28.08.2011

AVROPANI FƏTH EDƏN FATEH SULTAN MÜHƏMMƏD


Az sərkərdə tapılar ki, Fateh Sultan Mühəmmədlə müqayisə olunsun. O, bütün ömrünü İslam dövlətinin möhkəmlənməsinə, sərhədlərinin genişlənməsinə, yeni torpaqların zəbt edilərək Osmanlı imperiyasının ərazisinə qatılmasına həsr etmişdir. Fateh Sultanın vaxtında bütün Avropa dövlətləri türk dövlətinin artmaqda olan nüfuzu və qüdrəti ilə hesablaşırdı.
Qədim tarixə malik olan iki imperatorluq, dörd krallıq, öz siyasəti ilə fərqlənən 17 dövlətin torpaqları bu qüdrətli sərkərdənin böyük hərbi məharəti və uzaqgörənliyi ilə İslam dövlətinin ərazisinə qatılmışdı.
Fateh Sultan II Muradın oğludur. O, atasının ölüm xəbərini üç gün sonra eşidir. Dərhal ata minib yola düzəlir və silahdaşlarına deyir: «Məni sevən ardımca gəlsin». Lakin şahzadənin yanında Mənisədə qalan vəzir bu səfərdən çox ehtiyat edirdi. Onun fikrincə, Sultan Mühəmməd Çeliboluya gizlincə daxil olmalıydı, çünki atasının ölümü ilə ara qarışdığından ona qarşı hər cür qəsd hazırlana bilərdi. Amma gənc şahzadə bu fikirlə razılaşmayıb Mənisədən Çeliboluya olan 6000 km-lik yolu at belində gələrək atasının dəfnində iştirak etdi. Şəhər əhli onu çox ləyaqətlə qarşıladı, öz gələcək sultanlarına şəhərdən xeyli kənarda təzim edib onu adına layiq təmtəraqla Çeliboluya gətirdilər. Sultan Mühəmməd şəhər əhalisi ilə birgə atasına yas saxladı, onlarla bərabər ağlayıb-sızladı. Ertəsi gün Sultan Mühəmməd taxta oturdu. Adətə görə, bütün xalq həmin günü şadyanalıq etdi. Bu, Sultan Mühəmmədin atasının ölümündən sonra ikinci dəfə taxta çıxması idi. Vaxtilə hələ atasının sağlığında 13 yaşında ikən taxta oturdulmuş gənc şahzadə bir müddət sonra sultanlıqdan uzaqlaşdırılmışdı.
İyirmi bir yaşlı sultan çox gözəl tərbiyə almışdı. O, türk dilindən başqa yunan, latın, italyan, fransız, ərəb və fars dillərini bilirdi, elm adamlarını sevir, onlara qayğı ilə yanaşırdı.
Yeni sultanı dünya dövlətlərinin elçiləri ardı-arası kəsilmədən təbrik etməyə gəlirdilər. Onlar gənc sultanın taxta çıxdıqdan sonrakı niyyətlərini öyrənməyə çalışırdılar. Sultan Mühəmməd isə belə məsələlərdə çox ayıq idi. O, bütün elçiləri yaxşı qarşıladı, heç bir artıq hərəkətə yol verməyərək daxilində gizlətdiyi niyyətləri büruzə vermədi. Atasının vaxtında osmanlıların vuruşduqları serb və macarlarla sülh bağladı.
Bizans imperatoru Sultan Mühəmmədin hər bir hərəkətini diqqətlə izləyirdi. O, sultanın tədbirlərindən qəzəblənərək Osmanlı sultanlığına qarşı yeni addımların atılması barədə düşünürdü. Bizans imperatorluğunun əsas məqsədi getdikcə qüvvətlənməkdə olan Osmanlı dövlətini tam qüvvədən salıb zəiflətmək, nəhayət, məhv etmək idi. Odur ki, o vaxt özü kənarda dursa da, müxtəlif yollar arayaraq bu imperatorluğu daxildən parçalamağa, onun şahzadələri, yaxud sarayın tanınmış şəxsləri arasında ixtilaf yaradıb onları taxt-taca qarşı çevirməyə çalışırdı. Buna görə də Bizans imperatorluğu dərhal Sultan Mühəmmədin yanına elçi göndərib bildirdi ki, o, Orxan Çələbi üçün verəcəyi təxsisatı çox yubadır. İndi Sultan bu təxsisatı ikiqat ödəməlidir. Əgər o bunu etməzsə, Orxan Çələbini buraxacaq, onu silah və ordu ilə təmin edəcəkdir. Bizans imperatorluğu bu dəfə Orxan Çələbidən istifadə etmək qərarına gəlmişdi.
