04.06.2011

Yapon yazdı, gürcü oynadı, azərbaycanlı baxdı – FOTOLAR


“Mənim öz mübarizə üsulum var. Əsərlərimdə nə dəyişiklik desələr, edirəm. Təki onlar səhnələşdirilsin. Təki insanlar komediyalarıma baxıb gülsünlər… Niyə hakimiyyət insanların gülməsinə əngəl olmaq istəyir? Anlamıram bunu…”
Dünən “Azdrama”da K.Mardjanişvili adına Gürcüstan Akademik Dram Teatrının “Moruq” tamaşası təqdim olundu. Tamaşanın quruluşçu rejissoru teatrın bədii rəhbəri Levan Tsuladzedir.
Tamaşa yaponiyalı recissor, aktyor və ssenarist Koki Mitaninin “Gülüş akademiyası” ssenarisi əsasında hazırlanıb. Modern teatr üslubunda hazırlanan səhnə əsərinin quruluşçu rejissoru və səhnəqrafı Levan Tsuladze, rejissor assistenti Temur Kuprava, geyim üzrə rəssamı Nino Surquladze, musiqi tərtibatçısı Zurab Qaqloşvili, texniki recissoru Nino Corcolianidir. Tamaşada rolları cəmi iki aktyor ifa edir: Senzor xanım Neo – Nato Murvanidze və dramatuqr Tsubaki – Nika Kuçava.
Tamaşa gürcü dilində təqdim olunurdu, səhnənin sol tərəfində qoyulmuş proyektordan rus dilində subtitrləri oxumaq olurdu. Yəqin ki, elə dünənki səhnə əsərinin yeganə qüsuru monitordakı subtitrlərin bəzən həddən artıq tez, bəzənsə gec yenilənməsi – səhnədə müşayiət olunan dialoqla eyni zamana təsadüf edə bilməməsi idi. Qalan hər şey olduqca gözəl idi – səhnə əsərinin özü, quruluş, musiqi, aktyor oyunu və hətta cüzi yerdəyişmələri nəzərə almasaq, tamaşanın sonunadək dəyişməyən dekorasiya belə…
Amma gəlin bir az da mətndən danışaq. Koki Mitaninin “Gülüş aklademiyası” əsəri barədə ən yaxşı fikir, yəqin ki, yapon rejissoru Dzyudo İtamiyə məxsusdur: “Bu pyes yarandığı andan klassikaya çevrilib”.
Əslində, elə Mitani də, onun qəhrəmanı Tsubaki də klassikaya çevrilmiş bu əsərində başqa bir klassik əsərə- dahi Şekspirin “Romeo və Cülyetta”sına müraciət edir. Tsubaki – peşəkar dramaturq deyil, əvvəllər teatrda dekorasiya rəssamı işləyib, amma o, teatrın, tamaşaçının (və həm də, dolayısıyla ədəbiyyatın, incəsənətin – ümumilkdə sənətin) ruhunu, bəlkə, ən yaxşı dramaturqun özündən daha yaxşı anlayır -  məqsəd insanın mənəvi-ruhi vəziyyətinin daim formada qalmasıdır. O hesab edir ki, insanları ən yaxşı sevindirməyin üsulu onları güldürməkdir.
Tsubaki senzorla söhbətində (əslində, elə bütün tamaşa da dramaturqla senzorun arasındakı dialoqlar üzərində qurulub) deyir: “Mənim öz mübarizə üsulum var. Əsərlərimdə nə dəyişiklik desələr, edirəm. Təki onlar səhnələşdirilsin. Təki insanlar komediyalarıma baxıb gülsünlər… Niyə hakimiyyət insanların gülməsinə əngəl olmaq istəyir? Anlamıram bunu..”.
Senzorun isə öz məqsədi var: o ilk gündən nə olursa-olsun, “Romeo və Cülyetta”ya parodiya yazan Tsubakinin əsərini səhnəyə qoymayacağına qərar verib. Bu səbəbdən, hər gün yanına gələn müəllifə pyesdə nəyisə dəyişməyi məsləhət görür. Məsələhət görür ki, “Mən moruğu sevirəm” cümləsində “moruğ”u “vətən” kəlməsi ilə əvəz etsin, sevgililərin öpüş səhnəsini əsərdən çıxarmağı təklif edir, bununla da yeni – mətnə oğru axtaran polis personajı daxil edilir, amma bütün bu dəyişiklikdən sonra da əsəri səhnələşdirməyə icazə vermir.
Tsubaki çalışqandır – əsəri iki günə yazır, bir gecənin içərisində yatmayıb dəyişiklər üzərində çalışır və usanmadan hər səhər yenidən senzorun yanına gəlir. Onun üzüyolalığının özündə bir inadkarlıq var – o nə olusra olsun, insanları güldürmək istəyir.
Teatra təsadüfən düşmüş (əvvəllər dəxli olmayan sahələrdə çalışmış) sərt görünüşlü senzor xanım Neo da insani keyfiyyətlərdən xali deyil, o, Tsubakinin istedadını və çalışqanlığını qiymətləndirir, məzəli səhnələrə müəlliflər birgə ürəkdən gülür, hətta elə öz otağındaca pyesdən səhnələri ifa etməyə razı olur,  amma bununla belə, hər dəfə əsəri çox gülməli olduğu üçün müəllifə qaytarır və deyir: “Yalnız insanları güldürməyə hesablanan tamaşalar səhnələşdirilməyə layiq deyillər”.
Bəli, Mitanini də yazdığı kimi, çoxqatlı mətn güldürür və düşündürür. Amma məsələ təkcə güldürməkdə deyil, daha çox necə güldürməkdədir və bu məqam barədə danışarkən, gürcü rejissorunun və şübhəsiz ki, aktyor duetinin də gücünü qeyud etmək lazımdır. Ən təqdirdicisi budur ki, bu gülüş bayağı, şit detallar üzərində qurulmayıb, burada bir çox tamaşalarda adət etdiyimiz kimi, kişi (aktyor) qadının (aktirsanın) aşağı ətraflarına baxıb ağzının suyunu axıtmır, güldürməyin ən asan və ən bayağı yolundan – cinsi ayrıseçkiliyi qabartmırlar, söyüşlərdən, vulqar jestlərdən istifadə etmirlər – güldürən yalnız mətn, situasiya və aktyorun bu mətni, situasiyanı tam çatdıra bilməsidir.
Yəqin elə bu səbəbdəndir ki, yad dildə, bir qədər aralı məsafədən çətin oxuduğun subtitrlərin köməyi ilə anladığın pyesə başqa heç nə barədə düşünmədən – diqqətini bir an da səhnədən ayırmadan – heyranlıqla tamaşa edə bilirsən və bu heyranlıq səni tamaşanın sonunda yaradıcı kollektivi ayaqüstə alqışlamağa məcbur edir.
Uzaq olan həmişə maraqlıdır, bu baxımdan orta stasistik azərbaycanlının kənardan gələn hər şeyə aşırı sevgisini anlamaq olar, bəlkə elə, onu yaxında olanı görmədiyinə görə qınamaq da. Amma konkret şəraitdə söhbət məhz əsl sənətdən gedir. Sənətin isə uzağı-yaxını olmur, ruhuna yaxını olur.
Bravo, Gürcüstan teatrı!
Rəbiqə
ANN.Az
Fotolar Reyhan İsayevanındır

Комментариев нет:

Отправить комментарий