19.06.2011

Lənətlənmiş cəmiyyətin lənətlənmiş insanları


...Tehran Əlişanoğlunun və Nərmin Kamalın fərdi internet yazışmalarında (bu, hələ ki, mətbuata çıxarılan və klassik məktublaşmanı əvəz edən yeganə çağdaş epistolyar ədəbiyyat nümunələridir) nəsrin (konkret olaraq romanın) inkişaf etmiş xalqlara xas mədəniyyət örnəyi olduğu iddia olunur: "...bizim yazar şeirdə özünü vətənində hiss edir, romanda qəriblikdə" (Tənqidnet, 2006/2, s.190). Azərbaycan xalqı reçitativ şeirlə doğulub, nəsrin üzücü və əzabverici gərginliyini, dramatik və romantik təntənəsini yaşayan xalqdır. Məntiqlə, azərbaycanlılar şeirin inkişaf etdiyi geri qalmış xalqların fövqündə dayanır. Elə yaşantılar var ki, onu poeziya çərçivəsinə sığışdırmaq çətindir. Ramiz Rövşənin "Bütün hissləri sözlə ifadə etmək olmur" məntiqiylə razılaşıram. Deyim ki, Ramiz Rövşən də, Nərmin Kamal da gözəl şeirlərdən sonra gözəl nəsr nümunələri yaratmışlar. Faiq Balabəyli "Burda darıxmaq olmaz" (2008) poetik toplusunda həbsxanada keçirdiyi hisslərin şeir variantını oxuculara elə həbsxanadan çıxandan bir qədər sonra təqdim etmiş və kifayət qədər uğur qazanmışdır. Həbsxana həyatı F. Balabəylini şeirdən nəsrə qədər yüksəltdi və budur, qarşımızda onun qələmindən çıxmış "Lənətlənmiş həyat" adlı zəngin bir povest vardır. 
  
   Xorxe Luis Borxes deyir ki, oxucu nəsrdən informasiya və mülahizə gözləyir. Buna görə də Borxes ən oxunaqlı kitabların ensiklopediyalar olduğunu bildirir. Çağdaş oxucu bədii əsərdə əhvalatçılığı deyil, informativliyi sevir, o, mövzu ilə bağlı hər şeyi bilmək istəyir. Bu mənada Faiq Balabəyli həbsxana həyatından bəhs edən bütün əsərlər kimi kriminal və detektiv nəsr nümunəsi yaratmır, o, dramatik hadisələrlə zəngin bir povest yazıb ortaya qoyur. Bu əsəri oxuduqca cəmiyyətin cinayətkar saydığı bir insanın əslində cinayətkar bir cəmiyyətlə üz - üzə qalmasının şahidi oluruq. Obrazlı desək, "Bayıldakılardan" çox bayırdakılar cinayətkardır, "cinayətkarı" mühakimə edənlər cinayətə daha çox sürüklənmişlər.
  
   Faiq Balabəylinin bədii təsviri güclü obrazlı təxəyyülün məhsulu kimi meydana çıxır, elə şeirləri qədər ifadəli səslənir. Obrazların daxili aləminə baş vuran və bəzən bircə cümlə ilə bütöv bir xarakteri açan bu povestdə müəllif özbaşınalığın və qanunsuzluğun baş alıb getdiyi Azərbaycan cəmiyyətinin eybəcərliklərini ustalıqla təsvir edir, vətəndaşların hüquqlarını qorumalı olan təşkilatlar və adamlar tərəfindən günahsız insanların həyatının puç edilməsini real və çılpaq boyalarla qələmə alır.
  
   Faiq Balabəyli vaxtilə özünün də içərisində olduğu bir mühiti təsvir edir, buna görə də onun obrazları güclü və canlı alınmışdır. Müstəntiq obrazının mənfi çalarları onun şübhəli şəxs qismində tutulmuş Məmmədlə cinayətkar kimi davranmasında daha qabarıq üzə çıxır. O, söyüş söyür, Məmməd cavab qaytardıqda onu döyür: "...Axı, bir söyüşün üstündə illərlə həbsdə yatanlar var. Bu köpək uşaqları o qədər onun - bunun qabağında küçüklənirlər, simalarını itirirlər, elə bilirlər ki, hamı bunların tayıdır". Bu cür xarakter açımları hadisələrin inkişafı boyunca dərinləşir: "Məmməd qorxurdu, çox pis qorxurdu. Yaxşı bilirdi ki, bunlara etibar yoxdu. Bu "sistem" işçiləri yazığın, məzlumun qənimidirlər".
  
