01.06.2011

MİRZƏ SAKİTDƏN GÜNDƏMİ DƏYİŞƏCƏK AÇIQLAMALAR


           Mirzə Sakit: “Əli Kərimli, Qənimət Zahid kimilərin çoxunu mən örüşdə otarmışam” 

             “Azadlıq” qəzeti bu gün azadlıqdan, demokratiyadan çox uzaq düşüb”
-Çoxları gözləyirdi ki, Mirzə Sakit Almaniyadan vətənə dönən kimi yenə qələmə sarılacaq. Amma bu belə olmadı. Nə baş verdi?
- Almaniyadan mart ayının 11-də qayıtmalı idim, amma fevralın 28-də gəldim. 10 gün qabaq gəldim. Çox tələsirdim. Deyirdim, gedim yenə də mübarizənin önündə olum. Çoxdandır ürək dolusu yazdığım şeirlərimi gətirdim, dedim “Azadlıq” qəzetində şeirlərim çıxar, oxucularım da oxuyar. “Azadlıq” qəzetinin rəhbərliyi isə məni redaksiyaya yaxın buraxmadı. Mirzə Sakitin işlə təmin olunmasının qarşısına qara bir xətt çəkdi. Baxıb gördüm ki, Berlin divarlarını uçurdular, amma “Azadlıq”, AXCP rəhbərliyinin mənim qarşımda çəkdiyi səddi heç nəylə uçurtmaq mümkün deyil. Mənə qarşı bu adamların aqressiyasını, nifrətini anlamadım. Elə bil Qarabağı mən vermişəm düşmənə, elə bil müxalifətin uğur əldə etməməsinə səbəbkar mənəmmiş, elə bil mən gedib barlarda-restoranlarda kef çəkirəmmiş Xocalı faciəsi günü, elə bil qohumumun yeniyetmə qızıyla mən pozğunluq etmişəm. Anlamadım, nə etdiyimi başa düşmədim.
-İşdən çıxarılmanızın konkret səbəbini açıqlamadılar?
-Bu fikri bir-neçə dəfə təkrar etmişəm, yen də deyirəm. Mənimlə yanaşı   bir neçə siyasi dustağın azadlığa buraxılması üçün o zaman 50 nəfər ziyalı ölkə başçısı İlham Əliyevə müraciət edib. Mənim “Azadlıq” qəzetinə işə bərpa olunmağım üçün 100-dən çox insan AXCP-nin sədri Əli Kərimliyə və qəzetin baş redaktoru Qənimət Zahidə müraciət etdi.
Lakin bu müraciətləri Əli Kərimli də Qənimət Zahiddə qulaqardına vurdular. Deməli, özünü Azərbaycan müxalifətinin lideri adlandıran bu adamların daim pislədikləri, beynəlxalq təşkilatlar qarşısında biabır etməyə çalışdıqları iqtidardan heç bir fərqləri yoxdur. Bir fərqi var ki, bunlar hələ iqtidarda deyil, gör indi bunlar iqtidarda olsaydılar nə yol tutardılar.
-Sizin “Azadlıq” qəzetindən uzaqlaşdırılmanız çox müəmmalı oldu. Axı vaxtilə, Mirzə Sakit bu qəzetin ən sevimli işçilərindən idi. İstər, AXCP, istərsə də “Azadlıq” qəzetinin rəhbərliyi hətta siz həbs olunanda beynəlxaql təşkilatlar qarşısında sizin azad olunmanız və söz azadlığınızın, insan haqlarnızın müdafiəsi ilə məşğul idi, etiraz səslərini  dünyaya çatdırırdılar.
