18.06.2011

Azərbaycan romanı holland dilində


Azərbaycan romanı holland dilindəHaaqa şəhərində Azərbaycan Respublikasının Niderland Krallığındakı səfirliyinin təşəbbüsü və dəstəyi, “Azərbaycanın Holland Dostları” İctimai Birliyinin, Benilüks Azərbaycanlılar Konqresinin və Gürcüstanın bu ölkədəki səfirliyinin iştirakı ilə Qurban Səidin “Əli və Nino” kitabının holland dilində yeni nəşrinin təqdimat mərasimi keçirilib.
Azərbaycan səfirliyindən bildiriblər ki, tədbirdə Niderlandın dövlət qurumlarının yüksək səviyyəli rəsmiləri, Haaqada akkreditə olunmuş diplomatik korpusun rəhbər və əməkdaşları, beynəlxalq təşkilatların nümayəndələri, ölkənin tanınmış elm və mədəniyyət xadimləri, Azərbaycan və gürcü diasporlarının fəalları, yerli qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.
Mərasimi giriş sözü ilə açan Azərbaycanın Niderland Krallığındakı səfiri Fuad İsgəndərov xalqımızın müstəqillik uğrunda mübarizəsinin tarixi, dövlətimizin siyasi və iqtisadi nailiyyətləri, ölkəmizin regionda mühüm rolu barədə ətraflı məlumat verib, özünəməxsus tolerantlığı və dünyəviliyi ilə seçilən Azərbaycanın hazırda mədəniyyətlərarası dialoqun təşəbbüskarı və bəşəri mərkəzlərindən biri olduğunu vurğulayıb.
Qeyd olunub ki, həm “Əli və Nino” kitabı, həm də ümumən Azərbaycan və Gürcüstan arasındakı strateji tərəfdaşlıq münasibətləri mədəniyyətlərarası inteqrasiya proseslərinin mümkünlüyünü, hazırda dünyada müşahidə edilən ziddiyyətli meyillər fonunda xalqların gələcəyi və rifahı üçün bəşəriyyətin sivilizasiyalararası dialoqa böyük ehtiyac duyduğunu və bu iki gənc müstəqil dövlətin xeyirxah qonşuluq əlaqələrinin digər ölkələr üçün nümunə kimi istifadə edilməsinin zəruriliyini bir daha təsdiqləyir.
Niderland ictimaiyyətini “Əli və Nino”nun holland dilində yeni nəşri münasibətilə təbrik edən Fuad İsgəndərov, Qurban Səidin bu əsərinin 1937-ci ildən başlayaraq dünyanın 33 dilində 100-dən çox nəşrlə çap olunduğunu xatırladıb. Səfir hollandiyalıların bu kitabı oxuduqdan sonra Azərbaycan və ümumən Cənubi Qafqaz haqqında və burada baş verən həm quruculuq, həm də dağıdıcılıq proseslərinin tarixi-siyasi səbəblərinin mahiyyəti barədə daha məlumatlı olacaqlarına inandığını bildirib.
Gürcüstanın Niderland Krallığındakı səfiri Şota Qvineriya ölkələrimizin əlaqələrinin tarixindən söhbət açıb, iki dövlətin siyasi və iqtisadi tərəfdaşlığı haqqında məlumat verib. Diplomat “Əli və Nino” kitabını Gürcüstan və Azərbaycan xalqlarının tarix boyu bir-birinə olan dostluq və qardaşlıq münasibətlərini nümayiş etdirən bir əsər kimi qiymətləndirib.
Sonra tədbir Azərbaycan, gürcü sənətçilərinin və yerli musiqiçilərin konsert proqramı ilə davam edib. Azərbaycanın Xalq Artisti Mənsum İbrahimovun rəhbərliyi altında “Qarabağ” muğam ansamblının çıxışı proqrama xüsusi rəngarənglik vermiş və sürəkli alqışlarla qarşılanıb.
Təqdimat mərasimi çərçivəsində Azərbaycan haqqında filmlər nümayiş etdirilib. 
AzərTAc

Комментариев нет:

Отправить комментарий