazırlanır. Ən çox tətbiq edildiyi sahə siqaret istehsalıdır. Onun şirəsində tütün souslaşdırılır. Filip Mores kimi dünyanın ən məşhur tütün istehsalçıları bundan istifadə edirlər. 
- Birlik gəlir verirdi?
- Biz biyanı xaricə valyutaya satırdıq. O vaxt Azərbaycanla Amerika arasında ticarət əlaqələrinin 70 faizi "Biyan" İstehsalat Birliyinin üzərinə düşürdü. İndi 1 milyon dollar o qədər də böyük vəsait deyil. Amma həmin vaxt biz ildə Azərbaycana bir milyon dollar vəsait gətirirdik. Söhbət 1996, 1997, 1998-ci illərdən gedir. Onda neft satılmırdı, Azərbaycanın ticarət dövriyyəsi ildə 400 milyon dollar təşkil edirdi. 
- Siyasətə nə vaxtdan qoşulmusunuz?
- 1988-ci ildən xalq hərəkatına qoşulmuşam. 1992-ci ildən Müsavat Partiyasının üzvüyəm. 
- Siz yeganə müxalifətçisiniz ki, MSK-da təmsil olunmusunuz və saxtakarlığa getməmisiniz?
- Ənvər Əliyev VHP-nın üzvü kimi MSK-da olub. Sona qədər də heç kimə əyilməyib, heç kimə satılmayıb. Mən protokolu imzalamamışam. Seçkinin nəticələrinin əleyhinə səs vermişəm. Konstitusiya Məhkəməsində məsələ müzakirə olunarkən xüsusi çıxış etmişəm. Konstitusiya Məhkəməsindən bu cür saxta seçkiləri tanı-mamağı xahiş etmişəm. Çıxışımda demişəm ki, bu, seçki olmayıb, bu, təyinatla olan bir işdir. Bu seçkinin nəticələrini tanımaqla Azərbaycanın dünya dövlətləri arasında başını aşağı salacağıq. MSK-da Ümid, AXCP, VHP, Müsavat, Demokratik İslahatlar, Ədalət daxil olmaqla 6 müxalifət partiyası təmsil olunurdu. Onlardan 5 nəfəri protokolu imzaladı. 
- Sizə təzyiq olmadı?
- Heç bir təzyiq olmayıb. 
- Sizdən əvvəl Vidadi Mahmudlu niyə saxta seçkilərin nəticələrini təsdiq etdi, qorxdu, yoxsa rüşvət aldı? 
- Bu onun öz işidir. Mən MSK rəhbərliyinə, üzvlərinə çox sağ ol deyirəm. Ona görə ki, onlar məni tanıyırdılar və mənə heç bir təklif etmədilər. 
- Müxalifətdə sizin kimi düzgün adamlar çoxdur?
- Kifayət qədərdir. Məni gördünüz, digərləri ilə söhbət edib Müsavatda mənim kimi adamların olduğuna əmin olarsınız. 
- Nəyə görə müfxalifət problemlərin həllini istəmir, prezidentin istefa tələbini qoyur?
- Bu adamlar 20 ildir hakimiyyətdədirlər. 20 il ərzində ancaq binaların zahiri görkəmini dəyişməklə, pul yeməklə məşğuldurlarsa, hansı inkişafdan danışırlar?
- Kim bunlardan inkişaf tələb edir? Müxalifət də deyir oğurla mənə də ver, ziyalı da deyir oğurla mənə ver. Hamısı yaltaqlanır ki, payı çox olsun. 
- Mən tam səmimi deyirəm. Müsavat Partiyası hakimiyyətlə heç bir danışığa getmir. 
- Nə üçün müsavatçılar saxta yolla təyin olunmuş parlamentdə təmsil olunmağa razı oldular?
- Ümumilikdə seçki saxtalaşdırılmışdı. Amma onların içərisində 5-10 nəfərin haqqı tanınmışdı. Onlar Müsavat Partiyasının qərarı ilə parlamentə getdilər. 
- Hazırda korrupsiyaya qarşı aparılan mübarizəyə münasibətiniz necədir? 
- Əgər korrupsiyaya qarşı mübarizə getsə, ona münasibətim çox yaxşı olardı. Korupsiyaya qarşı mübarizə getmir. 
- Artıq yuxarılar əvvəllər olduğu kimi aşağılardan aylıq haqqı istəmirlər. Sizcə, niyə hökumət bu addımı atır?
- Artıq ondan tələb edənlər var. 
- Kimdir onlar?
- İctimai Palataya daxil olan partiyalar və şəxslər.
- 20 ildə niyə tələb eləmirdilər?
- 2007-ci ildə Müsavat Partiyası qazın, elektrik enerjisinin qiymətinin qalxmasına etiraz əlaməti olaraq Ukrayna meydanında bir neçə mitinq keçirtdi.
- Niyə onda prezident korrupsiyaya qarşı mübarizəyə başlamadı, indi başladı? 
- Çünki onda hesab edirdi ki, hələ güclüdür, xalqı boğa bilər. İndi ayılıblar. Ətrafa baxıb görürlər ki, Misirdə, Livanda bu hadisələr baş verdi.
- İlham Əliyev xalqı sevmir, ancaq qorxusundan korrupsiyaya qarşı mübarizə aparır? 