-Bilirsiz, mən bu nəticəyə gəldim ki, AXCP və “Azadlıq” qəzetinin rəhbərliyinə konkret “Mirzə Sakiti işə götürməyin” tapşırığı verilib. Məni yandıran odur ki, bu adamlar bizi “Azadlıq!”, “Demokratiya!” şüarı altında əslində oyuncaq kimi oynadıb, özlərinə və ailələrinə kapital yığmaqla məşğul olublar. Deməli, bizi adıçəkilən hər iki rəhbərlik bizi kimilərinsə barmağı və cib dolusu pulu ilə istədiyi mahnıya oynadır. Xarici qrumlardan qrant almaq, guya demokratiya, söz azadlığı uğurunda mübarziə aparan partiya və qəzet imicini qazanmaqdan ötürü başıma bu oyunları açırlar. Əgər bu belədirsə, o zaman mənim və mənim kimilərin mübarizəsinin nə mənası var? Səbəblərdən biri də qəzetin keçmiş direktoru Azər Əhmədovun mənə qarşı olan qondarma ittihamları idi. Bu ittihamların heç birini mən yaxına buraxmırdım. Çünki hamısı absurd və yalançı ittihamlar idi. İndi anlayıram ki, sadəcə AXCP və “Azadlıq” qəzetinin rəhbərliyi mənim qəzetdən uzaqlaşdırılmağımla bağlı boyunlarına öhdəçilik götürüblər. Səbəb də budur ki, Mirzə Sakitin düz yol tutması, bunların çaldığına oynamaması, bu adamların qazancına xələl gətirir. Bir dəfə qəzetin baş redaktorunun müavini Sücəddin Şərifov üzümə dedi ki, hələlik sən yazma, hadisələr qızışandan sonra səni verərik qabağa. Necə ki, iqtidar Hafiz Hacıyevi, Əhəd Abıyevi qabağa veriridilər, bunlar da istəyir məndən Hafiz Hacıyev düzəltsinlər. Sücəddinə dedim ki, ayıb olsun sənə, dediyin sözlərə görə. Deməli kimlərəsə lazım olanda məni işlətmək istəyirmişlər. Allaha şükür, mən işlədilən adam deyiləm. Yadımdadır, məhkəmə də hakimə demişdim ki: Sifarişlə hökm oxuyan hakimi, üç il qabaq otarmışam örüşdə. Əli Kərimli, Qənimət Zahid kimilərin çoxunu mən örüşdə otarmışam. 
-Mirzə Sakit iqtidara qarşı ən aqressiv yazan şairlərdən idi. Əgər müxalifət iqtidara qarşı mübarizə aparırsa, o zaman Mirzə Sakit söz sahibi kimi çox güclüdür. Bəziləri hətta sizə zəmanəmizin Mirzə Ələkbər Sabiri deyirdi.
-Bayaq dediyim kimi bunlara nə lazımdır, özləri yaxşı bilir. Bu gün Azərbaycan cəmiyyəti Azərbaycan müxalifətini, daha doğrusu, özünü müxalifət kimi qələmə verən belələrini yaxşı tanıyır. Ona görə mitinqlərdə əhali dayanıb kənardan bunları seyr edir, yaxınlaşmır. Elə bil şouya baxırlar. Artıq Azərbaycanda müxalifət liderlərinə inam qalmayıb. İnam olsaydı, mitinqlərdə özünü göstərərdi. 17 ildə Azərbaycan müxalifəti bütün taktikalardan, bütün mübarizə üsullarından istifadə etməliydi. Çox təəssüf ki, bunu etmədi. Elə bil ki, bu müxalifət liderləri səhnəyə buraxıldılar. Səhnədə işıqlar söndürüldü. Səhnənin qaranlığında bilmədik bu müxalifət liderləri nəylə məşğul oldular. Əslində Azərbaycan müxalifəti yalandan mübarizə imitasiyası yaradır. Bu isə mübarizə deyil, şoudur. Mən özümü sırf iqtidarı tənqid edən yazar saymıram. Mən harda haqsızlıq varsa onu tənqid edirəm. Mən həmişə belə olmuşam və belə də olacam.
-AXCP-dən istefa verdiyini eşitdim…
-Hə, artıq bir həftədir, Xalq Cəbhəsi partiyasından istefa vermişəm. İstefadan öncə bir-neçə adama zəng elədim telefonu götürmədilər. Çünki onlara sərf etmirdi mənimlə danışmaq. İstefadan on gün qabaq partiya sədri Əli Kərimli ilə telefonda sərt danışdıq. O, da adəti üzrə ətrafındakı pərəstişkarlarına göstəriş verib ki, Mirzə Sakitlə bütün əlaqələri kəsin, o, məni tənqid edir.
-Amma dəfələrlə partiya rəhbərliyi iddia edib ki, “Azadlıq” qəzetinə müdaxilə edə bilmir. Çünki bu qəzet müstəqildir.
