01.07.2011

Elmar Vəliyevin Gəncədə obyekt repressiyası

Yevlax avtovağzalının ətrafı, çayçı, mağazalar, Texnologiya Universitetinin yanındakı obyektləri, Beynəlxalq Bankın şöbəsini və başqa obyektləri söküb dağıdırlar. 

Gəncənin yeni icra başçısı Elmar Vəliyev şəhərdə söküntü işlərini davam etdirir. Bu gün söküntü işləri Gəncənin bütün küçə və prospektlərində daha da sürətlə aparılmağa başlayıb. Gəncə sakinlərindən “Qafqazinfo”ya zəng edərək bildiriblər ki, hazırda Nərimanov prospektində dəhşətli mənzərələr müşahidə olunur:

“Yevlax avtovağzalının ətrafı, çayçı, mağazalar, Texnologiya Universitetinin yanındakı obyektləri, Beynəlxalq Bankın şöbəsini və başqa obyektləri söküb dağıdırlar. Ümumiyyətlə, şəhərin hər yerində söküntü gedir. Biz prinsipcə bunu faciə hesab etmirik. Faciə odur ki, bu işlər məhkəmə qərarı olmadan, kompensasiya ödənmədən, insanlar dinlənmədən, bəzən xəbərsiz edilir. Sökülən yerlərə görə ayrı ərazidən yer də vermirlər. İnsanlar qorxusundan şikayət də edə bilmir” .

Məlumatı verən şəxs bildirir ki, hazırda Gəncədə vəziyyət gərgindir. Sakinlər icra başçısının obyekt söküntüsünü narazılıqla qarşılayırlar.

Lakin icra başçısı Elmar Vəliyev qarşısına məqsəd qoyub ki, tezliklə Gəncədə abadlıq işləri aparacaq. Şəhərdə nə qədər artıq yerlərdə tikilən obyektlər, görüntünü pozan binalar, artırılan eyvanlar, restoranlar varsa hamısını uçurmaq və səliqə-sahman yaratmaq niyyətindədir.

Qeyd edək ki, bir neçə gün əvvəl gəncəlilərin icra başçısını bu əməlinə görə odlu silahdan atəş açaraq yaraladıqları barədə məlumatlar yayılmışdı.

Комментариев нет:

Отправить комментарий