20.08.2011

“NEFT STRATEGİYASI”: SONA APARAN YOL

Mayis Güləliyev

Görkəmli siyasi və iqtisadi  tədqiqatçı Rahul Mahajan qeyd edirdi ki, neft dünyada ən çox istifadə edilən əmtəə olmaqla yanaşı , həm də ən vacib strateji məhsuldur. Ona görə ki, hər bir ölkə öz inkişafı üçün ona ehtiyac duyur. Ölkəyə gələn neftin nəzarətdə saxlanması onun “şah damarını” əldə saxlamaq deməkdir. Odur ki, neftin qiymətinin nəzarətdə saxlanması da çox mühüm siyasi üstünlük verir. Maraqlı faktdır ki, Azərbaycan kütləvi informasiya vasitələrinin, müxalifət və ya iqtidar yönlü ekspertlərin hər gün istinad etdiyi “neft strategiyası” adlı vahid bir sənədin, əslində mövcud olmamasından çox az adam xəbərdardır. Belə olan halda, biz “neft strategiyası” dedikdə  neft sənayesi ilə bu və ya digər formada bağlı olan sənədlər torlusunu, qanun və sərəncamları, daxili və xarici siyasəti, iqtisadi və sosial sahələri əhatə edən siyasəti  nəzərdə tutacağıq.

“Neft strategiyasının” nəticələri dedikdə isə təkcə iqtisadi sahələrə olan təsirləri deyil, həm də sosial sahəyə, ətraf mühitə, insan hüquqlarına, regional əməkdaşlığa və sair sahələrə olan təsirləri də nəzərə almaq lazımdır. Belə qiymətləndirmə müəyyən dövr üçün cəmiyyət qarşısında duran ən prioritet məsələlərin müəyyən edilməsini və onun həlli üçün müvafiq addımların atılmasını vacib edir.