-“Azadlıq” qəzetinin bütün nöqtə-vergülünün arxas ından Əli Kərimli boylanır. Əli Kərimli istəsəydi məni qəzetdən heç kim çıxarmazdı. Ən azından Əli Kərimlidə millətinə, insanlığa qarşı bir damcı sevgi olsaydı, o, 5 uşaq atası Mirzə Sakitin işsiz qalmasına razı olmazdı. Bu gün həyat yoldaşımla beş uşağım çörəksiz qalıb. Deyirlər Şərq şairi dilənçi olmalıdır. Görünür, Əli Kərimli ilə Qənimət Zahid məni Şəqr şairi kimi görmək istəyirlər.
-Axı müxalifət liderləri ölkəmizdəki işsizlik problemini aradan qaldırmağa çalışdıqlarını deyirlər. Yəqin Mirzə Sakitin də işsizliyinə son qoyarlar.
-Yox, mənim işsizliyim aradan qalxan işsizlikdən deyil. Zaman-zaman mən müxalifət liderlərini yeri gələndə tənqid eləmişəm. Bu da görünür, onların qəlbində özünə yer edibmiş. Guya bunlar söz, insan azadlığı uğurunda mübarizə aparırlar. Amma indiyə qədər “Azadlıq” qəzetində partiya funksionerlərindən heç biri haqqında tənqidi yazıya rast gəlməmişəm. Əgər bu qəzet gerçəkdən demokratiya prinsiplərinə söykənibsə, niyə biz bir dəfə də olsun Xalq Cəbhəsi Partiyasının rəhbərliyi haqqında bir tənqidi cümləni oxumuruq “Azadlıq”da? Məgər bu AXCP rəhbərliyi peyğəmbərdir? Partiya sədrinə görə mübarizə aparanlar doğrudan yanlış yoldadırlar. Hər kəs vətəni, öz amalı uğurunda mübarizə aparmalıdır. Mən heç kimə görə vuruşmuram. Mən insanlıq, azadlıq, haqq uğurunda döyüşürəm. Biz demokratik prinsiplərin həyata keçməsi uğurunda döyüşməliyik. Amma inandırım sizi ki, bu gün o dediyimiz demokratiya müxalifətin içində də yoxdur. “Azadlıq!”, “İstefa!” qızşqırmaq hələ demokratiyadan xəbər vermir.
-Siz deyirsiz ki, bir həftədir istefa vermisiniz. Amma AXCP sədrinin müavini Fuad Qəhrəmanlı sizin partiya sıralarını çoxdan tərk etdiyinizi deyir.
-Fuad Qəhrəmanlı deyib ki, zatən, Mirzə Sakit çoxdandır, Xalq Cəbhəsinin üzvü deyil. Mən başa düşmədim, Fuad bu sözü hardan götürüb. Xalq Cəbhəsinin minlərlə üzvü var. Onda bu partiyanın üzvləri hər gün gəlib Fuad Qəhrəmanlıya raport verməlidir ki, biz hələ partiyadayıq. Bu absurd bir fikirdir. Məndə olan məlumata görə, Xalq Cəbhəsinin Mozambik üzrə nümayəndəsi olan Fuad Qəhrəmanlı mən istefa verdiyim zaman ölkədə olmayıb, elə Mozambikdə olub. Gələndə də özünə 49 min manatlıq təzə maşın alıb gətirib.
Xalq Cəbhəsinin digər bir funksioneri də Molla Nurəddindir (professor Nurəddin Məmmədlini nəzərdə tutur-red). Bir dəfə bu molla Nurəddin mənə acıqlandı ki sən özünü xalqın xilaskarı, lideri kimi aparırsan. Dovşan yemi üzrə professorluq dərəcəsi alan, indiyə qədər üç partiya dəyişən Nurəddini yaxşı tanıtdırmaq üçün onun haqqında bir faktı danışmaq istəyirəm. Deməli, Nurəddin Məmmədli ömüründə bir dəfə Amerikada olub, amma söz düşəndə deyir ki, “Mən sonuncu dəfə Amerikada olanda…”. Əslində bu gecəqondu quşu kimi gündə bir partiyanın qapısına qonan Nurəddin Məmmədli sevinməlidir ki, mən özümü xilaskar kimi aparıram.
