21.06.2011

Elnaz Eyvazlı. Başdaşı (Hekayə)


Həyətə girəndə ürəyim sıxıldı, darıxdım. Balaca, xudmani həyətdə göz-göz bir neçə otaq vardı. Çox güman ki, bu otaqlarda qalanlar hamısı kirayənişindi.
Mən həyətdə gözləyirdim, anamla dayım yuxarı – ikinci mərtəbəyə qalxdılar. Ev sahibəsi  ikinci mərtəbədə yaşayırdı. Aşağı mərtəbəni və həyətdəki ayrı-ayrı otaqları  kirayə vermişdi. Hövsələm çatmırdı. İstədim anamgilin dalınca yuxarı qalxam. Buna ehtiyac qalmadı. Onlar ev sahibəsilə danışıb aşağı düşdülər.
-    Nə oldu? – anamdan soruşdum.
-    Yaxşı oldu. Danışdıq. Dedi, nə vaxt istəyirsiniz, köçün. Aşağıdakı otaq sizindir.
***
Küçə qapısına baxanda “Arşın mal alan” dakı ev – Gülçöhrəgilin evi yadıma düşdü. Mavi rəngli taxta qapının baş tərəfi oval formada kəsilmişdi. Qədimi evlərin həyət qapısını xatırladırdı. Ümumiyyətlə, bu məhlə-küçədə nəsə  keçmişi xatırldan, filmlərdən tanıdığımız köhnə Bakının əlamətləri vardı.
Həyətə daxil olan kimi sağ tərəfdə ayaqyolu özünə zorla yer eləmişdi. Onun da qapısı küçə qapısı ilə  həmrəng idi. Bura həyətdən ayrıldığına görə bir növ dalana  oxşayırdı. Həyətə beş dənə qapı açılımasına baxmayaraq, həyət  balaca idi. İkimərtəbənin birinci mərtəbəsndə bizə verilən otaqlar yerləşirdi. Qalan “evlər” bu evə sıra ilə bitişikdi. Bizə verilən hissədə əsas qapı çox da dar və uzun olmayan  dəhlizə açılırdı. Bu dəhlizə daha iki qapı açılırdı. Biri elə əsas qapı ilə üzbəüz, o biri də baş tərəfdə. Baş tərəfdəki bizim idi. O qapıdan da keçəndə elə bildim ürəyimi kimsə ovcuna alıb sıxdı. Bu otaq o qədər balaca idi ki, Martinin  (“Martin İden”) kirayə qaldığı otağı xatırladırdı. Ancaq bir az diqqət edəndən sonra gördüm ki, bu otağın yarısı otağa qoyulmuş paltar şkafının arxasında qalıb. Paltar şkafı otağın tən ortasına qoyulmuşdu. Deməli, bu otaq Martinin otağından bir-iki addım böyükmüş. Bəs niyə bu şkafı divara söykəməyiblər ki, otaq bir az geniş olsun? Maraqlıdır, deyilmi? Mən böyük maraqla şkafın arxasına baxmağa cəhd etdim. Alınmadı, çünki şkafın eni demək olar ki, bu divardan o divara qədər idi. Bir tərəfində bir qarış boş yer vardı, ordan da mənim başım keçmirdi. Qət etdim ki, otağa köçən kimi bu şkafı itələyib divara söykəyəcəm, otaq bir az da böyüyəcək. Guya məndən  qabaq bu otaqda qalanlar məndən az bilirmiş, mən ağıllı çıxdım. Keçdik əsas məsələyə, bu otağa açılan başqa bir qapı bizim yaşayacağımız otağın qapısı idi. Deməli, bu otaqlar dibədib eyni boyda idilər, şkaf bu otağı bölməsəydi, ikisi  də eyni ölçüdə olardı. İçəri otağa  iki çarpayı, çarpayıların arasına da ortabab bir stol, iki stul qoyulmuşdu. Stolun altı da qapılı balaca şkaf idi. Vəssalam, bu otaqda başqa heç nə yox idi. Çirkli divar kağızına baxanda ürəyim ağzıma gəldi. Bizdən əvvəl burada qalanlar, deyəsən, çayı boğazlarının əvəzinə divara tökürlərmiş. Bundan başqa, divara yazılmış sevgi şeirləri, boyalı dodaqların qoyduğu izlər və sair (tələbə qızlar qalan otaqlarda belə şeylərə çox rast gəlinir). İçəri otağın baş tərəfində balaca bir pəncərə vardı. Pəncərə deyəndə ki, nəfəscikdən böyük, pəncərədən balaca bir şey idi. Onun da pərdəsi-filanı yox. Özü də bu pəncərədən  baxanda küçə ilə keçən adamların ayaqları görünürdü. Deməli, bu otaq küçədən aşağıda olduğundan pəncərə dalana açılırmış.
