21.06.2011

"Haradakı ölüm var, itirmək var, xəyanat var, uduzmaq var orada ədəbiyyat var"


AYB-nin Cənubi Azərbaycan Komissiyasının rəhbəri, şair Sayman Aruzla Cənubi Azərbaycan ədəbiyyatının vəziyyəti haqqında söhbət etdik. Həmsöhbətimiz güney və quzey ədəbiyyatının fərqli və oxşar cəhətlərini müqayisə etdi. Əvvəlcə İrandakı vəziyyəti - şah və inqilab dövrünün fərqli xüsusiyyətlərindən, həmçinin bizim üçün maraqlı olan bəzi faktlardan da danışdı.


- Sayman bəy, cənubi və şimali Azərbaycan ədəbiyyatının bu günü və yaxın keçmişini necə müqayisə edərdiniz?

- Fərqi çoxdur, səbəblər də var, siz burda 100 il əsarətdə olsanız da, haradasa siyasi baxımdan bir xəttin, bir quruluşun üzərindən keçmisiniz ki, o, da kommunizmdir. Yəni 100 il ərzində tam kommunizm olmasa da, bu quruluşu quran xalqın əsarətində olduğunuzdan bir quruluşundan keçmisiniz. Ancaq İranda elə deyil. İranda hakimiyyətin dəyişilməsi səbəb oldu ki, ümumiyyətlə hər şeyi ideoloji baxımından da dəyişdi. Güneydə bu 100 ildə bilirsiniz nə qədər hadisələr olub? Səttərxan, Xiyabani, Pişəvəri sonra İran inqilabı olub. O, İran inqilabın da mən islamı inqilab bilimirəm ki, bu da solçuların etdiyi inqilab idi. Sadəcə Xomeynini həmin dövrdə Qumdakı tələbələrinə, müşdəhetlərə məktub yazır ki, həmin məktub bizim internet (dayaq.org) saytında var. Deyir ki, mən sizə elan edirəm ki, indi ayağa qalxmasanız, heç vaxt hakimiyyət əlimizə çatmayacaq. Yazır ki, mən hiss edirəm, iş gəlib bu yerə çatıb ki, biz ortaya girməliyik. Yəni inqilaba bir il qalmışa qədər Xomeyni və ya islam inqilabı adında bir şey yox idi. Demokratiya uğrunda döyüş idi.

- Xomeyinini kim gətirib hakimiyyətə, o hansı siyasi qüvvələrin maraqlarına xidmət edirdi?

- Ən əsas rolu Sovet hökuməti oynadı və bir də Fransa. Düzdür bir çoxları almanların da burda xidmətlərindən danışırdı. Və Xomeyni ilə görüşən casusların 90 faizi almanlar idi... Bunlar da şərqi Almaniya xüsusi xidmət orqanlarına xidmət edirdi. Lakin şərqi Almaniya da o dövrdə Sovetlər birliyinin nəzarətində idi.
Amerikanın da inqilaba müəyyən təsirləri oldu... Səbəbi də budur ki, inqilabdan qabaq şah OPEK-in sədri idi. Və şah nefti öz istədiyi pula satdığını deyərək ucuz satmayacağını bildirir. ABŞ höküməti isə bundan narazı qalaraq şahın neftin qiymətinin qaldırmasına etiraz edir. Şah isə qiymətlərin qalxmasında israrlı olduğunu bəyan edir. İqtisadi və hərbi qüdrətinin artması İran şahının bunu deməyə imkan verirdi…
Söhbətimiz bir az uzandı, daha çox siyasi tərəfə yönəldi. Bu cür ictimasi-siyasi vəziyyətdə, rejimlərin dəyişməsində ədəbi mühit daha qaynar, daha fəal idi. Təsəvvür edin ordakı yazıçının beynindən nələr keçir. Ordakı yazıçı nə Ramiz Rövşən kimi tabutu bir hadisəyə çevirə bilərdi, nə də, lirik yaza bilərdi. Bizim yazıçıların sevgisində də siyasət var. Çay içməsində də siyasət var. Hər şeydə azadlıq, döyüşkənlik, inqilab, üsyan, mübarizə görürlər. Hər halda bunların arxasında güclü bir mütaliə də var. Mən sizi inandırım ki, bizim ordakı yazarlar burdakılardan çox kitab oxuyurlar. Mən bunu, buranı aşağılamaq üçün demirəm. Buranın olduqca güclü şairləri var. Ordan Şəhriyar, Bulud, ümumiyyətlə 10-a yaxın şair saya bilərəm ki, əsas adları qala bilər. Burda olduqca güclüdürlər. Burda nəsr, roman ordan çox güclüdür. Bunları danmıram. Mən baxış gücünü deyirəm, dünyaya baxış yönümündən baxıram. Orda çox fərqlidir. Daha üsyankar, daha fəlsəfi, yəni bizlərdə o ruh daha güclüdür. Xüsusən də bizim yazarlar hecada çox az yazırlar. Sərbəst yazırlar. Onun da səbəbi odur ki, İranda ədəbiyyata böyük önəm verirdilər ki, biz də bunun vasitəsi ilə dünya ədəbiyyatını oxuduq. Yəni belədir ki, hər imperiya yarananda öz ədəbiyyatını yaradır. Sovet imperiyası, Amerika Birləşmiş Ştatları öz ədəbiyyatların yaratdılar. Həmçinin öz filmlərin yaratdılar. Amerika döyüş filmlərinə baxanda orda əsgərin cibindən ABŞ bayrağı çıxır. Bu ideologiyadır. İranda da ədəbiyyata böyük önəm verdilər və sürətlə İran ədəbiyyatı dünya ədəbiyyatına inteqrasiya etdi. Dünyanın tanınmış şair və yazarları İrana gəlib. Onların əsərləri tərcümə edilib, yayılıb. Onları da biz oxumuşuq. Bir çox yazıçılar var ki, biz onları çoxdan oxumuşuq, ama onları burda indi oxuyurlar. Akademik dil baxımından quzeydən geri qalsaq da, mütaliə baxımından irəlidəyik.

