18.06.2011

Mişel Uelbekin köstəbəkləri


VƏ YAXUD DAZ, DAYAZ, DADSIZ DÜNYA
Aydın Talıbzadə
Uyqarlıq (sivilizasiya) mədəniyyət içindən yavaş-yavaş közərir, öz-özünə işıqlanır, yanır! Ya da yandırılır! Kim ki ideya daşıyıcısı olursa, bax, onlar tərəfindən yandırılır, İliç lampaları kimi yandırılır. Burada “yanmaq” pozitivi eyhamlaşdırır. Amma gün gəlir ki, uyqarlığı yanğın atəşi bürüyür; Herostrata bənzər birisi öz xəbisliyini, dəliliyini, etirazını və bütün neqativlərini gerçəkləşdirib sivilizasiyanın bünövrəsinə od vurur. Əslində, Herostrat kimilər uyqarlığın obrazlaşmış neqativlərindən başqa bir şey deyillər. Çünki sivilizasiyanın yanması, çökməsi labüd bir şeydir, Herostrat isə bəhanədir, alovu nöyüt çənlərinə tullamış cani qismindədir. Beləliklə, uyqarlıq iki dəfə yandırılır: başlanğıcda işıq kimi, axırda – zibil kimi. İdeya qurtaranda uyqarlıq da qurtarır. Hərçənd uyqarlıq ölü ideyadan sonra yüz illərcə də yaşamaq şansına malikdir, əlbəttə ki, ətalət qanununun əbədi aktuallığına bir eyham kimi.  
        
