23.08.2011

Oyuncaq

Arzu Abdulla. Hekayə

Bapbalaca, darısqal, alaqaranlıq, səssiz oda….
Yox səssiz deyildi axı. Burada demək olar ki, istənilən canlının səsini eşitmək mümkün idi. Ancaq onun daha çox körpə səsindən xoşu gəlirdi. Hə körpə səsindən. Bir də uşaqların sevincindən. Evdəkilərindən ən çox sevdiyi isə bu balaca toppuş idi. Toppuş, şirin idi elə şirin, ayyy…
Hər gün getdiyi dayanacağa gedirdi. Hər gün getdiyi kimi tələsmədən, yavaş – yavaş. Bir azdan dayanacağa çatacaq, hər gün mindiyi “99” saylı marşrutu gözləyəcəkdi. “99” onu gündəlik iş yerinə aparacaqdı. Amma səhər durandan bir hiss ona bu günün ötürdüyü o biri hər günlərdən…
O, bu balaca toppuşu çox sevirdi… çox…lap çox…
Hələ bu faytondakı şlyapalı xanım. Amma doğrusu o bu xanımın şlyapasını hər gün…
Göbələk yığan, qolundan səbət asmış bu qızcığaz… yağışdan deyil gündən qorunmaq üçün əlində çətir tutmuş bu forslu, çətirli xanım… şirin almalar, zərif çiçəklər… balaca qumrular… yumşaq dovşanlar…
Elə bil onu irəlidə hansısa böyük, doğulandan bəri axtardığı bir səadət gözləyirdi. Canında həmişəlik yer eləmiş kədər də sanki, yüngülləşmişdi. Bəlkə də bu gün ki, payız havasının yüngüllüyü ona sirayət edirdi…
Ac idi ac. Qarışıq fikirlərin içində aclığını lap dəqiqliyi ilə hiss etmirdi.
Bu səhərki payız çiskininin islatdığı yol ayaqlarına xüsusi sərinlik verirdi. Amma ləzzət eləmirdi. Payızın doğma çiskini onun ayaqları ilə yanaşı gözlərini də islatmışdı…
Dumanlı dağlara, dağların döşündəki otluğa, bu otluğa səpələnmiş, qoyun, quzuya, otluğu isladan şehin canına yaydığı şirin sərinliyə, o sərinliyi yaradan payız səhərinə, o payız səhərinin səssizliyini pozan qoyun quzu mələşməsinə, səhər yuxudan durub qaynaşan kənd camaatına, o camaatın həyətindən qalxan samovar tüstüsünə, o tüstünün uzaq illərin arxasından gətirdiyi qoxuya…
”99” gəlmirdi. Ancaq onu gəlməsini istəsə də səbirsizliklə gözləmirdi. Çünki hər gün konduktor onu cinləndrirdi. Adamlar da elə avtobus da ona bayırdakı kimi ikrahla baxırdılar. Bilirdi ki, heç kimə gərək…
Bu qayıtmanın real olmadığını bilsə də, indicə hisslərinin tapıb soxulduğu uşaqlığından dönmək istəmirdi. Var qüvvəsi ilə ötən günlərdən yapışıb qalmaq istəyirdi. Bilmirdi uşaqlığındakı hansı xatirədən yapışsın ki, onun həyatını bugünki cəhənnəmdən xilas etsin. Bir əlində tum dolu bağlama, bir əlində balaca taburetka hər gün getdiyi yerə - “Yeganə” şadlıq sarayının qabağındakı səkiyə tələsirdi. Özündən xəbərsiz idi bu tələsmə. O uşaqlığına tələsirdi, yollar isə onu gündəlik iş yerinə…
Axşam tez gəlsəydi yenə doyunca Toppuşu oynadardı. Ehh, Toppuş da dil bilmir ki, elə bil tutuquşudu, bir iki söz əzbərləyib, ba-ba, a-na. Evdə artıq oturmağa da yer qalmamışdı. Dopdoluydu. Hərəsi bir oyun çıxarırdı, hərəsi bir səs çıxarırdı…
Qəfil yoldakı zibil təpəciyinə, təpəciyin lap üstünə tolazlanmış uşaq velosipedinə gözü sataşdı. Özündən xəbərsiz oyuncağı qaldırıb o tərəf, bu tərəfinə baxdı. Heç vaxt belə irisini almağa gücü çatmamışdı. Oyuncaq o qədər maraqlı idi ki, nə ətrafa yayılan üfunət, nə də bu uşaq oyuncağına yapışan zibillər onu qətiyyən narahat etmədi. Oyuncaq əyilmiş oxun üstündə bircə təkərdən ibarət idi. Sındırılmış və ya nə isə olmuş başqa təkərlərin yeri də qalmamışdı. Amma bu oyuncaq çox maraqlı idi. Oyuncağı evinə aparmağı fikirləşirdi. Yoldan gedən maşınlar, marşrutlar yoldakı çirkli suyu sürətlə ətrafa çırpırdılar. Yadına düşürdü…
Həyətlərindəki arxdan bağa su açmışdı. Bağ suvarırdı. İlk dəfə idi belə böyük iş gördüyü. Ərik ağacından meyvələri yığıb yedikcə qarışqaların da onun ayağını yediyindən xəbəri olmamışdı. Qəfil bütün ayağının sarı, xırda qarışqa ilə suvandığını görsə də özünü o yerə qoymamışdı. Elə kişilənirdi ki…
Küçədəki çirkli suyu maşınlar bütün ətrafa çırpırdı.
Bu çırpılmada ən çox batan da o idi. İşə tələsən, marşrutu gecikən, səhər açılan kimi işi tərs gətirənlər, sabahını unudanlar hamısı səbəbkar kimi bu kişiyə elə acıqla, elə nifrətlə baxırdılar…
Ancaq hər şeydən çox sevdiyi balacaları sevindirmək, hər zaman ona qismət olmurdu. Bəzən uşaqlar ondan tum almaq istəsələr də anasının və ya atasının sərt baxışından, “yox” kəlməsindən dolanda özünə yer tapmırdı.
Bəzən uşaqlar tum alıb pulunu verməmiş qaçırdırlar. O zaman özünü ciddi tutsa da balacaların gülüşə-gülüşə, qışqıra-qışqıra qaçışmasını ləzzətlə seyr edərdi. Həmən an fikri evdəkilərin yanına gedərdi…
Hava qaralmışdı. Yolun kənarında yığılan adamlar, polislər və başqaları yolu tutmuşdular. Ətrafdakılar “yəqin ki, maşın adam vurub” deyir və rahatca ötürdülər. Bir az aralıda isə polislər “99”u saxlamışdılar.
O, isə… Yaşıl otların üstündə rahatca uzanmışdı. Ətrafa səpələnmiş qoyunlar mələyirdi, həyətlərdə samovar tüstüləyirdi…
Evini dolduran oyuncaqları uşaqlar həvəslə daşıyırdılar. Balaca Toppuşu sevinclə qucaqlayan sarışın qıvrımsaç qız isə anasına qışqırırdı: “A-na, bu mə-nə ox-sa-yıl”.Uşaqlar elə sevinirdilər, elə sevinirdilər ki…

Комментариев нет:

Отправить комментарий