  “Neft strategiyasının” pozitiv və ya neqativ nəticələrini obyektiv  qiymətləndirmək üçün bu nəticələrə “neft strategiyasına” aidiyyəti olan  tərəflərin, o cümlədən Azərbaycan hökuməti, Azərbaycan xalqı, beynəlxalq maliyyə institutları, transmilli şirkətlər və xarici ölkələrin maraqları nöqteyi-nəzərindən yanaşmaq lazımdır. Məsələn, yuxarıda qeyd etdiyimiz  kimi, bu strategiya cəmiyyətdə nisbi sabitliyin yaranmasına dolayısı ilə təkan verib və getdikcə artan neft gəlirləri isə yaxın  10-15 il müddətində Azərbaycan hökumətinin möhkəmlənməsini və  vətəndaş cəmiyyətinin zəifləməsini təmin edəcəkdir. Azərbaycanda imzalanmış müqavilələrin əlverişli şərtləri və neftin qiymətinin onun maya dəyərindən xeyli yüksək olması transmilli şirkətlərə, o qədər də çox olmayan investisiya müqabilində, böyük gəlirlər götürməyə imkan yaradacaq. Amerika və Avropa ölkələri  isə Xəzər hövzəsinin enerji ehtiyatlarına alternativ çıxış imkanı əldə etməklə yaxın dövrlər üçün enerji təhlükəsizliyinə həm təminat əldə edirlər, həm də dünya neft bazarında öz dominant rollarını saxlayırlar.  Beynəlxalq Maliyyə İnstitutları da verdikləri kreditlərdən real faizlər əldə etməklə yanaşı Azərbaycan iqtisadiyyatını uzun dövr üçün maliyyə asılılığında saxlayırlar.
Göründüyü kimi, Azərbaycanda həyata keçirilən “neft strategiyasının” tərəflərindən yalnız biri, yəni Azərbaycan cəmiyyəti real gəlir götürmək imkanında deyil. Belə ki, bu strategiya cəmiyyətin dayanıqlı inkişafının əsasını təşkil edən “yaxşı idarəetməni” və ya onun vacib elementləri olan ictimai-siyasi prosesləri, o cümlədən 1) demokratikləşmə prosesinin genişlənməsini və demokratik seçkilərin keçirilməsini; 2)əksmərkəzləşmənin reallaşmasını və yerli idarəetmə sisteminin möhkəmlənməsini; 3)insan hüquqlarının qorunmasını və dəstəklənməsini; 4)dövlət idarəçiliyində və ictimai maliyyənin idarə edilməsində şəffaflığın təmin edilməsini; 5)qanunun aliliyini və məhkəmə hakimiyyətinin müstəqilliyinin reallaşmasını; 6)vətəndaş cəmiyyətinin möhkəmlənməsini və onun rolunun genişlənməsini  və sair təmin etmir.
Azərbaycanda həyata keçirilən “Neft strategiyasının” “yaxşı idarəetmə” ilə ziddiyyət təşkil etməsi Azərbaycanın da neftlə zəngin digər yoxsul ölkələrin, o cümlədən Nigeriyanın, Anqolanın, Kolumbiyanın və sair bu kimi ölkələrin taleyini yaşaya biləcəyi ilə bağlı narahatçılıq doğurur. Məhz “yaxşı idarəetmənin” olmaması səbəbindən əhalinin geniş təbəqəsinin neft gəlirlərindən bəhrələnməməsi həm Azərbaycan cəmiyyətində, həm də regionda ciddi gərginlik yarada bilər.
Təəssüf ki, nə elmi institutlar, nə də hakimiyyətə iddialı olan siyasi partiyalar iqtidarın “neft    strategiyasının” obyektiv analiz edilməsi və mümkün mənfi nəticələrin aradan qaldırılması istiqamətində ardıcıl fəaliyyət göstərmirlər. Unutmaq olmaz ki, XXI əsrdə neft sadəcə  enerji mənbəyi deyil, o həmçinin müasir iqtisadiyyatın  əsasını və dünya siyasətinin mahiyyətini müəyyən edir. Təəssüf ki, Azərbaycanda neft hasilatı və onunla bağlı olan digər sahələr hələ uzun müddət digər sahələrə nisbətən üstünlük təşkil edəcək.
