Mərhum aktyorun 4 il əvvəl "Elman" jurnalına verdiyi müsahibə.
Elman: Uşaqlıq illərinizi necə xatırlayırsınız?
Anar Məmmədxanov: Bilirsiniz, mən bu günləri parlaq işıq kimi xatırlayıram. Bayramları, ad günümü necə keçirməyim yadıma düşür. Xatirimdədir ki, o vaxt babamın bağ evində idik. Oradan uzun yol gedirdi. Həmişə darvazanın üstünə çıxır və baxırdım ki, qonaqlar nə vaxt gələcək. Xüsusi olaraq babam, yəni anamın atası birinci gəlirdi. Həmişə də hədiyyə olaraq 25 manat verirdi. Çox sevinirdim. Sonra hamı yığışırdı. Bizdə həmişə böyük məclislər təşkil olunurdu: xalam, əmim uşaqları gəlirdi. Yeni ili necə keçirməyimiz xatirtimdədir. Mənim bu il 37 yaşım tamam olacaq. 37 il ərzində demək olar, bir dəfə də yeni ili evdə qarşılamamışam. Həmişə atam və anamın evində qeyd etdikdən sonra müxtəlif yerlərə gedirdik. İndi evimizdə qeyd edirik.
Məktəb illəri isə tamam başqadır. Dəcəl olmaqla yanaşı, yaxşı oxumuşam. Tarix, ədəbiyyat, riyaziyyat fənlərini çox sevir, ictimai işlərdə fəal iştirak edirdim. Yadımdadır ki, 8-ci sinifdə sinifimizin uşaqları ilə yaxşı bir proqram hazırlamışdıq. Yumor gecəsi idi. O zaman rus qadınlarına məxsus milli paltarda çastuşka oxuyurduq. Uşaqlığım yadıma düşəndə bunu həmişə təbəssümlə qarşılayıram.
Amma cavanlığım 88-ci illərə düşüb. Nümayişlər, mitinqlər və s. təsəvvür edin ki, 18 yaşımdan 25 yaşıma qədər olan müddət Azərbaycanın faktiki olaraq komendant saatı vaxtlarına düşür. Bu 7 ilin ərzində təbii ki, KVN-də var idi.
Elman: Gəlin KVN-dən danışaq.
Anar Məmmədxanov: Birinci oyunum 1986-cı ildə olub. 9-cu sinifdə oxuyurdum. Sonra 10-cu sinif, sonra da I kurs. Təbii ki, bilirdim Yuri Qusman kimi məşhur bir insan var. Birinci KVN-i “Ostankino” kanalında 1986-cı ildə gördük. Bu mənim çox xoşuma gəldi. Həmişə yumor gecələri təşkil edirdim. Amma bunu yarış formasında hazırlamaq maraqlı idi. Əvvəl məktəbdə fəaliyyətə başladıq, sonra məktəblərarası yarış keçirdik, daha sonra isə bunun ardını institutda davam etdirdik. İnstituta sənədlərimi verəndə bu haqda xasiyyətnaməmdə yazılmışdı. Sumqayıtın indiki icra hakimi Vaqif Əliyev o vaxt universitetdə komsomol komitəsinin katibi idi. O mənə dedi ki, biz KVN yaratmaq istəyirik. Sən bunu edə bilərsənmi? Mən də yavaş-yavaş universitetdə komandanı yığdım. Yadımdadır, o vaxt bununla əlaqədar elanlar da verilmişdi. Çox adam gəldi. Birinci və ikinci oyunu Bakıda keçirdik. Ondan sonra 1988-ci ildə 4 komanda – Poltexnik, İnşaat-mühəndisləri, Neft və kimya instututu və universitetin tələbələrinin iştirakı ilə böyük toplantı keçirildi. Mən orda kapitan seçildim. 