Bəzi mənbələrin göstərdiyinə görə, Orxan Çələbi II Muradın qardaşı olub. Lakin onun anasının kim olması məlum deyildir. Bu cəhətdən taxt-tac iddiasında olan Orxan Çələbi bizanslıların yanında saxlanır, türklər hər il ona müəyyən miqdarda təxsisat verirdilər.
Sultan Mühəmməd Bizans elçilərini çox hörmətlə qəbul elədi. Onların tələblərini yerinə yetirəcəyinə söz verdi. O, növbəti səfərdən qayıtdıqdan sonra Orxan Çələbi üçün təxsisat ayırıb göndəriləcəyini söylədi. Lakin bu bir diplomatiya idi. Bizans elçiləri geri dönüb Sultanın yumşaldığını və Bizansın bütün tələblərini yerinə yetirəcəyini bildirdilər. Sultan səfərdən qayıtdı. Bizansa heç nə göndərməməyi tapşırdı. O artıq öz niyyətini gizlətmək fikrində deyildi. Qarşıda məşhur Konstantinopol şəhəri üzərinə tarixi yürüş dururdu.
Mühəmməd çox tədbirli və uzaqgörən bir sultan idi. O yaxşı dərk edirdi ki, türk sultanlarının heç birinin ala bilmədiyi Bizans paytaxtı heç də zəif müqavimət göstərməyəcəkdir. Bu şəhər möhkəm istehkamlara malik idi, yaxşı, əlverişli hərbi-strateji mövqedə yerləşdirilmişdi.
O, Konstantinopolu almaq üçün ciddi hazırlıq görməyə başladı. Onun əmrinə əsasən Bosfor boğazının o biri sahilində Rumeli qalasının tikintisinə başlandı. Bu tikinti başa çatdıqdan sonra şəhərin Qara dənizdən əlaqəsi hər bir an kəsilə bilərdi. Bu da paytaxta çörək və ərzağın daşınmasının qarşısını almaq, bununla da şəhər müdafiəçilərinin iradəsini qırıb onları aclığa təslim etmək demək idi.
Bizans imperatoru vəziyyəti belə görüb Osmanlı dövlətinin əsil məqsədini başa düşdü. Sultanın yanına elçilərini göndərdi, onlara külli miqdarda hədiyyə verdi ki, müsəlmanların bu tikintisi baş tutmasın.
Amma Sultan Mühəmməd ölkənin hər yerindən ən yaxşı inşaat ustalarını bu qalanın tikintisinə cəlb etmişdi. Bizans imperatorluğunun nə hədiyyələri, nə də yalvarışları onu bu məqsəddən döndərə bilməzdi. Konstantinopolun alınması üçün böyük hazırlıq işləri sürətlə davam etdirilirdi.
Sultan Bizans imperatorunun xaricdən kömək gözlədiyini bilib ən əvvəl onun yaxınlıqda olan qardaşlarına qarşı qəti hərəkət etdi. Türk qoşunları Morada hakimlik edən imperatorun hər iki qardaşının müqavimətini tezliklə qırdı. Artıq imperator nəinki xarici ölkələrdən, hətta doğmaca qardaşlarından belə yardım ala bilməzdi. Bütün yollar tutulmuşdu.
Sultan Mühəmməd Konstantinopolu almaq üçün nəhəng bir top tökdürmüşdü. Bu topun diametri 3 metrdən çox idi. Hər bir mərmisinin ağırlığı isə 1500 kq-a bərabərdi. Bu topa təxminən 1000 nəfərə yaxın döyüşçü xidmət edirdi.
