24.06.2011

“Əmim qızı, bizə gəl!”


Kodları çözürük... 

Bir mahnıdakı çağırışların arxasında duran rəzil məqsəd

Bir mahnımız var – “Əmiqızı”. Ondan çoxdandır yazmaq istəyirdim, vaxt tapa bilmirdim. Əslində, tam ondan yox, Azərbaycanda qohum evliliklərindən yazmaq, bunun nə qədər rəzil bir şey olduğunu göstərmək idi niyyətim. Bariz nümunəsi kimi də bu mahnı gəlirdi ağlıma.

Biz marjinal toplumuq, bir az da başqa xalqları bəyənməmək xüsusiyyətimiz var. Amma elə nöqsanlarımız var ki, bunu başqa xalqlar ancaq romanlarda oxuyub, filmlərdə izləyə bilərlər. Bu mental toxunmazlıqların başında qohum evlilikləri gəlir. Ayıb və çox ayıb bir şeydir. Amma bu ayıb olmayanda qızını oğluna almayan qardaş bacısından, bacı qardaşından küsür, düşmən olur. Xalaqızı, dayıqızı, əmiqızı almaq bəzi regionlarımızda ənənə halını alıb, yəni utanmaq deyil, fəxr sayılır.

Bu barədə uzun yazmayacağam. Zatən yazsam, nə dəyişəcək ki?! Uşaq yaşından xalaqızına, dayıqızına bacı gözü ilə baxmayan adam yazıdan nə qanacaq ki?!

Keçək “Əmiqızı” mahnısına. Bu mahnı ona görə əhəmiyyətlidir ki, bütün mahiyyəti ortaya qoya bilir. Birinci bənddə əmisi qızına aşıq olduğunu bəlli etmək üçün zavallı aşiq məsələni quyudan başlayır, sərin su ilə davam edir və sonra qəfildən mövzunun ucunu qoyur:

Məhləmizdə bir quyu var, əmiqızı,
İçməyə sərin suyu var, əmiqızı,
İçmişəm hayil olmuşam, əmiqızı,
Mən sənə mail olmuşam, əmiqızı!

Daha sonra məsələni ciddiləşdirməkdə qəbahət görmür və davam edir:

Əmim qızı mənimsən,
Mən səni bəyənmişəm.
Sənsiz qərarım tutmaz,
Səbrimin qərarısan,
Səbrimin qərarısan...

Deyəsən, bu aşiq əmisi qızına elə göz salıb ki, yeməyi bəhanə edərək onu evlərinə dəvət edir, amma qırmızı geyinməsini də istəməklə, əsil məqsədini ortaya qoymuş olur. Hər halda, biz oxumağa davam edək...

Əmim qızı bizə gəl, qırmızı gey, təzə gəl,
Bir əlində şiş kabab, bir əlində məzə gəl.
El bilir, aləm bilir,
Ürək bilir, damar bilir, qan bilir.

Göründüyü kimi, yuxarıdakı bənd tamamlanmır, yarımçıq qalır. “Ürək bilir, damar bilir, qan bilir” deyən aşiq əmioğlu nəyə işarə vurduğunu açıqlamır və söhbəti tez gül-çiçəyə dəyişir.

Məhləmizdə gül açıbdı, əmiqızı,
Hər yana ətir saçıbdı, əmiqızı.
Ətirli gülləri üzərəm, əmiqızı,
Saçlarına mən hörərəm, əmiqızı.

Bu bənddə isə məsələ daha da dramatikləşir. Qıza üzük almaq istədiyini bildirən gənc bunun üçün “əmin oğlu” olaram deyir. Deyəsən, məsələ biz bildiyimizdən də faciəlidir – oralarda qıza üzük almaq üçün onun əmisi oğlu olmaq zərurəti var...

Əmin oğlu olaram,
Sənə üzük alaram,
Bu gün, sabah toy edib,
Mən də bir bəy olaram,
Mən də bir bəy olaram...

Yox, oğlandan fərqli olaraq qız ona meyil salmır. İmanımızı yandırmayaq, aşiqdən dinləyək:

Əmim qızı dinmirsən,
Nədən heç sevinmirsən?
Qaş-qabağın tökübsən,
Yoxsa məni sevmirsən?!
El bilir, aləm bilir,
Ürək bilir, damar bilir, qan bilir.

Elçilərin yan-yanadır, əmiqızı,
Bağrımın başı qanadı, əmiqızı.
Könül verdin sən yadamı, əmiqızı,
Məni saldın sən odamı, əmiqızı!

Aşağıdakı bənd isə son nöqtəni qoyur. “Sən ki məni sevmədin, Səni aldı yad oğlu” nə deməkdir? Guya yad almalı deyil, amma əlacsızlıqdan yada gedir...

Əmin oğlu yad oldu,
Mənə qalan dərd oldu,
Sən ki məni sevmədin,
Səni aldı yad oğlu.

Bu da son, həm mahnının, həm də güllə keçirməz mentalitetimizin sonu! Əmioğlu ağlayır, əminəm, siz gülürsünüz!

Boyunbağın qırıldı,
Bağlasın əmim oğlu.
Apardı yadlar səni,
Ağlasın əmin oğlu.
El bilir, aləm bilir,
Ürək bilir, damar bilir, qan bilir...

Sonda, mən axıra qədər “Ürək bilir, damar bilir, qan bilir” nə demək oldu anlamadım, bilən olsa, yazsın...

Vüqar QURDQANLI

Комментариев нет:

Отправить комментарий