İbrahim Quliyev
Yer üzündə
Çox Həsnələr, Abdullahlar gəldi-gedər,
Fironlar, böyük şahlar gəldi- gedər,
Bu krallar, padişahlar gəldi - gedər.
Yer üzündə
Tək ulu haqq yaşayacaq,
Köksü min yol şırımlanmış
ana torpaq yaşayacaq,
Şəhidlərin büküldüyü
Qızıl bayraq yaşayacaq,
Azadlığı öz qanıyla
Qazanan xalq yaşayacaq.
Misir xalqı,
Sən toplardan,
Mərmilərdən çəkinmədin.
Yumruqlarla silahlandın
Sən geriyə çəkilmədin.
O gün Təhrir meydanında
Tökülən qan səınin idi.
Bayraq altda can verərək
Ölən insan sənin idi.
Düz ölümün üzərinə gedən ümman sənin idi.
Ləyaqəti hər nemətdən,
Pay verilən mərhəmətdən
Üstün tutub kişi kimi
Ölən millət yaşayacaq.
Zülm önündə əyilməyən
Ulu niyyət yaşayacaq.
Misir xalqı,
Sən tarixi yazmamısan yaratmısan.
Məğrib yerdə sürünərkən
Sən ehramlar ucaltmısan.
Bu gün səndən söhbət açır
Minillik daş kitabələr.
İnsanlığı heyran qoyur
Mavzoleylər, sərdabələr.
Bir zamanlar Yunanıstan,
Roma sənə həsəd çəkdi.
İsgəndərin orduları sənin qumlu torpağında möcüzələr görəcəkdi.
Yadellilər zaman-zaman
Çöllərində lövbər saldı.
Elmi, sözü, fəlsəfəni Yunan, Roma səndən aldı.
Misir xalqı, Sən sınmadın, əzilmədin,
Sən düşmənə əyilmədin.
Sən döyüşdün sona kimi
Mübarizən uzun çəkdi.
Misir xalqı, inqilabın mübarəkdi.
... 18 gün tarix quran an kimidir.
Xalq qəzəbi zülm üyüdən
Qədim dəyirman kimidir.
Yer üzündə yoxa çıxır
Sınan millət, hüznlü xalq.
Ölüb gedir, köpək kimi "dözümlü xalq".
Dözə-dözə əmr eləmək qul xisləti.
Qul olmaqdır belə xalqın aqibəti.
Yalan şeydir ağaların, kralların mərhəməti
Millət gərək öz haqqını özü ala.
Millət gərək qurban verə, şəhid ola.
Belə millət insanlığa bir örnəkdir
Misir xalqı, inqilabın mübarəkdi.
Gecikmiş reportaj
Min doqquz yüz səksən birin yay səhəri
Qahirədə hərbi parad.
Qəbul edir Ənvər Sadat.
Keçib gedir tanklar, toplar,
Pulemyotlar, minamyotlar.
Yeni Misrin əsgərləri
Bəziləri İsraillə döyüşlərdən dönüb geri.
Tribunada Ənvər Sadat Mübarəklə yan-yanaşı.
Hüsnü onun sədaqətli silahdaşı.
O, düşünür Mübarəklə
Misri abad eləyəcək.
Ölkəsini rəzalətdən
Mütləq azad eləyəcək.
Fəqət bilmir Ənvər Sadat
Nə düşünür Hüsnü bu dəm.
Xəyalında nələr qurub,
Nələr keçir ürəyindən. ...
Bəs bu nədir?
Nə dəstədir?
Yük maşını bu sürətlə hardan gəlir, hara gedir?
Qəfil qopur toz-tozanaq.
Avtomatlar şaqqıldayır şaraq... şaraq...
Ənvər Sadat dəyir yerə...
Elə bil ki, qoca Misir hədəf olur güllələrə.
Həmin axşam qəzetlərin manşetindən qan tökülur.
"Ənvər Sadat Öldürülb" Qatil kimdir?
Biri deyir: bu qətldə İsrailin əli vardır...
Biri deyir: bolşeviklər günahkardı.
Biri deyir:
Amerika,
biri deyir: İngiltərə...
Güman gedir min bir yerə.
Mübarəksə o günlərdə hazırlaşır seçkilərə.
Tez-tələsik güllələnir islamçılar.
Sui-qəsdi hazırlayıb guya onlar.
Комментариев нет:
Отправить комментарий