04.06.2011

Avropa Qafqazda haradan başlanır?


 Rövşən Yerfi                                        r.yerfi@gmail.com

     Biz coğrafi baxımdan avropalıyıq, yoxsa asiyalı?

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra dərhal dünyaya inteqrasiyası başladı və onun beynəlxalq aləmdə siyasi-iqtisadi mövqeyi aydınlaşdı:  Azərbaycan Avropa ölkəsi kimi oəbul olundu.
Xatırladım ki, Sovet dövründə respublikamızı, xüsusilə onun paytaxtı Bakı şəhərini daha çox Şərqin qapısı və ya Şərqlə Qərbin qovuşduğu məkan adlandırırdılar. Lakin müstəqilliyə  qovuşandan sonra zamanın təsiri düşüncəmizi necə dəyişdirdisə, az bir vaxtda asiyalı olduğumuzu “unudub”, avropalaşdıq. Və nədənsə hamını inandırmağa çalışdıq ki, biz Avropa ölkəsiyik. Amma özümüzü nə qədər Avropaya yaxın hiss etsək də, biz onların gözündə həmişə asiyalı olaraq qalırıq. Ən azından coğrafi mövqeyimizə görə.
Dünya xalqları tərəfindən sevilə-sevilə oxunan “Əli və Nino” romanı da hələ ötən əsrin əvvəlində belə Bakının Avropaya, yoxsa Asiyaya aidliyi ilə bağlı gedən mübahisə ilə başlayır. Çoxumuz orta məktəbdə, universitetdə oxuyarkən müzakirə və diskussiyalarda tez-tez “Şərq bizdən başlayır, bəs  Avropa haradan başlayır?”- ifadəsi ilə rastlaşmışıq. Hər dəfə bu barədə düşünəndə xəritədə maraqla aramalı olmuşuq: Qafqazda Avropanı Asiyadan ayıran nöqtələr hansılardır? Bildiyimizə görə, söz gedən ərazidə qitələri bölən məlum sərhəd coğrafiya elmində hələlik şərti qəbul edilir. Doğrudur, alimlərin əksəriyyəti Şimali Qafqazdakı Kuma Maneç çökəkliyindən keçən sərhədi əsas götürürlər. Lakin, mübahisəli hesab edilən bu məsələdə kifayət qədər alimlər isə  Avropanı Asiyadan  ayıran xəttin Xəzər dənizi – Baş Qafqaz sıra dağları – Qara dəniz boyunca keçdiyini qeyd edirlər. Əksər xəritə və qlobuslarda da bu ayrılma Baş Qafqaz sıra dağlarının üstü ilə çəkilən qırmızı xətt işarəsi ilə göstərilir. İkinci varianta nəzər salsaq görərik ki, belə olan halda respublikamızın ərazisindəki Bazardüzü dağından Gədi (Xızı rayonu ərazisində yerləşir) dağınadək uzanan sıra dağların şimal hissəsi Avropa qitəsinin tərkibinə daxildir. Yeri gəlmişkən, inzibati ərazi baxımdan Qusar, Quba, Xaçmaz, Dəvəçi, Siyəzən rayonları bütövlüklə və Xızı rayonunun yarısı həmin ərazidə yerləşir. Dağ silsiləsi ilə dəniz arasındakı sahilboyu hissədə elə də böyük olmayan Eşmə düzü uzanır. Onu da bildirim ki, Sovet dövründə rus hərbçiləri tərəfindən bura Yaşma adlandırıldığı (?) üçün bugünədək bütün rəsmi sənədlərdə Eşmə əvəzinə, həmin yer Yaşma kimi qeyd olunur.
Əgər alimlərimizin səyi ilə beynəlxalq səviyyədə qitələrin ayrılma xətti belə təsdiqlənib qəbul edilərsə bütün mübahisələr bitər. Eşmə düzündə isə mütəxəssislərin rəyinə uyğun təyin olunacaq simvolik xətt üzərində “Avropa qapıları” adı altında möhtəşəm qapılar ucaldıb bura böyük turist axınını cəlb etmək olar... Eşmə düzünü mən misal çəkdim. Dəqiqləşmənin nəticəsindən asılı olaraq bu başqa yer də ola bilər. Nəticədə Azərbaycan Respublikası təkcə siyasi-iqtisadi cəhətdən deyil, həm də rəsmiləşmiş coğrafi ərazi kimi Avropanın bir hissəsi hesab edilər.
Sonda, yuxarıda ictimaiyyətin diqqətinə çatdırmağa çalışdığım aşkar həqiqətin gerçəkləşməsinə öz köməyini əsirgəməyəcək alim və mütəxəssislərimizə, digər səlahiyyət sahiblərinə müraciət etmək istəyirəm: gəlin, bu barədə dərindən, yaxşı-yaxşı düşünək və lazımi qərara gələk. Haqqında danışdığım məsələyə laqeydliklə yanaşmaqdansa hamılıqla dəstəkləyib istəyimizə nail ola bilsək, zənnimcə, uduzmarıq, əksinə hərtərəfli qazanarıq. Ölkəmizin “Avroviziya” mahnı müsabiqəsindəki parlaq qələbəsi bu mövzunun qabardılmasının aktuallığını mütləq mənada gündəmə gətirir. Bununla da bir çox bədxahlarımızın bizi “qeyri-qanuni” avropalı saymalarına son qoymuş olarıq. Bəlkə doğrudan fikirləşək?

Комментариев нет:

Отправить комментарий