07.05.2011

"Qoca kişinin ən son vəsiyyəti"


Alpay Azər-"Qoca kişinin ən son vəsiyyəti"Alpay Azər


“Fraqmentlər” silsiləsindən
Qoca kişi çarpayıda uzanmışdı, yorğanı sinəsinə qədər örtmüşdü. Arada ağrıdan zarıyırdı. Yanında stullarda oturmuş yaşmaqlı arvadı, oğlu, iki qızı kədərli-kədərli ona baxırdılar. Qapının zəngi çalındı. Arvad “Yəqin Bəhruzdu,” – deyib ayağa durdu.
- Kimdi ay arvad?
- Bəhruzdu, kim olacax.
Kişi narazı halda öskürdü. Arvadı qapını açdı, salamlaşandan sonra Bəhruz həkimə, həm də bacısıoğluna:
- A Bəhruz, qadan alım, nə qədər qalıb bunun ömrünə?
Paltosunu çıxardan Bəhruz:
- Ay xala, indi girmişəm içəri, o dəyqə sual verirsən. Hardan bilim nə qədər qalıb.
- Nə bilim... Elə bildim sən dünən telefonnan danışanda hiss eləmisən səsindən.
- Yox, tək səsindən hiss eləmək olmaz.
Həkim içəri keçdi, hamıyla salamlaşdı, xəstənin nəbzini yoxladı, suallar verdi, xalası ərinin kefsiz-həvəssiz, mızıltılı cavablarını eşitdi, bir iynə vurdu, sonra nələrin etməli olduğunu xalasına dedi. Kişi isə ağrıkəsicinin təsiri altında zarımaqdan hıqqıldamağa keçir, arada “Ay Bəhruz, bir iynə vur, bu dünyadan gedim, hamınızın da canı qutarsın məndən”, - deyirdi...
Dəhlizə bacısı oğlunu ötürməyə çıxan arvadın gözlərində bu yazılmışdı: “A Bəhruz, vaxt, vaxt deyə bilərsən?” Bacıoğlu həkim çətinlik çəkmədən əziyyət çəkən ərinin ölümünü səbirsizliklə gözləyən xalasının baxışlarındakı suala cavab verdi:
- Ay xala, elə baxırsan...Bəs o gün də dedim axı, dəqiq bir şey demək olmaz. İki gün də çəkə bilər, bir həftə də. Amma bir həftədən çox çəkməyəcək, uzağı on gün... Yaxşı mən getdim, sağ ol.
Sağollaşdılar, arvad içəri qayıtdı. Kişi isə xırıltılı səsiylə oğluna, iki qızına öz ürək sözlərini, vəsiyyətini deməyə başlamışdı. Qızlarının biri arada göz yaşlarını silirdi, oğlu isə bayaqkı kimi başını aşağı salıb dinmirdi.
- ... Yəni ay uşaqlar, deməyim odu ki, xırda, bekara söz-söhbətləri çox ürəyinizə salmıyın. Söz, yəni ürəyinizə dəyən söz ki, deyildi, sol qulağınızdan girdi, day gəlib burda, - ürəyini göstərərək, - ya burda, - başını göstərərək, - qalmasın. Sağ qulağınızdan girib havaya uçub getsin. Görürsüz də, ömrüm boyu işdə eşitdiyim o sözlər ürəyimdə, başımda qaldı, axırda da yıxıldım pastelə... Adamın üstündə Allah var, mən sizdən həmişə razı olmuşam... Bir şeyə sevinirəm ki, sizin aranızda heç vaxt mülk, pul söhbəti olmuyub... Televizorda özünüz eşidirsiz də, əmioğlu əmioğlunu.
- Qardaş qardaşı, - arvadı dilləndi.
- Nətəər? – kişi bir az pis eşidirdi.
- Deyirəm ki, qardaşı qardaş öldürür! Mülk üstündə!
- Öldürür yox e, baltalıyır.
- Baltalıyır deyir, - arvad oğluna pıçıldadı.- Guya mən deyirəm qıdıqlıyır.
Ana-oğul yavaşca gülüşürlər.
- Dediyim odu ki, bizdə, Allaha şükür, - qoca kişi ağsaqqal kimi son sözlərini deyirdi. Bizdə siftədən mal-mülk üstündə söz-söhbət olmuyub.
- Həə, a kişi, düz deyirsən! - arvadı yüksək səslə dedi, sonra uşaqlara tərəf çönərək yavaşca, - Dədəniz bu halında da bir şeyi yüz dəfə təkrar eləməyindən qalmır. Uşaqları gülmək tutdu.
- Ay oğul, - qoca dilləndi.
- Həə, ay paa! – oğlu dilləndi.
- Mən bu dünyadan, şükür olsun Allaha ki, rahat gedirəm. Rahat gedirəm ki, mənə, anana yaxşı oğul oldun, bacılarına da yaxşı qardaş, övladına yaxsı atasan. O birisi də sağ-salamat dünyaya gəlsin. Onu görsəm sevinərəm, görməsəm də o dünyada sevinəcəm.
- Sağ ol ay paa! İnşallah, sağalıb durarsan ayağa, elə bu həyatda da görərsən.
- Yox, bu mümkün olan şey deyil. Eləcə də qızlar, sizdən də rahatam. Namuslu qızlar olduz, mənə də, arvada da həmişə yaxşı övladlar olduz.
- Sağ ol ya paa! Borcumuzdu, - qızlar az qala xorla dilləndilər.