Onlar (Uelbek personajları) modern Avropada qaranlıq lağımlarda yaşayan köstəbəklər qədərincə yaşayırlar: mənəviyyat pəncərələrini qapadıblar; ehtirasları-filanları yoxdur: qoxu ilə dişiləri tapıb ehtiyaclarını ödəyirlər və anındaca quyruqlarını qısıb qaçırlar.
Qloballaşma – super uyqarlıqdır, sönmüş uyqarlıqlardan qalma mədəniyyətləri yeni nisbətdə, yeni kontekstdə reanimasiya etmək, paylaşdırmaq, yeni kompozisiyalarda yığmaq, düzmək cəhdidir. Bu reanimasiya nəticəsində mədəniyyət “simasızlaşır”, kastrasiya prosesini keçir və bir qazanda bişib, əriyib amorf dünya mədəniyyətinin bir hissəsinə çevrilir. Bu hissədən hamı yararlana bilər və eyni zamanda o, heç kimindir.
Kürəsəlləşmə birdəfəlik istifadə uyqarlığıdır.
Birdəfəlik dəsmallar…
Birdəfəlik istəkanlar… birdəfəlik qablar…
Birdəfəlik yataqlar…
Birdəfəlik qadınlar…. birdəfəlik kişilər…. birdəfəlik…
Ritualları yığışdırdıq, adətləri boğduq, qadağaları götürdük, tanrıları qovduq. İndi hamı tanrıdır və hər şey mümkündür, icazəlidir. Təbii ki, qanun çərçivəsindən çıxmamaq şərti ilə, demokratiya qaydalarını pozmamaq şərtilə, cinayət məcəlləsinin bəndlərinə göz yummamaq şərtilə. Allah isə, ilk növbədə, mənəviyyat üçündür. Hamı Avropa təmirindən çıxmış qloballaşma tövləsinə! Tövlədə tanrıya yer çatmır.
İnstinktləri bayraq eləyəndə kişilər pişiklərə dönür.
Tanrını öldürəndə əxlaqı öldürürsən. Əxlaqı öldürəndə insanı öldürürsən. İnsan həmişə tanrı ilə birgə ölür. Tanrı öldümü, insan həşəratdır.
Mişel Uelbek adlı fransız yazarının “Elementar hissəciklər” romanı birdəfəlik oxu üçün romandır. Oxu və tulla: elə tulla ki, bir də gözünə dəyməsin. İndi nəsr yazılmır: yazılansa ədəbiyyat deyil: kim nə yazırsa, öz əsrinin gündəliyini yazır, özünün gündəliyini yazır. Yazır ki, gündə neçə dəfə bayıra çıxıb, gündə neçə dəfə kofe içib və ya pivələyib, gündə neçə dəfə qadın arzulayıb, gündə neçə dəfə əllərini sabunlayıb, gündə neçə dəfə… Və soruşmur ki, mən maraqlıyam Sizə ya yox? Yazır və çap elətdirir… həşəratlar üçün… Çünki özü həşərat kimi yaşayır. Mən Mişel Uelbekin qəhrəmanlarını beləcə həşərat… və ya həşəratlarla qidalanan köstəbəklər bildim.
Birdəfəlik kağızlar…
Birdəfəlik geyimlər… birdəfəlik…
Mişel Uelbekin birdəfəlik romanından bütün Avropa görünür, Avropanın tarixi, Avropa ədəbiyyatının tarixi, təfəkkürdə Avropa sindromunun tarixi görünür. Toplum əsrlər boyunca daranıb, demokratiya ilə daranıb, qanunlarla daranıb və o qədər daranıb ki, axırda daz qalıb. İnsanlar arasındakı ünsiyyət bağları qırılıb. Ana uşaqdan imtina edir, uşaq da – anasından: hər ikisi cəmiyyətin alicənablığına arxayındır. Kürəsəlləşmə ailəni və mədəniyyətləri “yeyir”. Hamı Avropa təmirindən çıxmış qloballaşma tövləsinə! Qayğı və cavabdehlik əziyyətindən qaça-qaça insan insanlıqdan çıxır. Mersonu xatırlayın.
Şəcərə aydındır, varislik bəllidir.  Uyqarlığın sonu. Şpenqlerlə salamlaş; Tomas Mannı oxu, Ceyms Coysu tanı, Kafkaya yaxın düşmə, German Hesse ilə əl verib görüş, Selincerdən uzaqlaş, Kamyunu isə heç vaxt çıxdaş eləmə…
Başları zibil yeşiklərindən görünən personajların dialoqu…
Vətəndaş Keyn…
Bekketin katastrofikləri… Tomas Mann “Qodo intizarında” pyesini oxuyarkən yuxulamışdı və kitab əlindən düşmüşdü. “X” nəsli….
Mən qəhrəmanam. Əsl qəhrəmanı isə mənim ekzistensiyam öldürdü.
Qəribədir, qəhrəmanlar da tanrılarla birgə ölür.
Yaşamağın dadı qalmayıb Mişel Uelbekin romanında. Heç oxumağın da dadı yoxdur. Avropa qürubunun adamlarımı bunlar?! Cında mənəviyyat?! İnsana xas heç nə?! Yalnız mən, mənim rahatlığım və mənim kefim? Mən tanımıramsa və məni tanımırlarsa, instinktlərə nəzarət çətinləşir. Parisdə hamı aşkardadır və hamı aşkarlıqda gizlənir: çünki praktiki şəkildə tanınmaq şansı sıfırdır. Qloballaşma tövləsində kiminsə kimisə tanımağa həvəsi və hövsələsi qalmayıb. İntim duyğular və seksual basqılar içində Uelbek personajları birhüceyrəli infuzoriya olublar. Onlar infuzoriya kimi də bir yerə kutlaşıb yaşamaq istəyirlər, kollektiv bilincsizliyə qayıtmaq, kollektiv bilincsizliyə atılmaq istəyirlər. Tövlə onlar üçün ən optimal yerdir. Seks varsa, onlar da var; yox, əgər yoxdursa, onlar da yoxdur. Sual olunur: adammı onlar yahu? Mişel Uelbekin Avropası: buyurun, tanış olun. Bizim tanımadığımız Avropa. Giriş pulsuzdur, amma ora hamını buraxmırlar. Və hələ məlum deyil ki, sən orada yaşaya biləcəksənmi? İdeal idiotxana?! Hamı yaxşıdır, hamıya yaxşıdır, ona görə ki, hamı infuzoriyadır.
Mişel Uelbekin personajlarından birini uşaqlıqda soyundurub (öz həmyaşıdları) üz-gözünü murdar eləyiblər və sonra mütəmadi olaraq onu alçaldıblar. Güc səni alçalda bilər, təhqir eləyə bilər. Ancaq bu, o demək deyil ki, sən alçaqsan. Əgər sən gücdən qorxursansa, qorxub yumağa dönürsənsə, bax, o zaman alçaq olursan. Osa böyüyüb psixoloqa gedir. Sən əgər psixoloqa gedirsənsə, deməli, yumşalmısan və barışmısan. Sən əgər psixoloqa gedib hələ üstəlik bir nağıl da uydurursansa, deməli, sən keçmişinlə oynayırsan və onun qorxusundan qurtulmusan. Onda bəs niyə bu cür özgəsisən və bu cür biganəsən?
Mişel Uelbekin kişi personajları köstəbəkləri xatırladır: işığı qoyub emosiyaların qaranlığında yaşayırlar. Burada günahkar kimdir? Toplum? Yox. Demokratiya? Yox. Qəddar yeniyetmələr?  Yenə yox. Bəlkə ailəsizlik? Ola bilir. Hər bir tanrı ailədə doğulur. Ailə olmayanda mənəvinin qadağaları amorflaşır və gücünü itirir. Ailə yoxdursa, hər şey mümkündür. Mişel Uelbekin personajları ailəsiz katastrofiklərdir, baxmayaraq ki, sosial pilləkəndə onlar  özlərinə yer bulublar, müəyyən funksiyalar icra edirlər və pul qazanırlar. Ancaq onlar üçün bütün müqəddəsliklər tükənib. Seks isə baş qatmaq və özünü öz gözündə kişi (ya da fərd) kimi təsdiqləmək amacıdır. Qalan nə varsa, boş şeydir, boşluqdur, mədəniyyətin yaratdığı xarabalıqlardır. Ailəsizlik mənəviyyat borclarından azad olmaq deməkdir. Ailədən qaçanda insan mənəvi tabulardan qaçır, tanrıdan qaçır. Ailə əvəzinə Avropa təmirindən çıxmış qloballaşma tövləsi! Anonim tövlə!
“Elementar hissəciklər” heç kimlər haqqında romandır, Avropa boşluğu haqqında romandır, və bu boşluqda Uelbekin qəhrəmanlarından biri Mişel Cerjinski, az qala Nobel mükafatı alacaq bir alim, itir, qeyb olur, yoxa çıxır, digəri isə yalnız idiotlar arasında  nisbi sakitlik tapa bilir. “Elementar hissəciklər” romanı bütün Avropaya bəyan eləyir ki, tanrıdan sonra QƏHRƏMAN da öldü, İNSAN da öldü… və ya hər ikisi çoxdan, lap çoxdan ölüb… Lağımlarda (R.A.Uilsona görə isə psixi qavrayışın açdığı tunellərdə) yaşayanlar isə köstəbəklərdir.
Mişel Uelbeki unudun! O, Avropanı “yandırdı”!
Şiva dünyanı yandırır ki, yenisini yaratsın! Amma bu həna heç də o hənadan deyil.
ANN.Az

Комментариев нет:

Отправить комментарий