01.07.2011

RUSİYADAN ŞANLI MƏKTUBLAR

Satira və Yumor Nazirliyi


Yazmaqla  qurtarası deyil, qurtarmaqla isə yenidən yazılası



    Əziz mama, privet! Mən sənə bu məktubu Orsiyatın göbəyindən yazıram. İşlərim əladır! Təkcə o pisdir ki, burada heç nəyə görə adamdan rüşvət almırlar. Rüşvət vermədən qala bilmirik, amma verməyə də adam tapmaq olmur. Ona görə də məcburuq ki, rüşvəti elə özümüz özümüzə verək. Öz aramızda bir-birimizə rüşvətsiz salam da vermirik. Eşitmişik ki, oralarda da korrupsiyaya qarşı möhkəm tozanaq qalxıb. Allah eləsin o tozanaq yatmasın, onda siz bizim halımızı başa düşərsiniz. Burada evlənmək ucuz, ev almaq ucuz. Hətta yeni doğulan uşağın adına kassaya pul qoyur, 2-ciyə 15 min rubl, 3-cü uşağa 15 sot torpaq, 4-cüyə maşın hə­diy­yə verirlər. Mən çalışacağam ki, sənin 5-ci nəvən də dünyaya gəlsin. Gəlinin Nataşa 6-cıya da “otkaz “ eləməyəcək. Rus qızı olasan, belə “ponyatkan” olsun! “Sarı gəlin” mahnısını bizim ellərdə nahaq yerə çox istəmirmişlər! Nəyi verirsiniz verin, amma “Sarı gəlin” manhısını ermənilərə vermək olmaz. Eşitmişəm oralarda bir gombul teleaparıcı “Sarı gəlin” mahnısını toyda ermənicə oxuyubmuş! Bizdə heç kəs bir-birinin kitabını, buralarda heç kəs heç kəsin mahnısını oxumur. Alla Borisovna şou-biznesə və “zdorovı” oğlanlara şəxsən “krışalıq” edir. “Krışa” demişkən, Abadlıq kombinatı bizim evin “krışasını” abad edib qurtardımı? Mama, yazmağa söz çoxdur, incimə “Mat Rasiya!” bir başqa aləmdir! Kiçik qardaşım üçün “voenni billet” alan kimi onu fa göndərin gəlsin bura. Biz olmasaq Rusiyanın işi necə olar?  Qaqaşım gələndə xamlıq eləməsin deyə indidən Orsiyat barədə bəzi  məlumatları yazıram: oxusun, amma əzbərləməsin. Çünki onsuz da Rusiya göz yaşlarına inanmır. Buralarda Məhərrəmlik keçirilmir axı. Bizim rayonun  mollasına denən ki, ötən il yazdığı dualar nəhayət bu il gəlib çıxdı; uzaq yoldu da. İşlərimiz düzəlib, daha bizə “çuma” demirlər. Bundan sonra sizə yazıb göndərəcəyim məlumatları qonşumuz Hafiz Mirzəyə bildirməyin, yoxsa “Olaylar” qəzetinə çıxardar. Amandır, nə edirsiniz edin, qəzet-kitab oxumayın. Burada oruslar metroda, avtobus dayanacağında, hətta “piknik”də də kitab oxuyurlar. Ona görə də belə tənbəldirlər. Bu tənbəlliyin hesabına biz işləyib pul qazanırıq. Siz də oxusanız, siz də tənbəl olarsınız. Bəs onda oralara kim gəlib işləyəcək? “İşləmək demişkən, mama, papaya denən işləməsin, özünə əziyyət verib bağ-bağat əkməsin,.. biz ölmüşük bəyəm? Oğlanları burada pul qazanır da. Hər oğlu ayda 50 dollar göndərsə, aya 400 dollar edir. Qoy gedib çayçıda otursun, nərd oynasın,.. İstəsə siyasətlə məşğul ola bilər! Yaşasın bizim rayon! Yaşasın “Mat Rasiyya!”                                                                     