89 – 90-cı illərdə biz Moskvaya bildiriş yazırdıq. Moskva nə bizi, nə də erməniləri yarışa qoyurdu və s. Ondan sonra KVN-ə maraq azaldı. Lakin 1991-ci ildə yenidən komanda toplamağa başladım və onda başa düşdüm ki, köhnə kadrlarla bu iş çətin olacaq. Onlardan 3-4, uzaqbaşı 5 nəfər saxlamaq olardı. Amma bu işə daha gənc insanları cəlb etməyi düşünürdüm. Məktəblərə getməyə, uşaqları tapmağa başladım. Demək olar ki, bu günkü iştirakçıları KVN-ə 15-16 yaşından cəlb etmişəm. Həmişə bir misal gətirirəm. Murad Dadaşovu 1993-cü ildə final yarışına aparanda 8-ci sinifdə oxuyurdu. Bakıda məktəblərarası yarış keçirilirdi. O, çox gözəl çıxış edirdi və mən münsiflər heyətində idim. Onda 3 kapitanı mükafatlandırdım və dedim ki, Muradla birlikdə onları Moskvaya aparıram. Əgər siz bu kadrları izləmiş olsanız, görəcəksiniz ki, o, necə meqastara çevrilir. O cümlədən də Bəhram. Məktəblərin birində keçirilən yarışda o çox gözəl rəqs edirdi. Yenə də münsiflər heyətində idim. Biz onu komandaya məharətli rəqsetmə bacarığı olan bir insan kimi qəbul etmişdik. Və mən sizə bu gün açıqlayıram ki, komandadakıların 99 %-i Bəhramın məhz bu cür səhnəyə çıxmasının əleyhinə idi. Tək mən təkid etdim ki, bu obraz olmalıdır. Çox şadam ki, Bəhram KVN-də tipik azərbaycanlı obrazını yaratdı.
Elman: Və 2000-ci ildə siz Ermənistan KVN-ninə qalib gəldiniz.
Anar Məmmədxanov: Deyirlər ki, düşməni qucaqlayıb boğmaq lazımdır. Mənim nəzərimdə qələbə çalmaq üçün insan öz gücü, zəkası və iradəsini səfərbər etməlidir. Yarışda gərək kələkbazlıq olmasın. Orada təkcə Ermənistan yox, Dağıstan, Xarkov, Minskdən olan komandalar var idi. Sözün əsl mənasında 5 güclü komanda yarışırdı. Ermənilər 2 dəfə qalib olmuşdular. Onlar güclü idilər, lakin biz daha güclü idik. Bu oyun həm bizim, həm də onlar üçün maraqlı idi. Məsələn Teymur Rəcəbov H. Kasparova qalib gəldi. Əgər o peşəkar olmayan hansısa erməni şahmatçıya qalib gəlsəydi, buna heç kim əhəmiyyət verməzdi. Məlumdur ki, Kasparov tanınmış və 15 il çempion olmuş şahmatçıdır. Ona görə də onun üzərində qələbə bizim üçün çox qiymətli və dəyərli oldu. Həmçinin bizim qələbəmiz. KVN-nin tarixində ən güclü komandalar üz-üzə gəldi və “Bakılı oğlanlar” orda qalib oldular. Təbii ki, həmişə bir-birimizə normal, amma eyni zamanda gərgin münasibət bəsləyirdik. Onlar bizdən, biz də onlardan nəsə gözləyirdik. Biz tam əminliklə səhnəyə çıxdıq. Bu oyuna 5 ay hazırlaşmışdıq.
Elman: Siz özünüzü tapmısınızmı?
Anar Məmmədxanov: Leonardo da Vinçi “Cokonda”nı yaratdı, amma bilirdik ki, bundan sonra da o, dünya mədəniyyətinə başqa əsərlər bəxş edib. L.Tolstoy “Hərb və Sülh”ü yazıb. Baxmayaraq ki, ondan sonra da, ondan əvvəl də nəsə yazmışdı. Dostayevski və başqa dahi insanları da misal çəkə bilərəm. Bir yaradıcı insan kimi hesab edirəm ki, bəli, mənim uğurlarım, hansısa naliyyətlərim olub. Amma ümid edirəm ki, hansısa uğurlarım gələcəkdədir. İnsan təbii ki, öz yerini tapır. İnsana gərək özünü realizə etmək üçün imkan verəsən. İnsanı öldürmək olar, lakin onun maraqlarını məhv etmək mümkün deyil. Mənim maraqlarım isə özümü realizə etməkdən ibarətdir.
