03.05.2011

"İLHAM ƏLİYEV İNQİLAB ETSƏ YAXŞIDIR"

Fizika-riyaziyyat elmləri doktoru, professor, Avropa Təbiət Elmləri Akademiyasının akademiki, "Beynəlxalq Alternativ Energetika və Ekologiya" jurnalının baş redaktorunun müavini, "Beynəlxalq Kosmonavtika" jurnalının Redaksiya Kollegiyasının üzvü, Azərbaycan Respublikası Prezidentliyinə keçmiş namizəd Qüdrət İsaqovla dünyada baş verən dəyişikliklərin Azərbaycana mümkün təsirləri mövzusunda müsahibə



- Qüdrət müəllim, deyəsən dünyanın siması dəyişir. Daha doğrusu desək, dəyişdirirlər. Sizcə, bu dəyişikliklər dünyaya nə gətirəcək?
- Bəli dəyişir! Barak Hüseyn Obama ABŞ prezidentliyinə namizədliyini irəli sürəndə demişdim ki, bu şəxs Amerika Birləşmiş Ştatlarının dünyanın gələcək inkişafını proqnozlaşdıran və planlaşdıran dövlət institutlarının yeni projesidir. Televiziyanın və kütləvi informasiya vasitələrinin verdiyi imkanlar daxilində Obamanın seçkiqabağı təşviqat zamanı əsas çıxışlarını diqqətlə izlədim. Obamanın Hüseyn adı daha çox diqqətimi cəlb etdi. Düşündüm ki, Hüseyn adlı qaradərili və müsəlman mənşəli, böyük natiq və yüksək intellekt sahibi olan Barak Obamanın hakimiyyətə gətirilməsi İslam dünyasında və qaradərili Afrikada ABŞ-ın Corc Buş zamanında itirilmish nüfuzunun bərpa olunmasına yönəlib. Onun Hüseyn adının mənası isə budur ki, biz Səddamın və Səddam kimilərin düşməniyik, Hüseynlərin və bütün islam aləminin müqəddəs şəxsiyyəti olan Hüseynin və islamın dostuyuq.
Barak Obamanın birinci səfərini Türkiyəyə, daha sonralar da ərəb ölkələrinə etməsi, bu ölkələrdə məscidləri ziyarət eləməsi, hətta ABŞ-ın Dövlət Katibi Hillari Klintonun da Obamanı müşayiət edərək, məscidlərə baş örtüsü ilə daxil olması ciddi dövlət siyasəti idi. Yadınızdadırsa, Obama İslam dünyasının demokratik ölkəsi olan Türkiyənin İstanbul şəhərindəki məcsiddə və İslam dünyasının böyük, lakin diktatura rejiminin hökm sürdüyü Qahirədə mərkəzi məscidi ziyarətindən sonra islam dünyasına səsləndi və önəmli bəyanatlar verdi.
Digər mühüm bir məsələ olaraq, mən Obamanın iki il bundan öncə, heç bir iş görmədən, avans olaraq Nobel mükafatı almasını misal kimi göstərə bilərəm. Tarxdə belə şey olamayıb ki, kiməsə Nobel mükafatı yalnız çıxışlarına görə verilsin. Yəni Nobel sülh mükafatı alan dövllət xadimlərinin hamısı həmin mükafatı, iki və ya daha çox ölkə arasınad sülhün bərqərar olmasına görə alıblar. O zaman verilən Nobel sülh mükafatı Barak Obamanın dünyada nüfuzunun yüksəldilməsinə xidmət edib.
Yəni Barak Hüseyin Obamanın hakimiyyət başına gətirilməsi, onun qaradərili olması, adının Hüseyn olması, Obamanın İslam dünyasına və diktatura rejimlərinə dəfələrlə mesajlar verməsi, Obamanın Nobel sülh mükafatı alması, ərəb dünyasındakı bugünkü inqilablar dünyanın planlı şəkildə dəyişdirilməsi prosesindən xəbər verir.
Dünyanın planlı şəkildə dəyişdirilməsinin dünyaya nə gətirədcəyi isə ilk növbədə dəyişilməyə məruz qalan və ya məruz qalacaq ölkələrin mövcud hakimiyyətlərindən daha çox asılıdır. Yəni dəyişilməyə məruz qaldıgını bilən  ölkələrin dövlət başçıları bu dəyişikliyin qarşısı alınmaz proses olduğunu bilərək, bu proseslərdən böyük müdrikliklə və daha az itgilərlə çıxa bilərlər.
Ərəb ölkələrinin təcrübəsi göstərir ki, Tunisin prezidenti Bin Əli və Misirin prezidentləri Hüsnü Mübarək Liviya prezidenti Müəmmər Kaddafiyə nisbətən müəyyən dərəcədə ağılla hərəkət etdilər. Kaddafi isə həm öz xalqı ilə, həm də NATO, ABŞ, Böyük Britaniya, Fransa və s. ölkələrlə qanlı savaşlar aparir. Suriya prezidenti Bəşər Əsəd də öz xalqının qanını axıtmaqla məşğıldur. Yəni bu qarşısıalınmaz dəyişiklikdən nisbətən yaxşı çıxa bilən ölkələr Misir və Tunisdir. Liviyanın və Suriyanın isə aqibəti pis olacaq.