Millətlər var fil qulağında yatar, millətlər də var ayı kimi qış yuxusuna gedər. Şimal qonşumuz Rusiyada ikinci vəziyyətdir. Qışdan bəri ABŞ-in xüsusi xidmət orqanları internet və social şəbəkələr vasitəsilə Tunisin, Misirin, Liviyanın, Suri­yanın, Yəmənin, Bəhreynin əhalisini qızışdırıb küçələrə çıxardıb və artıq  bir neçə ölkədə hakimiyyəti özü istədiyi kimi devirib də. Amma yalnız bu günlərdə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin demokratiya və insan haqları üzrə sözçüsü Konstantin müəllim Dolqov yoldaş ABŞ-in kölgə interneti yaradılması planlarının əleyhinə çıxış yapıb. İndi başa düşüblər ki, Qərb bu yolla özünün dünya ağalığı iddialarını gerçəkləşdirir. Amma Konstantin müəllimin kəskin ittihamları da çox gülüncdür. Axı ittiham etməklə nəyə nail olmaq olar ki?  Əsas odur ki, xalqları vir­tual təsirlər yolu ilə qarşıdurmalara, çevrilişlərə, qiyamlara qaldıran ABŞ xüsusi xid­mətlərinə qarşı əks- variant və əks- zərbə  təqdim edə biləsən. Bu yoxdursa, ba­şını aşağı sal və sus İvan... Kolya!
 Rusiya prezidenti postuna təyin olunmuş  Dmitri Medvedyev  nəhayət ki, beş il əvvəl başlanmış “padşah-padşah” oyununun hamıya gün kimi aydın olan “sir­lə­rini” “The Financial Times” qəzetinə müsahibəsində kişi kimi etiraf  etmişdir. Belə ki, 2012-ci il president seçkilərində ölkənin hazırkı Baş nazir ştatından   maaş alan Vladimir Putinlə  rəqib olmayacaqlarını bildirmişdir.
“Malades” Dima, qarabala Obama bütün dünyanı barmağına dolamaq iddiasında olduğu halda sən təkcə Rusiyanı aldada və əyləndirə bilməyəcəksənmi? Bu yerdə bizim Atoppa deyərdi ki, bacarana can qurban, bacarmayana … “Ruskaya vodka”!
 Rusiya   paytaxtı Moskva bizim gözəl Bakıdan 4-5 dəfə böyük və əhalisi  bir o qədər çox olduğu üçün orada tıxac  məsələsi də bizimkindən qat-qat böyükdür. Be­lə ki Moskva şəhərində təkcə ali dövlət məmurlarının sayı 25 min nəfərdən çoxdur. Hərəsi də şəhərin bir tərəfiində yaşayır. Gün ərzində təkcə onları 25 min maşın evdən işə, işdən evə daşıyır. Medvedyev müəllim Peterburq iqtisadi forumunda çıxış edərkən bildirib ki, bunun qarşısını almaqdan ötrü Moskva şəhərinin sər­həd­lərini genişləndirmək və yeni hakimiyyət şəhərciyi salmaq lazımdır. Onda bütün məmurlar bu şəhərcikdə yerləşdirilər və əsas şəhərin canına düşməzlər. Nəticədə Moskva mərkəzi bir xeyli maşından azad olar. İlk baxışdan cazibədar olsa da, hakimiyyət strukturlarının digər orqan, təşkilat və xalqla daimi təmasda işlədiyini nəzərə alsaq onda Moskva mərkəzində sıxlıq bir qədər azalsa da bu yeni şəhərciyin yollarında  daha dəhşətli tıxacaqlar yaranacaq.
 Rusiya Dövlət Duması  “Pivə və az miqdarda alkaqollu içkilərə qadağa” barə­də qanun layihəsini ikinci oxunuşda müzakirə edəcək. Yəni, ölkədə pivə satışına qadağa qoymaq istəyirlər. Çünki əksəriyyət vətəndaşların canında o qədər spirt var ki, adicə pivə içməklə də sərxoş ola bilirlər.  Amma Sovet hökumətinin xır-xır vax­tı  alkoqolizmə qarşı mübarizəyə qalxmasının onun üçün nə ilə nəticələndiyini  də xa­tırlamaları lazım. Rusiya vətəndaşının əlindən “butulkanı”  almazdan əvvəl bu­nun əvəzində daha maraqlı nəyin verilməsini müəyyən etmək lazımdır. Yoxsa ki, ac qılınca… “paxmel” əyyaş lap raketə çapar!
