“Çərçivəsiz” ədəbi qrupu
Provinsial sinema- 5
Лови,
человечество,
Мои обрывки
Косые выкройки-
Из них пошьешь
Костюм
по будущей
моде!..
А. Крученых, Баку, 1920
İçmək istəyirdim. Dükançının mənə nisyə verməyəcəyi malları siyahısında ilk yerləri spirtli içkilər tutur. Guya mən içrafçılığa yol verirəm, su əvəzinə araq, kompot əvəzinə şərab içirəm, onun da dədəsinin şərab zavodu yoxdu, babası araq istehsal eləmir, xaricdəki qohumlarından miras qalmayıb, qəfil ölüblər, vəsiyyət eləməyə macal tapmayıblar. Bu tərəfdən də mən bunu müflisləşdirirəm. Əclafa top vursan dağılmaz, amma bir şüşə şərabı nisyə verən kimi müflisləşir, az qalır çarəsizlikdən əl açıb dilənsin, qarşısına çıxan ilk telefon dirəyindən özünü assın.
Şkafların yeşiklərini axtarır, bir banka kofe tapıram. Neyləməli, kofe ilə keçinəsi olacağam. Bankanı açmaq asan deyilmiş, açılmır, bir sıra alətlərdən istifadə eləyirəm, mümkün olmur. Döyüşürük, vuruşuruq, sən bir buna bax, tənəkə banka mənə qalib gəlmək istəyir. Əlimin üstü doğranıb, üzümdə aypara şırım açılıb. Banka, deyirəm, sən insana qalib gəldin!
Bir az düşünüb texniki yenilikdən istifadə eləməyi qərara alıram, texniki yenilik də ibarət olur dəmir kəsən mişardan. Bankanı mişarlayıb açıram və texnika əsrində yaşadığım üçün qürur hissi keçirirəm.
Qəlbimdəki qürur hissi bilmərrə yoxa çıxır, bankada kofe əvəzinə qapqara daş var. Dükançı, indi sənə insan demiş olarsam, planetin beş milyard əhalisini təhqir etmiş olaram. Heyvan əsla demək olmaz, belə təhqiri heyvanlar mənə bağışlamazlar. İnəklər evimin yanındakı yamacda otlayır, göyərçinlər pəncərəmə çırpılıb məni yuxudan oyadır. Gürzələr arxda su içir, sürünüb biçənəyə gedir, orda fısıldayıb təbiətdə harmoniya yaradırlar. Sərçələr bağda cəh-cəh vururlar, axşamlar onlar susanda isə cırcıramalar ara-sıra fasilələrlə öz monoton ariyalarına başlayırlar. Bilsələr buna heyvan demişəm, tufan qopar, əməlli başlı inciyərlər. Sadəcə olaraq tip demək olar, belə də deyirəm. Tip, sən nə cürətlə romanını tamamlamaq üzrə olan yazıçıya əsrin əvvəllərində ölkəyə gətirilmiş kofeni sırıyırsan? Yoxsa bu da Türkiyədə hansısa milli azlıq tərəfndən podval istehsalıdır? Sən haçana kimi camaata poddelka mallar sırıyacaqsan? Tip mızıldayır, yazıçı və onun romanı haqqında ədəbsiz ifadələr işlədir. Yaxasından yapışıram, son dərəcə mədəni şəkildə iki-üç dəfə çəkirəm, tipin divara qarşı alergiyası var imiş, huşunu itirir. Üzünə soyuq su vururam, ağlı başına gələndən sonra təzədən ibtidai icma quruluşunun istehsalı olan kofeni nə cürətlə yazıçıya sırıdığını soruşuram. İnanılası deyil, tip yenə də burnunun altında mızıldayır, yazıya alınası mümkün olmayan ifadələr işlədir. Yaxasından yapışıram, amma çəkməyə macal tapmıram. Polis gəlir, işin nə yerdə olduğunu öyrənir, məlum işdir, batdım, stolun üstündəki roman və həyətdəki naves yarımçılıq qaldı, qabağına it çıxdımı, üç-dörd ay yazıb-yarada bilməzsən.
İnanılası deyil, vah bə, olurmu… u?! Polis qardaş, özcə qardaşımız nə desə yaxşıdı, sənin vətəndaşlara zay məhsul satmağa haqqın yoxdu! Fürsətdən istifadə edərək vurduğu zərərin əvəzini tələb eləyirəm. Tip çarəsiz halda başqa bir kofe bankasını götürüb mənə uzadır, dəhşətdən sifətim əyilir. Deyirəm o qiymətə bir şüşə şərab ver, yenə mızıldanır, amma şərabı da verir. Söz yox, dədəsinin şərab zavodu olmadığını, babalarının araq istehsal eləmədiklərini xatırlatmağı da unutmur. Lavaş çörəyi, bir az pendir də istəyirəm. Çarəsiz verir, əyilib qulağıma pıçıldayır:
-Haçan?
