04.06.2011

KROUN CO şirkəti zəhmətkeşlərin pulunu vermir

“Yeni xəbər”in poçtundan

   Yazıb sizə bildirirəm ki, öz traktorlarımızla Xocavənd rayonu ərazisində yerləşən KROUN CO şirkətinin taxılçılıq məntəqəsində yer şumlamışıq, lakin həmin şirkətdən zəhmət haqlarımızı ala bilmirik. Xahiş edirəm ki, KROUN CO şirkətindən bizə çatacaq 5 000 (beş min) manat pulun alınmasında köməklik göstərəsiniz.
   2010-cu ilin yayında KROUN CO şirkətinə başçılıq edən keçmiş deputat Əhəd Əhmədovla danışığımız oldu ki, şirkətə məxsus həmin ərazidə şumlama işləri aparaq. Həmin ərazi ermənilərin işğal etdiyi ərazilərlə həmsərhəddir və minalardan təmizlənməmişdir. Biz traktoristlər həyatımızı təhlükə qarşısında qoyaraq pozisiya boyu, təmas xətti ilə 30 kilometr irəliləyərək şum işləri aparmışıq. Hətta işlədiyimiz zamanda Salyan rayon Aqroservisinə məxsus olan bir traktor minaya düşüb partladı. Təhlükəli olduğundan həmin ərazidə insan yaşayışı yoxdur. Torpağın altı iri çaylaq daşları, üstü sınmış aşağı hissəsi torpaqda qalmış şpanerlərlə doludur. Odur ki, traktorlarımızın təkərləri tez-tez partlayırdı, təmir etmək üçün isə 30-35 kilometrlik məsafə qət etməli olurduq. Biz iyirmi gün orada işləyərək 5 adama 2 traktorla 135 hektar çətin kateqoriyalı yer şumladıq. Bu müddət ərzində cəhənnəm əzabı çəkmişik. Təsəvvür edin 15-20 santimetr qalınlıqda tozda işləmək nə deməkdir?! İndi də həmin şirkətin rəhbərliyi bizi ələ salaraq pulumuzu vermək istəmir. Xahiş edirəm ki, tədbir görün.
   Bildiyimiz qədəriylə həmin zamandan sonra Əhəd Əhmədovu şirkətdən uzaqlaşdırıblar. Odur ki dəfələrlə şirkətin məsul şəxslərinə müraciət etməyimizə baxmayaraq, bizi sözün əsl mənasında ələ salırlar və ikrahla bildirirlər ki, sizə işi biz yox, Əhəd Əhmədov verib, gedin pulunuzu ondan tələb edin. 7-8 dəfə yaşadığımız rayondan Qaradağlıya, Nərgizlitəpəyə, hətta Bakıya belə maşın tutub pul dalısıyca getmişik. Gah deyirlər səpin pulu vaxtı verəcəyik, gah deyirlər Bakıdan pul gələcək. İşlədiyimiz müddətdə qiyməti 1500 manat olan “COOD YEAR” markalı traktor təkərimizi pasinka kəsərək məhv elədi, bu da ziyanımızın bir hissəsidir. Pulumuz olmadığından salyarkanı nisyə alıb tökürdük. Tozun, hisin, dəhşətli istinin içində işləyirdik. Yemək-içməyimizi borca dükanlardan götürürdük ki, pulumuzu alanda verəcəyik. Pulumuzu baş-başa versələr belə, ziyandan başqa xeyrimiz yoxdur. Gah deyirlər gəl Bakıya pulunuzu verək, orda da sabah-sabaha salırlar, vaxtımız və əsəblərimiz gedir. Uzun müddətdir ki, çalışsaq da halal pulumuzu ala bilmirik. Gah deyirlər gəl Beyləqana, burda veriləcək, ora da getmişəm, bir nəticə hasil olmayıb, yol xərclərinə nə qədər maddi vəsaitim və canım gedib. 4 000 manat gördüyümüz işlərin zəhmət haqqısı, yaydan bu vaxta qədər yol pullarına, get-gəllərə xərclədiyimiz məsrəfləri də 1000 (min) manat əlavə edəndə, cəmi 5 000 (beş min) manat bu adamların bizə verəcəkləri var. Xahiş edirəm ki, beş min manat pulumuzu bu fırıldaqçılardan alıb bizə verin.
   KROUN CO şirkətinin uzun müddətdir ki əlaqəyə çıxdığımız məsul işçiləri bunlardır:

Elbrus müəllim- Bakıda yaşayır, şirkətin indiki rəhbəridir;
Sərhəd müəllim- KROUN CO şirkətinin baş aqronomudur;
Atamoğlan müəllim- şum olunan yer onun balansındadır;
Elman müəllim- şirkətin rəhbərlərindən biridiri.

   Uzun müddətdir ki, telefonla bu adamlarla danışıram, bəlkə 100 manatlıq konturum gedib, bu onun, o da bunun üstünə atır. Bu adamlar haqqında qanun çərçivəsində tədbir görməyinizi xahiş edirəm.

Rəsulov Mülatif Hüseynağa oğlu
Cəlilabad rayonu Qarazəncir kəndi

Комментариев нет:

Отправить комментарий