16.06.2011

"Yaxşı ki sizin növbənizdir"

"Yaxşı ki, sizin növbənizdir"

Xurma bu il yaxşıca bəhər vermişdi. Dağlarda payız gözəl idi.
Liman şəhəri yarımadanın cənub səmtində yerləşirdi. Yaxası bənövşəyi rəngli sarı kitel geyinmiş sürücü ikinci mərtəbənin gözləmə zalındakı ucuz qəlyanaltıxanadan çıxıb aşağı endi.
Əlində çanta tutmuş qadın öz qızını sürücünün yanına qaldırdı:
-Yaxşı ki, sizin növbənizdir. Siz bizi aparanda mənim qızım bilirsiniz necə sevinir? Nə yaxşı oldu!-dedi.
Sürücü qızı diqqətlə süzüb bir söz demədi. “Təxirə salmaq olmaz. Qarşıdan qış gəlir. Soyuq havada onu belə uzaq yola göndərmək yaxşı deyil. Hərçənd hələ soyuqlar düşməyib, onsuz da gedəcək. Və mənimlə gedəcək.”
Sürücü başıyla qadına əyləşmək üçün işarə etdi və sükan arxasına keçdi.
-Qabaqda oturaq, anacan. Orada avtobus yırğalamır. Yol isə uzundur. Buradan onların gedəcəyi şəhərciyə 60 km yol qət etmək lazım idi. Ana qızını oradakı dəmir yol stansiyasının yaxınlığında yerləşən fahişəxanaya satmaq niyyətindəydi.

***
Dağ yollarında avtobus onları amansızcasına yırğalayırdı, qız gözlərini sürücüdən bircə an belə çəkmirdi. Onun sarı kiteli bu dəmdə qız üçün bütün dünyanı əvəz edirdi. Onun çiyni dağı iki yerə bölmüşdü.
Qarşıda iki aşırım dururdu.
Atlı ekipaj özünü onlara yetirmək üzrəydi. Avtobusu yoldan kənara çəkdi. Ekipaj təpəni aşıb üzüaşağı uzaqlaşdı.
-Çox sağ olun!
Təmiz və aydın səs sürücünü xəyaldan ayırdı. O, təzim edirmiş kimi başını aşağı əyərək razılıq etdi.
Odun yüklənmiş araba özünü yetirdi. Arabaya da yol verdi.
Araba.
-Çox sağ olun!
Fayton.
-Çox sağ olun!
At.
-Çox sağ olun!
On dəqiqə ərzində on nəfərlik ekipaj, odun arabası və fayton avtobusu arxada qoymuşdu. Və hər dəfə də sürücü eyni sözü eşidirdi: “Çox sağ olun!”
O, sürəti artırmırdı və avtobus bir qayda üzrə aramla yol boyu şütüyürdü. Onun boy-buxunundan nəciblik yağırdı-sadə və təbii idi.
Avtobus artıq dörd saat idi ki, yol gedirdi. Sürücü fənərləri yandırmışdı. Qarşılarına yenə bir atlı çıxdı, işıqları söndürdü.
-Çox sağ olun!
-Çox sağ olun!
-Çox sağ olun!
Bütün yol boyu sürücü öz üstünlüyündən istifadə etmədiyi üçün atlılar və arabaçılar arasında özünə əməlli-başlı hörmət qazandı.

***
Avtobus dağ yollarını arxada qoyub vağzal meydanına yaxınlaşmaqdaydı. Qız üşüdüyündən anasına sığınmışdı.
-Burada saxlayın,- anası dedi və sürücüyə yaxınlaşdı,-qızım deyir ki, siz onun xoşuna gəlirsiniz. Sizdən xahiş edirəm, sizə yalvarıram. Sabah o, kişilərin əlində olacaq, bu qızcığaz həyatında heç vaxt belə şey görməyib. Əgər bu gözəl qız sizin avtobusda bu yolu getsə, əgər…
Dan yeri söküləndə sürücü mətin addımlarıyla meydanı keçib ucuz mehmanxanalardan birinə yollandı. O gözdən itincə ana ilə qız onun arxasınca baxdılar. Qırmızı rəngli böyük avtobus birinci qatarın sərnişinlərini gözləyirdi.
Qız avtobusa birinci mindi. Sürücünün əyləşdiyi qara dərili oturacağı sığalladı. Soyuqdan qorunmaq üçün əllərini anasının ovucları içində gizlətdi.
“Bəlkə geri qayıdaq… Qız bağırır, ana söyür. Başqa heç nə fikirləşə bilmirəm. Bəlkə onu götürüb saxlayım? Uzaqbaşı yazacan, o vaxtacan ki, canı qızsın. Ona lap yazığım gəlir.” Sürücü belə dşünürdü. Qeyri-ixtiyari dayandı və geri döndü.

***
Birinci qatar vağzala çatıb dayandı və üç sərnişin düşdü.
Sürücü oturacağı sahmana saldı. Qız nəzərlərini ona zilləmişdi. Payız səhərinin sazağı onun çiyni üstündən axıb keçirdi.
Avtobus arabaya çatdı. Onlar yolun kənarına çəkildilər.
-Çox sağ olun!
Fayton.
-Çox sağ olun!
At.
-Çox sağ olun!
-Çox sağ olun!
-Çox sağ olun!
Dağ yollarından keçən 60 km-lik məsafədə demək olar ki, təşəkkür borcunu tamamilə ödədilər. Sürücü bu qəribə sərnişinləri yenidən yarımadanın cənub səmtindəki liman şəhərinə qaytardı.
…Xurma bu il yaxşıca bəhər vermişdi. Dağlarda payız gözəl idi.

Yasunari Kavabata                                       
Çevirdi: Kənan Hacı

Комментариев нет:

Отправить комментарий