-Sabah,- deyirəm.
-Sənin sabahlarının sonu olmadı də!
-Yanılırsan, -deyirəm,- insan ömrü əbədi deyil.
-Sabahlar isə əbədidi!
-Bizə nə dəxli? Biz sabahların yox, bu günlərin hesabını aparmalıyıq.
Tip dükandan çıxır, arxamca baxıb demoqoqlar haqqında xeyli ədəbsiz sözlər işlədir. Dönüb baxıram, əsəb içindədir, köynəyinin yaxası açılıb, tüklü sinəsi tərdən işıldayır. Arxadan gombul bir arvad peyda olur, gombul deyəndə yarım ton olardı, tipin arvadıymış, hay-küyü eşidib gəlibmiş. Vah bə, qardaş! Gurulda ki guruldayasan, səsi küçəni başına götürüb, göy gurultusu qələt eləyir. «Ay sənin romanını… Ay sənin romanının filan şeyini… Ay sənin dədəbədədənin romanını…!» Başımda tüklərm biz-biz durur, arvad yorulmur, qardaş, coşduqca coşur, əsim-əsim əsir, filan şeylərini dəfələrlə romanın üzərinə endirir. Tip arvadının qoluna girib onu sakitləşdirməyə çalışır: «Bir bəladı də keçib kəndin boğazına…» Qulaqlarımı tutub ordan uzaqlaşıram.
Şərab şüşəsi də açılmır, lənətə gəlmiş şüşə verir ayağını yerə, dirəşir! Şüşə, mən səni məğlub eləyəcəyəm, deyirəm! Şüşə isə bir az da qaralır, başıma dönərsən, deyir. Vuruşuruq, dəmir çəngəl əlimə batır, ağrıdan ürəyim göynəyir, ancaq döyüşü yarımçıq buraxmağı özümə sığışdırmıram. «Lələm dedi gəl qayıdaq bu yoldan, dedim Ziyadxan oğluyam, şərəfimə ar gəlir…»- misralarını hayqırıb daha əzmlə, qətiyyətlə döyüşə girişirəm. Həyətimizdə qovdu-tutdu oynayan uşaqlar dayanıb mənə baxırlar. Çəngəl də əlimdəki dəsmalı keçib daha əzmlə ətimə batır. Əsəbdən yenə nərə çəkirəm. Şüşə də mənə qalib gəlir! Öldürəcəksənmi ya?!
Qonşunun oğlu atasının belə şüşələri çox açdığını deyir, qaçıb gedir və balaca bir alətlə qayıdıb gəlir. Nəsə burma-qazıntı işləri aparır, şüşəni ikicə dəqiqəyə açıb verir əmiyə! Sağ ol, kişioğlu! İlahi, bizdə uşaqların necə də böyük ürəyi var imiş!
Şərabı stəkana doldurub birnəfəsə başıma çəkirəm, pendirdən bir qırıb kəsib ağzıma atıram. Off… dünya varmış!
***
Gündəliklərimə son qeydlərimi apardıqdan sonra yadıma düşdü ki, bu gün dostumun oğlunun ad günüdür, axşam yığışıb qeyd edəcəklər. Dostuma axşam işim olacağını demişdim və planlaşdırmışdıq ki, günorta ikimiz oturub bu münasibətlə boğazımızı yaşlayaq. Qələmi və qırx vərəq dəftəri şkafın tozlu gözünə tolazlayıb küçənin o biri başına götürüldüm.
Dostum bostandan kartof çıxardı, göy soğan yığdı, hardansa motal pendiri tapdı. Mən kartofu qaynatmağa girişdim, dostum gedib mağazadan bir şüşə araq alıb gətirdi.
-Dolanmaq çətindir, qardaş. Arvadım İran bazarında alver edir. Səhərin gözü açılandan ta günbatana kimi arvadla ikimiz əlləşirik. Mən daşıyıram, arvad satır. Heç bir kiloqram ətin pulunu çıxara bilmirik. O qədər alverçi var, heç bizə imkan vermirlər. Ərkivan turpu, Lənkəran limonu, Masallı pomidoru, Göyçay narı, Zaqatala fındığı olanda yenə də birtəhər çörəkpulu qazanırıq. Onlar olmayanda Gədəbəy kartofu satırıq, onu da ki İran kartofu öldürüb. Yenə də birtəhər çak-çuk edirik. Neyləyək, gedib dilənməyəcəyik ki? İndi hamı çak-çuk edir. Birtəhər ailəni saxlamağı bilirsənsə, elə zirək adamsan.