Topun gətirilməsi Rumeli bəylərbəyisi Dayı Qarağa Paşaya tapşırılmışdı. O, bu topun keçəcəyi bütün yerləri qabaqcadan bizanslılardan təmizləyir, onun irəliləməsinə lazımi şərait yaradırdı. Bizanslılar bir çox şəhərləri boşaltmışdı, onların əksəriyyəti Konstantinopola qaçaraq orada özlərinə sığınacaq tapır, şəhər üzərinə nəhəng bir topun gətirildiyini xəbər verirdilər.
Müsəlman ordusunda 100 min nəfər döyüşçü Konstantinopol uğrunda vuruşmaya cəlb edilmişdi. Lakin bəzi Qərb tarixçiləri bu rəqəmi şişirdərək döyüşçülərin miqdarının hətta 250 min nəfərə çatdığını iddia edirlər.
1453-cü il aprelin 4-də Sultan Mühəmməd Konstantinopolu mühasirəyə almaq barədə əmr verdi. Qeyd edək ki, mühasirə planına qədər gənc sultan düşmənin bütün müdafiə obyektlərini, istehkamların sxemlərini mükəmməl öyrənmişdi. O hətta Bizans imperatorunun yeni tikilən qalaya göndərdiyi elçiləri belə geri qaytarmamış, əvvəlcə onları həbs etdirmiş, sonra isə hərbi-strateji mövqelərini gördüklərinə görə onları öldürtmüşdü. Artıq Bizansın hər yer ilə əlaqəsi kəsilmişdi. Sultan Mühəmməd imperator Konstantinə təslim olmağı təklif etdi. Ona bildirdi ki, əgər o təslim olarsa, heç kimə əl vurulmayacaq. Əks halda isə heç kimə aman verilməyəcək. Lakin şəhərin sakinləri təslim olmaq təklifini rədd etdilər.
Döyüş türk toplarının gurultusu ilə başladı. Osmanlı topları o dövrdə çox qüvvətli idi. Bizans kimi yüksək inkişaf etmiş bir imperiyada bu toplara bərabər tutulan toplar yox idi. Bizans toplarının atdıqları mərmilər hədəfə çatmır, İslam qoşununa heç bir xətər yetirə bilmirdilər.
İlk günlər hücum nə qədər dəhşətli olsa da, müsəlmanlar qələbə qazanmadılar. Hətta dəniz döyüşündə Roma papasının göndərdiyi gəmilər türklərin bir xeyli gəmisini yandırdı. Lakin bu hələ müharibənin başlanğıcı idi. Hər bir hücum həm də düşmənin qüvvətli və zəif nöqtələrini aşkara çıxarırdı. Sultan müharibənin gedişini diqqətlə izləyir, mövcud şəraitə uyğun taktiki göstərişlər verirdi.
Vəziyyət getdikcə gərginləşirdi. Müsəlmanlar artıq xeyli müddət Konstantinopolu mühasirədə saxlamalarına baxmayaraq, əsaslı bir müvəffəqiyyət əldə edə bilməmişdilər. Buna görə də lağım qazmağa başlamışdılar.
Bundan əlavə, Qərb dünyasından alınmış bəzi xəbərlər yaxın gələcəkdə çox böyük vuruşmaların olacağından xəbər verirdi. Roma papası bütün Qərb dövlətlərini Bizansa yardım etməyə, növbəti Səlib yürüşlərinə çıxmağa çağırırdı. Digər tərəfdən isə Bizansın köməyinə macarlar da gəlməyə can atırdı.
Müsəlmanların lağım qazması xəbəri bizanslıları çox təşvişə saldı. Artıq onlar şəhərin son günlərinin yaxınlaşdığına şübhə etmirdilər. Bizans imperatoru Konstantin Sultan Mühəmmədin yanına elçi göndərmişdi ki, biz sənin bütün şərtlərinə razıyıq. Müharibəni dayandır.
Lakin bu dəfə sultan elçiyə belə cavab vermişdi:
– Ya mən Bizansı alacağam, ya da Bizans məni!
