18.06.2011

Tarakanı öpə bilmərəm


İbrahim Sel                       
Professional Oxucu Liqası

Bu yazı Azərbaycan ədəbiyyatında itməz iz qoymuş Alatoran hərəkatına həsr olunur

 Azərbaycan həyatında, ədəbiyyatında inanclara görə, “dostunu söylə, deyim kimsən” üstünlük təşkil edib həmişə. Yəni sosial faktor, kənar səbəblər- bir insan xarici amilə görə qiymətləndirilir, təxminən belə. Bir çox Qərb cəmiyyətlərində də bu postulat epoxalar boyunca keçərli olub. Fəqət 19-cu əsr Qərbi üçün həmin məşhur sual tamamən dəyişdi, həmin əsrdə “gizli arzularını söylə, deyim kimsən” ortalığa çıxdı. 19-cu əsr boyunca bir insanı qiymətləndirmək üçün cinsi faktor öndə gedir. Həmin postulat yalnız indi bizdə təsdiqini tapır. İnsanların sosial statuslarından, gözəlliklərindən, ağıllarından çox cinsəl orientasiya növlərini müzakirə etmək bizim üçün aktuallaşıb bu gün.
 Hər halda ədəbiyyatımız xoşbəxtlikdən sosialdan psixologiyaya, psixikaya- şüurun dərinliklərinə doğru irəliləyir. Hər halda indiki şərait üçün düzgün yoldur. Başa düşüləndir ki, bir sıra oxucular ədəbiyyatımızda bu gün bu mövzunun aşırı dozasından şikayətçidirlər. Mənim də xoşuma gəlmir, məsələn, ömrümdə ilk dəfə gördüyüm imza 40 yaşında qadın-kişilər ilk şeirlərini yazırlar bu mövzuda. Elə bil bu mövzu onlara asan-əyləncə kimi görünür... Bəziləri deyirlər onlar özlərini bizlərə oxşadırlar... Əsas olan bu deyil, əsas olan belə bir ümumi cizgidir: ədəbiyyatımızda geoloji qanunlar hökm sürür- Rasim Qaraca, Nərmin Kamal, Həmid Herisçi və sair məlum müəlliflər bu cinsəllik bədiiyyat dağını ekspedisiya etməyə yollanıblar, əsas işi onlar görüblər. Digərləri də dağa gedən yollarda eşidib qoşulurlar onlara, sadəcə mövzunun tədqiqinə yüngülvari kömək etməyə... Onlar vulkanın kiçik iştirakçılarıdırlar, tarixdə isə faktın özü qalacaq: 1990-2000-ci illərdə Azərbaycan ədəbiyyatında cinsəl partlayış olub. Bu partlayış həm də dünyada 19-cu əsrdə baş vermiş Nitsşenin “Yeni əxlaq” çevrilişinin Azərbaycanda təsdiqini tapması idi... Baxın, Azərbaycana ixrac olundu- demirəm, çünki ədəbiyyatda bu cunsəl partlayış kökündən bizim hadisəmiz kimi meydana gəldi. Bum!
 Bu gün açıq-aşkar iki ədəbiyyat var: birincisi sovetdən qalma məmur ədəbiyyatı və onun nökər tənqidi, ikincisi isə Aqşin Yenisey, Həmid Herisçi, Kənan Hacı, Rafiq Tağı, Rasim Qaraca kimi müstəqil və kobud yazıçılar. Mən Azərbaycan ədəbiyyatının gələcəyini öz müstəqil sözünü yazan və qoruyan bu kobud gənclərdə görürəm. Bu sənə sərt görünürsə, demək yolumuz ayrıdır. Siz mənə nihilist deyin, mən də sizə məmur əxlaqının ədəbi himayəçisi deyim. Saraya yaxın məmur-akademiklər və bu iddiada olanlar isə bu iki ədəbi prosesin heç birində yoxdurlar. Çünki onların ortada fikri yoxdur. Fikirsiz, mövqesiz yaşamaq qrafomanlıq yoludur. Ədəbi prosesə yol isə fikirdən, həqiqi dəyərli kitablardan keçir.