Əgər cəmiyyətin idarə edilməsində müsbət dəyişikliklər olmazsa və neft gəlirlərinin idarə edilməsində şəffaflıq  təmin edilməzsə, 5-10 ildən sonra  Azərbaycan iqtisadiyyatı böyük fəlakətlə üzləşə bilər. Neft gəlirlərinin çox olması hələ bu gəlirlərdən insanların hamısının bəhrələnə bilməsi demək deyil. Neft gəlirlərinin çox olması hələ yaxşı yaşamaq deyil! Neft istehsal edən ölkələrin təcrübəsi sübut edir ki, demokratik institutların normal fəaliyyət göstərmədiyi, “yaxşı idarəçiliyin”  bərqərar olmadığı ölkələrdə belə gəlirlər xoşbəxtlik yox, əksinə bədbəxtlik gətirir. Nigeriyada neft hasilatı 1958-ci ildən başlayaraq geniş həcmdə aparılır. Neçə onillikdir ki, Nigeriyanın neft ixracı hər il 150 milyon tondan çoxdur. Məlumat üçün bir daha qeyd edək ki, yaxın 2-3 ildə Azərbaycandan ixrac olunan  neftin miqdarı hər il üçün 50 milyon ton planlaşdırılır. Sonra bu həcm yavaş-yavaş azalacaq. Lakin Nigeriya dünyanın ən yoxsul və korrupsiyaya uğramış ölkələri sırasındadır. Azərbaycanın neftlə zəngin olan Afrika ölkələrinin taleyini yaşamaması üçün təcili tədbirlər görülməlidir. Qeyri-neft sektorunun inkişafı, xüsusilə kənd təsərrüfatının inkişafı, ictimai vəsaitlərin şəffaflığının təmin edilməsi “yaxşı idarəçiliyin” qurulmasını zəruri edir. “Yaxşı idarəçilik” isə Azərbaycan cəmiyyətində geniş miqyaslı iqtisadi və siyasi islahatların aparılmasını, cəmiyyətin resurslarının səfərbər edilməsini tələb edir.    
Neft sektorunun üstün inkişafı o vaxt təhlükəyə çevrilir ki, idarəetmə normal olmur və neft gəlirləri düzgün idarə edilmir. Bu o vaxt təhlükəyə çevrilir ki, ölkədə demokratik institutlar normal işləmir. “Yaxşı idarəçiliyin” olmadığı cəmiyyətlərdə, o cümlədən Azərbaycanda neft sektorunun üstün inkişafı ciddi fəsadlara yol aça bilər. Normal idarəetmə olmadığı üçün neft gəlirlərindən aşağıdakı fəsadları gözləmək olar:
·   neft hasilatında maraqlı olan  və güzəştli şərtlərlə neft hasilatını əlinə keçirməyə cəhd edən şirkətlər hökumət orqanlarına rüşvət verərək buna nail olurlar;
·       hökumət bu şirkətlərin investisiyalarının təhlükəsizliyi üçün müəyyən addımlar atmağa, insan hüquqlarını məhdudlaşdırmağa məcbur olur;
·       beynəlxalq qurumlar, xüsusilə neft hasilatında maraqlı olan xarici ölkələr, Azərbaycan misalında Amerika və Avropa ölkələri neft ölkəsində hökumətin qeyri-demokratik addımlarına göz yumur və çox hallarda onu dəstəkləyir;
·       hökumət iqtisadi sabitliyi təmin etmək üçün milli valyutanı gücləndirmək məcburiyyətində qalır;
·       milli valyutanın güclənməsi ixracata mənfi, idxala müsbət təsir göstərir. Beləliklə, Azərbaycandan ixrac oluna bilən malların, xüsusilə kənd təsərrüfatı məhsullarının yetişdirilməsində maraq azalır və onun idxalı çoxalır;
·       qeyri-neft sektorunun tənəzzülü yeni işsizlər ordusunun yaranmasına səbəb olur;
·       neft sektorunun daha çox maaşlı sahə olması iqtisadiyyatın digər sahələrindən ixtisaslı kadrların bu sahəyə axınına səbəb olur. Qeyri-neft sektorunun daha az ixtisaslı işçilərlə təmin edilməsi bu sahələrin rentabelliyinə və rəqabətə dözümlülüyünə mənfi təsir göstərir;
·       ictimaiyyətdə bir qrupun qismən yüksək maaşla təmin edilməsi, digər qrupun isə işsiz və ya az maaşlı olması ictimai bərabərsizliyə və sosial ədalətsizliyə səbəb olur;
·       neft  gəlirləri  yeni qiymət artımını stimullaşdırır. neft gəlirlərindən hamının bəhrələnməməsi, lakin yüksək inflyasiyanın  hamıya  təsir etməsi yoxsulluğu və sosial gərginliyi artırır;
·       neft sahələrinin tələb etdiyi ixtisas sahələrinin inkişaf etməsi qeyri-neft sektorunun  inkişafı üçün tələb olunan ixtisas sahələrinin zəifləməsinə səbəb olur. Bu sahələrin inkişaf etməməsi ixtisaslı kadrların ölkəni tərk etməsinə və ya ixtisaslarını dəyişməsinə səbəb olur. Qeyri-neft sektoru üçün ixtisaslı kadrların azalması öz mənfi təsirini neft gəlirləri azalandan sonra daha ciddi surətdə hiss etdirəcək.