   "Mənim polisim məni qoruyur" deyiminin tərs üzü daha eybəcərdir: "...Dustaqları incidən zabitlər, nəzarətçilər rəislərinin qabağında it küçüyü kimi quyruq bulayır, rəislərin söyüşlərini qəbul edir, kişilikləri, şəxsiyyətləri çatmır ki, mənliklərini qorusunlar. Elə polisdə də belələrini çox görmüşdü. Rəisin söyüşlərini, təhqirlərini analarının südü kimi qəbul edənlər, sanki acıqlarını yazıq dustaqlardan çıxırdılar".
  
   Əsərdə hadisələr Məmmədin ətrafında cərəyan edir. Məmməd kimdir? Dörd dəfə həbs olunan, üst - üstə 17 il həbsdə yatan Məmməd "dostu" Ağamirzənin onu 1 - 2 "çet" heroinə satmasından tutmuş polis işçilərinin qəddarlığına qədər hər şeyi görmüş və yaşamış bir ədəbi qəhrəmandır. İstintaq zamanı gündüzlər lazım olan ifadəni ala bilməyən müstəntiq onu gecələr saat ikidə təpikləyə - təpikləyə istəyinə nail olmaq istəyir. Məmmədin narkoman kimi həbsinin səbəbini dustaqlardan biri belə izah edir: "Bəzən də elə olur ki, kimsə tutulmalıdır. Axı bunların da böyüyü var, sistem işçilərini deyirəm e, bax, onların böyüyü deyəndə ki, alə, bə narkomandan - zadan nöş tutmursuz - yuxarılara dalajit eləməlidir də - bax, onda sənin kimilər yada düşür..." Həbsə düşənədək normal insan həyatı yaşayan Məmməd oradan çıxandan sonra bu imkanları itirir, evini satıb köçdüyü qəsəbədə həyət evlərinin tör - töküntüsünü, zir - zibilini daşıya - daşıya ailəsini dolandırır. İşinin müqabilində ona verəcəkləri pulun yarısını kəsənlər, lağ edənlər olsa da, Məmməd ailəsini çətinlikdən çəxarmaq üçün başqa yol görmür, bu adamlardan deyil, öz taleyindən inciyir.
  
   Müəllif bir cümlə ilə rüşvətxor sahə müvəkkili obrazı yaradır. Məmməd işlədiyi kafeni təmizləyib sahə müvəkkilinin çağırışına getmək istəyəndə, kafenin müdiri deyir: "Getmə, indi harda olsa sülənib gələcək bura, aylığının vaxtıdır. Onda soruşarsan, neynir səni". Qəsəbədə qanunun və qanunçuluğun keşiyində dayanmalı olan, minlərlə adamın hüququnu qorumalı olan sahə müvəkkilinin əsil siması tutduğu və tutdurduğu cinayətkarlardan fərqlənmir: o, Məmmədin narkotika üstündə yatmasından məharətlə bəhrələnir, "çörək kəsdiyi" kafe müdiri Cəlaldan külli miqdarda pul qoparmaq üçün guya Məmmədin bu kafedə narkotik vasitələr satması haqqında ifadə verdiyini bildirir: "...Yazılmamış ifadəni "cırıb" zibil yeşiyinə atdığı üçün ondan 10.000 dollar pul istədi. Və namusuna and içdi ki, bundan bir qəpik də özünə qalmır. Hamısı qəpiyinə kimi rəisə və nazirlikdəki yüksək rütbəli zabitə çatacaq". O, Məmmədi heç bir günahı olmadan polis bölməsinə göndərir. Bölmədə isə açılmayan cinayəti Məmmədin boynuna qoyan müstəntiq "ştatdakı" Sürtük və Çaqqal ayamalı şahidlərin ifadələri ilə həbs edir. Müvəqqəti saxlama kamerasında, baş verənləri ağlına sığışdıra bilməyən Məmmədin düşündükləri əslində müəllifin cəsarətini üzə çıxarır: "Bəs deyirlər, bizim polisimiz ədalətlidir, ölkəmiz demokratik ölkədir, iqtisadiyyatımız günü - gündən yüksəlir, kasıbların sayı azalır. Yalandır axı bütün bunlar. Polis tutub məni atır içəri, nə var - nə var, buna plan qoyublar ki, bu ay filan qədər narkoman tutmalısan". Müstəntiq başqa bir cinayətkarı dindirərkən onu rezin zopa ilə döyə - döyə özünə "maddə seçməyə" məcbur edir. O, ifadə aldığı adamı butılka yeritməklə, dubinka soxmaqla və ağzına verməklə qorxudur. Eləmədiyi cinayəti boynuna qoyduğu gənc özünə "zorlama" maddəsini seçir. Müstəntiqin "Nə vaxt, haçan, kimi, harda zorlamısan" sualına gənc "Dünən, gündüz saat 11 30 - da, sənin yaşadığın evdə sənin arvadını zorlamışam" cavabını verir. Bu cavab həm də müəllifin ironiyası, istintaq metoduna yumorlu yanaşmasıdır. Müstəntiq gənci döyə - döyə öldürür və Məmmədi məcbur edir ki, onun özünü pəncərədən atması barədə sənədə qol çəksin.
  
