18.06.2011

“Üzümü əyalət yazarlarına novruzəli təfəkkürü ilə yanaşanlara tuturam…”


Yazıçı Alik Nağıoğlunun Zahir Əzəmətə məktubu
Hörmətli, Zahir bəy!   
Sənə pislik edən insanı, yaxud əməli unutdurmaq istəyəndə babam həmişə deyərdi: qurban olum o günə ki üstündən üç gün keçə…
Müsabiqə söhbətinə bir daha qayıtmayacaqdım. “Ədəbi azadlıq – 2011” -ə də hekayə göndərmək fikrim yox idi; keçən ilkinə göndərdiyim “ Günah” “üzüqara” çıxmışdı. Bu il yeni  müsabiqə elanından sonra, nədənsə Rafiq Tağının o vaxtı isti- isti “ …məndən ötrü hər hansı müsabiqədə münsif söhbəti bitdi” müsahibəsi yadıma düşdü, düzü ümidləndim və “Rəngli noğullar”, yaxud “ Milyonlar sənlik deyil” hekayəmlə qatılmağa qərar verdim. Sadəlövhcəsinə inanırdım ki, bu dəfə zati- aliləri mütləq yenilənəcək. Amma dünən münsiflərin adı açıqlananda, ilk anda onlardan ən yaşlısını xatırlayıb təəccüb etdim: əcəba, adam, böyük yazıçı olanda nə olar, bir il əvvəl verdiyi sözə nə tez xilaf çıxdı?! 
Keçən il onluğa düşən hekayələrdə bütün parametrlər üzrə zəif yazılar 50%- dən çox idi. Sonralar onluğa düşən yeni adlardan ədəbi meydanda bu əzablı yolun davamını gətirənlər də mənim bildiyim qədər olmadı. Bu il də özümə əziyyət verib, 13- yə düşən əsərləri oxudum, bəyəndiyim yazılar oldu, ancaq dostyana deyim ki, diksindirmək yox, heç tərpətmək səviyyəsində olanları belə olmadı. Mən də özümə görə babat oxucuyam, şəxsi rəyimi bildirməyə haqqım var.
Münsif deyilən Allah bəndəsi lap imzasız olsa belə təxmin edir ki, bu, hekayə yeniyetmənin ağlının məhsuludur, bu, filkankəsin üslubudur, bu isə oturuşmuş təhkiyədir və s. Bu səbəbdən çox vaxt yeni imza dalıyca qaçılır, yeri gəlmişkən mən də gənc qalibi təbrik edirəm və ilk anda ağlıma girən o olur ki, görən bir atımlıq barıt olmayacaq ki?!
“Azadlıq” radiosundan xahiş etmişdim ki, onluğa düşməyən hekayəmi versin, kəm-kəsirini yad monitordan görüm. Vermir, yubadır. Necə ki, MKM-in onluğuna düşən, amma Allahsızcasına ( Vallah, başqa “sız” qələmə yatmır) aşağı bal yığan dost yazarımız da eyni hərəkəti etmişdi: demirsən, rus demiş mol, zəifdir, qoy “Oxu zalına”, ver Əlahəzrət OXUcunun ixtiyarına. Qoymur, yubadır. Babam demişdi  axı…
O, kişi savadsız olsa da bir şey bilirmiş…
Sonda üzümü əyalət yazarlarına novruzəli təfəkkürü ilə yanaşanlara tuturam: bağa çanağından çıxdı, çanağını bəyənmədi?! Sizdənsə, Zahir bəy, kiçicik yazımı və hər iki müsabiqə hekayəmi saytda yerləşdirmənizi xahiş edirəm.  
Alik Nağıoğlu            HEKAYƏLƏR:           RƏNGLİ NOĞULLAR        GÜNAH

Комментариев нет:

Отправить комментарий