Mənim “cer-cehizim” otaq yoldaşımınkından tez gəldi. Tələbənin nəyi olur ki? Bir dəst yorğan-döşək, beş-altı qab-qacaq, bir də ki, kitab-dəftər, pal-paltar. Sonra da hər evə gedəndə bir əksik olanını  gətirirsən, olur bir qızın cehizi. Bir maşınla gətirirsən, iki maşınla qaytarırsan.
Evə köçməzdən əvvəl anama dedim ki, mən bu otaqda bir gecə də yata bilmərəm. Otağın divarındakı divar kağızından iyrənirəm, gərək onu dəyişək. Belə də elədik, divar kağızını təzələdik, qapılara və “pəncərə”yə pərdə tutduq. Çarpayıları, stol-stulu gül kimi silib təmizlədik. Həəəə…yarımçıq otağı yığışdıranda yenə maraqla və zorla başımı hündür paltar şkafı ilə divarın arsaındakı boşluğa soxub şkafın arxasına baxmağa çalışdım. Şkafın arxasında üstünə nazik dəmir örtük çəkilmiş nəsə vardı. Ancaq nə olduğunu görmək mümkün deyildi. Dedim, gəlin, bu şkafı itələyək arxaya, otaq böyüsün. Anam dedi, ədəbsiz olma, ev yiyəsinə deyək, sonra.
Ev işlərini qurtarmaq üzrə idik. Ev yiyəsi aşağı düşdü, yəni mənim otağıma. Gəldi ki, görsün vəziyyət nə yerdədir. Əslən İran azərbaycanlısı olan bu yaşlı qadın ilk baxışdan mənə xoş təsir bağışladı. Görkəmcə kök, ağ buxaqlı, başına bağladığı balaca qara üçkünc yaylığın uclarını çənəsinin altında düyünləmiş, sifəti işıqlı  qadın bu mülkdə demək olar ki, tək yaşayırdı. Həyətdəki otaqlardan birini bacısı qızına vermişdi. Qız da əri və iki qızı ilə burada yaşayırdı.
Rəbiyyə xala (ev sahibəsinin adı idi) əlindəki əsanı bir küncə söykəyib stulu altına çəkdi. Deyəsən, aşağı düşüncə əməlli-başlı yorulmuşdu. Tövşüyə-tövşüyə stulda oturub ətrafa göz gəzdirdi.
-    Həəə…Bu başqa məsələ. İndi oldu qəşəng. Səndən əvvəl burada qalan qızlar çox pinti idilər. Otağı da yaman günə onlar qoymuşdular. Bax, qızım, sənə bəri başdan deyirəm. Mənim həyətimin öz qayda-qanunları var. Kim əməl edəcək, qalacaq, kim etməyəcək, xoş getdi. Biri var idi, bir-iki il bundan əvvəl. Bişim-bişim edib özünü gözə soxurdu, guya ki, ağıllı qızdır. Günlərin bir gün görürəm ki, aşağıdan nəsə pıçhapıç, hənirti gəlir. Düşdüm yavaşca aşağı. Nə görsəm yaxşıdır? Yanında oğlan. Mənim həyətimə, mənim evimə oğlan gətirib. Eh… Dəli olmadım?! Gecəynən çıxartdım mitillərini atdım çölə, uf da demədim. Dedim, get köpəyin qızı, sənə belə yaxşıdır. Həəəə…. incimə, qızım, mən bunu deməliyəm, borcumdur. Deməkdə məqsədim odur ki, sirkə nə qədər tünd olsa, öz qabını çatladar. Bir təmizliyi qoru, bir də adını. Elə  o da təmizlikdir də… –  bir az gözləri yol çəkdikdən sonra, – sən hansı çarpayıda yatacaqsan? – dedi.
-     Bunda, –  sağdakı çarpayını göstərdim.
-    Həə…Yaxşı eləyəcəksən. Bu çarpayıda yatan tələbələrin hamısı fərli olublar. Bir oğlan qalırdı burda, bu çarpayıda yatırdı, indi hansısa rayonda prokurordu, biri var idi, indi icra hakimidi. Bir qız da vardı, adlı-sanlı jurnalistdi indi, bəlkə də tanıyırsan . Sən də inşallah tanınmış adam olarsan.