   Faiq Balabəyli qəhrəmanının atalıq hissini tez - tez qabardır, qızının üzünü çox az görmüş Məmməd onu adı kimi Xoşbəxt böyüdüb oxutmaq və həkim etmək istəyir. Ağlı kəsəndən haqsızlığın qurbanı olan Məmməd bu qara gəlmiş ömründə bircə dəfə haqqın - ədalətin olduğunu gözləri ilə görmək ümidiylə yaşayır. Ömrü həbsxanalarda keçən Məmməd qızının körpəliyini görmədiyi kimi, onun xoşbəxt ailə həyatı qurmasını da təsəvvürünə gətirə bilmir. Məmməd arvadına "Mənim taleyim belə imiş. Səni də bədbəxt etdim" deyir, qızına oxumağı tövsiyə edir. Məmmədin ailəsi ilə son görüşü isə həqiqətən təsirli və kövrək səhnədir. Ən maraqlısı odur ki, bu kövrək notlarla bitən povestin yazılma tarixi kimi 2006 - 2007 - ci illər, müəllifin özünün həbsdə olduğu müddət göstərilmişdir. Əsərin yazıldığı məkan isə 10 saylı CÇM - dir, müəllifin də ədəbi qəhrəmanıyla oxşar tale yaşadığı yerdir.
  
   Faiq Balabəyli povestin bəzi yerlərini obrazlı şəkildə qələmə almışdır, mətnin həmin hissələri epik şeir təsiri bağışlayır. Məmməd qəm dəryasına qərq olanda içərisinə çəkib "dustaq" elədiyi ucuz "Prima" siqaretinin tüstüsünü "azadlığa" buraxır, boz tüstü burula - burula onun ağzından və burnundan "nazlanan - nazlana" havaya qalxır.
  
   Povest həyatın girdabında yaşayanlardan bəhs etdiyinə görə, müəllif, xalq arasında deyildiyi kimi, "küçə danışığına", dilektizmə, rusizmə, "loru" ifadələrə müraciət etməli olur və bu cür yanaşma təhkiyəni daha şirin, oxunaqlı və cəlbedici edir. Məmmədin arvadı Yetərin dilində: "Ciyəri pörtləmiş, qara bağlamışın balası". Müstəntiqin dilində: "Petuxun biri petux". Dustağın dilində: "Bir - iki çimdik qaradan - zadan verirlər, o da ağulanır". Sahə müvəkkilinin dilində: "Hansı "uqolda" oturursan, kimlərnən kayf tutursan?" Məmmədin dilində: "Bir köpəkoğlu məni "Proklatka" qurmaqda, "Pomiloyluqda" günahlandıra bilməz". Belə nümunələri xeyli artıra bilərəm. Ən maraqlı cəhət isə ədəbi qəhrəmanların (istər müsbət, istərsə də mənfi) dil fərqinin olmamasıdır. Polis işçisi də, narkoman da, məhbus da eyni səviyyəli nitq mədəniyyətinə malikdir. Bunun başlıca səbəbi həmin adamların eyni mühiti - cinayət aləmini təmsil etməsilə bağlıdır, polis işçisi narkomandan daha çox narkoman, məhbusdan daha çox cinayətkardır və bu, onların təkcə davranışında deyil, həm də dünyagörüşünün təzahürü olan nitqində də özünü göstərir. Povestdə elə yerlər var ki, onu yalnız dustaqxananın acı həyatını yaşamış adamlar yaxşı başa düşürlər. Məsələn, Ağamirzənin aqibəti belə təsvir olunur: "Və sən demə, onun orada bir neçə "dustağı" varmış, "razborkası" olub, işverənliyi sübut olunub və yaxşı qardaşlar tərəfindən "vurulub". Qorxusundan bir neçə dəfə özünü "bağlatdırsa" da, elə "karsdaca" onu "apartaçenni" edib "şponkanın" altında yer ayırıblar".
  
