21.06.2011

Zamin Hacı Beynəlxalq mükafat aldı

Bu, o Zamin Hacıdır ki, nə Qızıl Qələm mükafatı alıb, nə Jurnalistlər Birliyinin üzvüdür, nə “Tərəqqi” medalı var, nə də Əməkdar jurnalist adı. Nə də bəziləri kimi yazı-pozusu olmasa da, gözə soxmaq üçün bu adları gah “alnına”, gah “kürəyinə” həkk edib, cızma-qaralarında adından da yuxarı yazmır.
Amma gec də olsa, ölkənin ən sevimli, ən yaxşı yazarlarından biri olan Zamin Hacı da layiqli dəyərini aldı.
Zamin Hacı iyun ayının 12-dən Norveçin paytaxtı Osloda “Söz azadlığı” Fondu ilə Almaniyanın Tsayt-Ştiftunq Fondu tərəfindən təsis ediləın mükafata və 10 min avroya sahib oldu.
İyunun 15-də, səhər saatlarında Norveç Nobel İnstitutunda təqdimetmə mərasimi olub. Fondun mükafatına MDB məkanından 4 jurnalist, bir qəzet və bir internet portalı layiq görülüb. Mükafata layiq görülən jurnalistlər Zamin Hacı (Azərbaycan), Natalya İvanişina (Rusiya), Marina Koktiç (Belarus) və Natalya Liqaçova (Ukrayna), qəzet “Çernovik” (Rusiya), portal isə www.a1plus.am-dır (Ermənistan).

Tədbiri giriş sözü ilə açan Tsayt-Ştiftunq Fondunun təmsilçisi Francis Sejerested artıq 12-ci dəfədir ki, bu mükafatın təqdim olunduğunu, bu günə qədər mükafat üçün 1 milyon 500 min avro sərf olunduğunu söylədi. ”Biz də dünyada söz azadlığı sahəsində problemin olmamasını və bu mükafata ehtiyac olmamasını arzulayardıq. Amma vəziyyət bunu tələb edir”.
Norveçin xarici işlər naziri Yonas Gahr Store də sözügedən mükafatı söz azadlığı sahəsindəki ən mötəbər mükafatlardan biri hesab etdiyini dedi. Onun sözlərinə görə, hələ də dünya üzrə jurnalistlər təqibdən qurtulmayıb.

Təqdimetmə mərasimindən sonra Norveçin bəzi KİV orqanlarının nümayəndələri əməkdaşımızdan və keçən ilki laureat Ş.Çobanoğludan müsahibə aldılar. Bizə açıqlamasında isə Zamin Hacı bildirdi ki, onunçün ən böyük mükafat oxucuların sevgisi və müsbət rəyidir. Müsahibimiz onu həm də oxucularına verilən mükafat hesab etdiyini dedi: ”Çünki bizim ölkədə mükafatlandırılan jurnalist olmaq üçün gərək hökumətin yanında olasan, hökuməti tərifləyəsən. Bu mükafat bizim oxucuları da ruhlandırır. Onlar da görürlər ki, hökumət azad jurnalistləri təzyiq altında saxlasa da, onların əməyi xaricdən belə olsa, qiymətləndirilir”.
Z.Hacı “istəməzdim ki, bu mükafatın qalibi olum”, dedi. Onun sözlərinə görə, eyni fikirləri fondun rəhbərlərindən biri də deyib: ” 2000-ci ildə qaliblər arasında Pribaltika respublikaları da vardı. Artıq onlar bu kateqoriyadan çıxıblar. Onlarda söz azadlığına təzyiq yoxdur, deyə belə bir dəstəyə də ehtiyac yoxdur”.
Xaricə səfər edən əksər jurnalistlərə verdiyimiz “orda qalmaq istəyərdinizmi” sualına Z.Hacı da gözlənilən “yox” cavabını verdi: ”Bura gözəldir, amma buranı biz qurmamışıq. Biz buranın qonaqlarıyıq. Çalışırıq ki, öz ölkəmizdə də belə sistem quraq. Bura bizim arzuladığımız ölkədir. Bizim ölkə, uşaqlarımız, dostlarımız, əzizlərimiz orda qalıb.”.
Z.Hacı mükafatın pul hissəsinin onunçün böyük əhəmiyyəti olmadığını vurğuladı: ”Onun mənimçün mənəvi dəyəri var. Əgər hökuməti tərifləyən jurnalist olsaydım, öz qələmimi satsaydım, bundan daha böyük pullar qazana bilərdim. Amma çirkli pulları istəməmişəm. Bu mənada böyük pula əhəmiyyət vermirəm. Amma bu mükafat Avropadan gəlir. Avropa mənimçün dəyərlər, insanlıq və azadlıq duyğularıdır”. 


Sevinc TELMANQIZI

Комментариев нет:

Отправить комментарий