07.06.2011

Ziya Məmmədov Bakıya motoru yanan taksilər gətirib

Nəqliyyat nazirinin əməkdaşlıq etdiyi şirkət iki il öncə 5 min maşınını geri çağırıb
İndiyədək 436 sürücü mühərrikin alışması səbəbindən şirkəti məhkəməyə verib
Yaxın günlərdə Bakıda yeni taksilərin fəaliyyətə başlaması gözlənilir. Nəqliyyat Nazirliyi tərəfindən Bakı şəhərində taksi xidmətlərinin təkmilləşdirilməsi məqsədi ilə təsis olunmuş “Baku Taxi Company” şirkətinin xətti ilə paytaxta ilk 100 ədəd yeni taksi avtomobili gətirilib.
Nəqliyyat Nazirliyinin “Avtonəqliyyatservis” Departamentinin xidmət rəisi Rauf Orucov bildirib ki, bundan sonra daha 900 taksi gətiriləcək və ilin sonunadək taksilərin sayı 1000-ə çatdırılacaq. Yeni taksilərin sürücüləri artıq seçilib. Onlar müxtəlif testlərdən - alkodispanserdən, psixotestdən keçiblər. Onlara taksi xidməti göstərmək üçün xüsusi təlimlər keçirilib. Sürücülərin bir hissəsi ingilis dilində danışa bilir. Taksiləri taksi mərkəzinə zəng etməklə sifariş vermək, həm də xüsusi dayanacaqlarda istifadə etmək mümkün olacaq. Yeni taksilərin dayanması üçün şəhərdə ilkin olaraq 11 dayanacaq nəzərdə tutulub. Gətirilən maşınların sayı artdıqca, dayanacaqlar da çoxalacaq.
Nazirlik rəsmisi bu dayanacaqlara digər taksilərin də buraxılıb-buraxılmayacağı barədə suala birmənalı cavab verməyib. Onun sözlərinə görə, Bakıda yalnız bu taksilərin işləməsi nəzərdə tutulub: “Hansı taksilərin qanuna müvafiq qaydada lisenziyası varsa, onların məsələsinə baxılacaq, amma Bakı üçün nəzərdə tutulan taksilər bunlardır”.
Yeni taksilərdə gediş haqqı hər kilometrə görə olacaq, amma hələlik bu rəqəmlər açıqlanmır. Bununla yanaşı R.Orucov bildirib ki, yeni taksilərdə tariflər indiyədək işləyən taksilərdəkindən yüksək olmayacaq.
Bakıdan sonra belə taksilərin Gəncə və Sumqayıt şəhərlərinə də buraxılacağı nəzərdə tutulub.
Qeyd edək ki, yeni taksi maşınları Böyük Britaniyanın “Manganese Bronze” şirkətindən alınır. Taksilər Çinin “Geely Automobile Holding”i tərəfindən istehsal olunaraq “Manganese Bronze” şirkətinə göndərilir. APA-nın “Manganese Bronze” şirkətinə istinadən verdiyi məlumata görə, bunun üçün Azərbaycan tərəfi Britaniya şirkətinə 16 mln. funt sterlinq (təxminən 26,1 mln. ABŞ dolları) ödəyəcək.
“Azadlıq” olaraq qeyd edək ki, 2008-ci ildə sözügedən şirkət texniki qüsurlardan dolayı özünün 5 min maşınını kütləvi şəkildə geri çağırıb. Səbəb isə texniki qüsurlardan dolayı maşınların motorlarındakı qəfil alışmalardır.
Hazırda 436 sürücünün kütləvi şikayətini Böyük Britaniyanın Ali Məhkəməsi araşdırır.
Bu şirkət Azərbaycandan savayı indiyədək heç bir dövlət və şirkətdən bu həcmdə sifariş almayıb. Araşdırmalarımız nəticəsində onu da öyrəndik ki, 2011-ci il üçün cəmi 1250 sifariş alıb ki, onun da 1000-i Azərbaycandandır. 2010-cu ildə isə bu şirkət cəmi 226 maşın sata bilib.
azadliq.info

Комментариев нет:

Отправить комментарий