Cavid ZEYNALLI cavid54@mail.ru
Sakit və kimsəsiz Sahil parkında, əyninə qar geyinmiş ağaclara baxa-baxa Milli Kitabxanaya sarı gedirəm. Heç nə vecimə deyil – işıq yox, qaz yox, Bakı qardan iflic olub, yollar bağlı, qəzetlər nəşr olunmayıb və bu qəbildən başqa şeylər... Parkın ortasında bir dəstə sərçənin civildəşə-civildəşə nəyisə dartışdırdığını görürəm. Qar rəngli iki bulka tikəsinin üstündə noxud başlı boz canlıların əməlli-başlı qırğını düşüb. Onun işidir. Məndən beş ağac qabaqda – Türkiyə səfirliyinin tuşuyla gedən qırmızıpaltolu qızı deyirəm. Nəzərlərimi təkrar boz ikiayaqlılara dikirəm. Vay-vay, bulka tikəsinin bir qarışlığında sərçə cəsədi görünür... Afaq Məsudun, anası sərçələrə qoşulub gedən qəhrəmanını xatırlayıb, başımı qaldırıram. Qırmızı paltolu xanım işıqforun yaşıl işığında yolu keçib uzaqlaşır.
Sakit və kimsəsiz Sahil parkında, əyninə qar geyinmiş ağaclara baxa-baxa Milli Kitabxanaya sarı gedirəm. Heç nə vecimə deyil – işıq yox, qaz yox, Bakı qardan iflic olub, yollar bağlı, qəzetlər nəşr olunmayıb və bu qəbildən başqa şeylər... Parkın ortasında bir dəstə sərçənin civildəşə-civildəşə nəyisə dartışdırdığını görürəm. Qar rəngli iki bulka tikəsinin üstündə noxud başlı boz canlıların əməlli-başlı qırğını düşüb. Onun işidir. Məndən beş ağac qabaqda – Türkiyə səfirliyinin tuşuyla gedən qırmızıpaltolu qızı deyirəm. Nəzərlərimi təkrar boz ikiayaqlılara dikirəm. Vay-vay, bulka tikəsinin bir qarışlığında sərçə cəsədi görünür... Afaq Məsudun, anası sərçələrə qoşulub gedən qəhrəmanını xatırlayıb, başımı qaldırıram. Qırmızı paltolu xanım işıqforun yaşıl işığında yolu keçib uzaqlaşır.
On addım sonra kitabxananın qar tutmuş pillələrini qalxıb, dostlarla görüşürəm. Qılman, Zərdüşt, Qismət, Vüsal, bir də Anardı, büzüşüblər.
– Yəni gələcək? – soruşuram.
– Qağam söz verib, mütləq! – Anar boğazının yoğun yerilə dillənir.
Zərdüştün qoltuğundakı bir yığın qəzeti görəndə təəccüblənirəm. Səbəbi Rəşad Məcidlə görüşəndə məlum olur. Sən demə, həmin gün “525”dən başqa heç bir qəzet nəşr olunmayıb. Əla, həmişə iş başında, dostlar!..
Kitabxananın qarşısında dayanan “Toyota”nı görüb kimsə dillənir:
– Gəldi.
Zəlimxan Yaqub qapıdan girər-girməz gülümsəyib, zarafatından qalmır:
– Bu qarda da qoymurlar evimizdə oturaq.
Düz deyir də!
Rəşad Məcidin başına yığışan oğlanları bir-bir öpüb, “harda oturacağıq?“ soruşur. Suala cavab verməli olan adam özü gəlir. Kərim Tahirovu deyirəm, Milli Kitabxananın direktoru. Hamını isti, isti olduğu qədər də rahat otağına dəvət edir. Çox deyilik, qardan qorxmayıb yola çıxan gənc ədiblərin sayı 20 nəfəri keçməz.