Son aylarda neftin qiymətinin dünya bazarında xeyli artması, ilk baxışda neftdən gələn gəlirləri artırdığı üçün sərfəli görünsə də, əslində Azərbaycan iqtisadiyyatına müəyyən ziyan da vurur. Belə qiymət artımı Azərbaycana əlavə valyuta gətirdiyi qədər də əlavə qiymət artımı yaradır. İdxal olunan malların böyük əksəriyyətinin dollarla satılması ölkədən daha çox dolların çıxarılmasını stimullaşdırır. Ona görə ki, neftdən başqa digər sahələrdə Azərbaycan iqtisadiyyatı xarici ölkələrin iqtisadiyyatından daha  çox asılıdır. Neftin qiymətinin artması o halda Azərbaycan iqtisadiyyatına xeyir gətirə bilərdi ki, Azərbaycan büdcəsi neftdən asılı olmasın, qeyri-neft sektoru inkişaf etmiş olsun və neftdən gələn gəlirlərin səmərəli istifadəsi mexanizmi mükəmməl olsun.  Azərbaycan iqtisadiyyatını və büdcəsini neftin cəngindən nə qədər tez qoparmaq mümkün olarsa, Azərbaycanın gələcəyi bir o qədər təminatlı və təhlükəsiz olacaq.
Neft ixrac edən və “pis idarəçiliyə” malik ölkələrin sosial-iqtisadi vəziyyətinin təhlili bunu deməyə əsas verir ki, bu ölkələrin iqtisadi sistemi təkcə bu ölkələrin siyasi sistemindən və ya vətəndaşlarından asılı deyil. Bu ölkələrin iqtisadi sistemi bəzən iqtisadi nəzəriyyələrə də tabe olmur. Çünki bu “cəmiyyətlər çox açıqdır” və kənar qüvvələrin bu cəmiyyətlərə müdaxiləsi çox güclüdür. “Rəngli inqilablar” “müəllifi C. Sorosun təbliğ etdiyi “açıq cəmiyyətlərin” yaradılmasında da əsas məqsəd bu cəmiyyətlərin mümkün müdaxilələr üçün əlverişli şəraitdə olmasını təmin etməkdən, yəni bu cəmiyyətləri ABŞ müdaxiləsi üçün AÇMAQDAN ibarətdir. C. Sorosun təbliğ etdiyi  “açıq cəmiyyətlərdə”  iqtisadi effektiv sistemi yaratmaq nəinki çox çətindir, hətta çox hallarda mümkün deyil. Belə cəmiyyətlər qısa müddətdə ABŞ-ın “müştəri ölkəsinə” çevrilir.
ABŞ-ın dövlət və qeyri-dövlət qurumları, Beynəlxalq Maliyyə İnstitutları, neft hasil edən şirkətlər, həm Azərbaycan  iqtisadiyyatına, həm də ictimai-siyasi həyatına güclü müdaxilə edirlər. ABŞ-ın “açıq qapı” siyasətinə əsaslanan qloballaşma təbii sərvətlərlə zəngin ölkələrin, o cümlədən Azərbaycanın bazarının ələ keçirilməsi deməkdir. Bu gün əksər KİV və televiziya kanalları müxtəlif vasitələrlə nəzarət altında fəaliyyət göstərir.  Yeni müstəmləkəçilik yolu ilə nəzarətə alınmış ölkələrin təcrübəsi göstərir ki, demokratik idarəetmə və “yaxşı idarəçilik” C. Sorosun təbliğ etdiyi  “açıq cəmiyyətlərdə”  yarana bilməz. Belə ki, neft hasil edən  şirkətlər, Beynəlxalq Maliyyə İnstitutları  demokratik  dəyişikliklərdə maraqlı deyillər. Belə ölkələrdə mövcud ictimai-siyasi vəziyyət, iqtisadi zəiflik və demokratik institutların imitasiya xarakteri daşıması təkcə hökumətin günahı deyil, həm də neft ixracında maraqlı olan şirkətlərin və ölkələrin düşünülmüş siyasətinin nəticəsidir.
Azərbaycan iqtisadiyyatı artıq “Holland sindromuna”, yaxud  “Holland xəstəliyinə”  düçar olub. Bu  siyasi-iqtisadi fenomen həm də “sərvət bəlası” adlandırılır və kifayət qədər dəqiqliklə iqtisadiyyatda və siyasətdə özünə yer tutmuş bir anlayışdır. Azərbaycan, heç də əksər KİV-in və iqtidar təbliğatçılarının, Azərbaycanda marağı olan xarici qüvvələrin, o cümlədən ABŞ rəsmilərinin və maliyyə institutlarının dediyi kimi “çiçəklənən ölkə” deyil, əksinə “sərvət lənətinə” düçar olmuş xəstə  ölkədir.  Onu xilas etmək onu sevən  vətəndaşların, onun gələcəyini düşünən ziyalıların və siyasi qüvvələrin müqəddəs borcudur!

Комментариев нет:

Отправить комментарий