Güldüm. Nə gözəl…Təki elə olsun.
Xalaya (həyətdə hamı ona belə müraciət edirdi) qulaq asa-asa işimizi bitirdik. Otağı gözaltı süzüb gülümsədi. Mən dilimi saxlamayıb:
-    Xala, bəlkə, bu şkafı çəkək arxaya, otaq bir az da böyüsün.
Arvadı elə bil ildırım vurdu. O, yerindən dik atıldı:
-    Yox, yox, yox… olmaz, olmaz! Ona əl vurmayın, necə var, elə də qalsın.
-    Axı görün nə boyda yer tutub…
-    Evin artıq zir-zibilini, lazım olmayan şeylərini ora yığmışam, üstünə də dəmir örtük çəkdirmişəm. Qoy durub orda, sizə mane olmaz.
Heç nə demədik. Ancaq bu zir-zibil məsələsi mənə nə isə heç inandırıcı gəlmədi.
O gecə elə yatdım ki, elə bil ömrümdə birinci dəfəydi ki, rahat yorğan-döşək görürdüm. Axı birinci kursda öz yorğan-döşəyimdə yatmırdım, qohum evində qalırdım. Elə həsəd aparırıdım rayonlardan gəlib şəhərdə kirayə qalan qızlara. Elə bil evcik-evcik oynayırdılar. Özləri bişirib, özləri yeyir, bir-birinə qonaq gedirdilər. Lap əslinə qalandasa, öz evlərindən dərsə gəlib-gedən tələblərə az qala paxıllığım tuturdu. Hər axşam  qaranlıq düşüb hər yerdən göz-göz işıqlar sayrışanda mən də ikinci mərtəbəyə –  eyvana çıxıb oradan şəhəri seyr edir, evimiz üçün  darıxırdım. O yerə qədər baxırdım ki, gözlərim dolurdu. Ancaq bu evdə qaldığım ilk gecə otaqda iki dənə çarpayı olmasına baxmayaraq, körpə uşaq kimi anamın qoynuna girib səhərə qədər şirin-şirini yatdım. Səhər də məni dərsə anam yola saldı. Dərsdə oturduğumu bilmədim. Elə ona qaldım ki, tez bitsin evə gəlim. Həm ev təzə olduğu üçün hələ maraqlı idi, həm də evdə məni anam gözləyirdi axı…
Bir neçə gündən sonra otaq yoldaşım da gəldi. Düzdür, əvvəl-əvvəl heç alışa bilmirdim bu qıza, amma sonra yavaş-yavaş uyuşdum. Bir də ki, çarəm nə idi?!
Aralıq otaqdakı həmin şkafın bir gözünə pal-paltarımızı asdıq, o biri rəfli gözünə də qab-qaşığımızı yığdıq. Yığdıq deyəndə ki, otaq yoldaşım əlini ağdan-qaraya vurmurdu. Yır-yığışa, səliqə-səhman işlərinə özüm baxırdım. Sözün düzü, heç istəmirdim də bu işlərə o qarışsın. Ürəyimə yatmırdı gördüyü iş. Həəə… Beləliklə, olduq bu evin kirayənişini.
Rəbiyyə xala çox səviyyəli qadın idi. Yaşlı olmasına baxmayaraq, bütün söz-sənət adamlarını, siyasətçiləri, deputatları, televiziya işçilərini – hamısını tanıyırdı. Çünki axşamacan bütün siyasi, intellektual, ədəbi  verilişləri izləyir, gündəlik qəzetləri aldırıb oxuyurdu. Tək yaşasa da, səliqə-səhmanına, yığın-dərininə söz ola bilməzdi. Evində hər şey öz yerində idi. Həmişə yaxşı maddi imkanı olduğunu  bilmək də çətin deyildi. Yeməyinə-içməyinə fikir verən, ağzının dadını bilən adam idi. Soyuducusundan biz də istifadə edirdik. Ona görə bilirəm ki, həmişə baldan istifadə edərdi. Əti-toyuğu da əksik olmazdı. Özü danışırdı ki, rəhmətlik ərim zavod direktoru olub, həmişə yağın-balın içində saxlayıb məni. Özü də çox mehriban adam idi rəhmətlik. Bir oğlumuz oldu, bir yaşına çatanda öldü. Ondan sonra daha övladımız olmadı. Ərim ağır xəstəliyə tutuldu. Necə lazımdır qulluğunda durdum. Bir kilo qızılım vardı. Bir gün hamısını gətirib tökdüm qabağına. Dedi ki, bu nədir? Dedim, sən olmayandan sonra bunlar mənim nəyimə lazımdır? Hamısını satıb sənə yedirəcəm, nə lazımdır edəcəm sənin üçün. Sən məni heç vaxt incitməmisən, nə istəmişəm onu etmisən, indi mənim növbəmdir. Elə də elədim, nişan üzüyümdən başqa, nə qızılım vardı, hamısını satdım. Müalicəsinə, bir də yaxşı yeyib-içməyinə verdim. Haqq-halal xoşu olsun.