- Arvad, səndən də razı gedirəm.
- Sağ ol, ay kişi!
- Qoy elə uşaqlar da eşitsin, özgə deyillər ki. Arada aramızda xırda söz-söhbət olub, hamıda olur. Mənə yaxşı arvad oldun, uşaqlara yaxşı ana. Bundan gözəl həyatda nə ola bilər.
- Sağ ol, ay kişi, sağ ol! – çönüb uşaqlara göz vurdu.
- İndi son vəsiyyətimi eşidin...
Üzə vurmasalar da hamısı qulaqlarını şəklədi. Bir ildən çoxuydu ağır yataq xəstəsi olan kişinin dərmanlarını, iynələrini oğlu, arada qızları alırdı. Bir ildən çox idi ki, kişinin təqaüdünü oğlu bankomatdan çıxardıb son manatınacan atasına verir, atası isə pulların hamısını dolaba qoyur, açarı pencəyinin döş cibinə atırdı.
Oğlu nə kasıbıydı, nə də imkanlı, məktəbdə direktor müavini işləyirdi, bir də repetitorluqla ailəsini, - arvadını, məktəbdə ikinci sinifdə oxuyan oğlunu, - dolandırırdı. Atasına aldığı dərmanlara görə borca da düşmüşdü. Bir yandan da arvadı bir aya doğmağa hazırlaşırdı. İndi umurdu ki, atası bir ildən çox yığılan pensiyadan, - ayda 100 manat, 15 aya 1500 manat yığılmışdı, - heç olmasa 500 - 600 manat ona verər. Hələ üstəlik qabaqda yas xərcləri durur, o da oğulun üstünə düşən məsuliyyətdi.
Arvad da bu puldan umurdu, elə onu da yas məsələsi, - qəbristanlıqda yer pulu, yasa gedən xərclər – üçü, qırxı, cümə axşamıları, üstəgəl babat bir məzar daşı məsələsi düşündürürdü. Bir-iki dəfə ərinə “A kişi, o puldan ver xəcliyək də. Başqa şey demirəm, dərmanlarına heç olmasa. O gədə yazıxdı, bu gün sabah ikinci uşağı olacaq...” – “Ay arvad, narahat olma, vaxtı çatanda verəcəm. Özümnən qəbrə aparmayacam ki”, - deyirdi.
Bircə qızların təqaüd pulunda gözləri yox idi, amma atalarına çəkilən xərclərdən, eləcə də “papalarının” aldığı pulun son manatınacan dolabda gizlətməyindən xəbərləri vardı. Onlar da elə bilirdi kişi bu pulları ya analarına, ya da son ildə xərcə düşmüş tək oğluna verəcək.
Kişi, aydın məsələdi, elə cavanlığından xəsis idi, - çox istədiyi, əzizlədiyi nəvələrinə belə ad günlərində mağazadan ən ucuz oyuncaqlar, arvadına da ucuz paltarlar alırdı. Təzə evlənəndə aralarında tez-tez davalar olurdu, hardasa beş-altı ildən sonra qadın başa düşdü ki, ərinin bu xasiyyətinə ömrünün axırına qədər dözməli olacaq.
Elə atalarını çox istəyən, amma ona oxşamayan uşaqları da kişinin ifrat xəsisliyinə öyrəşmişdilər. Amma indi hamı elə bilirdi ki, kişi pencəyinin döş cibindən dolabın açarını çıxarıb, deyəcək ki, ay arvad get aç, - həm bir ildən çoxdu üstündən əlli qəpik belə xərclənməyən təqaüd pulunu, həm də xəsisliyi hesabına çox güman ki, ömrü boyu yığdığı pulları oğluna ya arvadına verəcək.
- ... Ay arvad, yadında olar, mən inişil Hümbət kişinin yasında yuxarı evə, uşaxlar da bağışlasın, ayaqyoluna çıxanda, sən ordaydın.
- Həə, yadımdadı a kişi, - arvad dedi.
- Qalxdım yuxarı, - kişi vəsiyyətinə davam etdi. - Birdən xalamqızı Nisənin ağı deməyini eşitdim. Necə ağlıyırdı, ilahi. Mən heç bu qızın kənddə ağı deməyini eşitməmişdim. Elə bil rəhmətlik Rübabə özü gəlib arvad məclisində Hümbətin meyidinin üstündə ağlıyırdı. Rəhmətliyin xətrini çox istiyirdim, bir yandan da Nisənin ağı deməyini eşidəndə inan ki, dözəmmədim, - qoca kişi kövrəldi, səsi titrədi, gözləri dolmuşdu. Bir təhər özünü saxladı. – İndi yox, indidən heç nə demə o qıza. Ama ölən günüm Nisəyə deyərsən, üstümdə qoy o ağlasın. Bir də ay arvad, Nisə üstümdə ağlayanda, o birilər kirisinlər, eləcə qulaq asarsız.
Yaşmaqla ağzını tutan arvadını, bayaqdan kədərli-kədərli atasına baxan, arada onun tərifli sözlərinə reaksiya verən oğlunu, qızları da gülmək tutmuşdu...

Комментариев нет:

Отправить комментарий