01.05.2011

QORXAQLIQ

Ayxan, esse     

        İnsanın müxtəlif duyğularlı var. Məhz bu duyğular şüurla birgə insanı heyvandan fərqləndirir. Psixoloqlar hesablamışlar ki, hər şey insana yaradan tərəfindən bərabər paylanmışdır. Bunların biri insanda azlıq təşkil edərsə psixoloji tarazlıq pozular və nəticədə müxtəlif xəstəliklər əmələ gələr. İnsan təbiəti etibarı ilə həzz duyğusuna meyillidir. Psixoloq Vladimr Levi “Fikir ardınca” kitabında siçovulların üzərində aparılan təcrübədən bəhs edərək göstərir ki, biri mənfi, digəri müsbət olan naqillər vasitəsi ilə heyvanlara müxtəlif duyğular aşılayan təcrübə aparılmış və burada şərti reflekslərə yiyələnmiş siçovullar sonradan onlarda həzz duyğusu oyadan naqillərə üstünlük vermiş, neqativ duyğular aşılayan naqillərdən kənar qaçmışlar. İnsan da eynən belədir.  Lakin həyatın özü bu proporsiyanın pozulmasının qarşısını alır və hər şeyi bərabər paylaşdırır. Xeyr-şər, sevinc-kədər, məhəbbət-nifrət kimi duyğular ikili olub öz varlıqlarını sürdürürlər. Cəsarət və qorxu da belədir. İlk baxışda həyatda qorxaq görünən bir şəxs ekstrimal vəziyyətdə elə cəsarət nümunəsi göstərə bilər ki, adi vaxtda bunu etməyi ağlına belə gətirə bilməz. Ancaq biz bu gün yalnız qorxaqlıqdan söhbət açacağıq.
        Təbii ki, ilk qorxu hissini insan anadan doğulanda keçirir. Yeni doğulmuş körpə tanımadığı bir mühitə düşdüyündən qorxub ağlayır. Bundan da göründüyü kimi qorxunun mənbəyi məlumatsızlıqdan qaynaqlanır. İnsan ona məlum olmayan yad mühitdən həmişə çəkinir və ehtiyat edir. Əslində bu onun normal reyaksiyasıdır.
        Dünya binnət olandan insanda həmişə allah xofu və sevgisi mövcud olmuşdur. Bu dünyəvi və dini kitablarda da öz əksini tapmışdır.  “Bibliya”, “Quran” digər müqəddəs kitablarda bu barədə onlarca hadisələr və əhvalatlar təsvir edilmişdir. Qədim dövrü qanlı müharibələr tarixi kimi təqdim etmək olar. İnsanlar maddi nemətlər uğrunda vuruşur, eynən təbiətdəki kimi yaşamaq uğrunda mübarizə gedir, daha güclülər qalib gəlirdi. Məhz ona görə də insan cəmiyyətində qayda-qanun yaratmaq üçün peyğəmbərlər peyda oldular. Onların verdiyi bilgilər əsasında dövlətlər qanunlar yaratdılar. Həmin qanunlar tam mükəmməl olmasalar da insan cəmiyyətində haq-ədaləti bərpa etmək və qorumaq baxımdan çox böyük işlər görmüş oldu. Burda igidin və qorxaqın da hüquqları bərabər şəkildə tənzimlənirdi.
        Təbii ki, sonrakı ədəbi məhsullarda qorxaqlıq pislənmiş və cəmiyyət tərəfindən təqdir edilməmiş, hətta qınaq obyekti olmuşdur. Qorxaqlığı doğuran amillər araşdırılmamış, bu halı doğuran ictimai hallar öyrənilməmişdir. Cəmiyyətin sonrakı inkişafında müxtəlif zorakı dövlətlərin yaranması, inkivizisiya, şəriət məhkəmələri insan düşüncəsinin inkişafının qarşısını almağa cəhd etsə də sonda bu alınmamışdır. Faşist Almaniyası, eləcə də kominist Rusiya formaca müxtəlif, məzmunca eyni mahiyyətdə olub insanları qorxu altında yaşamağa məcbur edib, onun irticaçı mahiyyətini başa düşən insanları konslagerlərdə, həbsxanalarda çürütmüşlər. Həmin düşərgələrdə yüz cür əzaba düçar olmuş insanların qorxunun fövqünə qalxaraq insalıq adına şərəf gətirəсək qəhrəmanlıqlar etdikləri barədə yüzlərcə əhvalatlar mövcuddur. Həmin şəxslərin çoxu fiziki cəhətdən zəif ziyalılar idi. Lakin tarix qarşısında cavabdehlik daşıdıqlarını dərk edərək ruhən qorxmamazlıqlarını sübut etmiş oldular.
        Məhşur rus yazıçısı Tatyana Talstıx deyir ki, hər hansı adamın yaxşı və pis olması haqqında düşünmək artıq faşistlik əlamətidir. Həqiqətən də insan düşdüyü mühütə  və qarşılaşdığı sitiuasiyaya görə  hərəkət edir. Məhz onun əməllərinə onun özünün psixoloji durumuna görə qiymət vermək gərəkdir. Biz istəsək də istəməsək də digərinin hərəkətlərinə subyektiv mülahizələrimizə görə qiymət veririk. Halbuki insan iki qütblü, gah müsbətə gah mənfiyə əyilən və onların məcmusunda özünü təcəssüm etdirən məxluqdur. Bu mənada mən mütləq qorxaq və mütləq cəsur adamın mövcudluğuna inanmıram. İnsan həddində qorxaq, həddində cəsur olmalıdır. Bu normaldır. Bundan kənarda olanlar isə anormallığa aparıb çıxarır.Biz cəmiyyətdə yaşayırıq. Ona görə də fərdi hiss və duyğuyularımıza hörmətlə yanaşdığımız kimi digərlərinin də hiss və duyğularına sayğı ilə yanaşmalı, ən azından onu başa düşməyə cəhd etməliyik.
        İlk qorxu hisslərim uşaqlığımla bağlıdır. Onda adi şeylərdən qorxar və ağlayardım. İndi arxada qalan o günlərə gülməyim gəlir. Etiraf edirəm indi də bəzi şeylərdən qorxur və çəkinirəm. Ancaq heç vaxt özümü qorxaq hesab etmirəm. Sadəcə mən qorxu hissimə hörmətlə yanaşmağa çalışıram və düşünürəm ki, hər bir normal adamda bu hiss vardır. Gəlin hiss və duyğularmıza hörmət edək.       

Комментариев нет:

Отправить комментарий