 Rusiyada deyəsən bəzi liderlərin əli aşağıdır. Belə vaxtlarda liderlər onu-bunu məhkəməyə verməklə, yəni guya ki, onlara dəymiş mənəvi ziyana görə maddi təzminat tələb edirlər. Məsələn, Çeçenistan futbolçusu Ramazan Kadırov  Ru­siyanın “Memorial” huquq Müdafiə mərkəzinin rəhbəri Oleq Orlovu məhkə­məyə ve­rib.  Təzminat haqqı isə 150 min rubldur. Guya ki, Orlov Kadırovun 2009-cu il­də Rusiyanın huquq müdafiəçisi Natalya Estemirovanın ölümündə günahkar bilib və bununla da ona böhtan atıb. Moskva məhkəməsi bizim Biləcəri məhkəməsi deyil ki! Məhkəmə hüquq müdafiəçisinə bəraət verib. Amma Ramazan əl çəkmir. Kişinin son illər “rasxodu”  böyəlib axı.Yoxsa məhkəməni “almaq” üçün pul xərc­lə­məyə xəsislik etməzdi. Dünya futbolunun Maradona kimi ulduzlarını Qroznıya (oxu:Cövhərqalaya) dəvət etmək havayı başa gəlmir-e! Xalqın milli ruhunu qaldır­maq, qəmdən-kədərdən qurtarmaq, üzünü güldürmək üçün soyunub məşhurlarla futbol oynamaqdan yaxşı nə ola bilər ki!? Hələ qol vurmağı demirəm! Qəhrəman çeçen xalqının qarşısında bu qədər möhtəşəm xidmətdən sonra indi gəlib bir vəkilə uduzasan?! Ramazanın yerində kim olsaydı 150 yox, lap 250 min rubl tələb edərdi!
* Rusiya qardaş Belarusiyanı iqtisadi böhrandan çıxartmaq üçün ona 3 milyard dollar kredit vermək barədə Kiyevdə sənəd imzalayıb. Amma Belarusiya prezi­denti A.Lukaşenko da pul almaqda özünə görə bir oğlandır axı! Bu yandan borc is­tə­yir, o biri yandan isə öz ölkəsindən Rusiyaya mal idxalının qarşısını alır. Buna gö­rə Rusiya indi kredit verməyi dəbbələyir. Ruslar kredit verməklə Belarusiyanın daxili siyasətinə hakimlik etmək iddiasındaymışlar. İkisi də slavyan qardaş olduğu üçün onların bu cür ziddiyətli siyasətini qərb dövlətləri başa düşmək istəyir. Amma başa düşməyəcəklər. Çünki buna görə ya rus olmaq lazımdır, ya da belarus!
* Rusiyanın baş naziri Vladimir Putin  bəyan edib ki, Suriya rəhbərliyinə ölkədə  qan tökülməsinin qarşısını almaqdan ötrü təzyiq göstərməlidir. Öz daxilində Çe­çe­nis­tan problemini top-aftomat-raket  gücünə həll edən, on minlərlə çeçenin qanını tö­­kən bir dövlət rəhbəri, başqasına yaxşı dərs vermək istəyir. Adama deyən la­zım­dır ki, bu yolu bilirdin, elə özün də istifadə edəydin də. Öz köhnə dostlarına kritik mə­qamda belə arxa çevirmək ənənəsinin ən bariz nümunəsi Rusiya İraq və Misir iq­ti­darına münasibətdə göstərmişdi. Bu minvalla gedərsə, Rusiyaya daha kimsə eti­bar­lı dost münasibəti bəsləməyəcək. Çünki bu gün Suriyada baş verən olaylar hər öl­kənin qapısını döyə bilər.
 Moskvada günün günorta çağı xüsusi təyinatlı “Vityaz” qrupunun  zabitinə  odlu silahdan atəş açılıb. Ölməsə də ölümcül yaralanıb. Adam Çeçenistan  əməliy­yat­larında xüsusi amansızlığı ilə fərqlənibmiş. Bundan 10 gün əvvəl isə şəhərin or­ta­sında daha bir “Çeçenistan müharibəsinin veteranı” odlu silahla qətlə yeti­ril­miş­di. O, bir çeçen qızını zorlayıb, sonra qətlə yetirdiyinə görə həbs olun­muş, azadlığa yenicə çıxmışdı. Keçmə çeçenlərin intiqam hissindən! Bu minvalla davam etsələr gec-tez indiki Rusiya iqtidarına gedib çıxacaqlar. Bundan ötrü əsas odur ki, indiki iqtidar devrilsin. Bu devrilmə onlara çooox baha başa gələ bilər!