- Bizdə sovet dövründə senzura olub və sovet idiologiyasına xidmət etməyən əsərlər qadağan olunurdu. Bunu da nəzərə almaq lazımdır. 

- Burda posmodernizmə canatma var, istək var. Amma alınmır. Bilinir ki, bu adam 3-4 kitab oxuyub uzağı, bir iki dənə də şair yanında oturub-durub. Bundan artıq görə bilmirsən. Çünki oxuyandan sonra sənin beynində davam etmir. İnsan “100 ilin tənhalığı”n oxuyandan sonra 1 ay onun içərisindən çıxa bilmir. Şeir də belədir. Nə yazırsansa yaz, iç mənalarla yaz sonunda sənin beynində nəsə hərəkətə gəlməlidir, səni düşündürməlidir. Mən demirəm şeir sənə tərbiyə verəcək, səni öyrədəcək... Mən ona qarşıyam. Şeir müəllim deyil ki, səni öyrədə. Məsələn, mən Kənan Hacının “Yağ kimi” romanın oxuyanda orda elə cümlələrə rast gəlmişəm ki, o şeirə çevrilir. Bu olmasaydı Kənan uğur qazana bilməzdi.

- Burda kimləri bəyənirsiniz, kimləri oxuyursunuz?

- Burda da var, burda güclü uşaqlar var. Mən Aqşinin şeirlərin bəyənirəm. Hamısını yox, müəyyən şeirləri var bəyənirəm. Salamı bəyənirəm, Günel Mövludun bəzi şeirlərin bəyənirəm. Nəsirdə bəyəndiklərim var. Kənan Hacının roman dilini bəyənirəm, Zümrüd Yağmuru bəyənirəm, Seymur Baycanı bəyənirəm. Seymurun “Quqark” romanı maraqlıdır, inkişaf var. O roman da insanı saxlaya bilir. Romanda elə yerlər var ki, qayıdıb yenidən oxuyursan.

- Biz bilirik ki, orda yazarlara qarşı təzyiqlər var. Bu baxımdan cənublu yazarların yaradıcılığı necə inkişaf edir? Və onların mübarizə ədəbiyyatı haqqında danışardınız.

- Vəziyyət çox gərgindir. Dostumuz Səid Muğanlını həbs ediblər. Bütün ədəbi dərgilər bağlanıb demək olar. Bilirsiniz Səidi niyə tutublar. O şeirlərinin birində dövlətə tənqidi yanaşmışdı. Məhz şair olduğuna, tənqidi şeir yazdığına görə həbs ediblər. Təbii ki, bu cür hadisələr yazıçıların yaradıcılığına mənfi təsir etmir. Yazıçı nə qədər bərkə-boşa düşsə, o qədər güclənir. 3-4 ay qabaq Eyvaz Tahanın da dərgisi bağlandı.
Bir şeyi deyim sizə, Nobel mükafatı son vaxtlar şərqə doğru gəlir. Yəni şərqdə yaradılıq güclənir, inkişaf edir. İraq, Livan, Əfqanıstan ədəbiyyatından tanışsınızmı? O yerdə ki müharibə var, ziddiyət var orda ədəbiyyat var, inkişaf var. Orda ki intihar var, ölüm var orda ədəbiyyat var. Məsələn, indi Kanadadakı hər şey yaxşıdır orda ədəbiyyatda nə yenilik ola bilər. Son dönəm də, xüsusən də Avropa ədəbiyyatında gündəlik yazmaq dəb olmuşdur. Yəni posmodernlik keçib gedib, onlar çoxdan keçib gediblər axı. Misal üçün, onlar gündəlik nə edirlər onu yazıb şeir kimi ortaya qoyublar. Siz Nəzar Qəbbaninin şeirlərin oxuyun. Əfqanıstan şairləri var. Mən dəhşətə gəlirəm onları oxuyanda. İraq şairləri gör nələr yazırlar. Haradakı ölüm var, itirmək var, xəyanət var, uduzmaq var, orada ədəbiyyat var. İndi güneydə də o cürdür və güney ədəbiyyatı inkişaf edir.

- Orda yazarların əsərlərinin tərcüməsi, yayılması, dünyaya çıxması necədir? 

- Mümkün deyil. Çap oluna bilmirlərsə, necə dünyaya çıxa bilər? Bilirsiniz mən onları burda çap edirəm. Bu günə qədər 12 kitab çap etmişəm. Və onların ki, burda kitabları çıxıb, o müəlliflər orda çap olunmayıb. Bir az böyük çıxmasın, mən onlara böyük dəstək oldum. Buna görə də onlarda böyük ümid yaranıb. Bilirsiniz mənə nə qədər kitab gəlib çap olunmaq üçün. Hətta belə qərara gəlmişik ki, quzeyi orda çap edək. Gənclər ki var orda çap etmək üçün orda yığıram. Əli Kərim orda çap olunmayıb. Onu çap etmək fikrimiz var. Fikrət Qocadan farscaya çevirmişəm. Və biz yazarları ayrı-ayrılıqda çap etməyi fikirləşirik. Orda dövlət icazə versə çap edəcəyik. İcazə olmayanda da icazəsiz çap edib, gizlin yayırıq.




http://www.sonxeber.az/index.php?action=static_detail&static_id=65023

Комментариев нет:

Отправить комментарий