Gənc Ədiblər Məktəbinin üzvləri ilə görüşündən məmnun olduğunu deyən şair gəncliyin ünvanına bol-bol alqış eləyib, razılığını bildirdi. Sağ olsun. Öncə Milli Kitabxananın tərifini göylərə qaldırıb, belə dedi: “Bu kitabxana mənim üçün Kəbə evi qədər əziz, müqəddəsdir”. Zəlimxan müəllim Kitabxanaçılıq fakültəsini bitirdiyindən tələbə vaxtı gününün çoxunu burda keçirərmiş. Adını böyük sevgiylə andığı Qəhrəman Süleymanzadənin direktor olduğu vaxtları xatırlayıb onunla bağlı xatirəsini paylaşdı. Qonağımızın öz diliylə desək, od parçası olan gənc Zəlimxan Qəhrəman müəllimin ürəyinə yaman yatır və günlərin bir günü onu otağına çağırıb, uzun bir siyahı verir ki, istəyirəm, iki il müddətində bu siyahıdakı bütün əsərləri oxuyasan. O vaxt Zəlimxan Yaqub ikinci kursda oxuyurmuş və hesaba görə, dördüncü kursda bu siyahı üzrə imtahan verməliymiş. Bu işin axırının nə ilə qurtardığını bilmirəm, amma siyahıda adı olan müəlliflərin kimliyi ilə maraqlandıqda məlum oldu ki, Homer,Tolstoy, Flober və Dostoyevski birincilər sırasında olub.
Otuz il əvvəl olan hadisələri Zəlimxan müəllim elə həvəs və maraqla danışırdı, cürbəcür adlar və əhvalatlar üzündən mənim yaddaşım, nə qədər qeydlər aparsam da, əməlli-başlı qarışıb. Yeri gəlmişkən, yaddaşı ilə bağlı özünəməxsus tərzdə açıqlama verdi: “Hamı mənim yaddaşımdan danışır. Amma bir dəfə soruşmayıblar ki, buna necə nail olursan. Heç kim bilmir ki, mən bunun üçün nə əziyyətlər çəkirəm. Bəzən gecə səhərə qədər yaddaşımı təzələməklə məşğul oluram. Bədənin tərbiyəsi olduğu kimi yaddaşın da tərbiyəsi olmalıdır”.
Fikrim var ki, Zəlimxan müəllimdən eşitdiyim əhvalatlardan bir-ikisini yazım. Amma əvvəlcə bir-bir gözümüzün içinə baxıb ürək yanğısı ilə danışdığı və iki armudu çay hesabına başa gələn “Kitabxana, yoxsa çayxana?” mövzusu haqqında bir-iki cümlə... Qonağımızın bizdən ötrü keçirdiyi narahatlığı səmimi qəbul edib, məsləhətləri qarşılığında minnətdarlıq hissilə bildirim ki, bizlərdən nigaran qalma, şair. Gerçəkdən, əlimizə düşəni dar-düdük zirzəmilərdə arağa verib QEYBƏTİYYAT ilə məşğul olmaq mərəzindən uzağıq. Ən yaxşısı yazmaq və oxumaqdır. Kitabxanaya getməsək də olar, təki oxumaq ehtirası olsun...
İndi bir-iki əhvalat yazmaq olar: 1980-ci ildə Zəlimxan müəllimin “Könlümün səsi” adlı ilk kitabı nəşr olunur. Amma buna qədər xeyli əzab-əziyyətə qatlaşmaq məcburiyyətində qalır. Deyir, gecəm-gündüzüm yox idi, özümü oda-közə vurub yaradıcılıq gecələri, poeziya günləri keçirirdim. Sözdə hamı od parçası desə də, kitabımın əlyazması bir bəhanə ilə nəşriyyatdan geri qaytarılanda hər kəs yaxasını kənara çəkirdi.
Dərdini Süleyman Rəhimova deyəndə bircə zənglə hər şey düzəlir və kitabın nəşr olunduğu gün qonorarından min manatını Süleyman müəllimə şirinlik gətirir. Əlbəttə, Süleyman Rəhimov pulu götürür, amma... rəfdə kitabların arasından əlinə keçən iki min manatı cavan dostuna verib deyir:
– Al, bu da mənim sənə əmi payım.
Belə kişilər olub, ilahi...
Yeri gəlmişkən, Zəlimxan Yaqub nadir oxuculardandır ki, “Şamo”nu birnəfəsə oxuyub.
Bu əhvalatı artıq üçüncü dəfədir qulağım alır. Birinci dəfə kimdən eşitdiyimi xatırlamıram. İkinci və üçüncünü şəxsən özü danışıb. Amma bir iş var ki, xəbər tutsaydı, yəqin, yazılmağına razı olmazdı. Hətta danışıb qurtarandan sonra “burda mətbuat yoxdur, ona görə söylədim” deyəndə dalağım sancdı ki, vay-vay, bir səhifəlik reportajsayağı yazı olacağından xəbəri yoxuymuş. Amma yox, bu əhvalatı ad yerinə nöqtələrlə yazmaqdan özümü saxlaya bilmirəm.