İslam sərkərdəsi tarixdə hələ bu günə qədər misli-bərabəri olmayan bir taktikanı həyata keçirdi. Bir gecənin içində 70-dən artıq gəmini üzərinə piy çəkilmiş taxtalar vasitəsilə körfəzin bu başından o biri tərəfinə quru yol ilə apartdırdı. Səhər tezdən şəhərin müdafiəçiləri oyandıqda artıq Osmanlı eskadra­sını öz qarşılarında gördülər. Heç kim bu tərəfdən hücum gözləmirdi. Odur ki, İslam gəmilərinin divar önündə görünməsi istehkamçıları istər-istəməz vahiməyə saldı. Bizans gəmiləri artıq təhlükə altında idi. Onlar vəziyyətin çıxılmaz olduğunu görüb İslam gəmilərini yandırmağa cəhd göstərdilər. Lakin İslam dənizçilərinin cəldliyi burada da qələbəni təmin etdi. Bütün Bizans gəmiləri top atəşilə yandırıldı.
Bundan əvvəl qalanın bombardman edilməsi nəticəsində divarlarda açılmış dəliklərdən içəri girən müsəlman döyüşçüləri heç bir uğur qazana bilməmişdilər. Bizans qoşunu onları içəridə məğlubiyyətə uğratmışdı.

İmperator Konstantin rəqib döyüşçüləri arasında vahimə yaratmaq, öz gücünü nümayiş etdirmək məqsədilə 260 nəfər müsəlman əsgərinin boynunu vurdurub başlarını şəhərin divar bürclərinə sancdırmışdı. O, bununla İslam qoşununu qorxutmaq istəyirdi. Lakin bu hadisə müsəlmanları daha da qəzəbləndirdi, öz silahdaşlarının, şəhid olmuş əsgərlərinin düşməndən qisasını almaq istəyi onları daha əzmlə, cəsarətlə hücuma keçməyə sövq etdi. İmperator Konstantin isə bunu gözləmirdi.
Sultan qalanı almaq məqsədilə bu gün də tarixçilərin böyük heyranlıqla yazdıqları özüyeriyən bir qüllə düzəltdirmişdi. Özlüyündə çox böyük ixtira olan bu qüllə cəmi dörd saat ərzində hazırlanmışdı. Qüllənin hündürlüyü Konstantinopolun divarlarından hündür idi. O həm içəridən, həm də xaricdən dəvə və öküz dəriləri ilə ikiqat örtülmüşdü. Qüllədə toplar yerləşdirilmişdi. Arxa tərəfində isə 500 metr uzunluğunda üstüörtülü bir yol salınmışdı. Döyüşçülər bu yol ilə qülləyə daxil olurdular. Bundan əlavə, qüllədə həmçinin mancanaqlar da qoyulmuşdu. Qala önündəki xəndəkləri doldurmaq, qüllədə müxtəlif şeyləri qoymaq üçün yer də ayrılmışdı.
Son dərəcə böyük, həm də özüyeriyən bir qülləni görən bizanslılar dəhşətə gəlmişdilər. Yenidən şiddətli döyüş başlamışdı. Müsəlmanlar bu qüllə vasitəsilə çox şeyə nail oldular. Şəhərin divarları bir neçə yerdən yarıldı, xəndəklər dolduruldu. Ən başlıcası o idi ki, Sultan hər dəfə belə qeyri-adi ixtiraları nümayiş etdirdikcə şəhər müdafiəçilərinin iradəsini qırmağa nail olurdu. Özüyeriyən qüllə öz işini gördükdən sonra bizanslılar tərəfindən top atəşilə dağıdılsa da, hərb tarixində görünməmiş orijinal bir ixtira kimi qeyd edildi.
Artıq hamı şəhərin son günlərinin yaşadığını bilirdi. Bir-iki güclü hücumdan sonra Konstantinopol tam məğlub olacaqdı.
Sultan qan tökməyi dayandırmaq məqsədilə Bizans imperatorunun yanına elçi göndərdi. Elçi sultanın şəhəri təslim etməsi təklifini irəli sürdü. Əgər şəhər yenidən qan tökülmədən təslim olarsa, o, öz ailəsini və xəzinəsini də götürüb gedə bilərdi. Şəhərə daxil olacaq müsəlman qoşunlarının əhaliyə toxunmayacağı barədə təminat da verilirdi.