Rəbiyyə xala bu söhbətləri elə maraqla, həvəslə edərdi ki, bir də xəbər tuturdum ki, neçə saatdır ki, oturmuşam onun yanında.
Bir gün öz balaca hücrəmdə oturub kurs işi yazırdım. Birdən guppultu eşitdim. Qələmi stolun üstünə qoyub dəhlizə çıxdım. Qulaq verdim, gördüm səs yuxarıdan gəlir. Dayanmadan döşəməni döyən ev sashibəsi həm də məni səsləyirdi. Birinci dəfə idi məni belə çağırırdı. Sonralar bildim ki, yerimək onun üçün çətin olduğundan (ayaqları ağrılı idi) aşağıdakı qızları əl ağacını döşəməyə döyməklə çağırır. Yüyürə-yüyürə yuxarı qalxdım. Pilləkənləri iki-iki çıxdım ki, görəsən, nə olub. Qapını açıb içəri girdim. Rəbiyyə xala həmişəki kimi, öz “taxtında” oturmuşdu. Evin, mətbəxin və otaqların qapısı geniş zala açılırdı.  Zalın bir başından da balaca otaq böldürüb tələbə qızlara vermişdi ki, aşağıdakılar hayına gəlincə yaxında kimsə, özü demişkən, qulaq yoldaşı olsun. Rəbiyyə xala həmişə oturduğu otağın qapısını açıq qoyduğundan zala daxil olan kimi, oturduğu kreslo görünürdü. Əsasını  yanına qoyub hündür arxalıqlı bu kresloda oturar, gələni-gedəni  görərdi. Hökm oxumağa hazırlaşan hakimə oxşayırdı.
Məni qapıda görən kimi çağırdı:
- Həəə, gəldin, gəl, gəl keç içəri.
Mən içəri keçib qapının astanasında dayandım:
-    Axşamınız xeyir.
-    Axşamın xeyir. Neynirdin?
-    Kurs işi yazırdım.
-    Gəl keç otur, gedib yazarsan.
Keçib divanda oturdum. Düşündüm ki, yəqin axşam-axşam darıxıb, ona görə çağırıb. Amma, deyəsən, sözlü adama oxşayırdı. Hal-əhval tutdusa da, hiss etdim ki, bunu söhbətə giriş üçün edir. Yavaş-yavaş mətləb üstünə gəlməyə başladı.
-    Həəə, qızım, artıq üç aydır ki, sən mənim evimdə qalırsan. Üç aydır ki, sənin  hərəkətlərinə, oturuşuna-duruşuna, özünü aparmağına –  hamısına göz qoyuram. Sınaq müddətin bitdi, bala, –  deyib güldü, – indi öz evin kimi rahat yaşaya bilərsən.
-    Mən onsuz da narahat deyildim, Rəbiyyə xala, əminəm ki, heç vaxt sizin üçün problem yaratmaram.
-    Sağ ol, qızım, Allah üzünü ağ eləsin. Sən mənim çox ürəyimə yatmısan, odur ki, bil, bu həyətdə heç kim sənin xətrinə dəyə bilməz.
-    Arxayın olun, inşallah belə şeylər olmaz,- deyib güldüm.
O gündən sonra, doğrudan da, hər addımda bu yaşlı-başlı, ağıllı qadından məhəbbət, xüsusi diqqət və hörmət görürdüm. Təbii ki, bu münasibətlər qarşılıqlı idi . Ürəyim sıxılanda, darıxanda çıxıb yanında saatlarla oturar, maraqlı söhbətlərinə qulaq asardım.