-Çətindir, çətin,- buğlanan kartofu soya-soya başımla təsdiqlədim.
-Dolanmaq olur e, hökumət çinovnikləri qoymurlar, qardaş. Vergi gedir, sosial müdafiə gəlir, o gedir, sahə müvəkkili gəlir, o gedir, tərəzi yoxlayan gəlir, o gedir, bazarkom gəlir. Bir az çak-çuk edirik, onu da bunlar alırlar. Qalmışıq məəttəl. Nə edək, necə dolanaq? Bilmirəm, qardaş.
-Qozuna qoyma, süz gəlsin. Onsuz da düzələn deyil, belə gəlib belə də gedəcək.
-Sənin nə kefinədi e, bir şeyindi, bir də boğazın. Evlənərsən, onda görərəm! Qəddi-qamətin əyilib burnun yerə çatacaq.
-Vur getsin, qoy dünya batsa da, batsın.
-Rəhmətlik Martin Haydeger demişkən, gəlin bu iblisə bir iş tapayın, bir dənə də arvad alayın…
-Kəs səsini! Hələ bu da dünən qardaşımın yanında mənə get oğlu get deməyin deyil! Əsəbdən əllərim göyərmişdi.
-Səndə oldu günah! Sən də bizim qızlara töhmət vurursan? Belə olmaz, onlara bir vəkil lazımdır, ya yox?!
-Qızlarımız ərə gedəcək, bəs bizi kim dəfn edəcək? Qoy evdə qarısınlar. Şərəfə!
- Tatuajlı bu əl səni boğacaq, tabuta mindirəcəklər, yabı!..
Tut ağacının kölgəsində oturub vururduq. Dostum keflənmişdi, gözləri gülürdü. Yenə də Rusiyada bir yerdə keçirdiyimiz günləri xatırlayıb gah heyfslənir, gah gülür, arada da mahnı oxuyurdu: «Niyə məni, niyə məni ağ kəfənə bükürlər, ay anacan?» Mən də arada ona qoşulurdum: «Bu sənin bəy kostyumun, get balacan, get balacan!» Təzəcə qol-qola girib xorla: «Avara, can ay nəşəxor bala, biçarə, can ay qumarbaz bala!»- oxuyurduq ki, qadını İran bazarından qayıtdı. Qaşqabağını sallamasından və salam vermədən yanımızdan ötüb evə daxil olmasından başa düşdüm ki, durub əkilmək vaxtıdır…
***
Xatırladığıma görə, yaşımdan belə sərxoş olmamışdım. Sadəcə, çox içəndən sonra kiminləsə zarafat etmək həvəsim yaranardı, onda belə vaxtlarda həmişə olduğu kimi özümü Elsevənə tərəf verirdim. Elsevən həm məktəb yoldaşım, həm də uşaqlıq dostum idi. Bir məhəllədə böyümüşdük. Yazıq mənim şit zarafatlarıma artıq öyrəncəli olmuşdu.
Evimizə çathaçatda Elsevəni həyətlərində nə iləsə məşğul vəziyyətdə gördüm və «ovumu» hürkütməmək üçün arxadan, səssiz addımlarla yaxınlaşıb, onun başına yüngülcə bir qapaz vurdum. Mən içdiyimi çox vaxt ona belə biruzə verirdim. Əlini cibinə salıb, həmişə cibində gəzdirdiyi bıçağı çıxartdı, zarafatla məni hədələməyə başladı. Sonra nəsə aləm qarışdı bir-birinə, görünür lap çox içmişdim, çünki zarafatı heç vaxt gətirib bu həddə çıxarmazdım. Deyəsən, Elsevən də bunu başa düşmüşdü, hardansa bir vedrə buz kimi su gətirib qəflətən üstümə atdı. Mən qəzəblə durub ona baxıram, «adamı belə ayıldarlar»- deyib qəhqəhəylə gülür...
