19.06.2011

Çırpınan ruhun qəlb döyüntüləri


Fəridə Paşa

– Zaman, dur!!! Dur bir anlıq! Bitir bu dözülməz işgəncəni! Səbr qalmadı, insanlıqdan bir əsər-əlamət qalmadı məndə! – ürəkparçalayıcı bir hönkürtü eşidildi. Altun qəfəsdə illərlə bəlkə də əsrlərlə məhbus olmuş birinin hönkürtüsü idi bu. Hər an, hər saniyə zamanın uçub getməsini, öz varlığının isə zamandan asılı olmadan bir nöqtədə ilişib qalmasını hiss edən birinin hönkürtüsü idi. Əynində qaradan qara bir paltar vardı. Gözləri görünmürdü. O qədər ağlamışdı, fəryad etmişdi ki, gözünün ağı qarasına qarışmışdı.
Nəfəs aldığı hər an onunçün işgəncə idi. Varlığının bitməyəcək bir iztirabla bu qəfəsə həbs edildiyini anladıqca daha çox əzab çəkirdi.
Bitmirdi. Bitmirdi... Bu işgəncə bitmirdi ki, bitmirdi.
Günlərin hesabını çoxdan itirmişdi. Bəlkə də ilk dəfə bu qəfəsin divarları ilə tanış olduğu gündən bir il keçmişdi, bəlkə də bir əsr. Bilmirdi!
Ilk gəldiyi günlərdə hər şey ona müdhiş bir qarmaqarışıqlıq içində görünürdü. Onu buraya həbs edənlərə nifrət, boşa çıxmış ədalət arzusu, hər şey bir-birinə qarışmışdı. Ilk gəldiyi günü hələ də xatırlayırdı. Gözlərini açmış, ətrafında par-par parıldayan şəbəkə divar görmüşdü. Ağrımaqda olan başına görə inləyərək ayağa qalxmışdı. Yaxınlaşıb divara toxunmuşdu. Qızıl idi, şəffaf şəbəkələrin arasında zülmət səltənəti uzanıb gedirdi. Bura necə gəldiyini xatırlamırdı. Son xatırladığı başına dəyən zərbədən huşsuz yerə sərilməsi, qadın qışqırığı və yad əllərin onun qollarından tutub harasa sürüməsi idi. Bununla onun xarici aləmlə ən son bağı kəsilmişdi. Həmin andan sonra o, dəhşətli bir zamansızlığa qərq olmuşdu.
Heç nə dəyişmirdi... Heç nə...
Hər şey olduğu kimi bir nöqtədə ilişib qalmışdı. Mövcud olan bir o idi, bir də qızıl şəbəkələr.
Qəfəsin ortasında yerə sərildi. Gözlərini yumdu. Yorğun idi, çox yorğun. Ətrafında güclə hiss olunan bir hərəkət hiss etdi. Deyəsən yenə başlayırdı...
Gözlərini açdı ətrafa baxdı. Qəfəs sanki kiçilirdi. Bayaqkı bir neçə addım kənarda olan divarlar indi onun qarşısında ucalırdı. Ayağa qalxdı...
Bir azdan əlini belə tərpədə bilmirdi.
– Ilahi, məni bu lənətə gəlmiş acizliklə neyçün sınağa çəkirsən??? Hardasan? Harda? Çıx qarşıma! Məndən oğurladığın illərin hesabını ver. Öz ilahi ədalət adlandırdığın cəfəngiyyata bir az da özün qulaq kəsil! Lənət sənə də, sənin yaratdığın bu aciz, zavallı məxluqlara da! Lənət!!! Lənət!!!
Cavab gəlmirdi. Özü də bilirdi cavab gəlməyəcəyini. Bilirdi ki, illər uzunu olduğu kimi indi də heç nə dəyişməyəcək. Azad olmayacaq, ədalət olmayacaq.
Bir zamanlar (qəfəsdən çox-çox əvvəl) o, başqalarından heç nə fərqlənmirdi. Hamı kimi idi. Hamı kimi yaşayır, nəfəs alır, gülməli olmayan şeylərə gülür, bəzən ağlayır, bəzən düşünürdü. Günləri bir-birindən fərqlənməyən bir axarla keçib-gedirdi. Bir gün əvvəlkindən, qarşıdan gələndən heç nə ilə fərqlənmirdi. Bəlkə onda o, sadəcə insanların hamısının ümumi axına nə qədər qoşulsalar da, bir-birindən nə qədər fərqli olduğunu anlamırdı.