***
Artıq qış tətili idi. Dərslərimiz bitdi, tətilə çıxıb qaranquşlar kimi yuvalarımıza çəkildik. On günə qədər hər kəs öz evinə, əzizlərinin yanına getdi, o cümlədən mən də. Otaq yoldaşım, bir də ikinci mərtəbə qalan qızdan başqa. Onlar  texnikumda oxuduqları üçün, tətilə bizdən sonra çıxacaqdılar. İmtahanları hələ bitməmişdi. Mən onsuz da şəhərdən çox uzaqda yaşamadığıma görə, həftədə bir dəfə evimizə gedirdim.
Bir gün otaq yoldaşım zəng edib dedi ki, xala xəstədir. Vəziyyəti də yaxşı deyil. İkinci mətrəbədə qalan qızın otağını boşaltdırıb ora ərzaq yığdırıb. Öləcəyini bilir, ona görə özü öz yasına tədarük görür. Bu qadından bunu gözləmək olardı, axı o, ağıllı, uzaqgörən qadın idi. Dedim, mənim gəlməyimə ehtiyac varmı? Dedi ki, yox, səndən bircə onu istəyir ki, yerini ikinci mərtəbədəki qıza verəsən,  dərsə evinizdən gedib-gələsən.
-    Niyə?- təəccüblə soruşdum.
-    Çünki o qız bizim otağa – sənin yerinə yerləşib. Yəqin ki, müvəqqəti. Qız öz otağına yığışandan sonra sən yenə yerinə qayıdarsan.
-    Bu ola bilməz, axı qışdır, mən gedib-gələ bilmərəm.
-    Bu xalanın göstərişidir. Sənin nəyin var yığımışıq bir tərəfə. Qayıdanda yerbəyer edərsən.
-    Mənim heç nəyimi yerindən tərpətməyin, dərslər başlayan kimi qayıdacam, – deyib əsəbi halda dəstəyi asdım.
Bu söhbət əhvalımı tamam pozmuşdu. Axı niyə mənə qarşı belə hərəkət etsin ki? Düzdür, o qıza baxanda mənim dərsə öz evimizdən getməyim mümkün idi. O, rayonların birindən olduğuna görə bu, onun üçün çətin, hətta qeyri-mümkün idi. Ancaq bu hörmətsizlik niyə? Özü də məni daha çox yandıran qayğısına körpə uşaq kimi qaldığım otaq yoldaşım idi.
Tətili birtəhər başa vurdum. Dərslər başladı, deməyimə baxmayaraq, o evə qayıtmadım. Dərsə evimizdən getdim. Xala rəhmətə getdi. Bu xəbər məni çox sarsıtdı. Anamla qohum-əqrabasına başsağlığı verməyə getdik. Həyətə girəndə üstümə hüzn dolu  hava axdı. Həyət bomboş göründü gözümə. Qışın soyuğu da bir yandan. Yaxınları həyətdə qalan tələbələri yaxşı tanıdığı üçün bizi yaxşı qarşıladılar. Həyətdə yaşayan bacısı qızı:
-    Dərslər başlayıb, niyə qayıtmırsan? – deyə soruşdu.
-    Hara qayıdım, xala deməyib ki, gəlməsin? – dedim.
-     Yooox….Bunu sənə kim deyib? Xala dedi ki, müvəqqəti üçü bir otaqda qalsın, məclis bitəndən sonra yenə hər kəs öz yerinə keçər.
-    Bəs mənə dedilər ki….
-    Bu, yuxarıdakı qızın oyunudur. O qurub. Yanındakını da o başdan çıxarıb. Xalanın nə deiyini özüm eşitdim, söhbət mənim yanımda olub.
Mən indi bu həyətə qayıtmayacağıma, daha doğrusu, bunu istəmədiyimə əmin oldum. Anamın təkidinə baxmayaraq,  qaldığım otağa baş çəkmədən evimizə qayıtdım.
Tələbə yoldaşımla başqa bir ev kirələdik. Bir gün əşyalarımın dalınca gəlməli olduğumu bilirdim, ancaq yerimə köçən o qızla üzləşmək istəmirdim. Ancaq nə etməli…
Dərsdə olacağını bildiyim vaxt gəldik. Otaq yoldaşım otaqda təkcə oturub çay içirdi. Qapı aralı olsa da, döydüm. O, dönüb məni görən kimi yerindən dik atılıb boynuma sarıldı. Qucaqlayıb üzümdən öpdü. Əmin oldum ki, mənim qəlbim heç kəsdən yox, elə bu qızdan qırılıb.