Bir dəfə Səməd Vurğun, Süleyman Rüstəm və dövrün başqa tanınmışları qızğın ədəbiyyat söhbətləri edirmişlər. Məclisin şirin vaxtında ..... qapını açıb içəri girir və dərdli-dərdli deyir :
– Bazarda kələmin qiyməti yenə bahalaşdı.
Bundan sonra ədəbiyyat haqqında danışmağa hal qalar? Amma demək istədiyim bu deyil. Davamını oxuyun.
Süleyman Rüstəm Səməd Vurğuna şikayət edir ki, .... özünü yaman pis aparır. Burda nə danışırıqsa, iki gün sonra səsi yuxarıdan gəlir. Özü də ağzımızdan nə çıxıbsa, hamısını bittə-bittə çatdırır. Səməd Vurğun bir deyir, .... boynuna almır, iki deyir, haray-həşir salır ki, mənim xəbərim yoxdur. Bir gün yenə üçlükdə gecə yarıya qədər yeyib-içiblər və hökumətin əleyhinə o ki var danışıblar. İki gün sonra Səmədlə Süleymanı Mərkəzi Komitəyə çağırıb danışdıqlarını cümləbəcümlə onların üzünə deyiblər. “Kommunizmə xəyanət-filan” da öz yerində. Səhəri Səməd Vurğun .... möhkəm təpinir ki, bu nə kişilik, nə yoldaşlıqdı, nə danışırıqsa, hamısını yuxarı çatdırırsan. .... yazıq-yazıq dillənir:
– Ayə Səməd, bə nə eləyim? Burdan aparmasam, ordan gətirə bilmirəm axı.
Belə də kişilər olub...
Əhvalatlara başım qarışdı, dostlardan danışa bilmədim. Əslində əhvalat çoxdur. Əli Fəhmi, Abbas Zamanov, Cəfər Xəndan, Hüseyn Saraclı, Aşıq Əmrah haqqında yazılası bolluca xatirələr var. Qalsın başqa vaxta və deyim ki, görüşdə dostlarımız xeyli şeir oxudular. İstəyirsiniz, adlarını da yazım: Aytən Təhmasib, Elnarə Şəms, Qismət, Vüsal Nuru, Zərdüşt, Anar Amin, Elvin Bakiroğlu və Kəramət Böyükçöl. Qılman İmanlının Zəlimxan müəllimə həsr etdiyi şeiri üç cümlədən sonra oxuyacaqsınız.
Görüşün sonunda qonağımız yeni nəşr olunan kitabını avtoqrafla bizə hədiyyə etdi. Əlbəttə, şair kitab qonaqlığı verər...
Bu da Qılmanın şeiri:
Tarix sinəsinə yazılıb qalan,Ən böyük bilgidi Zəlimxan Yaqub.
Sındırıb tilsimi daş ürəklərdə,
Daşlaşıb bərkidi Zəlimxan Yaqub.
Gəzir dil-dodaqda nəğmələr kimi.
Toxunub ürəyə ilmələr kimi,
Nizami, Füzuli, Ələsgər kimi,
İlahi vergidi Zəlimxan Yaqub.
Hey qurub yaradır öz aləmində.
Düzdür düz adamın düz aləmində,
Sənət dünyasında, söz aləmində
Bir canlı sərgidi Zəlimxan Yaqub.
Ləngəri tərpədir uca bir dağı,
Söhbətdi həmdəmi, sazdı qonağı,
Söhbətdi həmdəmi, sazdı qonağı,
Sar ayaq basmayan tərlan oylağı,
Qartal məsgənidi ZəlimxanYaqub.
Çıxdı pişvazına göylər yeddi qat,
Bəylər ənam verdi,Koroğlu qırat,
Cana nəfəs verən, ruha da qanad,
“Misri”di, “Cəngi”di Zəlimxan Yaqub.
Qılmanam, eylədim elləri soraq,
Dedilər, tək odur sönməyən ocaq.
Oxu sətir-sətir, aç varaq-varaq,
Hazır bir dərgidi Zəlimxan Yaqub.
P.S. Zəlimxan Yaqubun dəqiqliyinə yüz faiz əmin olduğum üçmərhələli qəribə ədəbiyyat düsturu haqqında yuxarıda yazmağı unutdum:
1) İstehza edib, ruhdan salmaq istəyirlər. 2 ) Paxıllıq edib, çamur atırlar. 3) Baş əyib, səcdə edirlər.
Комментариев нет:
Отправить комментарий