Ancaq imperator öz əyanları ilə məsləhətləşdikdən sonra Sultana belə xəbər göndərdi ki, mən təslim olmağı, şəhəri müsəlmanlara verməyi yox, istədiyi vergini ödəməyi üstün tuturam.
Bizans imperatorundan rədd cavabı alındıqdan sonra sultan macarların elçisini qəbul etdi. Elçi Konstantinopoldan mühasirənin götürülməsi tələbini irəli sürdü və bildirdi ki, artıq bir xeyli gəmi Osmanlılara qarşı vuruşmaq üçün yola düşmüşdür.
Sultan Mühəmməd əhvalını qətiyyən pozmadı və əlinin işarəsi ilə onları topların qarşılayacağını göstərdi.
Osmanlı sultanlığında açıq-aşkar ikitirəlik yaranmışdı. Elçinin gətirdiyi xəbərdən bəzi sərkərdələr çox narahat olmuş, dərhal mühasirənin aradan qaldırılması təklifini irəli sürmüşdülər. Onların fikrincə, ordunun həm macarlarla, həm də bizanslılarla vuruşması sultanlığın məhvinə gətirib çıxara bilərdi.
Lakin Sultan Mühəmmədin əhatəsində olan bəzi sərkərdələr bütün çətinliklərə baxmayaraq, şəhərin fəth edilməsi tələbini irəli sürdülər. Gənc sultan da bu fikirdə idi. O, şəhərin mühasirəsini davam etdirməyi, səhər qəti döyüşə hazırlaşmağı tapşırdı.
Hamı qarşıda ağır döyüş olacağını başa düşür, ciddi hazırlıq işi aparırdı. Sultan özü şəxsən döyüşçülər arasında dolanır, lazımi tapşırıqlar verir, bəzi yoxlamalar edirdi. Hiss olunurdu ki, o, özü də möhkəm narahatlıq keçirir.
Lakin o bu narahatlığı qətiyyən büruzə vermir, döyüşçülərə dərin inam hissi aşılayırdı. Sultan ilə söhbətdən sonra döyüşçülər aydın dərk edirdilər ki, böyük İslam dövlətinin möhkəmlənməsi, gələcək inkişafı məhz bu Konstantinopol şəhərinin fəth edilməsindən çox asılıdır. Çünki Bizans imperatorluğu tarix boyu Osmanlı dövlətinə qarşı çıxmış, müsəlmanların rahatlığını, inkişafını pozmuşdu. Bizansın paytaxtının alınması bütün müsəlmanların gələcəkdə təhlükəsizliyinə təminat olacaqdı.
1453-cü il mayın 28-də müsəlmanlar şadlıq edir, bizanslılar isə sabahın açılmasını səbirsizliklə gözləyirdilər. Onlar müsəlmanların gecə vaxtı bu şadyanalığından vahimələnir, səhər nə isə qeyri-adi bir təhlükənin baş verəcəyini qəlbən duyurdular.
Bizans imperatoru da bərk vahimə içində idi. O, Aya Sofiya kilsəsinə gedərək ibadət etdi, sonra şəhər müdafiəçilərinə baş çəkdi, lazımi tapşırıqlar verdi.
Mayın 29-da səhər tezdən bütün şeypurlar çalınan kimi qədim Roma dövlətinin ən gözəl şəhərlərindən biri hesab olunan Konstantinopol üzərinə tarixi hücum başladı. İslam döyüşçüləri «Allah! Allah!», – deyərək şəhərin divarlarına doğru qaçaraq nərdivanları dayayır və sürətlə yuxarı dırmanırdılar. İki mindən artıq nərdivanın divara söykənməsi ilə əlli mindən artıq döyüşçü İstanbulun hündür divarlarını aşmağa can atırdılar. Bizanslılar gecədən hazırlıq görmüşdülər. Divara dırmanan İslam döyüşçülərinin üstünə müxtəlif isti mayelər tökür, nərdivanları divardan aralamağa cəhd edir, üzərlərinə daş atır, bir sözlə, insan ağlının bütün imkanlarından istifadə etməklə bu hücumun dəf edilməsinə, düşmənin geri oturdulmasına çalışırdılar. Lakin hücumun ardı-arası kəsilmirdi. Nərdivanın biri aşırılırdısa, dərhal əvəzinə bir neçəsi divara qoyulurdu. Əyriqılınclı müsəlman əsgərləri sürətlə yuxarı dırmanırdılar. Ulubadlı Həsən adlı bir döyüşçü Konstantinopol divarlarına ilkin olaraq İslam bayrağını sancdı. Bədəninə qırxdan artıq oxun vurulmasına baxmayaraq o, son nəfəsinə qədər həmin bayrağın divar üzərində dalğalanmasına, çıxarılıb atılmamasına çalışdı. Bu bayraq bütün döyüşçülərdə qələbə əzmi yaratdı, onları düşmənə qarşı daha sürətlə vuruşmağa sövq etdi.