Bilirsiniz 30-40 il ərzində bir diktatorun hökmranlığı altında yaşamaq ən böyük dəhşətdir. Bu ölkədə olan hər bir insanın hakimiyyətə gəlmək, dövlətin idarəçiliyində iştirak etmək arzularına əbədi sədd çəkir. Parlament üzvlərinin hamısının bir nəfər kimi təyin olunması ölkənin bütün insanlarının qanunverici hakimiyyətin üzvü olmaq arzularını məhv edir. Nəyə görə kimsə fikirləşməməlidir ki, o nazir ola bilər. Niyə görə kimsə fikirləşməməlidir ki, o elmlər akademiyasının prezidenti ola bilər, rektor ola bilər və s. Bütün bunlar insanların hüquq və azadlıqlarına qarşı yönəlib. Hüquq hər şeydən üstündür. Hüquq olan ölkədə ölkənin sərvətləri insana xidmət edir. Yalnız belə ölkələrdə iqtisadi amil, neft amili insan kapitalına çevrilə bilər.
Ona görə də qəti şəkildə deyirəm ki, bütün bu dyişikliklər dünyanın xeyrinədir. Bu gün bu proseslərdən daha agrılı bir şəkildə keçən Liviyanın da.
Azərbaycan da bu proseslərdən ağrısız şəkildə keçməlidir. Mən deyərdim ki, Azərbaycanın bu qarşısıalınmaz proseslərdən udmaq şansları, uduzmaq şanslarşndan daha çoxdur. Mən burada daha mütərəqqi yol kimi dövlət başçısının yuxarıdan inqilab etməsini arzu edirəm.      
- Bu dəyişikliklərin fonunda Qarabağ münaqişəsinin həllini görürsünüzmü?
- Qarabağ məsələsinin həllinə münasibətdə xarici siyasətimizi qənaətbəxş hesab etmirəm. Yəni biz bu günə kimi Rusiyaya sübut edə bilməmişik ki, ona daşdan başqa heç nəyi olmayan Ermənistan, yox biz lazımıq. ABŞ-la münasibətlərimiz də qaydasında deyil. Yadınızda varsa BMT-nin Baş Assambleysaında Minsk Qrupunun həmsədrlərinin heç biri-yəni ABŞ, Fransa və Rusiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmədi.
Mənim fikrimcə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov öz potensial imkanlarına görə tutduğu vəzifənin tələblərinə cavab vermir. Xarici ölkələr üçün xarici işlər naziri dövlətin ikinci şəxsi sayılır. Danışanda ağzından dürr tökülməlidir. Təəssüflər olsun ki, biz heç vaxt xarici işlər nazirimizin çıxışlarına maraqla baxa bilməmişik. Mən indiyədık onun yadda qalan bir cümləsini də eşitməmişəm.
Qarabağ münaqişəsinin həlli bütün milli məsələlərdə Azərbaycan hökumətinin öz xalqı ilə bütünləşməsindən keçir. Mən hökumət deyəndə yalnız Azərbaycan Respublikasının prezidenti İlham Əliyevi nəzərdə tuturam. Hesab edirəm ki, Prezident İlham Əliyev öz yaxın ətrafındakı və hökumətin içərisindəki çoxsaylı fiqurları bayaq adını çəkdiyim qarşısıalınmaz dəyişikliklərə qurban verməlidir. İri korrupsionerlərin hamısı işdən azad edilməlidirlər. Böyük korrupsionerlərə bircə yol qoyulmalıdır. Onların Azərbaycandakı və xarici ölkələrdəki bütün pulları öz xoşlarıyla Azərbaycanın Mərkəzi Bankına qoylmalıdır. Bu halda onalara ömürlük yüksək təqaüd də verilə bilər. Əks halda isə...
Korrupsiyaya gedən pullar istənilən dəyişikliklərdə Qarabağ münaqişəsini həll etməyə, Azərbayan iqtisadiyyatını, elmimizi və mədəniyyətimizi yüksəltməyə qadirdir. Gürcüstan bizim ən yaxın qonşumuzdur. Analoji proseslərin hamısı Gürcüstanda baş verib.
Bütün milli məsələlərdə öz xalqı ilə harmonik mühasibətlərdə olan, qanunların aliliyini qoruyan, demokratik təsisatlar yaratmış ölkəyə heç kəs təcavüz etməyəcək və edə də bilməz.
Mənim fikrimcə Azərbaycan hökuməti Türkiyədə demokratiyanı yaradan və hakimiyyətinin ilk illərində bir diktator kimi hərəkət etməyə məcbur olan Atatürkdən, diktator kimi hakimiyyəti ələ alaraq Çilini dünyanın inkişaf etmiş demokratik ölkəsinə çevirən Pinoçetdən çox şey öyrnməlidir.
Bir məsələni də dəqiq bilmək lazımdır ki, dünya, ölkələr, xalqlar daima dəyişiblər və daima da dəyişəcəklər. Dəyşikliklərdən qorxmaq lazım deyil. Dünyəvi və regional dəyişikliklərin hamısından daha ağrısız, daha qalib, regionun digər dövlətlərindən daha güclü çıxmağa çalışmaq lazımdır.
   