Yavaş-yavaş kitab-dəftərimi yığışdırmağa başladım.
-    Çox vacib olan əşyalarımı aparacam, ağır olanları, yorğan-döşəyimi qardaşım gəlib aparar.
-    Getmə….
-    Niyə?
-    İstəyirəm qalasan, –  dodaqları əsdi.
-    İstəyirdinsə, niyə bir həftəyə yerimə kimisə qoydun?
-    Tək qalmamaq üçün…Darıxıram səndən ötrü. O, sənin kimi deyil.
Güldüm.
-    Əlbəttə… Axı bilirdin ki, qayıdacam, bilirdin ki, dərslər başlayan kimi gələcəm. Bir həftə dözə bilməzdin? Deməli, sənin üçün fərqi yoxdur, kim olur olsun, təki qonşu yataqdan nəfəs gəlsin, eləmi?
-    ……….
Ayaqdakı otağa keçdim, işığı yandırdım ki, şkafdan pal-paltarımı götürüm. Birdən… Aaaaa….necə olub ki, içəri girəndə bunu görməmişəm?! Otağın yarısını zəbt edən şkafı çəkib divara söykəmişdilər. Otaq əməlli-başlı böyümüşdü. Qıza sarı döndüm:
-    Bunu kim çəkdi?  Bəs arxasındakı zir-zibil?
-    Nə zir-zibil?
-    Axı xala mənə demişdi ki, bunun arxasında zir-zibil var, üstünü dəmirlə örtdürmüşəm.
-    Heç bilirsən onun arxasında nə var imiş?
-    Nəəə?
-    Xalanın başdaşı.
-    Nəəəəə? – təəccüblə, bir az da qorxu ilə soruşdum.
-    Həəə, xala ölməzdən əvvəl özü üçün başdaşı düzəltdirib bu şkafın arxasına qoyubmuş. Üstünü də dəmirlə örtdürüb ki, görünməsin, kirayənişinlər qorxmasın. Əməlli-başlı iri qara mərmər başdaşı, üstündə də şəkli. Deyib ki, oğul-uşağım yoxdu, mən öləndən sonra üstümə daş saldırmazlar. Ərinin yanında qəbir də qazdırıbmış özü üçün, çoxdan, içini torpaqlatdırıb saxlayıbmış.
Mən otağın tən ortasındaki stulun üstünə çokdüm. Hə, hə, oturdum yox, çokdüm. Deməli, mən, bu neçə vaxtı qara mərmər başdaşı ilə bir evdə, bir otaqda qalmışam. Çox vaxt otaq yoldaşım da yanımda olmayıb: bir başdaşı, bir də mən. İlahi! Nə yaxşı ki, bilməmişəm, yoxsa… Bilmirəm, yəqin ki, o şkafın arxasında nəyin olduğunu bilsəydim,  ən azından vahimələnərdim. Lap elə qorxardım…
***
Zalın qapısını açıb içəri girdim. Xala yenə öz taxtında oturmuşdu, əsası da yanında.
-  Gəl içəri.
Bir-iki addım atdım.
-    Dur, gəlmə. Sənin burda işin yoxdu, mənə baxma….
-    Sizdən incimişəm.
-    Bilirəm, ancaq söhbətin əslini bilsəydin…
-    Eşitdiyimə inandım.
-    Elə deyil, qızım, bilirsən ki, səni çox istəyirəm. Mən demədim sən çıxasan, dedim üçü bir yerdə qalsın, hələlik. Sonra yenə hərə öz otağına keçər.
-    Rəbiyyə xala, sizi görmədim son dəfə, vidalaşa bilmədim, icazə verin gəlim.
-    Yox! – qətiyyətlə dedi, –  gəlmə, sənin yerin bura deyil, tezdir, çox tezdir. Sənin görüləsi işlərin var. Axı sən sağdakı çarpayıda yatırdın…- gülümsədi, -  get işinlə məşğul.ol.
Birdən hər yer qaranlığa qərq oldu. Əynindəki zil qara paltar, başındakı qara üçkünc yaylıq zorla seçilirdi. Otaq bapbalaca dar bir qutuya döndü sanki.  Qaranlıqda üstünə yüyürdüm. Ağladı. Mən ona çathaçatda balaca otağın qapısını var gücü ilə çırpıb üzümə bağladı.

Комментариев нет:

Отправить комментарий