Elman: Uğurunuzun açarı nədən ibarətdir?
Anar Məmmədxanov: 10 % istedad, 90 % işləmək.
Elman: Özünüzü xoşbəxt hesab edirsinizmi?
Anar Məmmədxanov: İnsanın yaxınları var, doğmaları var, dövləti var və s. Təbii ki, mən görürəm ki, Azərbaycanın Qarabağ problemi var. Mən bu gün bunu bilə-bilə deyə bilmərəm ki, özümü xoşbəxt hiss edirəm. Mənim yaxınlarım var, mən görürəm, onlar qocalır. Deyirlər, xoşbəxtliyin gözlənilməsi özü xoşbəxtlikdir. Sən hansısa anı, xoşbəxtliyi gözləyirsən, həmin yolu gedirsən. Xoşbəxtlik bəlkə də 1 dəqiqə çəkəcək ki, sən həmin an özünü xoşbəxt hiss edəcəksən, sonra yenidən hansısa yolu seçirsən və müəyyən istiqamətdə hərəkət edirsən.
Elman: Asudə vaxtlarınız olurmu?
Anar Məmmədxanov: Asudə vaxtlarımda kitab oxuyuram. Ümumiyyətlə, bu barədə fanatikəm. Çoxlu kitablarım var. Bu yaxınlarda xanımım dedi ki, evə kitab gətirmə, yerimiz yoxdu. Oxuduğum kitablara yenidən qayıdıram. Mənim üçün ən böyük istirahət kitab oxumaqdır.
Elman: Yəqin ki, sevdiyiniz əsərlər və müəlliflər var?
Anar Məmmədxanov: Sizə deyim ki, 15-16 yaşımda hansısa yazıçı xoşuma gəlirdi. Amma ola bilməz ki, insanın həmişə hansısa bir yazıçıdan və yalnız ondan xoşu gəlsin. Bu gün deyirlər ki, o vaxt təhsil çox güclü idi. Atam hansısa dostundan bir kitab gətirirdi, bütün ailəmiz həmin kitabı oxuyurduq, sonra başqalarına ötürürdük. İndi maşalah kim istəyirsə müxtəlif kitablar əldə edə bilər. İnternet var. Kim oxumaq istəyirsə, o oxuyacaq. Bu gün səni hansısa material maraqlandırırsa heç evdən çıxmaq lazım deyil. İnternetdən tapa bilərsən. İndi dünyada elmə sərmayə qoyulur. Bu gün ideyalar, insanların zəkası bir-birilə mübarizə aparır.
Elman: Gəncliyimizdən nə gözləyirsiniz?
Anar Məmmədxanov: Deyəsən A. Sultanov belə bir misal gətirmişdi ki, birincisi, gəncliyimiz heç nə oxumaq istəmir, böyüklərə hörmət yoxdur, İkincisi, gənclər asudə vaxtlarını ancaq keyf etməklə keçirirlər, üçüncüsü yenə də başqa bir neqativ fikir və s. Amma qeyd edir ki, birinci sitat XVIII əsrin sitatıdır, ikincisi V əsrin, üçüncüsü isə Qədim Misirdə perqamentdə yazılıb. Hər bir nəsil hesab edir ki, gələcək nəslin savadı, hörməti yoxdur və s. və i.a. Bu bəşəriyyətin qanunlarıdır. Mən özümdən nə gözləyirdimsə, gənclərdən də onu gözləyirəm. Mən də gəncəm. Hesab edirəm ki, kim oxumaq istəyirsə, oxuyacaq və kimin ağlı varsa, öz istedadını nümayiş etdirəcək. Bu qaçılmazdır. Necə ki, bütün xalqlar, ölkələr hansısa problemlər, ədalətsizliklər və xoşbəxtliklərlə birgə inkişaf edirdi, eləcə də Azərbaycan xalqı, bizim gənclərimiz, onlardan sonra gələn nəsillərimiz də inkişafa doğru gedəcək.
Elman: Siz müxtəlif ölkələrdə olmusunuz. Həmin ölkənin gəncləri ilə bizim gənclərdə nə fərq var?