Əslində insanlar hər gün, hətta hər saniyə dəyişirlər. Hər keçən an batinimizdə nələr isə dəyişir. Hər an nələrsə ölür, nələrsə dirilir, həyat tapır içimizdə. Bu o qədər gözəgörünməz, hiss olunmaz bir prosesdir ki, onun nəticələrini bir anda dərk etmək insan beyni üçün sadəcə qeyri-mümkündür.
Əslində o da hər gün, hətta hər saniyə dəyişirmiş. Hər keçən an batinində nələrisə dəyişirmiş. Içində hər an nələrsə ölür, nələrsə dirilir, həyat tapırmış. Bu o qədər gözəgörünməz, hiss olunmaz bir proses imiş ki, onun nəticələrini bir anda dərk etmək onun üçün sadəcə qeyri-mümkünmüş.
Əslində o da hamı kimi özündə olan dəyişikliklərdən xəbərsiz yaşayırdı. Hər səhər oyandıqda güzgüyə baxar, amma özünü görməzdi, çünki həmişə güzgüyə baxanda daha vacib bir şeylər düşünərdi. Hər axşam yatdığında özünə bu gün nə etdim deyər, amma nə etmədim deməyi unudardı. Bir gün...
Bir gün fərqli oldu. Yeni oyanmışdı. Özü də səbəbini bilmədən güzgüyə baxdı və... Və gözlərinə inanmadı. Doğrudanmı güzgüdən ona baxan, gözlərinin altında yuxusuz gecələrdən, ağır iş günündən halqalar yaranmış, saçlarına ağ cığırlar düşmüş, gicgahlarında əsəbilik əlaməti olaraq saçları tökülmüş yaşlı qadın odur? Doğrudanmı o qədər dəyişib ki, öz-özünü tanıya bilmir?
Evdən çıxanda yuxudan duranda gördüklərinin röya olmadığını yəqin etmək üçün bir daha özünə baxdı. Yox. Eyni mənzərə idi. Deməli bu günə kimi kor imiş...
O gündən hər şey qap-qara bir zülmətə qərq oldu. Həyatının nə qədər mənasız olmasını anlaması ona hər gün daha çox əzab verirdi. Indi özünə qarşı daha diqqətcil olmuşdu. Hər gün güzgüyə baxırdı və hər baxışında gözləri altındakı qırışlar daha da dərinləşir, saçlarındakı ağ zolaqlar daha da artırdı. Həyatda məqsədi yox idi. Gün-gündən daha aydın başa düşürdü ki, bu belə davam edə bilməz. Qarşısında iki yol var idi: ya indiki həyatı ilə hər kəs kimi barışmaq, axına qoşulmaq,  ya da intihar.
Ətrafındakıların saxta qəhqəhələri, göz yaşları, fəryadları çiyrindirirdi onu. Hər dəfə evə qayıdanda saatlarla güzgünün qarşısında dayanar, özünə baxar gözləri qarşısında baş verən dəyişikliyə görə Tanrıya lənət oxuyardı. Axı o da hamı kimi yuxudan oyanmaya bilərdi, axı o da ölənə qədər öz avamlığından xəbəri olmadan nəfəs ala bilərdi. Niyə Tanrı onu bu müdhiş əzab üçün seçmişdi? Niyə???
Bir gün səbri sona çatdı, güzgünün qarşısında oturarkən heç özü də bilmədi əlləri nə vaxt ülgücə doğru uzandı. Onun iti ağzını biləyinə yaxınlaşdırarkən sanki ülgüc də qan qoxusu hiss edərək gərildi, damara daha dərindən işlədi. Nəinki ağrı, heç öz bədənini də hiss etmirdi. Gözləri yavaş-yavaş qapanırdı. Artıq bədənini idarə etməyə gücü qalmamışdı. Bədəni özündən ixtiyarsız sağa doğru əyildi və başı zərblə güzgünün yanındakı şkafa dəydi. Sonra hər şey qaranlığa büründü. Bu qaranlıqdan o, yalnız fəryad edən bir qadının səsini və onu qollarından tutub harayasa sürükləyən əlləri hiss etmişdi, sonra qəfəs...