- İlham Əliyev xalqın yaxşı yaşamasını istəmir, bunu tam səmimi deyirəm. Xalqın yaxşı yaşamasını istəyən prezident ilkin dəyəri 6 milyon manat olan körpünü 42 milyon manata təhvil verməzdi. Respublika sarayının təmirinə 42 milyon manat vəsait sərf etməzdi. 42 milyon manata onu 2 dəfə söküb tikmək olardı. Bunlar kimə lazımdır? Azərbaycan əhalisinin 70 faizi çətinliklə yaşayır, 20 faizi ağır vəziyyətdə yaşayır, 10 faizi milyarderlər səviyyəsində yaşayır. Əbülfəz Əliyevə (Elçibəyə - red.) dedilər ki, sənin komandan yaxşı deyildi. O da dedi ki, mən komandamda 20 nəfərin adını ürəklə saya bilərəm. Onlar namusla işləyiblər. Heydər Əliyev öz komandasından birinin adını desin. Birinin adını desin ki, rüşvət almır. 
- İlham Əliyevin komandasında vətəni sevən məmur var?
- Mən tanımıram. Vətəni sevən ola bilər. Ciblərini vətənlərindən çox sevirlər. 
- Vəzifədə olanda var-dövlət yığa bildiniz?
- 9-cu mikrorayonda gəlinim və nəvələrimlə 3 otaqlı mənzildə yaşayıram. 
- Qohumlarınız yəqin sizi fərasətsizlikdə ittiham edirlər ki, vaxtında oğurluq etməmisiniz, rüşvət almamısınız. Vəzifədə olub kasıb qalan adamı bizdə ələ salırlar.
- Mən heç kimi qınamıram. Hərənin öz düşüncə tərzi var. Bir oğlum var. Onu bu hakimiyyət məndən xəbərsiz Milli Təhlükəsizlik Nazirliyinə işə götürmüşdü. 2005-ci il seçkilərindən sonra onu işdən çıxartdılar. Oğlum indi Ukraynada yaşayır. Mən "Biyan"ın baş direktoru olarkən uşağın anası dedi ki, hər gün onun corabının altı cırılır. Çağırıb soruşdum bu nə məsələdir. Ayaqqabısını gətirib göstərdi, altı deşik idi. Dedim bu dəfə maaş alanda sənə ayaqqabı alacam. Maaşı alanda hesablayıb gördüm ki, ona ayaqqabı ala bilmirəm. Onda mən baş direktor idim. Dedi, ata, axı sən mənə söz vermişdin. Dedim söz vermişdim əməl edə bilmirəm. Gördüm oğlum narazılıq edir ki, payız gəlir, mən bu ayaqqabı ilə necə gəzim. Dedim, Elşad, mənim tabeliyimdə 22 direktor var. Onlar gözləyirlər ki, mənim onlara işim düşə, nə istəsəm gətirərlər. Sonra mən onların üzünə baxa bilməyəcəm. Oğlum heç fikirləşmədən dedi ki, lazım gəlsə 2 ay da bu ayaqqabı ilə dərsə gedər. 
- Oğlunuz indi Ukraynada nə işlə məşğuldur?
- Ukraynada yaşayır, işləyir. Ticarətlə məşğuldur. Ukrayna vətəndaşıdır. Ailəsi mənim yanımadadır. 2-3 aydan bir gəlib ailəsinə baş çəkir. 
- Nə vaxta kimi uşaqlar atalarından ayrı yaşayacaqlar?
- Onun üçün normal dövlət olmalıdır. 2 milyon azərbaycanlı Rusiyada yaşayır, təxminən 500 min azərbaycanlı da Ukraynada. İnsanlar iş tapmadıqları üçün gedirlər.
- Müxalifət haqqında yaradılmış mənfi ictimai rəyi nə üçün dağıda bilmirsiniz?
- Bir məsəl çəkim. Şeytan uşağı ilə dayanmışdı. Bir rəssam onun şəklini çəkirdi. Rəssamdan soruşdular kimin şəklini çəkirsən, dedi ki, şeytanın şəklini çəkirəm. Şeytanın balası anasına baxdı, şəkilə baxdı, gördü bunlar tamam fərqlidir. Dedi ki, ana, rəssam sənin şəklini niyə belə çəkib? Dedi qələm düşmən əlindədir. Azərbaycanda müstəqil televiziya kanalı yoxdur. 2-3 müstəqil qəzet var.
- Korrupsiya olmasa seçki demokratik keçirilər?
- Seçkinin demokratik keçirilməməsi təkcə korrupsiya ilə bağlı deyil, hakimiyyətdəkilərin dinc yolla dəyişiklik istəməməsidir.
- Niyə müxalifət korrupsiyaya qarşı mübarizəni dəstəkləmir?
- Korrupsiyaya qarşı harda mübarizə gedir ki? Korrupsiyanın başında Ramiz Mehdiyev durur. Ziya Məmmədovun oğlunumu saxlayıblar, özünümü saxlayıblar? Yaxud neçə illərdir Azərbaycanın başına oyun açan gömrük sisitemində kimisə həbs eləyiblər?
- Bu cür bədbinliklə sizə yaşamaq çətin deyil? Arzuladığınız normal cəmiyyəti İlham Əliyev yarada bilməz? 
- Azərbaycanda dəyişiklik labüddür.
- Seçki yolu ilə?
- Çevrilişi, silahlı yolu mən qəbul etmirəm. Mənim qəbul etdiyim yol seçki yolu ilə aparılan mübarizədir. Bu hakimiyyət bu parlamenti buraxıb yeni parlament seçkilərinə gedəcək. Seçki komissiyaları dəyişəcək. Paritet əsasında yaradılacaq. Diktatura qurmaq istəyirlərsə, xalq buna imkan verməyəcək.
faktxeber.com       Cəfər Talıb

Комментариев нет:

Отправить комментарий