***
 Niyə biz sadəlövh insanları sevirik? Lap ürəyimiz gedir belələri üçün. Hansısa görkəmli yazıçı 37-ci ildə donos yazmaqla məşğul olub, neçə-neçə özündən qat-qat dəyərli ziyalılarımızı güllələtdirib, üzə durub,- “sadəlövh idi... məcbur elədir... zəmanə başqaydı... inam formalaşdırılmışdı... o eləməsəydi də başqasına elətdirəcəkdilər” deyirik və bu da olur həmin o görkəmli yazıçının bəraəti. Elə ədəbiyyatımızdakı qəhrəmənlara nəzər salın: Sadəlövh, hər kəsin dolaya bildiyi insanlar müsbət qəhrəmanlardır. Folklor başına daş enmişimizdə bir Göyçək Fatma anlayışı var. Onun gözəlliyi məsumluğundadır. Deyək ki bu başadüşüləndir, gənc qız məsum və təmiz olduqca gözəldir, tamam, olsun. Ancaq sizə elə gəlmirmi ki, millətimiz Göyçək Fatma anlayışını qızlarda saxlamayıb, kişilərə də köçürüb? İndi yeni nəsl yazarlarımızda bir nəfər kişi var, onun haqqında hər yerindən qalxan deyir ki, o, çoxbilmişdir. Özü də bunu pis, iyrənc bir şeydən bəhs edən kimi ikrahla danışır. Sən demə bir kişi sadəlövh, Göyçək Fatma olmalıymış.
 Tariximizdə, lap dəqiqi ədəbiyyat tariximizdəki məddahların fəaliyyətinə onların o zaman aldadılması, sadəlövh olmasıyla haqq qazandırılmasına necə baxırsınız? Mən şəxsən pis.
*** 
 Dünyada peşəkar siyasətə qarışan yazıçılar çox olub. Ancaq Kafka kimi yazıçılar da olub ki, heç cəmiyyətə də qarışmayıblar. Kortəbii statistikadan görünür ki, ümumiyyətlə, xalqa bulaşmayan yazarlar daha çox uğur qazanıb. Hər halda bu, bir fərdi məsələdi. Yazıçının dissident olmaq azadlığı olduğu kimi, padşah olmaq azadlığı da var.
 Gəlin, bir anlığa saray yazıçısı olmağı faciə saymayaq və baxaq: saray yazıçısı heç olmasa sarayla cəmiyyət, kütlə arasında körpü ola bilirmi? Mənim tanıdığım ləyaqətli yazarların içərisində belə birisi var: Böyükxan Bağırlı. Bizim dairələrdə onu “saray yazıçısı” adlandırırlar. Amma o qədər sevirlər ki! Çünki şəxsiyyətini saxlaya bilib.
 Robinzon Kruzonun müəllifi Daniel Defo həm də lord Qarleyin (saray naziri) köməkçisi statusunda saray yazıçısı olub. Və İcmal adlı dövlət qəzeti də buraxıb. Lord Qarley və Defo ayrı-ayrı düşərgənin adamlarıydılar- biri konservator idi, digəri liberal. Ancaq Defo bu dövlət qəzetinin müstəqilliyini özünəməxsus şəkildə qoruyurdu. O, lord NƏ istəyirdisə onu da oxuculara çatdırırdı, ancaq NECƏ çatdırmağı özü müəyyənləşdirirdi. Kənardan elə görünüb ki, onun baxışları hakimiyyətlə üst-üstə düşmür. Ancaq bu görüntü ilk baxışdan beləydi və əslində isə qəzet rəhbərinin ifadə elədiyi müxalif mövqe də elə Lordun özünün idi.
 Bu, bir stil idi- hakimiyyətin xalqla davranış stili. Və bu heç də plüralizmin imitasiyası deyildi. Sadəcə, hakimiyyətin həm də müxalifət missiyasında çıxışı idi. Lord Qarley bu stili məhz Defonun yaradıcılığında və taleyində kəşf eləmişdi.
Ancaq Höte nümunəsi də var axı. O, sarayda qulluğa gedən kimi 180 dərəcə dəyişib özünün yaratdığı Verter obrazından da imtina elədi.
***
 Amerikada ilk Nobeli Luis Sinkler alıb. Ancaq o vaxtlar Sinkler Amerikanın AYB-si olan İncəsənət və Ədəbiyyat Akademiyasının üzvü deyildi. Onu həmin quruma götürməkdən imtina eləmişdilər.
 Əslində ədəbi qurumlar yazıçı yetişdirmək üçün yox, oxucu yetişdirmək üçün yaradılır. Bizimkilərə bu, deyəsən çatmır. Söhbət əlbəttə ki hansısa ideologiya, ədəbi cərəyan ətrafında birləşmələrdən gedir. Yəni eyni cür düşünən yazarlar cəmiyyəti öz auditoriyasına çevirməyə cəhd eləyirlər. Hətta futuristlər öz ədəbi prinsiplərini İtaliyada siyasi həyata da hakim eləmək iddiasındaydılar.