– Bəsdi!!! Yetər!!! Mən yoxamsa, niyə özümü hiss edirəm, ölmüşəmsə, niyə nəfəs alıram, Tanrı???
Əllərini qəfəsin şəbəkəsindən bayıra çıxartdı, mərhəmət istəyirmiş kimi əllərini boşluğa uzatdı. Dərin bir hönkürtü qəfəsi titrətdi.
– Axı mən nə səhv etmişəm? Niyə mən cəzalanmışam? Niyə, Tanrı?
Bir vaxtlar zaman necə də dəyərsiz idi. Indisə bir an üçün hər şeyini verməyə hazır idi. Təki bu zamansızlıq zəncirindən azad olaydı. Amma nəyi vardı ki?! Qəfəsin şəbəkələri bəlkə bir il, bəlkə də bir əsr idi ki, onun evi idi. Bəlkə də yaşadığı yerdə indi bahar idi, hamı üzündə saxta təbəssümlə aktyorluq edir, qarşılarına çıxan hər şeyə heyranlıqlarını bildirirdilər. Bəlkə də indi yaşadığı yer də zamansızlığa qərq olmuşdu, hər şey buxarlanıb birər heçə dönmüşdü, özünü görənlər qəfəslərə məhbus olmuşdular. Kim bilir...
Amma nə olur-olsun zamanın meh təki axışını hiss etməyə ehtiyac duyurdu. Qoy hər an saçları ağaraydı, hər an gözləri altına yeni-yeni qırışlar düşəydi, amma yenə insan olardı. saxta da olsa, qəhqəhə çəkərdi, göz yaşlarını əzabdan deyil, yasında olduğu tanımadığı adama görə, adamlar görsün deyə axıdardı.
Insan olmaq, ölümlü olmaq nə gözəlmiş. Indi insan olmasından nəfəs almasından başqa bir nişanə yox idi, ürəyinin döyüntüsünü belə eşitmirdi. Axı ürək döyüntüləri saat səsinə bənzəyir.
– İlahi, bir şans! Yenə insan olmaq, zamanın fərqində olaraq, hər an ölə biləcəyimi, hər anın son ola biləcəyini anlayaraq yaşamaq istəyirəm.
Bura gələndən demək olar ki, yatmırdı. Indi sanki möcüzə baş verdi. Göz qapaqları ağırlaşmışdı, bədəni onu harasa uzaqlara, tanımadığı bir yerə çağırırdı...
Yuxuda o, özünü bambaşqa bir dünyada gördü. Orda zaman yox idi, amma insanlar onun yoxluğu ilə nəfəs alırdılar. Insanlar qov kimi yüngül idilər, hər istəkləri istədikləri an qarşılarında olurdu. Üzlərində nur vardı, hərəkətlərində qəribə bir məqsədyönlülük. Sakitcə onların arasında dolaşırdı yuxuda. Onlar onun varlığını hiss etmirdilər belə.
Bəlkə də yuxusu hələ çox çəkəcəkdi. Bəlkə də hələ çox dolaşacaqdı, zamansızlıqdan bəxtiyar insanların arasında, amma qəribə bir hiss onu oyanmağa, ətrafına baxmağa vadar etdi.
Sakitlik idi. Lakin həmişəkindən fərqli olaraq indi sükutu eşitməyi yadırğadığı bir şey dəlirdi.
Dup-dup, dup-dup, dup-dup, dup-dup, dup-dup...
Saat səsinə bənzəyirdi...
Amma yox...
Bu onun çoxdandır eşitməyə yadırğadığı ürək döyüntüləri idi. Ayağa qalxdı və ətrafına baxındı. Heç nə dəyişməmişdi. Yenidən sükuta qulaq kəsildi, yox, yenə eşidirdi.
Yaxınlaşıb əlini qızıl şəbəkəyə doğru uzatdı və təəccübünə rəğmən şəbəkəni  havanın bir parçası imiş kimi hiss etmədi. Hisslərinə inanmayaraq geri çəkildi və əlini yenidən uzatdı, yox, bu ilğım deyildi, şəbəkə sadəcə gözə görünürdü.
Xoşbəxtlik hissindən gözlərini yumdu. Bitmişdi...
Gözlərini açdıqda özünü işıqlı bir yolun başlanğıcında gördü, yolun sonunda ulduzlar sayrışırdı. Orda nə görəcəyini bilirdi...
Yuxusundakı insanların dünyasına aparırdı o yol...

Комментариев нет:

Отправить комментарий