16.06.2011

Mirzə Ələkbər Sabir- Nə yazım?

Şairəm, çünki vəzifəm budur əşar yazım,
Gördüyüm nikü bədi eyləyim izhar, yazım,
Günü parlaq, günüzü ağ, gecəni ta yazım,
Pisi pis, əyrini əyri, düzü həmvar yazım,
Niyə bəs boylə bərəldirsən, a qarə, gözünü?
Yoxsa bu ayinədə əyri görürsən özünü?!

Şərə məşğul edərik xatiri-qəmmayilimi,
Qoyuram qənşərinə kağızımı, çernelimi,
Gəlirəm yazmağa bir kəlmə, - tutarsan əlimi,
Qorxuram, ya nə üçün, - çünki kəsirsən dilimi!
Ey əcəb, mən ki, sədaqət yolunu azmayıram,
Hələ gördüklərimin dörddə birin yazmayıram!

Hələ mən dörddə birin yazmayıram, karına bax,
Üstümə gündə söyürsən bu qədər, arına bax,
Özün insaf elə, əfkarına, ətvarına bax!
Istəmirsən yazam? Öz eybli kirdarına bax!
Kişi, sən eybini qan, mənlə əbəs cəng eləmə!
Özünü, həm məni bu barədə diltəng eləmə!

Görür ərbabı-qələm qayeyi-amalınızı,
Məndən artıq yaza bilməkdə ikən halınızı, -
Yazmır onlar dəxi on dörddə bir əfalınızı,
Özünüzsüz olara yazdıran əhvalınızı…
Yoxsa bu eybdən aləmdə mübərradır olar,
Boylə alçaq yazıdan min kərə əladır olar!

Necə mən dörddə birin yazmağa əymən deyiləm,
Qorxur on dörddə birin yazmağa həm əhli-qələm;
Sən əgər söz verəsən: “Qorxma, qıl əhvalı rəqəm”,
Vazi-halın yazılarsa zili-zilu bəmi bəm,
Elə bir halə düşərsə ki, tükün biz-biz olar,
Əyninə geyməyə şey tapmasan, astar üz olar!

Комментариев нет:

Отправить комментарий