Üst-başımı qurutmaq qərarına gəldim, dəsmal tapmaq ümidilə elə əlimdə Elsevəndən dartışdırıb aldığım bıçaq gözümə ilk görünən qapıdan içəri keçdim və…
Qıztamam xala çarpayıda uzanıb zarıldayırdı. Onun başına və əllərinə sarınmış ağ tənzifdə quruyub laxtalanmış qan ləkələri görünürdü. Dəhşət!.. Qıztamam xalanın harasa dikilmiş, heyrət dolu gözlərindən daha çox qorxu oxudum. Hamısından qəribəsi, heyrətlisi isə Qıztamam xalanın çarpayısının yanında birdən-birə peyda olan Gülay və onun gözlərindəki o vəhşi ifadə idi. Ümumiyyətlə, hər şey qəribə, sirli bir görkəm almışdı. Axı, Gülay niyə məni nifrətlə süzərək o tərəf bu tərəfə qaçırdı?.. Üstəlik də, hansısa anlaşılmaz qüvvə mənə təlqin edirdi ki, Qıztamam xalanın bu hala düşməsində günahkar mənəm. Elə əlimdəki bıçaqla…
Bütün bunların tezliklə bitməsini, bu qorxulu yuxunun tez qurtarmasını arzuladım. Lakin Gülay Qıztamam xalanı qaldırıb qoluna girdi və həyətə çıxardı. Hə, belə görünür, əlavə problemlər yaranacaqdı. Başımı buladım, beynimdən «Qancıq, mənsə səni gör necə sevirdim»- fikirləri sürətlə çapıb keçdi. Ana və qızı rəhmətlik Nəcəf kişinin yadigar qoyub getdiyi bağa tərəf milləndilər və ağacların arasında gözdən itdilər. Birdən-birə hər tərəf zülmət qaranlığa qərq oldu. Amma havanın belə tez qaralmağı məni təəccübləndirmədi…
Başımı tutub oturdum. Yaşadığımız kənddə belə hadisələrin nə ilə nəticələnəcəyini gözəl bilirdim. Bir daha arzuladım ki, bu yuxu olsun, yuxuda hər şey ola bilər. Amma nədənsə yenə narahatlıq məni bürüdü, nəfəsim tutulur, heç cür sakit ola bilmirdim. Axı Qıztamam xalaya heç əlim də dəyməmişdi. Düzdür, Qıztamam xalanı o qədər də sevmirdim, ancaq nifrət də etmirdim. Onun, üstəlik də dəlicəsinə sevdiyim qızı Gülayın məndən qorxub qaçmaları isə dözüləsi hal deyildi…
Bıçağı atıb bağa qaçdım. Var gücüm ilə Gülayı çağırmaq, demək istəyirdim ki, Qıztamam xalanı mən vurmamışam. Onlar elə bil qeyb olub göyə çəkilmişdilər. Qışqırmaq istədim, amma nə qədər elədimsə, səsim çıxmadı. Elə bil boğurdular məni. İnadımdan da əl çəkmirdim, ağacların arasında dövrə vurur, qışqıraraq Gülayı çağırmaq istəyirdim. Bacarmırdım, heç nə anlaşılmayan, xırıltılı səsimi özüm belə güclə eşidirdim…
Hövləkan gözlərimi açdım, mənə elə gəldi ki, bir az da gec ayılsaydım, ürəyim partlaya bilərdi. Görəsən səsim necə, tutulmamışdı ki? Yoxlamaq üçün «Gülay» dedim, səsim xırıldadı. Yavaşca başımı qaldırıb boylandım. Evimizdəydim. «Şükür ki, kamerada deyiləm»- fikirləşib başımı yastığın altına soxdum...
Bir də ayılanda divar saatının əqrəbləri yeddini haqlamışdı. Həyətdən Qıztamam xalanın şüvən səsi eşidilirdi. Əvvəl elə bildim ki, yenə yuxu görürəm. Diqqətimi topladım, özü demiş «alçaqdan danışmağı bacarmayan» arvadın dediklərini aydınca eşidirdim:
-Düz deyirsən, ay qız. Mənim o vaxtım deyil ha! Bu pyaniskadan ona ər olmaz. Şükür allaha, Elsevən pis oğlan deyil, elə Gülaya layiq oğuldur. Xeyir işi yubandırmaq günahdır, qız. Qoy bizim kişi gəlsin məsləhətləşək. Sonra Ziyadxanın ixtiyarı nədi görüm, mənim qapıma elçiliyə gələ. Getsin əvvəl oğluna ağıl duası yazdırsın. Onu bax bu əllərimlə…
Heç nə eşidə bilmədim daha. Qəhər məni boğdu. Hönkür-hönkür ağlamamaq üçün, alt dodağımı dişlərim arasına alıb sıxdım...
Bir azdan həyətdə tormoz səsi eşidildi, «uazik» maşını saxladı. Tanımadığım yad səslər ətrafı bürüdü. Həmin səslərin içində sahə müvəkkilinin ötkəm səsini tanıdım.
Комментариев нет:
Отправить комментарий