Nəhayət, 54 gün sürən bu mühasirə mayın 29-da qələbə ilə qurtardı. Şərqi Roma imperatorluğu­nun 115 illik paytaxtı olan İstanbul şəhəri zəbt edildi. Sultan Mühəmməd bir fateh kimi at üstündə şəhərə daxil oldu. Elə həmin vaxtdan etibarən o, Fateh Sultan Mühəmməd kimi çağırıldı. İyirmi iki yaşlı sultan şəhərin topqapı darvazasından içəri girib Aya Sofiya kilsəsinə gəldi. Kilsəyə bir neçə min adam toplaşmışdı. Hamı qorxu içində öz aqibətini gözləyirdi. Amma Sultan qoşun başçılarına tapşırdı ki, dinc əhaliyə toxunulmasın.
Fateh Sultan Mühəmməd Aya Sofiyada iki rükət namaz qıldı, sonra azan oxutdu. Bununla da bu qədim məbədgah müsəlmanların ibadət yerinə çevrildi.
İstanbulun fəth edilməsi İslam dövlətinin qarşısında çox böyük imkanlar açdı. Fateh Sultan Mühəm­mədin zəfərli yürüşləri bütün dünyada Osmanlı dövlətinin nüfuzunu daha da artırdı.
İstanbul fəth edildikdən sonra Roma papası bu məğlubiyyətlə barışmayaraq, bütün xristian dövlət­lərinə müraciət edib onları Osmanlı dövləti üzərinə qaldırmaq istəyir. Hətta 1453-cü il 30 sentyabr tarixini müsəlmanlara qarşı Xaç yürüşü elan edir və bir çox Qərb dövlətlərinə bu haqda məlumat göndərir. Lakin birgə qoşun yığmaq mümkün olmadığına görə, Roma papasının bu planı baş tutmur.
Görünür, Qərb dövlətləri Osmanlı dövlətinin getdikcə artmaqda olan qüdrətindən ehtiyat etdikləri üçün bu addımı atmamışlar.
İstanbulun fəthi Osmanlı dövləti daxilində bir çox məsələlərin aydınlaşmasına kömək etdi. Fateh Sultan Mühəmməd hücumqabağı döyüş başçılarını yığıb qəti hərəkət etməsi tələbinə qarşı çıxan vəzir Xəlil paşanın mövqeyi şəhər alındıqdan sonra aydın oldu. Məlum oldu ki, Konstantinopol mühasirəsi zamanı Sultanın və Osmanlı dövlətinin sağ əli hesab olunan Xəlil paşa bizanslılara satılıbmış. Buna görə o, İstanbuldan mühasirənin dərhal götürülməsi tələbini irəli sürmüşdü. Bizans imperatorunun baş naziri Lukas Notoros Fateh Sultana bildirmişdi ki, «Bizansın silahı yerə qoymamasının, şəhəri vaxtında təslim etməməsinin əsas səbəbi Xəlil paşanın imperatorumuzdan xeyli rüşvət alması olmuşdur. O, bu rüşvətin əvəzində İstanbuldan mühasirənin götürüləcəyini vəd etmişdi».
Lakin bəzi tarixçilər Xəlil paşanın bu xəyanətinə şübhə ilə yanaşırlar. Onların fikrincə, Fateh Sultan Mühəmməd sarayda öz başlıca rəqiblərindən biri hesab etdiyi Xəlil paşanı məhz bu yol ilə aradan götürmək istəmişdi. Çünki baş vəzirin nəsli ən dövlətli tayfa hesab edilirdi.