 Rusiyanın futbol çempionatında görünməmiş hadisə baş verib: “Zenit” klu­bu­nun futbolçusu Nijni-Novqorodda oyundan sonra öz maykasını koman­da­sı­nın az­ğınlaşmış azarkeşlərinə tullamaq üçün  qaçış meydançasına daxil olanda daxili qo­şun­ların zabiti onu elektro-şokla vurub və bu vəziyyət kameralara düşüb. Klubun bütün azarkeşləri bununla bağlı hiddətlənib və ayağa qalxıblar. Bu da olub ölkənin yazmaq və danışmaq üçün daha bir mövzusu. Onsuz da dəyirman öz bildiyini edəcək, arada çax-çaxı baş ağrıdacaq.
 Rusiya Dumasının sədri Boris Qrızlov “Nezavisimoy qazeta”da dərc olunmuş  məqaləsində narkomanların çinayət məsuliyyətinə cəlb edilməsi haqda fikirlər ya­zıb. Belə ki, hər narkoman ən azı 20 nəfəri yoldan çıxardır və öz gününə qoyur. Amma Rusiyanın “İnsan haqları hərəkatının” lideri Lev Ponamaryov bu fik­ri mə­su­liyyətsiz çağırış adlandırıb. Çünki narkomanlar xəstə insanlardır və onların hü­quq­ları qorunmalıdır. Görünür bu Lyovanın öz qohum-əqrabasının içində nar­ko­man kifayət qədər çoxdur. Yoxsa dürüst adamların mühafizəsinə deyil, nar­ko­man­ların müdafiəsinə qalxmazdı.
Rusiya prezidentinin Uşaq hüquqları üzrə müşaviri P.Astaxov bəyan edib ki, ölkədə 700 minə yaxın sahibsiz uşaq var və heç II Dünya müharibəsindən sonra bu qədər yetim-yesir olmayıb. Həm də ona görə ki, ailələr sürətlə dağılır, uşaqlar sa­hib­siz qalır. Və buna görə də ailələri qorumaq dövlətin ən başlıca vəzifəsidir. Am­ma Astaxov bunun yolunu göstərməyib. Bir yolunu biz – müsəlman şərqlilər gös­təririk, amma bunu qəbul edə bilmirlər. “Qadın, kişi öz həyat yoldaşına qarşı ömür­lük necə sədaqətli qala və içkini necə tullaya bilər axı?!” deyə düşünürlər.
 Rusiyanın “Kommersant” qəzeti sosioloji institutun “20 illik islahatlar ru­si­ya­lının gözü ilə” adlı geniş tədqiqat işini dərc etmişdir. Sorğularda iştirak edən 34 % rusiyalı – hər 3 nəfərdən biri bütün rüşvətxorları yerindəcə güllələməyi arzu­la­yır­mış. İlk baxışdan xoş görünən bu nəticənin naxoş tərəfləri kifayət qədər çoxdur. Axı elə çıxır ki, yerdə qalan 66% aktiv rusiyalı zır rüşvətxor imiş. Hər bir adamın qarşı tərəfdə ən azı bir qohumunun olduğunu fərz etsək, bu istəyin gerçəkləşməsi ölkədə vətəndaş müharibəsinə səbəb ola bilər. Bundansa, yaşasın rüşvətxorluq!?
 “Mamacan”, Rusiyada bu cür qeyri-adilikləri toplamaqla məşğul olsam, buna nə vaxt çatar, nə də hövsələ! Əgər bəzən göydən təyyarə yağırsa, bəzən raket baza­sında anbarlar partlayırsa, bəzən skinxetlər küçələrdə və bazarlarda qeyri-ruslara qar­şı açıq mübarizə və döyüş aparırlarsa, bütün bunlar bizə heç də Rusiya barə­sində sərt düşünməyə əsas vermir. Çünki biz burada törətdiklərimizi öz ölkəmizdə  həyata keçirtsək, bizi millətçi qruplar dirəklərdən tərsinə asarlar. Ona görə də Rusiyaya can qurban! Bir nəfər ağzıgöyçək deyəcək ki, gəlmələr olmasa Rusiyada can qalmaz . Ona görə də biz buradayıq! Sual verə bilərsiniz ki, bəs Rusiya bizə nə borcludur? Mən deyirəm: “Heç nə!” Bəs siz nə deyirsiniz?  Bu barədə bizə yazın. 
  
                                                                                               Hörmətlə, 8-ci oğlun Dayandur!”

alt
Hafiz Mirzə             

Комментариев нет:

Отправить комментарий