Anar Məmmədxanov: Qloballaşma prosesi gedir. 7-8 il əvvəl buna fikir verməmişdim. Sovet vaxtında hər hansı musiqiyə qulaq asırdıq. Yəni həmin musiqi xaricdə səslənəndən 2 il sonra gəlib bizə çatırdı. İndi isə faktiki olaraq Amerika, Fransa, Rumıniya, Azərbaycan gənclərində musiqidə eyni zövq var. İnformasiya eynidir. İnternet və televiziya hamını birləşdirib.
Amma hər millətin özünəməxsus xüsusiyyətləri var. Rusiyada olan zaman bir ofisantla söhbət etdim və məlum oldu ki, o, çox varlı ailədəndir. Universitetdə oxuyur. Nəsə almaq üçün özü pul qazanmalıdır. Buna görə də dərsdən sonra gəlib burda işləyir. Burada belə şey ola bilər? Yox. Bu ancaq çox düzgün fikirdir. Onları uşaqlıqdan öyrədirlər ki, əməyi sevsinlər. Bizdə isə elə şeylər var ki, onlarda yoxdur. Məsələn böyüklərə hörmət. Yəni hər bir xalqın eksklüziv keyfiyyətləri, adət-ənənələri, mentaliteti var.
Elman: Siz nəsə toplamaqla məşğul olursunuz?
Anar Məmmədxanov: Baxmayaraq ki, mən Xərçəng bürcündənəm, heç nə toplamıram və toplamamışam. Ancaq həmişə ehtiyatım olur. Məsələn, baxmayaraq ki, gün ərzində 5 siqaret çəkirəm, cibimdə 3 qutu papiros olur. Deyirlər ki, xərçənglər simicdirlər. Mənsə antisimicəm. Nəsə toplamaq sadəcə mənim üçün maraqlı deyil.
Elman: Kişi aksesuararı arasında nəyə üstünlük verirsiniz?
Anar Məmmədxanov: Demək çətindir. Saat, qalstuk, köynək. Bu gün çox maraqlıdır ki, köynəklər pencəklərdən də qəşəngdir. Kişilər üçün olan aksesuarlar qadınlarınkindın daha gözəldir. Bu gün belə bir tendensiya var. Və bu bəlkə də ondan irəli gəlir ki, modelyerlərin əksəriyyəti seksual azlıqların nümayəndələridir və onların təxəyyülü daha çox kişilər üçün kreativ olub. Məncə əsas məsələ ayaqlaşmaq yox, zövqlə geyinməkdir. İnsan çox bahalı köynək geyinə, çox bahalı pencək ala bilər, ancaq onlar bir-birinə uyğun olmaya bilər, qiymətinə baxmayaraq. Və nəticədə bu insan yaxşı görünməyəcək. Hansısa aksesuar yox, bütün paltarlar zövqlə seçilməli və bir-birini tamamlamalıdır.
Elman: Qadınlara münasibətiniz?
Anar Məmmədxanov: Xanımların xətrinə biz hər gün üzümüzü qırxırıq, daranırıq, kosmosa uçuruq, pul qazanırıq. Hər nə ediriksə xanımlara görə edirik.
Elman: Hansı ailədə böyümüsünüz və öz ailəniz haqqında?
Anar Məmmədxanov: Atam və anam professordur. Babam akademik olub. Bacım elmlər doktoru, professordur. Həyat yoldaşım həkimdir. Bu yaxınlarda dissertasiya müdafiə edəcək. “Şərq Çırağı”nın bədii rəhbəridir. Burada uşaqar yaradıcılıqla məşğul olurlar. Onların konsertlərində də olmuşam. Yoldaşımla məktıb illərindən tanışıq. 3 övladım var: oğlum 13, böyük qızım 10, kiçik qızım isə 5 yaşındadır. Mən onlarla birgə öz uşaqlıq illərimə qayıdıram. Kiçik qzım təbii ki, ərköyündür. Böyük qızım çox ciddidir. Hər şeyin yerini bilir və çox səliqəlidir. Bir sözlə xalqımıza 3 sivil, mədəni və vətənpərvər uşaq vermişəm.
/ANS Press/
Комментариев нет:
Отправить комментарий