 Ancaq ədəbiyyatın yaradılmasında kollektiv cəhdlərin heç bir rolu yoxdu. Ədəbiyyatı təklər yaradır– çosiçlər, dostoyevskilər, folknerlər, bizim masştabda herisçilər… Sürrealist ədəbiyyat, futurist ədəbiyyat, postmodernist ədəbiyyat və sair anlayışlar estetik effektlərdi, bədii səviyyə effektləri deyil ki. Yəni əsər postmodern olaraq pis də, yaxşı da yazıla bilər. Mən şəxsən (postmodernist qanada aid edilsəm də) həmişə klassik əsərlər axtarmışam oxumağa. Bir vaxtlar bizdə belə bir dəb var idi, adamlara elə gəlirdi ki, yazı postmoderndirsə, deməli yaxşıdı. Hətta bəziləri mətnlərinin üstünə postmodern mətn qeydini böyük hərflərlə yazırdılar da. Kitayın kostyumuna fransız etiketi yapışdırmağa oxşar bir şey. Yəni bir qəlib düzəltmişdilər və elə bilirdilər ki, bu qəlibə zibil də töksən qızıl çıxacaq, çünki qəlib- qızıl qəlibidir. Getdi o zamanlar. Bütün bunların mason fintikuruşları olduğu üzə çıxdı və hamıda iyrənclik yaratdı.
 Tarakanı öpə bilərsizmi? Bu sualı Rusiyanın fəlsəfi forumlarından birində soruşmuşdular. Bir nəfər cavab yazmışdı ki, hə, pul versələr lap Limonovun özünü də öpərəm. Ancaq bu qədər öpülməli və ağıllı qadınlar olan ölkədə tarakanla nə işiniz! Başqa birisi cavab yazmışdı ki, bu, yeniyetməliyin ədəbiyyatıdır, Limonovun da daxili aləmi hələ ki yaramaz yeniyetmə Savenkodur, ona görə belə şeylər yazır... Onun bütün əsərlərinin qəhrəmanları eyni bir adamdır- o özü! Buna görə də daha mənim üçün darıxdırıcıdır. Digəri isə yazmışdı ki, onun partiyasının ilk siyası proqramı da gülməli dərəcədə bədii idi və mən onun yaradıcılığını gülməli realizm hesab edirəm. Mən də cavab yazmışdım ki, xoşunuz gəlmirsə, Limonovu verin bizə, biz azərbaycanlılara. O öz janrı ilə bizim quzu balası millətimizin hamısını sanki nəhəng bir “Şən təpəciklər” (Nərimanov parkındakı karusel) atraksionuna mindirərdi, nəhayət, bir az iti hisslər, həyəcanlar keçirərdik, bəlkə ondan sonra bizdə inqilabçılıq təfəkkürü əmələ gələ. Ancaq... sözün düzü, mən heç vaxt tarakanı öpə bilmərəm.
 Mən həmişə deyirəm: “Senzura vacibdir, ancaq bu, yazıçının içində olmalıdır”. İstər yazıçı, istər bəstəkar, istərsə də rəssam olsun, onda müəyyən ölçü, meyar hissi olmalıdır ki, yaratdığı sənət əsəri olsun. Bunsuz yaradıcı şəxsiyyət yoxdur. Müəllif də daxili senzuranı, ölçü hissini daima nəzərdə saxlamalıdır ki, yazdığı gözəl erotik roman pornoqrafiyaya, yaxud gözəl bir savaş filmi dəhşət filminə dönməsin.  
***
 Tribunaların qoltuğu portfelli, Qərb fəlsəfə elminin hegelçilik, strukturalist ənənələrində dönüşlər müəllifi olan ciddi adam Mişel Fuko “marixuanasız bir günüm olmasın”- deyir və bunu böyük nəzəri tarixi olan həzzin fəlsəfəsi zəminində çözərək, güman ki öləndə də nəyinsə peredozirovka həzzindən öləcəyəm- deyir....
 Azərbaycanlının təfəkkürü induksiya, deduksiya üzərində deyil, üçüncü dərəcəli düşüncə üsulu sayılan müqayisə üstündə qurulduğundan mən də belə ifadələri oxuyanda elmdə rolsuz bizim qocaman alimciyəzləri xatırlayıram. Görəsən gələcəyin Azərbaycan ədəbiyyatında, mədəniyyətində nə vaxt stereotip alim, stereotip “əxlaqlı-ağıllı” yazıçı bütlərinə son qoyulacaq, insanlar nəhayət anlayacaq ki, alim üçün əsas- “hüquq fakultəsində oxuyan iki övladlı ailəsinə, evinə bağlı ata”, “iş yerində siqaret belə çəkməyən, iclasları ötürməyən”, nə yazmasından asılı olmayaraq, dissertasiya müdafiə etmişlik lokal akademik statusu-faktı daşıyan, elə-obaya bağlı yekəqarın olmaq deyil, əsas onun Nəticələridir. Gələcəkdə bütün bunlar həll olunacaqmı- deyə, hipotezlər üstündə tədqiqat aparmaq olardı. 

Комментариев нет:

Отправить комментарий