Xəlil paşa dərhal tutulub zindana salındı müəyyən vaxtdan sonra edam edildi. O, onu öldürməyə gələn cəlladlara mərdanə şəkildə demişdi: «Başımı sultanın ayaqları altına atın, ona verə biləcəyim daha qiymətli bir şeyim yoxdur». Bu fikrin özü Xəlil paşanın xəyanət etməsinə şübhə doğurur.
Konstantinopol fəthi ilə əlaqədar olaraq bütün Şərq dövlətləri ilə bərabər, Avropa dövlətləri də həmçinin Fateh Sultan Mühəmmədi təbrik etmək üçün elçilərini göndərmişdilər. Bir İslam dövlətinin bu qədər güclənməsi bütün Avropanı təşvişə salmışdı.
Konstantinopolun fəthi dünya tarixində böyük bir dönüş yaratdı. Çünki Avropanı Asiya ilə birləşdirən ən əsas boğazların və su yolunun üzərində dayanan bu şəhər osmanlıların əlinə keçməklə Avropa iqtisadiyyatının ənənəvi gedişini pozdu. Osmanlı dövləti ərazisində alınan yüksək rüsumlar, əlavə xərclər və digər səbəblər avropalıları Şərq, xüsusilə də Hindistanla birbaşa əlaqələr qurmaq üçün yollar axtarmağa məcbur etdi. Hindistana su yolu tapmaq məqsədilə başlayan dəniz səyahətləri Böyük Coğrafi Kəşflərə rəvac verdi. (Təbii ki, Böyük Coğrafi Kəşflərin heç də «böyük» olmamaları və heç də «kəşflər» olmamaları barədə yeni-yeni tarixi faktlar üzə çıxmaqdadır. Amma istənilən halda bu versiyanı da məntiqə uyğun hesab etmək olar – red.) Göründüyü kimi, Amerika, Avstraliya və Antraktida qitələrinin kəşf edilməsi dolayısı ilə bu «şanlı fəth»lə bağlıdır. Bu kəşflər isə bütün dünyanın mənzərəsini dəyişdi. Təbii olaraq, bu köklü dəyişikliklərin əsas təkanverici amili də yenə İslamdır. İslamın yayılması, qələbəsinin labüdlüyü və İslam adına böyük işlər görmək duyğusu ilə çırpınan müsəlman qəlbləri oldu.
Avropada 25-ə qədər dövlət Osmanlı imperiyasına qarşı birləşmişdi. Bu dövlətlər o zaman Fateh Sultan Mühəmmədə qarşı çıxacaq yeganə bir qüvvəni ağqoyunluların hökmdarı Uzun Həsənin timsalında görürdülər. Xristianlara Papa, müsəlmanlara isə Uzun Həsən başçılıq etməli idi, o, döyüş meydanında sanki tək qalmışdı. Bu adi həqiqəti dərk edən Osmanlı sultanı öz düşmənlərinin hər bir hərəkətini izləyir, gələcək döyüşlərə ciddi hazırlaşırdı. Ağqoyunlular böyük məğlubiyyətə uğradılar. Avropa dövlətlərinin böyük ümid bəslədikləri Uzun Həsən meydandan çıxdı. Fateh Mühəmmədin Uzun Həsən üzərində qələbəsi xeyli vaxt apardığına görə İstanbulda müxtəlif söhbətlər  gedirdi. Hətta belə bir şayiə yayılmışdı ki, guya Fateh bu səfər zamanı həlak olmuşdur. Tədqiqatçılar belə fikir irəli sürürlər ki, bu xəbərləri İstanbula göndərilən Uzun Həsənin casusları yayırmış. Bu xəbərin doğruluğuna inanan bəzi saray adamları İstanbulda qalan on dörd yaşlı şahzadə Cemin yanına gələrək dedilər:
– Şahzadə, nə deyirsən? Qardaşların uzaqdadır. Çıx taxta otur. Bütün məmləkət sənə tabe olur və belə fürsət bir daha ələ keçməz.