- Hazırda geosiyasi proseslər fonunda milli birliyi qoruyub saxlamaq çətinləşir. Siz, bu, fikirlə razılaşırsınızmı?
- Milli birlik deklorativ və gəlişi gözəl söz deyil. Milli birliyi qanunların aliliyi, yəni hamının qanun qarşısında bərabərliyi, qanuni və ədalətli pay bölgüsü yarada bilər. Sizin dediyiniz mənada mən bu gün Azərbaycanda olduqca zəif və kövrək bir birlik görürəm. Dediklərimin əyani sübutu olaraq Azərbaycan Respublikası prezidentinin bir neçə gün bundan öncə Azərbaycan Milli Elmlər Akademiyası işçilərinin əməkhaqqlarının artırılması haqqında Fərmanını göstərə bilərəm. Fikrimcə bu Fərmanı tərtib edib yazanlar AMEA işçilərini məyus etdilər. Yəni bu Fərmana görə akademiklərin rütbə maaşları da, vəzifə maashları da 20% artırıldı. Elmlər doktorunun da vəzifə maaşı 20% artırıldı. İndi akademiklər 1600 manat, elmlər doktorları isə 250-300 manat əməkhaqqı alırlar. Mən başa düşə bilmirəm ki, niyə elmi işləri məndən sayına və sambalına görə çox aşağıda olan, orta səviyyəli doktordan yüksək olmayan AMEA prezidenti Mahmud Kərimov 3000 manatdan çox əməkhaqqı alir. Mən isə 250 manata yaxın əməkhaqqı alıram. Mənim hökumətim Mahmud Kərimovdur. Mənimlə Respublika prezidenti arasında Mahmud Kərimov dayanıb. Prezidentin verdiyi Fərmanı da yazanlar Mahmud Kərimovlar və Prezident Administrasiyasının uygun strukturudur. Nə qədər ki, Hacıbala Abutalıbovlar var, Mahmud Kərimovlar var, digər üzdəniraq məmurlarımız var, milli birliyimiz gəlişi gözəl sözdən başqa bir şey olmayacaq. Bir də ki, dövlətə qarşı narazılıq, hakimiyyətə isə nifrət yaradan məmurları vəzəfədə saxlamağın heç bir mənası yoxdur.
Fikrimcə geosiyasi proseslərdən dərs almalıyıq. Bu günə qədər milli birliyimizin mənasını şüarçılıqda görmüşüksə bunlar öz əhəmiyyətini itirməkdədir. Geosiyasi proseslər bizə diqtə edir ki, qanunların aliliyinə hörmət edilən, qanuni və ədalətli pay bölgüsü olan dövlət yaradaq. O zaman milli birliyimiz haqqında səsləndirdiyimiz şüarlara ehtiyac qalmayacaq. Milli birlik dövlətin mahiyyətindən yaranacaq. Belə milli birliyimiz Qarabağı azad edəcək. Həqiqi milli birliyimiz iqtisadiyyatımızı yüksəldəcək. Vətənpərvərlik sözü deklorativ xarakter daşımayacaq.
Bir məsələdə isə sizinlə razıyam ki, qanunların aliliyinə və pay bölğüsünün ədalətsiz mahiyyət daşıdığı indiki indiki situasiyadakı milli birliyin qorunması bu günkü geosiyasi proseslərin fonunda həqiqətən də çətinləşməkdədir.
Mən başa düşə bilmirəm ki, bizim bəzi korrupsioner məmurlarımız xarici banklardakı pullarını kimə yığırlar. Günlərin bir günü onların həmin banklardakı pullarını mənimsəmək üçün deklorasiyalar tələb olunacaq. O zaman məlum olacaq ki, xarici banklarda milyonları olan məmurlar öz vəzifəsində min il də işləmiş olsalar bu pulları yığa bilməzlər. Pullara həbs və embarqo qoyulacaq. Pullar həmin məmurların da, onun övladlarının da əllərindən çıxacaq. Azərbaycan da varlı, çiçəklənən bir ölkə olmaqdansa kasıb, səviyyəsiz bir ölkə olacaq. Biz bu məmurlarla necə milli birlik yaradaq. Geosiyasi proseslərin sürətlə dəyişməsi isə onsuz da kövrək olan milli birliyimizin tamamilə yeni, həqiqi birlik halına gəlməsini diqtə edir. Özümüz-özümüzü aldatmamalıyıq. Bizə həqiqi milli birlik lazımdır!

faktxeber.com

Комментариев нет:

Отправить комментарий