21.06.2011

Şəhərdə

avatarSima Ənnağı


Hər gün eyni yolla gedirəm
Ürəyim bulanır artıq bu görüntüdən –
Boğazını yırtan avtobuslar
Bazardan qayıdan
Yorğun arvadlar -
Ürəkləri bahalıqdan gileylə dolu
Zənbilləri – ümidlə...

İliyinə qədər doğma olmasa da
Yad da olmayan şəhərimin
Dəyişmiş orqanizmini görmək
Nə qədər ağır...
Barlar restoranlar
Yeni evlər
Dükanlar
Neon alovu ilə gözə girərək
Bizik burda hökmdar deyir
Ac insanlar qarışqa kimi
Bu acıqlı neon görüntülərindən
Tələsik yan keçır

Sınıq xətli küçələr şəhərin içində
Mən də içimdəki sınıqlıqla
Sınıq küçələrdə...
Kim kimdən şikayətçi?
Mənmi özüm özümdən
Küçələrmi məndən...
Dikdabanlarımla vururam küçələrin düz ürəyinə...

Külək evlərin arasında əylənir
Darıxan uşaq kimi
Mən də veyillənirəm
Sərsəri aşıq kimi...

Ehh...
Bu şəhərdə könül açan bir ürək yox... 

Комментариев нет:

Отправить комментарий