Gənc şahzadə atasının və qardaşlarının ölmüş olduğunu yəqin edib ixtiyarında olan mühafizə dəstəsinin andiçməsinə razılıq vermişdi. Lakin atası Fatehdən öz adına zəfər məktubu gəldiyi üçün onun taxta çıxıb özünü sultan elan etməsi baş tutmadı. Fateh geri dönərək məsələdən xəbər tutdu, oğlunu cəzalandırmayıb paytaxtdan uzaqlaşdırdı. Şahzadəni bu addım atmağa məcbur edən şəxsləri isə dərhal edam etdirdi.
Fateh Sultan 1481-ci ildə çox güclü bir ordu ilə səfərə hazırlaşırdı. Lakin onun qəflətən xəstələnib vəfat etməsi bu səfərin əsil mahiyyətini gizli saxladı. O, mayın 3-də 49 yaşında ikən gözlərini əbədi yumdu. Döyüşçülər sultanın həkimi Yaqub paşanı tikə-tikə doğradılar. Çünki əsil adı Yaqopo olan bu şəxs Sultan Mühəmmədi zəhərləmişdi. Bu, böyük İslam hökmdarına  qarşı edilən on beşinci sui-qəsd idi. Onu da qeyd edək ki, Yaqub paşa yəhudi mənşəli bir şəxs idi.
Fatehin ölümü bütün xristian aləmini sevindirdi. Papa bu xəbəri eşidən kimi «Böyük qartal öldü», – deyə fərəhlənmiş, Avropa kilsələrində üç gün üç gecə bu münasibətlə dua oxunmuşdu. Xristianlığın mərkəzi hesab olunan Romada isə toplar atılmışdı.
Qüdrətli hökmdar, böyük Fateh Sultan Mühəmməd İstanbulda dəfn olundu. O, ilk İslam hökmdarı idi ki, bu şəhərdə dəfn edilmişdi.
Son dərəcə uzaqgörən, ehtiyatlı, ağıllı siyasət yeritməyi bacaran bu hökmdar həm də çox qəddar bir şəxs olmuşdur. Bütün Avropada onun adı çəkilərkən əksəriyyət qorxurdu.
Lakin bütün bunlarla yanaşı, Fateh Sultan elmin, ədəbiyyatın, memarlığın inkişafına xüsusi diqqət yetirirdi. İstanbul universiteti məhz onun vaxtında açılmış, dövrün qabaqcıl alimləri bu elm ocağına cəlb edilmişdi. O, özü də həmçinin müxtəlif dillərdə əsərlər oxuyar, öz biliyini daim artırar, yanında savadlı müəllimlər saxlayardı.
Fateh Sultan çox qətiyyətli hökmdar idi, o, hər hansı bir işi yarımçıq görməyi, yaxud sabaha saxlamağı sevməzdi. Məqsədinə çatmaq üçün durmadan çalışardı. Sultanın ən böyük və gözəl keyfiyyətlərindən də biri bu idi ki, o, İslamın və vətəninin mənafeyini hər şeydən üstün tutar, ağıllı, cəsarətli, xalqı narazı salmayan ədalətli şəxslərə arxalanaraq, öz siyasətini həyata keçirərdi. İslam dövlətinin müdafiə qüdrətini artırmağı ən vacib amil hesab edərdi. Çünki Osmanlı imperiyası nəinki bir türk dövləti idi, həm də dövrünün ən şanlı İslam dövləti idi. Bu isə Allah qarşısında çox böyük məsuliyyət idi. Təsadüfi deyil ki, bu böyük sərkərdə vəfat etdiyi vaxt Osmanlı dövlətinin artıq 250 döyüş və 500 nəqliyyat gəmisi var idi. İslam dövlətinin donanması qarşısına çıxacaq başqa bir donanma yox idi.
Qüdrətli Sultan nəinki İslam tarixində, eləcə də bütün dünya dövlətlərinin hökmdarları arasında mühüm yer tutur. Müsəlmanlar öz qəhrəman övladı Fateh Sultanın adını və şərəfini daim uca tutur, böyük qürur hissi ilə onu yad edirlər.

Hazırladı: Ülkər Məmmədova                         v
ahdetedogru.wordpress.com                            


Комментариев нет:

Отправить комментарий