   Povestdə çoxlu dustaqxana terminlərinə rast gəlirik. "Qrev" eləmək, cəzasını "kalendar" çəkmək, "panyatkalı" oğlanlar, "məmə yeməyi", "çöl", "lomka", "straqaç", "mal" vurmaq, "qəhbə", "krıtıda" olmaq, "tasovkalamaq", torba tikmək, "praktika", "texniçka" və sair bu kimi terminlər belələrindəndir. Rovestdəki rus terminləri sovet dönəminin islah düşərgələrindəki vəziyyətin eybəcər qalıqları kimi kriminal aləmi dolğun şəkildə canlandırır. "Uçaskovının", yəni sahə müvəkkilinin "it" adlandırılması məhz həmin dövrün ayamasıdır. DRENK, ÇP, Qorotdel, KPZ, Zon, İVE, ŞİZO kimi terminlər elə işlədilir ki, onu oxucu anlaya bilir.
  
   Povestdə bəzi qeyri - dəqiqliklər də vardır ki, bunlar əsərin oxucuda yaratdığı təəssürata bir o qədər də təsir etmir. Məsələn, Məmməd "Zon"da olarkən Sənəm qarının ölduyünü eşidir, lakin Sənəmin oğlu Xalid, Məmmədin sonuncu həbsdən sonra həyətlərdə işləyərkən anasıyla onu gördüyünü bildirir. Həbsxana terminlərini dustaqların dilində olduğu kimi işlətməsi də povesti zənginləşdirir. Lakin burada "volyada" sözünün "azadlıqda" kimi tərcümə olunması artıq görünür, çünki həbsxana etrminləri bəzən sətiraltı məna daşıyır və birbaşa tərcümə olunmur. Bunun müqabilində "çöl" də işlənir. Həm də əsər boyu daha çətin anlaşılan sözlər var ki, onların hətta hansı mənanı ifadə etməsinə belə işarə olunmur. Məsələn, oper, srok, balanda, xlebnik, kormuşka, podval, barıqa, katyol, okansovka, praykovoy, pristupnı mir, paqonlular, uçastkovı belə terminlərdəndir və mən belə cüman edirəm ki, müəllif bu sözlərin mənasını verməməkdə düzgün etmişdər. Məhz bu terminlərin yerli - yerində işlənməsi oxucunu bir anlığa, dustaqların dili ilə desək, "zon"a aparır və povestin aşıladığı hissləri yaşantıya çevirə bilir. Povestin əvvəlində "dırınqalet bir maşın" sürən Məmmədin sonrakı iş yerləri dolaşıq təsvir edilir. Bu kiçik iradları və bəzi cümlələrin ağırlığını nəzərə almasaq, çox uğurlu, mən deyərdim ki, həbsxana həyatından bəhs edən bütün nəsr əsərlərini üstələyə biləcək bir povest alınmışdır. Yazıçının ən böyük uğuru həyatda bəxti gətirməyən bir insanın timsalında cəmiyyətin bütün eybəcərliklərini dolğun şəkildə qələmə ala bilməsidir. 
             Bilal Alarlı, "Nöqtələr" ədəbi qrupu

Комментариев нет:

Отправить комментарий