Fuad Qəhrəmanlı 49 min manatlıq maşını hansı pullarla alması qaranlıq məqamlardan xəbər verir. Hətta bu maşını kreditlə götürsə belə, bunun aylığı filan qədər edir. Heç bir yerdə işləməyən Fuad Qəhrəmanlı bu maşının pulunu hansı yollarla qazanması da müəmmalıdır. Deyir guya qohumları alıb. Mitinqlərdə Fuad deyirdi ki, mitinqlərə gəlmək istəyənlər var, amma yol pulları yoxdur, gələ bilmirlər. Ən azından Fuadın belə pullu qohumları var idisə, niyə o, mitinqə gəlmək istəyənlərə yolpulu vermirdi? Axı söhbət azadlıq mücadiləsindən gedir. Axı Fuad adi cəbhəçi deyil, partiya funksioneridir.
Xalq Cəbhəsi Partiyası sədrinin digər bir müavini Razi Nurullayevin qəfil bu posta seçilməsi də müəmmalıdır. Razi parlament seçkilərində namizədliyini vermişdi. Razinin seçki kompaniyasında çalışmaqdan, ora-bura qaçmaqdan dabanı partlayan gənc fəal Dəyanət Babayev bu yaxınlarda mitinqdə tutulub 50 manat cərimə olundu. QHT-si olan Razi Nurullayevdən bu, cibində bir qəpik pulu olmayan gəncin 50 manat cərimə pulunu verilməsini xahiş etdim. Razi dedi ki, mənim pulum yoxdur. Dəyanətin atası da cəbhə fəallarından olduğuna görə, ilyarım həbsxanada yatıb və hazırda ağır xəstədir. Deməli, Dəyanət və dəyanət kimi gənclər AXCP rəhbərliyinə ancaq seçki zamanı qabağa vermək, işini gördürmək üçün lazım olur.
Partiya lideri ki, mititinqdə qabağa keçməkdən qorxdu, ondan heç vaxt lider olmaz. Sərkərdə ordunun qabağında getməlidir, arxasında yox. Yoxsa, xarici təşkilatların nümayəndəsini qəbul edib, evdə oturub, xalqı küçəyə tökmək liderlik deyil. Belə lider olmaz. Lider zəhmət çəkib öndə getsə xalq da onun ardıca düşməlidir. Lider meydanda yetişir, evdə kondisionerin altında lider olmur. Adamları zala yığıb, özünə əl çaldırmaqla xalqın sevgisini qazan bilməzsən.
-Çox liderlikdən danışdın. Olmaya, ürəyindən liderlik keçir?
-Mən bu millətin uğurunda ölməyə hazıram. Bütün ədalətsiz rejimlərə qarşı vuruşacam. Mən heç bir hakmiyyətin Zəlimxan Yaqubu olmayacam.
-Dəqiq bilirəm ki, bu müsahibə çıxandan sonra sənə də “satıldı” damğası vurulacaq.
-Mirzə Sakitə “satqın” deyən nə müsəlman ola bilər, nə xristian, nə də buddist ola bilər. Ancaq kafir olar bu sözü deyən.
-Hüquqlarınızı müdafiə etmək fikiriniz varmı?
-Günahsız yerə, heç bir səbəb göstərilmədən işdən çıxarılmışam. Azərbaycandakı hüquq müdafiəçiləri və insan haqlarıyla məşğul olan bütün qurumlar qarşısında bu məsələni qaldıracam. Üstəlik, beynəlxalq müstəvidə hüquqlarımın bərpasına çalışacam. Artıq bu yöndə fəaliyyətə başlamışam.
-Deyir əsl dost dar gündə sınanar. Gerçəkdən böyük bir külfətin sahibi üçün işsizlik ağır sınaqdır. Bu çətin gününüzdə dostlarınızdan sizə mənəvi dəstək oldumu?
-“Azadlıq” qəzetindən Rövşən Hacıbəyli və Xaliq Bahadır istisna olmaqla digərləri məni görəndə özünü görməməzliyə vurur ki, birdən mənlə birlikdə görərlər, gedib rəhbərliyin qulağına çatar və işdən çıxarılar. Məni görəndə salam verməyə qorxanlara demək istəyirəm ki, drijor çubuğu ilə işləməyin, ayıbdır. Müstəqil olun, özünüz olun və özünüzə hörmət qoyun.
Sonda demək istəyirəm ki, “Azadlıq” qəzeti bu gün azadlıqdan, demokratiyadan çox uzaq düşüb. “Azadlıq” qəzetinə azad olmağı arzulayıram.

Arzu Abdulla

Комментариев нет:

Отправить комментарий